Qəhrəman atanın qəhrəman oğlu
Fransada Armed Mişel
adı ilə tanınan Əhmədiyyə Mikayıl oğlu
Cəbrayılov 1920-ci ildə Şəki rayonunun Oxud kəndində
anadan olmuşdur. Azərbaycanın ən gözəl guşələrindən
biri olan Şəkinin saf suyundan içib, təmiz havası ilə
böyüyüb. Əhmədiyyə hələ
uşaqlıqdan ağıl-kamalda, fərasətdə
tay-tuşlarından seçilib. 1935-ci ildə o, Şəki Kənd
Təsərrüfatı Texnikumuna daxil olaraq aqronom
ixtisasına yiyələnib. Təhsilini bitirdikdən sonra
Qubaya təyinat verilir, kolxozda işləməyə göndərilir.
Gənc Əhmədiyyə
müharibə başlamazdan əvvəl hərbi xidmətə
çağırılır. Onu Nevinnomısk təyyarəçilik
məktəbinə yollayırlar. Bir neçə ay
hazırlıq kursu keçdikdən sonra kiçik leytenant
rütbəsi alır. Hərbi xidmətinin bitməsinə az
bir müddət qalmış II Dünya müharibəsi
başlayır. Müharibə illərində Cəbrayılovlar
ailəsindən 5 nəfər cəbhəyə yollanır.
Paşa, Abdulsalam, Məmmədiyyə, Məmmədsadıq və
Əhmədiyyə. Onlardan ancaq ikisi cəbhədən sağ
qayıda bilir.
Əhmədiyyə
Xarkovdan 200 kilometr aralıda yerləşən bir şəhərə
göndərilir. Olduqca mühüm strateji mövqeyə malik
olan bu şəhər düz 3 dəfə almanlar tərəfindən
işğal olunsa da, sovet ordusu onu geri qaytarır. 1942-ci ilin
aprel ayında Əhmədiyyə Ukraynanın Donbas şəhərinə
göndərilir və 350-ci alayda siyasi rəhbər köməkçisi
təyin olunur. Alayın tərkibində Ukraynanın
Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı
döyüşlərdə iştirak edir və fərqləndiyinə
görə baş leytenant rütbəsi alır.
1942-ci ilin aprel-may
aylarında Ukraynadakı əməliyyat zamanı Əhmədiyyə
Cəbrayılovun təyyarəsi Kursk ətrafındakı
döyüşlərdə vurulur. O, İzyum
çayı
yaxınlığında ağır yaralı vəziyyətdə
almanlara əsir düşür, Barbinka və Lvovdakı həbs
düşərgələrinə göndərilir.
Əhmədiyyəni
yoldaşları ilə birgə vaqonlara mindirib əvvəlcə
Polşaya, daha sonra isə Almaniyaya
yola salırlar. Burada əsirlərin sayı həddən
artıq olduğuna görə onların bir hissəsini
Fransaya göndərmək məcburiyyətində qalırlar.
1943-cü ildə Əhmədiyyə
bir qrup dustaqla birgə Dahau ölüm düşərgəsinə
göndərilir. Onlar qaz kamerasına salınırlar. Bir
müddət sonra qarovulçular kameradan çıxaranda
onlardan yalnız bir nəfər sağ qalır. Bu, Əhmədiyyə
Cəbrayılov idi. 1943-cü ilin sonunda onu Rodezdəki
Bürlup kazarmasına göndərirlər. O, burada vərəm
xəstəliyinə tutulur. Əhmədiyyənin bəxti onda
gətirir ki, o, burada gözəl bir insanla
qarşılaşır. Bu, gestaponun xadiməsi işləyən
Janna adlı yunan qadını idi. O, qızı Sara ilə
birlikdə ərini və oğlunu asan faşistlərin əlindən
qaçıb Fransaya gəlmişdi. Əhmədiyyə
Jannanın vəfat etmiş oğluna çox
oxşayırdı. O, Əhmədiyyəyə
bacardığı qədər köməklik edir, hətta təmizlik
işi apararkən sağ qalsın deyə, ona gizlicə
çörək də gətirir.
Əhmədiyyənin əsirlikdəki
məşəqqətli günləri uzun çəkmir.
