Dağlara oxunmuş nəğmə
Qulaq asın, bu
şeirimi oxuyum sizə,
Zirvələri buz
saraylı, dumanlı dağlar.
Nə zamandır
ayrılmışıq, duraq üz-üzə,
Yamacları
tar-qavallı, kamanlı dağlar.
Necə çatdım əlli
yaşa, hələ bilmirəm,
Uçqunlarda
ayağımın varmı bir izi?
Sevincimi, kədərimi
bölə bilmirəm,
Hesabını çəkə
bilmir bu daş-tərəzi.
Gözlərimin dənizində
ləpələndi qəm.
Qəm ağırsa,
daş-tərəzi, pərsəng neyləsin.
Təsadüfmü, zərurətmi
tale, bilmirəm
ölümləri
satın aldıq, xərçəng neyləsin.
Mən doğuldum...
üfüqlərdə bulud qaynadı,
Buludların
qatarını pozdu şimşəklər.
Zaman mənim taleyimlə
şahmat oynadı,
Ad günümü
qayalara yazdı şimşəklər.
Qayaların daş dizinə
baş qoyub yatdım,
Bulaqların aynasında
şəklim itmədi.
Ulduzların
işığına mən əl uzatdım,
Çox əlləşdim,
birisinə əlim yetmədi.
Neçə ildir
döyüşürəm rüşvət alanla.
Rüşvətxorun,
yerlibazın kökü, nəsli bir.
Döyüşürəm
sabahıma balta çalanla,
Oğruların
çayır kimi kökü kəsilmir.
Dəmir çarıq
geyinmişəm ayaqlarıma
Yol getmişəm, yollar
məni yora bilməyib.
Əsəblərim
çəkilibdi min yol tarıma,
Yumruqlarım daş sədləri
yara bilməyib.
Arxalılar arxa durdu kəmfürsətlərə,
Ov bərədən
uzaqlaşdı... ata bilmədim.
Güc tükəndi
dizlərimdə, sərildim yerə,
Ağ gün atlı, mən
piyada... çata bilmədim.
Həyat məni bərkə
çəkdi min yol, min kərə
Taleyimə
yazılanı ərənlər bilir.
Anam oldu, atam oldu bu
dağ, bu dərə,
Qucağına
sığınmışam... görənlər bilir.
Qulaq asın, bu
şeirimi oxuyum sizə,
Zirvələri buz
saraylı, dumanlı dağlar.
Nə zamandır
ayrılmışıq, duraq üz-üzə,
Ətəkləri
tar-qavallı, kamanlı dağlar.
Əflatun CƏFƏRLİ
Respublika.- 2010.- 31 avqust.- S. 6.