Azərbaycan kitabı “Qran-Pri”yə layiq görüldü

 

Ölkəmizin nəşriyyat-poliqrafiya sahəsi özünün inkişaf tarixində ən böyük uğura imza atdı. İlk dəfə Azərbaycan kitabı beynəlxalq müsabiqədə "Qran-Pri"yə layiq görüldü. Belə ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunan Beynəlxalq Kitab Sənəti müsabiqəsinə "Təhsil" nəşriyyat-poliqrafiya müəssisəsi "tərəfindən təqdim edilən şair Çingiz Əlioğlunun "Çərçivə" kitabı münsiflər heyətinin yekdil qərarı ilə ən yüksək mükafat - "Qran-Pri" aldı. Bu xəbər respublika ictimai həyatında böyük rezonans doğurmuş, nəşriyyat-poliqrafiya sahəsinin mütəxəssislərinin, çoxsaylı kitabsevərlərin sevincinə səbəb olmuşdur. Onu da qeyd edək ki, dünyanın kitab sənəti müsabiqələri içərisində ən nüfuzlusu hesab olunan bu müsabiqə ildə bir dəfə keçirilir. Buraya dünyanın ən yaxşı kitab nümunələri çıxarılır. Builki müsabiqə yüksək rəqabət baxımından fərqli idi. Müsabiqəyə yüz əllidən artıq kitab təqdim edilmişdi ki, ilkin seçimdə onlardan əlli dördü yekun müsabiqəyə saxlanılmışdı. Bu qədər yüksək keyfiyyətli nəşrlərin içərisində "Təhsil" nəşriyyatının tərtib etdiyi kitabın qalib gəlməsi, sözün həqiqi mənasında, tarixi əhəmiyyətli uğurdur. Onu da əlavə edək ki, nəşriyyat hər il bu müsabiqədə iştirak etmiş, hər dəfə də müxtəlif nominasiyaların qalibi olmuşdur. Nəşriyyat builki uğura addım-addım yaxınlaşmışdır. Müsabiqədə əldə olunan yüksək nailiyyət barədə kitabsevərlərə daha ətraflı məlumat vermək məqsədilə "Təhsil" nəşriyyat-poliqrafiya müəssisəsinin baş direktoru, bu sahədə kifayət qədər tanınan təcrübəli naşir Bəhruz Axundovla söhbətimiz də bu barədədir. Bəhruz müəllim dedi: "Azərbaycanda digər sahələrlə yanaşı, bütövlükdə nəşriyyat-poliqrafiya mədəniyyəti də özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, kitab nəşrlərinin keyfıyyətinin yüksəlməsi, yeniləşməsi və bununla da kitaba marağın artması göz qabağındadır. Burada ölkə başçısının, Heydər Əliyev Fondunun diqqət və qayğısını, göstərdiyi dəstəyi minnətdarlıqla xüsusi qeyd etmək lazımdır. Nəşriyyatımızın əldə etdiyi nailiyyətlər, dəfələrlə beynəlxalq sərgi-müsabiqələrdə uğurla iştirak etməyimiz, müxtəlif yüksək mükafatlara layiq görülməyimiz də məhz bundan qaynaqlanır.

"Təhsil" nəşriyyat-poliqrafiya müəssisəsinin çoxillik iş təcrübəsinə, əldə etdiyimiz beynəlxalq uğurlara əsaslanaraq düşündüm ki, gücümüzü sınayaq. Moskvada Beynəlxalq Kitab Sənəti müsabiqəsinin ən yüksək mükafatını - "Qran-Pri"ni Azərbaycana gətirək. Açığını deyim ki, bu niyyətlə kitab hazırlayıb müsabiqəyə təqdim etməyimizi Mədəniyyət və Turizm Nazirliyindən başqa heç kəs bilmirdi. Baxmayaraq ki, qalib gələcəyimizə əmin idik, amma bu barədə heç yanda məlumat vermədik. Onu da qeyd edim ki, Rusiyanın paytaxtı Moskva şəhərində hər il təşkil olunan Beynəlxalq Kitab Sənəti müsabiqəsi dünyanın ən nüfuzlu müsabiqəsi hesab edilir. Ən əsası isə, müsabiqədə iştirak edən dövlətlərin böyük əksəriyyəti keçmiş ittifaq dövrünün sistemində yetişmiş, onun praktikasını görmüş ölkələrdir. Bildiyimiz kimi, İttifaq dönəmində kitaba, kitab sənətinə xüsusi önəm verilirdi. Onu da əlavə edim ki, Avropa, dünyanın digər ölkələrində çap olunan kitablar yalnız oxumaq üçün nəzərdə tutulur. Ona görə də olduqca sadəliyi ilə fərqlənir. Amma postsovet məkanında, xüsusən Şərq ölkələrində kitabın məzmunlu, oxunaqlı olması ilə yanaşı, onun dizaynına, tərtibatına və digər keyfiyyətlərinə də ciddi fikir verilirdi.