Birgün düşərgədə olarkən gestapoda onu yenə
vəhşicəsinə döyürlər. Sonra Əhmədiyyənin
öldüyünü zənn edib zirzəmiyə atıb və
basdırmaq istəyirlər. Bu zaman Janna Əhmədiyyənin
oğluna oxşadığını deyib onu öz adəti ilə
dəfn etmək üçün gestapodan izn istəyir.
Qadın Əhmədiyyənin sağ olduğunu görür.
Bir gün əvvəlcədən məzar qazdırıb,
orada hava keçməsi üçün yer də qoyur. Səhəri
gün alman zabitlərinin müşayiəti ilə Əhmədiyyə
dəfn olunur. Əsgərlər tabutun aralı olduğunu
başa düşmürlər. Amma əsirin
öldüyünə əmin olmaq üçün tabuta atəş
açırlar. Xoşbəxtlikdən, güllə Əhmədiyyənin
ayağına dəyir.
Alman əsgərləri
getdikdən sonra qadın onu məzardan çıxarıb
öz evindəki zirzəmiyə gətirir. Jannanın
qayğısı ilə Əhmədiyyə tezliklə
sağalır və faşistlərdən qisas almaq
üçün yenidən döyüş meydanlarına
qayıtmaq qərarına gəlir. O, əvvəlcə
fransız dilini öyrənir və tezliklə partizan hərəkatına
qoşulur. Ona "Xarqo" ləqəbi verilir.
1944-cü il mayın
22-də Əhmədiyyə əvvəlcə Kaberta partizan dəstəsinə,
sonra isə Düma ləqəbli kapitan Delplankın gizli
ordusuna qoşulur. İlk günlər partizanlar ona o qədər
də etibar etmir, öz aralarına buraxmaq istəmirlər.
Xarqonu sınamaq üçün onu bir neçə dəfə
kəşfiyyata göndərirlər. O, əməliyyatlardan
uğurla geri dönür. Yalnız bundan sonra Xarqo
partizanların sevimlisinə çevrilir. O, bu dəstənin tərkibində
Tarn və Qaronun azad edilməsi uğrunda döyüşlərdə
iştirak edir.
Artıq ən vacib və
çətin əməliyyatlar partizan Xarqonun dəstəsinə
tapşırılırdı. Bəzən kəşfiyyatlar
almanların hücum planını öyrənmək məqsədi
daşıyırdı. Belə əməliyyatlardan birində
o, "Bərbər Xarqo" roluna girir.
Əhmədiyyə cəbhədə
bir neçə — "Armed Mişel", "Fraji",
"Xarqo" və başqa adlarla Fransanın
azadlığı uğrunda döyüşlərdə
iştirak edir. İşğalçı alman faşistləri
onun başına 10 min alman markası məbləğində
mükafat təyin edirlər.
"Partizan Xarqonun həyata
keçirdiyi kəşfiyyatlardan biri Almaniyaya əsir aparılanların
ailələrini xilas etmək olur. Əməliyyat zamanı
faşistlər məsələni anlayır və
atışma başlayır. Yoldaşlarının köməyi
ilə Əhmədiyyə qaçmağa nail olur. Amma
yaralı olduğu üçün o, çox uzağa gedə
bilmir və səhərə kimi şüurunu itirmiş halda
dəmir yolu ilə şose yolun arasında qalır.
Gündüz saat 3-də general Javerin maşını şose
ilə şütüyəndə onun gözü
"Xarqo"nun yerdə yatan cəsədinə
sataşır. O, maşını saxladıb yerə
düşür və oberleytenant formalı zabitin kim
olduğunu öyrənməyə çalışır.
Lakin Xarqonun üstündə heç bir sənəd yox idi.
Onun alman zabiti olduğunu zənn edirlər. General-"Bunu
partizanlar öldürüb. Heç şübhəsiz burada
"Xarqo"nun əli var"-deyir. Maşını
birbişa hospitala sürdürür və həkimlərə
nəyin bahasına olursa-olsun onu sağaltmalarını əmr
edir. Beləcə partizan Xarqo sağ qalır və alman
ordusunda gizli əməliyyatlarını davam etdirir.
Əhmədiyyə
sağaldıqdan sonra özünü "öber-leytenant
Hofman" kimi təqdim edir və general Javer onu öz
yanında işə götürür. Daha sonra onu Albi şəhər
komendantı təyin edirlər və bundan sonra onun
üçün yeni həyat başlayır.
