AMEA Mərkəzi Elmi Kitabxanası müasir informasiya məkanında
Son illər ərzində
milli elmi potensialın güclənməsi, elmi infrastrukturun
genişlənməsi və inkişaf etməsi, yeni tədqiqatlar,
yanaşma və metodologiyalarla zənginləşməsi,
qlobal xarakter alması, inteqrasiyaya açıq və hərtərəfli
olması ölkədə gedən proseslərlə sıx əlaqədardır. Son 15 ildə əldə
olunan elmi nailiyyətlər, uğurlar, yeniliklər
ayrı-ayrı sahələrə olduğu kimi, elm və təhsil
sahəsinə də dövlət qayğısının
artması ilə izah olunmalıdır. Təsadüfi
deyil ki, məhz bu illər ərzində Azərbaycan Elmlər
Akademiyası milli status almış, Azərbaycan elminin
inkişafı ilə əlaqədar, bu sahədə
çalışan insanların rifahının
yaxşılaşdırılması, sosial təminatının
gücləndirilməsi ilə bağlı bir-birindən əhəmiyyətli
sənədlər qəbul olunmuşdur. Bütün
bunlar ölkədəki elm və təhsil müəssisələrinin
daha aktiv şəkildə fəaliyyət göstərməsinə,
eyni zamanda elmin müxtəlif sahələrində sanballı
tədqiqat işlərinin meydana gəlməsinə əhəmiyyətli
dərəcədə təsir göstərmişdir.
Müasir
dövrdə insan informasiya-kommunikasiya mühitində
yaşayaraq radio, televiziya, mətbuat, habelə internet kimi
qlobal şəbəkə mənbələrindən
ötürülən çoxsaylı informasiya ilə əhatə
olunmuşdur.
Cəmiyyətin indiki dinamik inkişafı və
texniki, sosial infrastrukturların mürəkkəbləşməsi
şəraitində informasiya enerji resursları kimi, getdikcə
strateji bir resursa çevrilir. İnformasiya
resurslarının yaradılması, saxlanılması, yenidən
işlənilməsi və istifadəçilərə təqdim
olunmasını təmin edən müasir kitabxanalar həyatımızın
mühüm amilinə çevrilmişdir. İnformasiya texnologiyalarının kitabxanaların fəaliyyətində
geniş şəkildə tətbiq olunması sonuncunun
müasir informasiya məkanındakı rolunu və
funksiyalarını xeyli artırmışdır. Başqa sözlə, fəaliyyətini doğru
istiqamətdə qurmuş kitabxanalar XXI əsrin ən dəyərli
informasiya mənbələridir. Hər bir
düşünən elm adamı üçün, XXI əsr
həm də onunla əlamətdardır ki, informasiya məhz
bu dövrdə istehsalın aparıcı qüvvəsinə,
iqtisadiyyatın əsas amilinə, beşinci faktora çevrilə
bilib. İndi artıq iqtisadi faktorlar
yalnız torpaq, kapital və əməyə deyil, həmçinin
informasiyaya söykənir.
İnkarolunmaz
faktdır ki, bilik, informasiya XXI əsrdə xalqların
qarşısında duran ən böyük rəqabət mənbəyidir. Belə olan
halda, informasiya cəmiyyətində biliyə investisiya qoyaraq,
yenilik yarada bilənlər rəqabət edə bilər.
Müasir dövrümüzdə isə biliyin,
informasiyanın toplanıb mühafizə edildiyi,
paylaşdırıldığı institusional strukturlar
arasında kitabxanaların rolu o qədər
böyükdür ki, bütövlükdə informasiya cəmiyyətinin
əsasında onların durduğunu iddia etmək olar.
Kitabxanalar
informasiya kimi əhəmiyyətli mənbəyə sahib
olduqları üçün onların gec və ya tez intellektual
münasibətlər bazarında iştirak edəcəyi hələ
ötən əsrin 90-cı illərində
proqnozlaşdırılırdı. Sonrakı illər
kitabxanalar informasiyanı əmtəə kimi
intellektuallaşdırmaqla potensial oxucularını real istifadəçilərə
çevirdilər. Məhz bunun nəticəsidir
ki, hazırda "kitabxana
iqtisadiyyatı",
"kitabxana marketinqi"
kimi anlayışlar sistemi formalaşmağa başlayıb.