Moskva müsabiqəsi də yalnız kitab yox, kitab sənətinə baxış adlanır. Belə bir olduqca məsuliyyətli, ciddi və hər baxımdan tələbkarlıqla yanaşılan müsabiqəyə qatılmaq üçün əzmlə hazırlaşmaq lazım idi. Bizim hazırladığımız kitab məhz bütün bunlara tam cavab verirdi.

Xatırladım ki, bundan əvvəl də biz Çingiz Əlioğlunun bir neçə kitabını çap etmişdik. Təqdirəlayiq haldır ki, "Atlantlar" kitabı iki il əvvəl bu müsabiqənin bir nominasiyası-nın qalibi olmuşdur. Həmin kitab ən çox xarici dilə tərcümə olunub çap edilən nəşrdir. Məhz bunu nəzərə alaraq Çingiz Əlioğlunun poeziya dünyasını əks etdirən belə bir kitabı müsabiqəyə təqdim etmişdik.

Qısa müddət ərzində çox mükəmməl ideyanı yerinə yetirən bu kitab kollektivin böyük zəhməti hesabına hazırlanıb uğurla nəşr olunmuşdur. Mən bir daha zəhmət çəkən kollektivin hər üzvünə təşəkkürümü bildirirəm. Redaktoru Gülər Mehdiyeva, bədii və texniki redaktoru Abdulla Ələkbərov, dizaynkompyuter tərtibatçıları Aqil Əmrahov, Römən Quliyev, Təhmasib Mehdiyev, rəssamı Gündüz Ağayev, korrektoru Sevinc Hacıyeva kitabın ərsəyə gəlməsi üçün bütün peşəkarlıqlarını ürəklə ortaya qoymuşdular. Möhtəşəm cild hazırladığına görə Rauf İbrahimovun adını çəkmək istəyirəm. Kitabın tərtibatında digər rəssamlar Elçin Məmmədovun, Ədalət və Həsənağa Ədalətoğlunun bir neçə illüstrasiyasından, şairin oğlu Orman Çingizoğlunun fotolarından da istifadə edilmişdir ki, bu da ümumi kompozisiyanın tamamlanmasına kömək etmişdir.

Kitabın uğur qazanmasında adlarını çəkmədiyim əməkdaşların, bir sözlə, hamının əməyi var, onların zəhmətinə yüksək qiymət verirəm. Çünki onların sayəsində ilk Azərbaycan kitabı beynəlxalq "Qran-Pri"yə layiq görülübdür. Burada pul mükafatı da var və ümumən, mükafatın təqdimetmə mərasimi sentyabr ayında keçiriləcəkdir. Yeri gəlmişkən bir məsələni də əlavə edim ki, həmişə bizim uğurlarımıza qısqanclıqla yanaşan bədxah qonşularımız ermənilər və onların havadarları müsabiqədə bizim müvəffəqiyyət əldə etməyimizə hər vəclə mane olmağa çalışırlar, lakin müyəssər olmurlar. Bunu bizim "Qarabağ" kitabının bütün nominasiyalarda qalib gəldiyi ildə görmüşük. Onların cidd-cəhdlərinə baxmayaraq, xüsusi önəm daşıyan, tarixi faktla real ortaya qoyan bu kitab Beynəlxalq Kitab Sənəti müsabiqəsində ən yüksək bala layiq görüldü. Yaxşı ki, demokratiya var, əsl yaradıcılığa qiymət verən, sənət nümunəsini yüksək dəyərləndirən münsiflər heyəti o zaman da, indidüzü əyriyə vermədi, məhz onların obyektivliyi sayəsində bizim kitab qalib gəldi. Onu da əlavə edim ki, münsiflər heyəti dünyanın ən tanınmış, təcrübəli, peşəkar mütəxəssislərindən ibarətdir.