Partizan Xarqo əsirlərə
düşərgədən qaçmaq imkanı
yaradırdı. Ona tabe olan əsirlər arasında həmyerlisi
Nuru kişi də var idi. Bir gün Nuru kişi ona
yaxınlaşmaq istəyəndə Əhmədiyyə bunu
hiss edir və işarə edir ki, yaxın gəlməsin. Bir
müddətdən sonra isə Nuru kişi Xarqonun köməyi
sayəsində əsirlikdən xilas olur.
O, Rodez şəhərində
yerləşən düşərgədə azərbaycanlı
əsgərlərin olduğu xəbərini alır. Təcili
olaraq ora yollanır. Həyata keçirdiyi gizli əməliyyatlar
nəticəsində çoxlu sayda əsirlərin
qaçmasına imkan yaradır.
Bir gün Əhmədiyyənin
yardımı ilə əsirlikdən qurtaranlardan biri gedib
yoldaşlarına onun barəsində danışır.
Hamı əsirləri xilas edən bu gəncin kimliyi ilə
maraqlanmağa başlayır. Müəmmalı qəhrəmanın
kimliyini öyrənmək üçün kəşfiyyata
çıxan əsgər qarşısında partizan Xarqonu
görəndə özünü itirir. Axı əsgər
yoldaşları Əhmədiyyənin öldüyünü
güman edirdilər.
1944-cü il avqustun 17-də
Əhmədiyyə Montobanın 18 kilometrliyində yerləşən
"
Əhmədiyyə Cəbrayılov
əməliyyatların birində ölməz qəhrəmanımız
Mehdi Hüseynzadə ilə görüşür.
"Mixaylo" ləqəbli Mehdi Hüseynzadə partizan
Xarqonun ləhcəsində doğmalıq hiss edib onun
haralı olduğunu xəbər aldıqda Əhmədiyyə
"Şəki torpağındanam" deyə cavab verir. Bu
iki Azərbaycan oğlu doğma yurddan minlərlə kilometr
aralıda Vətən naminə faşizmə qarşı
mübarizə aparırdılar.
Qızğın
döyüşlərdə partizan dəstəsi tərkibində
vuruşan Əhmədiyyə Paris
şəhərinin azad olunmasında da iştirak edir. Elə həmin
gün general Şarl de Qolla görüşür. Bu
görüşü bir fotoşəkil də təsdiqləyir.
Müvəqqəti Fransa hökumətinin prezidenti olan Şarl
de Qollun iştirak etdiyi bənketə Əhmədiyyə də
dəvət alır.
1944-cü il avqustun 17-də
Rodez şəhəri fransız və azərbaycanlı partizanlar tərəfındən
faşistlərdən azad edilir. Rodez vətənpərvərləri
şəhərin azad olunmasında qəhrəmancasına həlak
olmuş azərbaycanlı vətənpərvərlərin
xatirəsini əziz tutaraq, qardaşlıq məzarı üzərinə
qoyulan başdaşına Azərbaycan xalqının qəhrəman
oğullarının şanlı adlarını həkk edirlər.
1944-cü il avqustun 28-də
Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil
olaraq Vozj və Alzasdakı döyüşlərdə
iştirak edir. 1945-ci il martın 13-də Montoban şəhər
bələdiyyə idarəsinin başçısı
Trankunun təsdiqlədiyi sənəddə onun Fransa
müqavimət hərəkatında fəal iştirak etdiyi
göstərilir. Bir sıra tapşırıqlarla
yanaşı, Əhmədiyyə Cəbrayılov dəmiryol xətlərini
partladaraq düşmənin minlərlə fransızı
Almaniyadakı həbs düşərgələrinə
aparmasına mane olur. O, körpüləri sıradan
çıxarır, alman anbarlarını və faşist
zabitlərinin yaşadıqları evləri yandırır.
Onun rəhbərliyi altında həyata keçirilən əməliyyatda
günün günortaçağı Lion şəhərinin
mərkəzində düşmən tankları
yandırılır. Çətin olmasına baxmayaraq, əməliyyatları
müvəffəqiyyətlə başa vurduğuna görə
Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona
tapança hədiyyə edir. 1945-ci il martın 16-da o,
3-cü briqadadan tərxis olunur və I Fransa ordusunun tərkibində
Vozj və Alzasdakı döyüşlərdə iştirak
edir.
