Tariximizin parlaq səhifələri
Azərbaycanın
istiqlaliyyəti uğrunda mübarizə tarixində 28 May ən
unudulmaz gündür. 1918-ci ilin məhz həmin günü
xalqımız azadlıq və müstəqillik arzularına
qovuşmuş, şərqdə ilk demokratik dövlət-Azərbaycan
Xalq Cümhuriyyətini elan etmişdir. Müsəlman şərqində
ilk demokratik respublikanın yaranması imperiya əsarətində
ağır məşəqqətlərə məruz
qalmış xalqımızın milli-azadlıq mübarizəsinin
qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan
milli dövlətçilik ənənələrimizin
davamı idi. Azərbaycan dünya birliyində öz dövlətçiliyi
ilə layiqli yer tutmaq əzmini nümayiş etdirdi. Cəmi 23
ay yaşamasına baxmayaraq bu respüblika milli dövlətçilik
sahəsində bir sıra zəruri tədbirlər həyata
keçirməyə, Azərbaycanı beynəlxalq səviyyədə
tanıtdırmağa, Azərbaycan dilinin dövlət dili kimi
işlədilməsinə, mədəniyyət və təhsil
sahəsində müəyyən irəliləyişə nail
oldu. Milli ordu, dövlət təhlükəsizliyi və ədliyyə
orqanlarının yaradılması, dövlət rəmzlərinin
qəbul edilməsi gənc respublikanın qısa müddətdə
qazandığı çox böyük nailiyyətlər idi.
Dövlət həyatının yə ictimai həyatın əsas
sahələrində o dövrə məxsus Avropa
standartlarının tətbiqi Azərbaycan Xalq Cümhu-riyyəti
rəhbərlərinin yüksək siyasi səviyyəsindən
demokratiya prinsiplərinə sadiqliyindən xəbər verirdi.
Ölkədə yaşayan müxtəlif millətlərin və
milli azlıqların hüquqlarına hörmətlə
yanaşılması, milli maraqların məhz bu zəmində
uzlaşdırılması da bu dövlətin demokratik mahiyyətinin
çox mühüm göstəricisi idi.
Ulu öndərimiz Heydər
Əliyevin dediyi kimi Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi
bərpa etdi, xalqımızın tarixində ilk dəfə
demokratik prinsiplər əsasında müstəqil Azərbaycan
dövlətinin əsasını qoydu. "İstiqlal bəyannaməsi"
ilə həyata vəsiqə alan Azərbaycan Xalq Cümhuriyyəti
bütün müsəlman dünyasında ilk demokratik
respublika idi və o, xalqımızın qədim dövlətçilik
ənənələrini bərpa etdi, insan
hüquqlarının və azadlıqlarının təmin
edilməsinə, irqi, milli və digər bərabərsizliklərin
ləğvinə, sivilizasiyalı dövlətlərin
inkişaf etmiş demokratiyasından istifadə edilməsinə
əsaslı şərait yaratdı.
Milli dövlətçilik
tariximizin şərəfli səhifəsini unutmayan və qəlbinin
dərinliklərində istiqlal arzularını daim müqəddəs
tutan xalqımız XX əsrdə ikinci dəfə
azadlığa çıxmaq imkanı qazandı və 1991-ci
ildə öz dövlət müstəqilliyini bərpa etdi.
Lakin həmin dövrdə Azərbaycanda hakimiyyətin səbatsız
və qətiyyətsiz adamların əlində olması, Heydər
Əliyev kimi dünya şöhrətli, Vətənini,
xalqını bütün varlığı ilə sevən
fe-nomenal təşkilatçılıq və idarəçilik
istedadına malik şəxsiyyətin bu prosesdən kənarda
qalması milli dövlətçiliyimizin taleyini təhlükədə
qoyurdu.
Geçmiş
SSRİ-nin süqutu ərəfəsində xalqımıza
düşmən olan qüvvələrin Dağlıq
Qarabağda başladığı separatçılıq və
xəyanətin davamı kimi alovlanan müharibə
torpaqlarımızın işğalı, bir milyona yaxın
soydaşımızın qaçqın və məcburi
köçkün vəziyyətinə düşməsi,
daxili çaxnaşmalar və kürsü davası,
ağır sosial-iqtisadi böhran və hakimiyyət
çevrilişləri, durmadan artan cinayətkarlıq müstəqilliyimizin
ilk iki ilinin acı mənzərəsinin əsas cizgiləri
idi.
1993-cü ilin iyun
ayında xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdan ümummilli liderimiz Heydər Əliyev çox
qısa bir vaxtda Azərbaycanı real parçalanmadan
qurtardı, xaos və hərc-mərcliyin pəncəsindən
xilas edə bildi. Heydər Əliyevin titanik səyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycanda
vəziyyət tədricən sta-billəşməyə
başladı. Bu gün tam cəsarətlə demək olar ki,
milli öndərimiz Heydər Əliyevin zəkası, zəngin
dövlətçilik təcrübəsi olmasaydı müstəqil
Azərbaycan yaşaya, dünya birliyində Öz layiqli yerini
tuta bilməzdi. Yalnız Heydər Əliyev dühası,
qüdrəti xalqı vahid milli ideya-azərbaycançılıq
ideyası ətrafında birləşdirdi, ölkəni
parçalamağa çalışan separatçı
qüvvələri zərərsizləşdirdi, respublikada
sabitlik yarandı. Yeni müstəqil Azərbaycanın
nicatı və bir dövlət kimi formalaşması məhz
bu böyük qayıdış sayəsində mümkün
oldu.
Müstəqil amallar
uğrunda mübarizə aparan Azərbaycan Xalq Cümhuriyyətinin
tarixi ənənələri bu gün qətiyyətlə
davam və inkişaf etdirilir. Hüquqi demokratik və dünyəvi
dövlət quruculuğu yolu ilə inamla irəliləyən
Azərbaycan xalqı müstəqillik yollarında daha
böyük uğurlar və nailiyyətlər qazanır,
qabaqcıl və demokratik dünya dövlətləri
arasında özünə layiqli yer tutur. Əminliklə
vurğulamaq olar ki, xalqımız bundan sonra da milli öndərimiz
Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin ətrafında daha
sıx birləşərək fundamental qələbələr
qazanacaq, öz müstəqilliyini əbədi qoruyub möhkəmləndirəcəkdir.
Rəhman YUSİFOV
Respublika.- 2010.- 1 iyun.- S. 4.