Nəşriyyatımızın  əldə  etdiyi  bu möhtəşəm uğura görə naşir kimi çox şadam. Ona görə ki, bu, tarixi hadisədir.   Azərbaycanda   kitab nəşri tarixində ilk Azərbaycan kitabıdır ki, belə bir nüfuzlu beynəlxalq müsabiqənin  qalibi,  "Qran-Pri"ni aldı. Ölkəmizin nəşriyyat-poliqrasiya sahəsinə bu cür töhfə verə bildik, bu sahədə də respublikamızın dünyada tınınmasına əlavə divident qatdıq. Bu, bütövlükdə xalqımızın uğurudur. Deməli, Azərbaycan digər sahələrdə olduğu kimi, nəşriyyat-poliqrafiya sahəsində, kitab mədəniyyətində də lider olduğunu bir daha sübut etdi".

Respublikamızda kitab nəşrinin mövcud vəziyyətindən söhbət düşmüşkən,  təcrübəli  naşir  Bəhruz Axundov bu sahənin sürətli inkişafını vurğulamaqla yanaşı, bəzi məqamlara da diqqət çəkdi. Belə ki,     onun fikrincə, kitab nəşr etmək istəyən müəssisələr ən sadə yola əl atır, sponsor axtarışına çıxır. Əgər, nəşriyyatın hər hansı bir layihənin    həyata keçirilməsinə maddi vəsaiti çatmırsa, onda müəssisə nahaq bu işlə məşğul olur. Əks təqdirdə, belə nəşriyyatların çap etdiyi kitabın keyfiyyəti ona sponsorluq edənin xərclədiyi vəsait əlaçıqlığı qədərdir. Açığını deyim ki, bizim kitabın hazırlanmasına cəkilən xərc tamamilə nəşriyyatımızındır. Bütün işlədilən materialların hamısı natural, təbii bahalı kağız, korton növündən, əl işlərindən ibarət idi. Çərçivəni göstərən taxtalar, dəri bağlamalar, kitabın ən əziz atributu plan mürəkkəbqabı, yazı üçün lələk, şairin məktublarının toplandığı lentlənmiş qədimi kağız-bunların hamısı təmiz əl işləridir ki, onların qiyməti yoxdur. Onu da xüsusi qeyd etmək istəyirəm ki, nəşriyyatın öz layihəsidir və öz gücünə başa gəlmişdir. Bu uğurla kollektivimiz kifayətlənmir, gələcək planlarımız hələ çoxdur. Daha bir yeniliyimiz odur ki, "kitab evi" təsis etmişik. Bu, mənim ağrılı yerimdir. Çünki hansı ölkəyə gedirəmsə, orada ilk növbədə kitab evinə, kitab mağazalarını görməyə can atıram. Təəssüflə qeyd edim ki, bugünkü günə qədər Azərbaycanda bir dənə də olsun kitab evi yoxdur. Düzdür, çox az sayda kitab mağazaları mövcuddur, lakin onların da fəaliyyəti yetərincə deyil.

Kitab müqəddəsdir, mənəvi dəyərdir. Məni ağrıdan bir məsələ odur ki, oxucu barədə yanlış təsəvvür formalaşıbdır, guya xalqımız bu gün kitab oxumağa maraqlı deyil. Sual verirəm belə düşünənlərə, nəşriyyatlar onlar üçün hansı yüksək keyfiyyətli, dəyərli kitabı veribdir ki, oxucu onu oxumaqdan imtina edibdir? Bu stereotipləri aradan qaldırmaq üçün yüksək səviyyəli, maraqlı, oxucunu özünə çəkən kitab nəşrolunalı, onun düzgün satışını təşkil etmək bugünün real tələbidir. Yaratdığımız "Kitab evi" bu istiqamətdə atılan ilk addımdır. Gələcəkdə onun daha da genişləndirilməsinə çalışacağıq.

Nəşriyyatımız tərəfindən "Kitab evi"nin istifadəyə verilməsi ilə ümid edirəm ki, bu sahədə yaxın vaxtlarda çox böyük dönüş olacaq, kitab ticarətinin güclənməsi bütün müəssisələrin işinə etibarlı stimul verəcəkdir.

 

 

Mustafa KAMAL

 

 

Respublika.- 2010.- 7 iyul.- S. 6.