Müharibə başa
çatanda hamının Armed Mişel kimi
tanıdığı Əhmədiyyə əsl qəhrəmana
çevrilir. Onu hamı sevir, onunla danışmaq, şəkil
çəkdirmək qürurlu bir işə çevrilir. Hər
kəs Əhmədiyyənin onun ölkəsinin vətəndaşı
olmasını arzulayır. Şarl de Qoll da dəfələrlə
Armed Mişelə Fransada qalıb yaşamaq, Amerika səfırliyi
isə ona ABŞ vətəndaşı olmağı təklif
edir. Əhmədiyyə Fransanın Milli Qəhrəmanı
kimi hamının qəlbinə yol tapır. Müharibə bitdikdən
sonra Fransada onun hərbi şücaətlərini layiqincə
qiymətləndirirlər və ona Fransanın Milli Qəhrəmanı
adı verilir. O, "Fəxri legion" ordeni ilə təltif
olunur. Bu orden hərbi paradlarda, rəsmi keçidlərdə
ona generallardan qabaqda getmək hüququ verirdi.
Ancaq vətən həsrəti
Əhmədiyyəni rahat buraxmır. Ən böyük arzusu
vətənə dönmək, doğma Şəki havası
ilə nəfəs almaq, dost-tanışı, qohum-əqrəbası
ilə görüşmək olur. Əhmədiyyənin bu
arzusu 1946-cı il noyabrın 25-də Fransa prezidenti Şarl de
Qollun köməkliyi ilə həyata
keçir. O, vətənə qayıdır.
Lakin "KQB" cəlladları
burada Əhmədiyyəni rahat
buraxmır və ona vətən xaini kimi baxırlar. Moskvada
yoxlama vaxtı onun mükafatlarının bir hissəsi əlindən
alınır, hətta onu "Vətən xaini"
adlandırırlar.
1966-cı ildə Fransa prezidenti
Şarl de Qollun SSRİ-yə gəlişi Əhmədiyyənin
həyatının dönüş nöqtəsi olur. Keçmiş
dostu Şarl de Qolla Moskvada görüşən Əhmədiyyə
bu tarixdən sonra Sovetlər İttifaqında da Fransanın
Milli Qəhrəmanı kimi tanınmağa başlayır.
Əhmədiyyə
1947-ci ildə Sürəyya xanımla ailə qurur, bu nikahdan 7
uşaq dünyaya gəlir. 1970-ci ildə o, Şəki rayonu
N.Nərimanov adına kolxozda baş aqronom kimi işə
başlayır. Əməkdə fərqləndiyinə görə
1971-ci ildə "Qırmızı Əmək
Bayrağı" ordeninə layiq görülür.
1972, 1975, 1982-ci illərdə
Əhmədiyyə Fransada döyüşdüyü Montoban,
Rodez, Tuluza, Albi şəhərlərini gəzir. Həmçinin Paris, Bordo,
Strasburq, Lion,
Fransaya səfəri zamanı o, döyüş illərində
olum və ölüm arasındakı
o müdhiş günləri
xatırlayır. Parisin təmiz və
səliqəli küçələri ilə irəliləyir.
O, bu küçələrin
hər döngəsinə,
hər dalanına bələd idi. Çünki almanların yerləşdiyi
qərargaha çatmaq
üçün hər
cür yollardan, hətta su və
kanalizasiya xətlərindən
belə istifadə edərək tapşırığı
bacarıqla yerinə yetirmişdi. 1975-ci ildə Parisdə Əhmədiyyə Cəbrayılovu
senatın rəhbəri
Jak Düklo qəbul edir və ona bu
görüşün xatirə
medalını təqdim
edir. 1976-cı ildə müharibədəki
iştirakına görə
"Oktyabr inqilabı"
ordeni ilə təltif olunur. 1977-ci ildə
Digər dostları da bir-bir Əhmədiyyənin
görüşünə gəlirlər. Onların hər
biri əziz insanlar idi. Çünki müharibənin ən ağır günlərində faşizmə
qarşı mübarizədə
bir yumruq kimi birləşmişdilər.
