“Zamansız və amansız ölümlər...”
Həmin gün
Yer-göy lərzəyə gəlmişdi. Metronun "28
May" stansiyasında yerləşən təşkilatlardan
birindən qəzetimiz üçün material
hazırlamalı olduğumdan səhər radələrində
oraya getməyi planlaşdırmışdım. İş elə
gətirdi ki, deyilən vaxtda orada ola bilmədim, bir az
yubandım. Metrodan çıxanda böyük izdihamla
qarşılaşdım. Ora-bura qaçan, mobil telefonlarla həyəcanlı-həyəcanlı
danışan, sakitcə dayanıb göz yaşı tökən
kim, əllərini göyə qaldırıb qarğıyan
kim. Təfsilatı ilə olmasa da, qocaman təhsil
ocaqlarından biri ADNA-da terror hadisəsi törədildiyini
öyrəndim: "öldürdülər,
öldürdülər, hamını qırdılar...".
Telefonla kiməsə ağlaya-ağlaya bir gəncin söylədiyi
bu kəlmə məni şoka salmışdı. Hara gedəcəyimi
bilmirdim, geri qayıdıb təkrar metroya girdim, işə necə
gəlib çatdığımı hiss etmədim. Axşam
Azərbaycan Televiziyası ilə Prezident İlham Əliyevin
başsağlığı oxundu. Həlak olanların ailələrinə,
yaxınlarına və əzizlərinə dərin hüznlə
verilən başsağlığında deyilirdi: "...Bu
çətin günlərinizdə biz hamımız
ağır dərdinizi bölüşərək, sizə səbir
və təmkinlilik diləyirik. Əmin ola bilərsiniz ki, Azərbaycan
dövləti bu hadisə ilə əlaqədar bütün
lazımi tədbirləri həyata keçirə-cəkdir.
Allah rəhmət eləsin!".
Xuraman Şəfanın
böyük ürək ağrısı və qəlb
göynərtisi ilə araya-ərsəyə gətirdiyi
"Amansız və zamansız ölümlər" (Analar
yanar ağlar)" kitabı terror qurbanlarının xatirəsinə
həsr edilmişdir. Hər səhifəsindən üzü
aşağı göz yaşı süzülən kitabı
esse də adlandırmaq olar, çünki müəllif həm
də ürəyi övlad həsrəti ilə
çırpınan anadır. Bala itgisindən qaysaqlanmaq bilməyən
yaralarının sızıltısı hələ də kəsilməyən
ana...
Kitabı vərəqləyirik,
terror qurbanlarının sırasını izləyirik.
Yaşlar da müxtəlif, peşələr, vəzifələr
də. Təkcə taleləri oxşardır. Tanrı 12 nəfərin
hər birinə eyni ölüm hökmü
yazmışdı, eyni gündə, eyni saatda, bəlkə də
eyni anlarda terrorçu gülləsinə tuş gəlmişdilər.
Bu günahsız insanların qısaca həyat tarixçəsini
oxuduqca, fələyin işinə çaş-baş
qalırsan. Onlar hara, terror hara?!.
1940-cı ildə anadan
olmuş, 1963-cü ildən ölüm gününədək
ADNA-da çalışan professor Ramiz Abdullayev, 1946-cı ildə
doğulmuş, 1969-cu ildən ömrünün sonunadək bu
təhsil ocağında işləyən texnika elmləri
namizədi, dosent Məcnun Vahidov, 1951-ci il təvəllüdlü,
laboratoriya müdiri Tamilla Əzizova, həmişə
deyib-gülən, istiqanlı, ürəyi təmiz və
arzularla aşıb-daşan 1988-ci il təvəllüdlü
Ayaz Bağırov, terrorçu ilə əl-bəyaxa olan, son
nəfəsinədək ona müqavimət göstərən,
5 güllə yarası alan Savalan Cabbarov, 20 yaşlı Emin
Abdullayev, terrorçuya müqavimət göstərən daha
bir cəsur Yusif Bəndəliyev, şəhidliyi yüksək
qiymətləndirən Ceyhun Aslanov, 19 yaşını tamam
etməyə macal tapmayan Ruslan Babaşov, dostlarının
dediyinə görə, xəstəxanada son nəfəsinə
qədər kömək istəyən, həkimlər
çalışsalar da, həyata qaytara bilmədikləri
Taleh Məmmədov, Salyandan bir tikə çörəkpulu
üçün Bakıya gələn 52 yaşlı Ayna
Qurbanova... Bu sırada daha bir terror qurbanı var. Məmmədova
Şəfa Afət qızı.
Kitabın ilk səhifələrindən
birində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
Məmmədova Şəfa Afət qızının ailəsinə
ünvanladığı başsağlığında
oxuyuruq: "2009-cu il aprel ayının 30-da Azərbaycan
Dövlət Neft Akademiyasında baş vermiş və bir
çox insanın həyatına son qoymuş, onların
yaxınlarının qəm və kədərinə səbəb
olmuş faciəli hadisə bizi son dərəcə
sarsıtdı.
Bu kədərli anda
Allahdan Sizə səbir, həlak olanlara rəhmət diləyir
və dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!".
1978-ci il 5 iyul Şəfanın
doğum tarixidir. Naxçıvanda döğulub, iki
qardaşın bir bacısı idi. Naxçıvan Dövlət
Universitetinin bakalavr, Bakı Dövlət Universitetinin
magistratura pilləsini fərqlənmə diplomu ilə
bitirmişdi. AMEA-nın Fiziologiya institutunun
aspiranturasının ikinci kursunda oxuyurdu. Bitib-tükənməyən
arzularla yaşayırdı. Ölümündən 18 gün
öncə toy məclisi qurulmuş, gəlin
köçmüşdü Şəfa...
Analar yanar ağlar... Elə
Xuraman xanım da sevimli qızı haqqında xatirələri
yana-yana qələmə almış, sözdən abidə
ucaltmışdı, "Uşaqlıq illəri",
"Orta məktəb müəllimi və yoldaşlarının
xatirələri", "Tələbəlik illəri",
"Azərbaycan Dövlət Neft Akademiyası və iş
yoldaşları", "Magistratura illəri",
"Yaxınlarının və ailə üzvlərinin xatirələri"
və s. bölmələrdə müəllif sevimli
övladını özündən sonra qalan xatirələrdə
soraqlayır, sağalmaz yarasına məlhəm axtarır:
Əzizim bala
dağı,
Bürüyüb lala
dağı,
Hər yara sağalsa da, .
Sağalmaz bala dağı.
Ölüm haqdır, ancaq o, bəzən arhansız və zamansız olur. Bir yaz səhəri
həyatına son qoyulmuş
insanların, demək
olar ki, hamısının ölümü
amansız və zamansız idi. Bir də bu, təkcə
onları tanıyanların
deyil, bütün xalqın faciəsi, dərdi, ağrı-acısı
idi. Tanrı bir də yaşatmasın xalqımıza
bu cür faciəni.
Nurlar "Nəşriyyat-Poliqrafiya" Mərkəzində
işıq üzü
görmüş kitab
onu vərəqləyən
hər kəsi dünyanı təhlükə
altında saxlayan terrora qarşı ayıq-sayıq olmağa səsləyir.
Zümrüd QURBANQIZI
Respublika.- 2010.- 27 avqust.- S. 6.