Doğrudur, ölkəmizdə kitabxanalar təsərrüfathesablı
müəssisələr sırasında deyillər və ilk
növbədə, belə bir fikir yarana bilər ki, dövlət
tərəfindən maliyyələşən bu tip institutlarda
marketinqə ehtiyac yoxdur. Lakin nəzərə alsaq ki, il ərzində faydalı, elmi informasiyanın
həcmi dəfələrlə artır, onların işlənməsinə,
qorunmasına, istifadəçilərin ixtiyarına verilməsinə
xeyli sayda vəsait və işçi qüvvəsi tələb
olunur, o zaman kitabxanaların müstəqil şəkildə
marketinqlə məşğul olmasına zərurət
yaranır. Kitabxanaların müasir informasiya məkanında
oynadığı rolun əhəmiyyəti bilavasitə onun
maddi-texniki, kadr potensialı ilə bağlıdır.
Azərbaycanda
da elm günbəgün inkişaf edir, ölkəmiz Qafqaz
regionunda aparıcı dövlət kimi bir sıra iri layihələrin
reallaşmasına təkan verir. Azərbaycan elm və
təhsil sahəsində regional liderliyini sürdürməklə
daha yeni dəyərlər qazanmaq əzmindədir. Qeyd etdiyimiz kimi, ölkəmizdə elm və təhsilin
inkişafına dövlət qayğısı xeyli artıb,
müvafiq sahələrin modernləşdirilməsi və inkişaf
etdirilməsi üçün dövlət proqramları qəbul
olunub. Azərbaycan kitabxanaları da elm və
təhsilin fundamental bazası kimi bu prosesdən kənarda
qalmayıb. Əksinə, Azərbaycanda
kitabxana işinin inkişafı üçün yeni mərhələ
başlanıb. 2007-ci ildə Prezident cənab
İlham Əliyevin sərəncamı ilə ölkəmizdə
kitabxana işinin inkişafına təkan verəcək olduqca
əhəmiyyətli sərəncam qəbul olunub və kitabxanalarımızın
yaxın gələcəkdə ən qabaqcıllardan
olması planlaşdırılıb.
Azərbaycanda
fəaliyyət göstərən ən iri kitabxanalardan biri də
Milli Elmlər Akademiyasının Mərkəzi Elmi
Kitabxanasıdır. 1925-ci ildə yaradılan kitabxanamız
milli və dünya əhəmiyyətli elmi nəşrlərin
zəngin fondlarına malik olan ən iri, universal təmayüllü,
aparıcı elmi kitabxanadır. Mərkəzi
Elmi Kitabxana kitabxanaşünaslıq,
biblioqrafiyaşünaslıq, kitab tarixi və
informasiyalaşdırma sahəsində fəaliyyət göstərir.
Kitabxanamız Akademiya sistemində
araşdırılan bütün kompleks və sahəvi
problemlər üzrə ixtisaslaşdırılmış məlumat-informasiya
mərkəzi, respublika miqyasında baş elmi-texniki informasiya
müəssisəsidir.
Kitabxana 1934-cü ildən
kecmiş sovet məkanındakı respublikalarla, eyni zamanda
ABŞ, Fransa, İsveç, İngiltərə və s. xarici
ölkələrlə kitab mübadiləsi aparmağa
başlayıb. 1956-cı ildən etibarən isə
kitabxana beynəlxalq əlaqələrinin
coğrafiyasını daha da genişləndirib. Hazırda Mərkəzi Elmi Kitabxana dünyanın 70
ölkəsinin 1000-dən artıq elmi müəssisə və
kitabxanası ilə kitab və informasiya mübadiləsi
aparır. Kitabxana 1993-cü ildən Beynəlxalq
Kitabxana As-sosiasiyaları Federasiyasının — İFLA-nın
üzvüdür. Mərkəzi Elmi Kitabxana regionun ən
nüfuzlu kitabxanalarından biri kimi hər il
dünyanın müxtəlif ölkələrində təşkil
olunan kitab sərgilərinə dəvət alır.
