Müstəqilliyimiz əbədidir

 

XX əsr dünyanın siyasi xəritəsində böyük dəyişikliklərlə müşayiət olundu. Əsrin əvvəlləri yeni siyasi-hərbi blokların yaranması, bu blokların münaqişəsi ilə başladı və müharibəsi ilə bitdi. Nəticədə, Rusiya, Osmanlı, Avstriya-Macarıstari, Almaniya imperiyalarının süqut etməsi yeni dövlətlərin yaranmasına gətirib çıxardı. Bu da dünyanın siyasi xəritəsini koklü şəkildə dəyişdi.

Azərbaycan tarix boyu yadelli dövlətlərin hücumuna məruz qalıb. Əlbəttə ki, bunun əsas səbəbi dövlətimizin əlverişli coğrafi, şəraiti, zəngin təbii sərvətləri, çox önəmli ticarət yollarının üzərində yerləşməsidir. Daha bir amil isə Azərbaycanın regionda söz sahibi olmaq istəyən aparıcı dövlətlərin maraqlarının kəsişdiyi mövqedə yerləşməsidir. Azərbaycanı işğal etmək istəyən qüvvələr öz maraqlarını bəzən öz aralarındakı müharibə ilə təmin etməyə çalışırdılar. Bu təbii ki, olduqca ədalətsiz müharibələr idi. 1804-1813 və 1826-1828-ci illərdəki Rus-İran müharibələri buna misaldır. Nəticədə, Azərbaycan təcavüzkar dövlətlər arasında ədalətsizliklə iki yerə bölündü. Bu bir xalqın 200 ilə yaxın bir dövrdə, öz iradəsindən asılı olmayaraq parçalanması demək idi.     .

XX əsrin başlanğıcı xalqımızın taleyində böyük rol oynayıb. "Antanta" və "Üçlər ittifaqı"nın dünyaya ağalıq etmək uğrunda başlanan dünya müharibəsindən Rusiya daxildəki ziddiyyətli vəziyyətə görə çıxmalı oldu. Bu da Çar Rusiyasının süqutu ilə nəticələndi. Həmin dövrdə Rusiya əyalətlərində milli-azadlıq hərəkatları başladı. Lakin bu, yekdil xarakter daşımırdı. Müxtəlif fraksiyalar- liberallar, menşeviklər, bolşeviklər, eserlər, müsavatçılar, daşnaklar arasında kəskin mübarizə gedirdi.

Qafqazda ən güclü fraksiya müsavat idi. Müsavət öz siyasi platformasına görə çox liberal partiya idi. Elə bu səbəbdən də Qafqazda sosial bazasına görə ən böyük partiya Müsavat partiyası oldu.

1917-1918-ci illərdə baş verən hadisələr Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına güclü təkan verdi. Rusiya müvəqqəti hökumətinin işini yüngülləşdirmək üçün, hüquqi hakimiyyət qurulana qədər Qafqazda Zaqafqaziya Komitəsi, Zaqafqaziya Komissarlığı və Zaqafqaziya Seymi quruldu. Müvəqqəti hökumətin Rusiyaya daxil olan keçmiş əyalətləri idarə etməyə gücü yox idi. Vahid idarəçiliyin olmaması siya-si böhranın artmasına gətirib çıxardı. Müxtəlif birləşmələr yaranırdı. Daşnaksütyun da belə hərbi birləşmələrdən biri idi. Bu partiyanın rəhbərləri "bolşevik" pərdəsi arxasında millətçilik siyasəti yeridirdi. 1918-ci il 31 mart soyqırımını törədən, yaşından asılı olmayaraq bütün Qafqaz türklərini yalnız türk olduğuna görə qıran, bu genosid nəticəsində Qafqazı türksüzləşdirmək istəyən Daşnaksütyun kimi quldur dəstələrə qarşı mübarizədə vahid Azərbaycan dövlətinin yaranması tarixi zərurət idi. 31 mart soyqırımı azərbaycanlıları yekdilliklə birləşdirdi və Cümhuriyyətin yaranma prosesini daha da sürətləndirdi.

