Məqsədimiz əhaliyə müasir kitabxana xidməti göstərməkdir

 

Xalqımızın əvəzsiz milli-mədəni sərvəti olan kitabxanalar insanların biliyinin, dünyagörüşünün, bir sözlə intellektual-mənəvi potensialının artırılmasında böyük rol oynayır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, kitabxana millət üçün müqəddəs bir yerdir. Mənəviyyat, bilik, zəka mənbəyidir.

"Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" Azərbaycan Prezidentinin 20 aprel 2007-ci il tarixli Sərəncamından sonra cəmiyyətimizin informasiya təminatında kitabxanaların rolu artmış, əhalinin bu zəngin elmi-mədəni sərvətdən hərtərəfli istifadəsi üçün geniş imkan yaradılmışdır.

Son illər rayonun mədəniyyət və informasiya mərkəzinə çevrilən Xaçmaz Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) xidmət səviyyəsini xeyli yüksəltmiş, fəaliyyət dairəsini genişləndirmişdir. Bu sahədəki fəaliyyət barədə muxbirlərimizə MKS-nin direktoru Azad Əlixanov məlumat vermişdir. Rayon MKS-i özündə 1 rayon, 4 şəhər, 97 kənd kitabxanasını birləşdirir. MKS-in fondunda 660 min 766 ədəd, o cümlədən, latın qrafikası ilə çap olunan 108 min 137 ədəd ədəbiyyat vardır. Mövcud kitabxanalara 30 minə qədər oxucu cəlb olunmuşdur. Xidmətin səviyyəsini yüksəltmək məqsədi ilə kitabxana prosesləri müasirləşdirilmişdir. MKS-in şöbələrində iş yenidən qurulmuş, vahid fonda daxil olmuş ədəbiyyatın komplektləşdirilməsi, uçotu və təbliği ilə əlaqədar işlər sürətləndirilmişdir. Mövcud çap əsərlərindən, digər informasiya daşıyıcılarından istifadə etməklə kitabxana biblioqrafiya və informasiya xidməti, elektron-kataloq sistemi yaradılmışdır. Oxuculara xidmətin operativ təşkili üçün onlarla sorğular keçirilir, rəyləri öyrənilir. Kitabxanalarımızda kütləvi işin şifahi və əyani formalarına, kitab təqdimatlarına, elmi-praktik konfranslara, informasiya saatlarına, kitab sərgilərinə, məruzə və mühazirələrə, fərdi söhbətlərə daha çox yer verilir. Bu sahədə rayon mərkəzi kitabxanasının işi təqdirəlayiqdir. Burada günün ən aktual məsələlərinə həsr olunmuş rəngarəng tədbirlər həyata keçirilir.

Gənclərin hərbi vətənpərvərlik tərbiyyəsi həmişə olduğu kimi diqqət mərkəzindədir. "Əbədiyyətə dönmüş qəhrəmanlıq", "Qüdrətlənən, qüvvətlənən ordumuz", "Vətən mənə oğul desə...", "And yerimiz-Şəhidlər Xiyabanı" mövzularında keçirilən ədəbi-bədii kompozisiyaların əsas iştirakçısı rayon gəncləri olmuşdur. Xalqımızın qədim, milli bayramı olan Novruz münasibəti ilə keçirilən tədbirlər də iştirakçılarda böyük maraq doğurmuşdur. Görkəmli Azərbaycan yazıçıları və şairlərinin yubileylərilə bağlı müxtəlif sərgilər, oxucu konfransları təşkil edilmişdir. Belə tədbirlər ənənəvi xarakter daşıyır. Əlamətdar hadisələr, tarixi günlər, bayramlar da bir qayda olaraq kitabxanalarımızda geniş qeyd olunur. Bu il yadda qalan ən böyük tədbirimiz tariximizin qanlı səhifəsi olan Xocalı faciəsinə həsr olunmuş anım mərasimi oldu. Bu mövzuda qiraət zalında "20-ci əsrin dəhşətli faciəsi" adlı mühazirədə məktəblilər, ziyalılar və müxtəlif peşə-sənət adamları iştirak edirdilər. Foyedə bu mövzuda kitab və foto sərgiyə xeyli tamaşaçı baxmışdır.

Mərkəzi kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də xeyli iş görülmüşdür. Təkcə ötən il 16 min manat dəyərində inventar və avadanlıq alınmış, kitabxana əsaslı təmir edilmişdir. Hazırda kitabxanamızda kompyuter-internet şəbəkəsi fəaliyyət göstərir. Elektron kataloq sistemi tətbiq olunur. Onu da qeyd edim ki, bu yaxınlarda MKS-in internetdə veb-saytı açılmışdır.

Respublika Mədəniyyət Turizm Nazirliyinin ABŞ səfirliyi ilə birgə imzaladıqları Memorandum əsasında Xaçmaz Regional Kitabxana İnformasiya Mərkəzinin yaradılması bütünlükdə ölkənin kitabxana sistemində böyük yenilikdir. İlk dəfə olaraq bizdə "Amerka mərkəzi" yaradılmış internet şəbəkəsi ilə təchiz edilmişdir. Oxucularımız burada kampyuter dərsləri keçir, ingilis dili kurslarında məşğul olur, internet xidmətlərindən istifadə edirlər.

Mərkəzi kitabxana filiallar üçün metodiki mərkəz rolunu oynayır. Metodistlər tez-tez kənd kitabxanalarında olur, kitabxanaçılar üçün seminarlar təşkil edirlər. Onu da qeyd edim ki, MKS- təcrübəli işgüzar insanlar çalışır. Veteran kitabxanaçımız Umleyla Məmmədova, Sevda İsmayılova, Müzərrif Həmidova, Qənimət Zalova, Narıngül Qaflanova xidmət işində həmişə fərqlənirlər. Mərkəzi kitabxananın fəal oxucuları da çoxdur. 4 nəfər ən fəal oxucu mərkəzi kitabxananın Fəxri üzvü seçilmişdir. Kollektivimiz çalışır ki, nümunəvi, müasir xidmət göstərməklə kitabxanaya daha çox oxucu cəlb etsin.

 

 

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.- 2010.- 20 iyul.- S. 8.