Bütün kitabsevərləri, kitabxanaçı və
naşirləri hər il bir araya toplayan İstanbul kitab sərgisi, Frankfurt beynəlxalq
kitab festivalı, Moskva və Tehran sərgi-festivalları son
illər ərzində qatıldığımız önəmli
kitab bayramlarındandır.
Kitabxanalarımızın
inkişafı ilə bağlı məlum Dövlət
Proqramı 2013-cü ilədək kitabxanalarımızın
hamısının yenidən qurulmasını, yeni
texnologiyalarla təmin olunmasını, dünya standartları
səviyyəsinə çatdırılmasını nəzərdə
tutur. Bu isə
ölkəmizdə fəaliyyət göstərən Mərkəzi
Elmi Kitabxananın, Milli Kitabxananın, Prezident
Kitabxanasının, Respublika Gənclər
Kitabxanasının, universitet kitabxanalarının vahid
konsepsiya əsasında inkişafını nəzərdə
tutur.
Məlumat
üçün bildirmək istəyirəm ki, Mərkəzi
Elmi Kitabxana ölkəmizdəki bütün növ sahəvi
və universal tipli kitabxanalardan fərqlənir. Belə ki, Azərbaycan
Respublikası Prezidentinin 4 yanvar 2003-cü il
tarixli fərmanı ilə təsdiq edilmiş Akademiya Nizamnaməsinin
5-ci bəndinə əsasən kitabxanamız elmi müəssisə
statusu alıb. Bu isə o deməkdir ki, Mərkəzi
Elmi Kitabxana yalnız oxuculara xidmət və cari ədəbiyyatın
toplanıb paylaşdırılması ilə məşğul
deyil, o, eyni zamanda, bir elmi təşkilatdır. AMEA MEK-in elmi şurası ölkənin ən
nüfuzlu bilim adamlarından, kitabxançılarından təşkil
olunub. Elmi şura vaxtaşırı toplaşaraq ölkədə
kitabxana sahəsində baş verənləri təhlil edir,
yeni istiqamətlər müəyyənləşdirir,
kitabxanamızın milli informasiya seqmentindəki yeri və əhəmiyyətini
təhlil edir, hər il nəşr etdiyimiz
onlarca elmi əsərin dəyərləndirilməsini həyata
keçirir. Kitabxanamız son 6-7 il ərzində
bir neçə elmlər namizədi yetişdirib və bu
proses davam edir. Həmin alimlər ölkəmizin
ən aparıcı kitabxanalarına, elm və təhsil müəssisələrinə
rəhbərlik edirlər. Eyni zamanda, "Azərbaycan
Milli Elmlər Akademiyasının Nizamnaməsi"nə əsaslanaraq,
Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi
Şurasının qərarı ilə Mərkəzi Elmi
Kitabxanada kitabxanaşünaslıq,
biblioqrafiyaşünaslıq, kitabşünaslıq istiqamətləri
üzrə problem şurası yaradılıb. Bu isə Azərbaycan
Respublikasının kitabxanalarında və ali
müəssisələrində aparılan elmi tədqiqatların
təşkilini, əlaqələndirilməsini,
inkişafını, gedişinə və tətbiqinə nəzarəti
təmin edəcək.
Müasir
dövrümüzdə kitabxanaların informasiya məkanına
təsir imkanlarını genişləndirmək
üçün kitabxanalarda çalışan kadrlara
yalnız ənənəvi kataloqla işləmək
bacarığı, oxucuya xidmət göstərə bilmək
yetənəyi kifayət etmir. Müasir
kitabxanaçı həm də yaxşı menecer olmalıdır,
müasir kitabxanaçı çoxdilli bir şəxs kimi həm
bir neçə dünya dilini mənimsəməli, həm də
müasir texnologiyalarla peşəkarcasına
davranmalıdır. Belə kadrların
yetişdirilməsi isə vaxt tələb edir. Məhz buna görə də Mərkəzi Elmi
Kitabxana kadrların seçilməsi ilə deyil, yetişdirilməsi
ilə daha çox məşğul olur. Hər il onlarca əməkdaşımız
dünyanın dörd bir yanında təşkil olunan beynəlxalq
simpoziumlara, tədbirlərə qatılır, bilik və təcrübə
mübadiləsi aparır. Kitabxanamızın əməkdaşları
ingilis, türk, rus, alman, fransız, ərəb, fars dillərini mükəmməl bildikləri
üçün beynəlxalq əlaqələrimiz günbəgün
intensivləşir və dayanıqlı, etibarlı
portnyorluğa çevrilir. Təsadüfi deyil ki, Mərkəzi
Elmi Kitabxana Şpringer, Sviits, EBSKO kimi nəhəng elektron nəşr
paylayıcıları ilə sıx əməkdaşlıq
edir və Azərbaycan Milli Elmlər Akademiyasının 30-dan
artıq institutuna mütəmadi olaraq dünyada nəşr
olunan ən son dərgi və kitabları həm də elektron
şəkildə çatdırır.