1918-ci il 26 may tarixində Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi. Gürcüstan öz müstəqilliyini elan etdi. May ayının 28-də isə Azərbaycan Cümhuriyyəti Tiflisdə öz dövlət müstəqilliyini elan etdi. Cümhuriyyətin Tiflis dövrü 18 gün çəkdi. 18 gündən sonra Cümhuriyyətin paytaxtı Bakı işğaldan azad olunana qədər Gəncə şəhəri elan edildi. Azərbaycan Xalq cümhuriyyəti Şərqdə ilk qurulmuş demokratik dövlət oldu. İlk diplomatik addımlardan biri olaraq may ayının 30-da Azərbaycanın müstəqilliyinin elan olunduğu  barədə Nazirlər    Şurasının   sədri   F.X.Xoyskinin     imzaladığı bəyanatın radioteleqrafla bütün ölkələrin xarici işlər nazirliklərinə göndərilməsi oldu. İstanbul,   Berlin,  Vyana,  Paris, Tehran, Madrid, Haaqa, Moskva,    I Kopenhagen,  Vaşinqton,  Stokholm, Kiyev və başqa şəhərlərə göndərilən məlumatda deyilirdi: "Gürcüstanın ittihaddan çıxması üzərinə Zaqafqaziya Seymi süqut elədi. May ayının 28-də Azər-baycan xalqı öz Cümhuriyyətini elan  etdi. Cümhuriyyəti idarə edən müvəqqəti orqan Milli Şuradır. Milli Şura Parlaman çağırılana qədər yeganə hüquqi hökumətdir. Cümhuriyyətin müvəqqəti olaraq paytaxtı Gəncədir".

Bu, cümhuriyyətin beynəlxalq aləmdə qazandığı ilk uğur idi. İyun ayının 4-də Osmanlı imperiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında Batumda "Dostluq müqaviləsi" imzalandı. Bu sənəd Azərbaycan Demokratik Respublikası üçün həyati əhəmiyyət daşımaqla yanaşı onun diplomatik aləmdə imzaladağı ilk sənəd kimi tarixə düşdü. Bununla da cümhuriyyət Osmanlı imperiyası kimi müttəfiq qazandı. Cümhuriyyətin fəaliyyəti çox ziddiyyətli bir dövrə təsadüf edirdi. Çünki Dünya hələ müharibəsi bitməmişdi, Müharibə dünyada baş verən bütün siyasi hadisələrə birbaşa təsir edirdi. Zaqafqaziya Seymi dağılandan sonra yaranan üç dövlətin üçü də özünə hərbi müttəfiq tapdı. Gürcüstan hərbi müttəfiq kimi Almaniya ilə müqavilə imzaladı, Ermənistanın hərbi gücü isə daşnak dəstələri və qeyri-rəsmi olsa da ruslar vasitəsi ilə tənzimlənirdi. Belə bir vəziyyətdə cümhuriyyətə Osmanlı imperiyası kimi bir dövlətdən hərbi dəstək alması zəruri idi.

Batum müqaviləsinin 5-ci maddəsində yazılmışdı ki, "Osmanlı imperiyası lazım olarsa cümhuriyyətə hərbi yardım edə bilər". Burada almanların marağı vardı. Almaniya Bakı neftinə və Azərbaycanın strateji mövqeyinə ehtiyac duyurdu. Azərbaycan elə bir mövqedə yerləşirdi ki, buradan İrana və Rusiyaya nəzarət edə bilərdi. Amma osmanlıların Azərbaycanla bağlı maraqları Milli Şuranın istəkləri ilə üst-üstə düşürdü. Cümhuriyyətin hərbi dəstəyə böyük ehtiyacı vardı. Çünki, Bakı hələ də XKS-nin işğalı altında idi. Elə bu səbəbdən Osmanlı imperiyasının Müdafiə Naziri olan Ənvər paşanın göstərişi ilə Nuru paşa Azərbaycana göndərildi.