Bu partizanların hər birinin öz ləqəbi var idi. Fransızların "Armed Mişel" adlandırdığı Əhmədiyyə
Cəbrayılovun ləqəbi
isə "Xarqo"dur.
Döyüş dostları bir-birini
unutmur, hətta Parisdə, Montobanda, Rodezdə həlak olan dostlarının məzarlarını da ziyarət edirdilər.
1986-cı ildə
Əhmədiyyə Cəbrayılov
5 fransız mükafatına
layiq görülüb:
"Müharibə xaçı",
"Hərbi şücaət
xaçı", "Fransa
Müqavimət hərəkatı
medalı", "igidliyə
görə medal", "Yaralanmağa
görə medal".
1994-cü il oktyabrın 10-u. Əhmədiyyə Cəbrayılov
Şəkidə yol-nəqliyyat
qəzası zamanı
dünyasını dəyişdi.
Kimin ağlına gələrdi ki, milyonlarla insanın həlak olduğu müharibədən Vətənə
sağ qayıdan bir insan adi
yol-nəqliyyat qəzası
zamanı həlak olacaq. Demək, taleyin qisməti
belə imiş.
1995-ci ildə faşizm üzərində qələbənin
50 illiyi münasibətilə
Fransa hökuməti ona fəxri təqaüd, həmçinin
medallar göndərir. Təəssüf ki, bu mükafatlar
Əhmədiyyə Cəbrayılova
ölümündən sonra
gəlib çatır.
II Dünya
müharibəsində öz
əfsanəvi qəhrəmanlığı
ilə seçilən
Əhmədiyyə Cəbrayılovun
bu şücaəti onun öz ailəsində
də büruzə verdi. "Ot kökü üstə bitər" -
deyib babalarımız.
Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Dağlıq Qarabağ hadisələri başlayanda
polis leytenantı işləyirdi.
1990-cı il dekabrın 12-də
baş leytenant Mikayılı 4 nəfər
polis əməkdaşı ilə birgə Qarabağa ezam edirlər. Onlar Cəmilli kəndinin
müdafiəsində iştirak
etməli idilər.
Bu o vaxt idi
ki, erməni yaraqlıları Dağlıq
Qarabağın azərbaycanlılar
yaşayan kəndlərinə
tez-tez hücum edir, əhaliyə dinc yaşamağa imkan vermirdilər. Dekabrın
15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış
4 ton təxılı gətirmək
məqsədilə polis dəstəsi
Kosalar kəndinə yola düşür.
Mikayılla birlikdə 15 nəfər
polis də gedirdi.
Cəmilli - Kosalar arasında
ermənilər qəflətən
onlara hücuma keçirlər. Snayper gülləsindən
açılan atəş
nəticəsində bir
polis serjantı yaralanır.
Ermənilərlə ölüm-dirim mübarizəsində
Mikayıl da çiynindən yaralanır.
O, maşından yerə
atılıb, yoldaşlarının
həyatını
xilas etməyə çalışır. Kənd sakinlərinə
döyüş meydanını
tərk etməyi əmr edən Mikayıl quldurlarla təkbətək qalaraq ermənilərin hücumunun
qarşısını qəhrəmalıqla alsa da, son anda
döyüş meydanında
həlak olur. Azərbaycan Respublikası
prezidentinin 6 iyun
1992-ci il tarixli fərmanı ilə Mikayıl Əhmədiyyə oğlu
Cəbrayılova ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adı verilir.
Qəhrəman atanın qəhrəman oğlu. Azərbaycanın müharibə
şəraitində olduğu
bir dövrdə Əhmədiyyə Cəbrayılov
və eyni zamanda, onun ailəsində
tərbiyə alan Mikayıl Cəbrayılov kimi qəhrəmanların həyatı
və mübarizəsi
hər bir Azərbaycan gənci üçün nümunə
və əzmkarlıq
rəmzidir. Bu insanların həyatı,
fəaliyyəti həqiqətən
də qəhrəmanlıq
mücəssəməsi, vətəndaşlıq
nümunəsidir.
"Bayraqları
bayraq edən üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa, vətəndir!"
Mahir QƏRİBOV
Respublika.- 2010.- 6 iyul.- S. 6.