Hazırda
kitabxanamızda 150-dən artıq peşəkar
kitabxanaçı çalışır, 10-dan artıq
şöbə fəaliy-yət göstərir. "Qərbi Avropa ədəbiyyatı",
"Şərq ədəbiyyatı", "Ədəbiyyatın
elmi komplektləş-dirilməsi", "Kitabxanaşünaslıq",
"Biblioqrafiya", "Kitabşünaslıq", "Azərbaycanşünaslıq"
və "Xidmət" şöbələri ümumilikdə
50 mindən artıq alimə xidmət göstərir. Son illər
ərzində kitabxa-namızda "Kitabxana proseslərinin
avtomatlaşdırılması şöbəsi"nin fəaliyyəti daha da aktivləşib.
Şöbənin yaradılması ilə kitabxanamızda bir
çox ənənəvi iş sahələri yeni
texnologiyalarla təchiz olunub, ənənəvi kataloq sistemi
elektron kataloqla əvəzlənib, fondun elektron
daşıyıcılara köçürülməsi
işinə, elektron kitabxananın qurulmasına başlanılıb
ki, bu da AMEA MEK-in həm milli, həm də qlobal informasiya məkanına
daha intensiv inteqrasiya etməsinə müsbət təsir
göstərib.
Hazırda Mərkəzi
Elmi Kitabxanada dünyanın ən qabaqcıl
avtomatlaşdırılmış kitabxana-informasiya sistemi tətbiq
olunur. Həmin sistemə əsasən Mərkəzi Elmi
Kitabxana Milli Elmlər Akademiyasının digər
institutları ilə birgə korporativ şəbəkə—toplu
elektron kataloq yaradıb. Yaxın gələcəkdə
Milli Elmlər Akademiyasının bütün elmi-tədqiqat
müəssisələrinin vahid elektron kitabxanası və
elektron kataloqu olacaq.
Eyni zamanda, Mərkəzi
Elmi Kitabxananın 5 dildə fəaliyyət göstərən
saytı vasitəsilə də oxuculara xidmət həyata
keçirilir.
Kitabxanamızın veb səhifəsi 2008-ci ildə
Birləşmiş Millətlər Təşkilatının
"Avard" mükafatına layiq görülüb. 2009-cu ildə UNESCO-nun illik veblioqrafiyasında Mərkəzi
Elmi Kitabxananın saytı haqqında məlumat dərc olunub.
Bütün bunlar kitabxanamızın ən son
texnologiyalardan istifadəsinin nəticəsi kimi qiymətləndirilməlidir.
Məlumdur ki,
artıq Mərkəzi Elmi Kitabxana üçün yeni tipli
binanın inşasının başlanmasına qərar
verilib.
Hörmətli Prezidentimizin sərəncamı ilə həyata
keçiriləcək bu proses bütövlükdə ölkəmizdə
elmə, təhsilə, kitabxana işinin inkişafına
böyük töhfədir. Kitabxanamız
üçün yaradılacaq yeni infrastrukur, tətbiq ediləcək
yeni avadanlıq, yeni texnologiyalar, heç şübhəsiz
ki, işimizi daha da sürətləndirəcək və
çoxminli alim auditoriyasına xidmətin səviyyəsini
xeyli yüksəldəcək. Bütün
bunlar isə AMEA MEK-in müasir informasiya məkanındakı
payını artıracaq, informasiya cəmiyyəti
quruculuğu işlərinə müsbət təsir göstərəcəkdir.
Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ
Respublika.- 2010.- 1 iyul.- S. 8.