Cümhuriyyət yaşadağı dövrdə bir sıra uğurlar qazandı. Bunlardan üçü daha əsas idi. Tarixdə ilk dəfə müstəqil demokratik Azərbaycan dövləti yarandı. Cümhuriyyətin ikinci böyük uğuru Bakını daşnak-bolşevik tör-töküntülərindən təmizləmək və onu paytaxt elan eləmək oldu. Bakı böyük sənaye şəhəri idi. XIX əsrdən etibarən Bakıda o dövrün standartlarına cavab verən infrastruktur vardı.Cümhuriyyətin üçüncü böyük uğuru isə demokratik parlamenti çağırması oldu. Cümhuriyyətə qədər Azərbaycan tarixində yalnız icraedici və məhkəmə orqanları fəaliyyət göstərmişdir ki, məhkəmə də icraedici orqandan asılı olmuşdu. Parlament Qərb demokratiyasında qanunları hazırlayan yegənə orqan idi və Cümhuriyyət də bu vasitədən uğurla istifadə etdi. Parlamentə seçkilər zamanı isə yalnız yaş senzi qoyulmuşdu.

Qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. 80 yer azərbaycanlılara, qalan yerlər digər xalqlar və təşkilatlar üçün nəzərdə tutulmuşdu. Parlament 1918-ci il dekabr ayının 7-də öz işinə başladı.

Ə.Topçubaşov parlamentin sədri, H.Ağayev isə sədr müavini təyin olundu. Parlamentin fəaliyyət göstərdiyi 17 ay ərzində 130 iclas keçirilmişdi. Parlamentə 270-dən çox qanun layihəsi təqdim olunmuşdu. Onlardan 230-a yaxını qəbul olunmuşdu.

Cümhuriyyətin böyük uğurlarından biri də onun müstəqilliyinin dünya tərəfindən tanınması oldu. Bunun üçün cümhuriyyətin seçdiyi xüsusi nümayəndə heyəti Paris sülh konfrasına göndərildi. Nümayəndə heyətinin qarşısında duran ən böyük vəzifə Cümhuriyyətin defakto tanınması idi və nümayəndə heyəti bu vəzifənin öhdəsindən layiqincə gəldi. Cümhuriyyət 1920-ci il 11 yanvar tarixində Antanta və onun müttəfıqləri tərəfindən defakto tanındı.

Cümhuriyyətin qazandığı uğurlar bəzi qonşularımızı çox narahat edirdi. Birinci dünya müharibəsinin mənfi nəticələri Cümhuriyyətə də təsir etdi. Mudros müqaviləsinə əsasən Osmanlı-qoşunları Qafqazdan və digər torpaqlardan çıxmağa məcbur oldu. Bu xəbər əlbəttə ki, qonşularımızı sevindirdi. Rusiyada fevral inqilabından sonra ikihakimiyyətlilik yaranmışdı. Bu da vətəndaş müharibəsinə gətirib çıxartmışdı. Bolşeviklərin vətəndaş müharibəsində qazandığı uğurlar onların Azərbaycana təzyiqlərini gücləndirdi. 1920-ci il yanvar- aprel aylarında RSFSR ilə Cümhuriyyət arasında qarşılıqlı nota mübadiləsi oldu. Bu Azərbaycan tarixində ilk "diplomatiya müharibəsi" kimi yadda qaldı.

"Diplomatiya müharibəsi"nə bəhanə Denikin idi. RSFSR-in xarici işlər komissarı Çiçerin 1920-ci ilin 2 yanvar tarixində göndərdiyi notada tələb edirdi ki, cümhuriyyət Denikinə qarşı müharibəyə qoşulsun. F.X.Xoyski isə cavab notada bunun Rusiyanın daxili işi olduğunu və cümhuriyyətin bütün qonşu dövlətlərlə dost münasibət saxladığını bildirirdi. Bolşeviklər buna qane olmayaraq diplomatik münaqişəni daha da gərginləşdirdilər. Əlbəttə ki, Denikin məsələsi sadəcə bir bəhanə idi. Əsas məqsəd Azərbaycandakı mövcud hakimiyyəti devirib RSFSR-ə birləşdirmək idi. F.X.Xoyskinin və digər hakimiyyət nümayəndələrinin Denikinə qarşı birgə mübarizəyə razılıq verməməsinin səbəbi Azərbaycanın daha Rusiyanın əyaləti olmaması idi. Azərbaycan müstəqil bir dövlət olduğuna görə dostlarını və düşmənlərini də özü müəyyənləşdirməli idi. Heç bir dövlət bu mənada ondan ordu tələb edə bilməzdi.

Amma RSFSR bununla qənaətlənməyərək, əzəli və əbədi nökərləri erməniləri Azərbaycanın Qərb sərhədlərinə yönəltdilər. Cümhuriyyət isə Qərb sərhədlərində əminamanlıq yaratmaq məqsədi ilə ordunun böyük bir qismini Qərb sərhədlərinə göndərməli oldu. Bunun nəticəsində Şimal sərhədləri müdafiəsiz qaldı. Aprel ayından etibarən Azərbaycanda siyasi sabitlik pozulmağa  başladı.  Əvvəla,  1920-ci ilin fevralında RSFSR-in göstərişi ilə Azərbaycanda "beşinci kolon" olan Kommunist Partiyası yaradıldı ki, onun əsas məqsədi siyasi sabitliyi pozmaq idi. Yerli partiyalar arasında da münaqişələr mövcud idi. İttihad partiyası ilə Müsavat arasında fikir ayrılığı yaranmışdı. İttihad partiyası hətta RSFSR ilə hərbi ittifaq barəsində müqavilə belə imzalamaq istəyinə düşmüşdü. Bütün bunlardan əlavə beşinci hökumət kabineti buraxıldıqdan sonra, yeni kabi-netin yaradılması Y.H.Hacınskiyə tapşırıldı. O isə kommunistlərlə danışıqlara girərək yeni hökumətdə kommunistlərə yer təklif etdi. Komunistlər isə buna razılıq vermədilər. Bundan sonra, Y.H.Hacınski parlamentə yeni hökumətin yaradılmasının mümkün olmadığını bildirdi.

Bütün bu faktlar cümhuriyyətin süqutunu tezləşdirdi. Aprel ayının 27-də AK(b)P MK və RK(b)P tə-rəfindən cümhuriyyətə hakimiyyətin təhvil verilməsi barədə ultimatum verildi. Saat 23:00-da parlament sonuncu iclas üçün yığışdı. Gərgin müzakirələrdən sonra qan tökülməsin deyə hakimiyyətin dinc yolla AK(b)P-yə verilməsi razılaşdırıldı. Aprel ayının 27-də müəyyən şərtlərlə hakimiyyət təhvil verildi. Aprelin 28-də isə RSFSR-in təcavüzkar siyasəti nəticəsində Azərbaycan işğal olundu. Müsavatın irəli sürdüyü heç bir şərtə isə əməl olunmadı.

Azərbaycan 71 il SSRİ-nin əsarəti altında qalsa da əsrin sonlarında öz müstəqilliyini yenidən bərpa etdi.

Müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edən səriştəsiz iqtidarların günahı üzündən yenidən suverenliyimizi itirmək təhlükəsi ilə üzləşsək də, 1993-cü ilin iyun ayında dünya şöhrətli siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın xahişi və tələbi ilə hakimiyyətə qayıdışı Vətənimizi və xəlqımızı bütün bəlalardan qurtardı. Azərbaycanda demokratik hüquqi və dünyəvi dövlət quruldu. Ölkəmiz dünya birliyində öz layiqli yerini tutdu. Ulu öndərimizin müdrik siyasi kursu Azərbaycanın bütün sahələrdə möhtəşəm uğurlar əldə etməsinə gətirib çıxardı. Bu gün ölkəmiz ümummilli liderimizin layiqli siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın iqtisadi cəhətdən ən inkişaf edən dövlətlərindən biridir. Regionda siyasi və iqtisadi çəkimiz daim artır. Bütün bunlar bir daha təsdiqləyir ki, müstəqilliyimiz əbədidir.

 

 

Nihad MUSTAFAZADƏ

 

Respublika.- 2010.- 1 iyun.- S. 4.