Azad və demokratik dövlətimiz milli
iftixarımızdır
28 may-Cümhuriyyət
Günü milli bayramlanmız sırasına daxil olan tarixi bir
gündür. Məhz 1918-ci ilin həmin günü Azərbaycan
Xalq Cümhuriyyətinin elan edilməsi ilə
yaddaşımıza həkk olunmuşdur. Azərbaycanın
çoxəsrlik dövlətçilik tarixində Azərbaycan
Xalq Cümhuriyyətinin özünəməxsus yeri
vardır.
XIX əsrin əvvəllərində
Azərbaycanın şimalında mövcud olan
xanlıqların çar Rusiyası tərəfindən istila
edilməsi və Azərbaycanın 2 hissəyə
bölünməsindən sonra müstəqil dövlətimizin
yaradılması ideyası xalqımızın həmişə
diqqət mərkəzində durmuşdur. Cənubi Qafqazda
bir-birini əvəz edən və sürətlə dəyişən
hadisələrin fonunda, 1918-ci il may ayının 26-da
Gürcüstanın Zaqafqaziya Seymindən
çıxmasından dərhal sonra Azərbaycan da öz
müstəqilliyini elan etdi və Azərbaycan Xalq Cümhuriyyəti
yaradıldı, Şərqin müsəlman aləmində ilk
respublika quruluşuna malik dövlətin əsası qoyuldu.
Müstəqillik
aktı qəbul olunan gündən Azərbaycan Xalq
Cümhuriyyəti gərgin fəaliyyətə başladı.
Müvafıq dövlət atributları qəbul edildi,
qanunvericilik bazasının formalaşdırılması
istiqamətində mühüm addımlar atıldı. Lakin həmin
dövrdə müstəqil dövlətimiz xarici və daxili
düşmənlərin güclü müqaviməti ilə
rastlaşırdı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi
23 aydan sonra Rusiya bolşevizminin açıq təcavüzü
nəticəsində süquta uğradı. Amma az
yaşamasına baxmayaraq, ötən əsrin əvvəllərində
Azərbaycanda müstəqil demokratik dövlətin
yaranması müsəlman Şərqində respublika
ideyalarının formalaşmasına böyük təsir
göstərdi, milli dövlətçilik ənənələrinin
yaranmasına səbəb oldu.
Azərbaycan Xalq
Cümhuriyyətinin qısa zamanda həyata keçirdiyi tədbirlər
xalqımızın tarixində dərin iz
buraxmışdır. Milliyyətindən, siyasi mənsubiyyətindən
və dini etiqadından asılı olmayaraq vətəndaşlara
bərabər hüquqların verilməsi, dövlət sərhədlərinin
müəyyən edilməsi, dövlətçilik
atributlarının qəbulu, ana dilimizin dövlət dili elan
olunması, bununla yanaşı, iqtisadiyyat, mədəniyyət,
təhsil, səhiyyə və hərbi quruculuq sahəsində
atılmış addımlar Azərbaycanın gələcək
müstəqilliyi üçün möhkəm zəmin
yaratmışdır.
Ulu öndərimiz Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdəki roluna yüksək qiymət verərək deyirdi: "Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində Azərbaycan dövlətini yaratmışdır... İndi Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi, iqtisadi islahatların həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir və bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün xalq onun varisidir".
Bu yolda xalqımız çətin sınaqlardan keçmişdir. Həmin yolun əsas mərhələsinin keçilməsində aparıcı missiyasını da Heydər Əliyev öz üzərinə götürdü. Ulu öndər bütün həyatını, bilik və təcrübəsini, zəkasının qüdrətini, qüvvə və bacarığını xalqın xoş gələcəyinə, onun bəlalardan və məhrumiyyətlərdən xilas olmasına sərf etdi və inkişafımızın təməlini qoydu. Onun dərin zəkasının sayəsində ölkəmiz demokratik, hüquqi inkişaf mövqelərinə çıxdı, qüdrətli şəxsiyyətin işıqlı ideyaları dövlətimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün əzəmətli bir mayak oldu. Heydər Əliyev diplomatiyası Azərbaycanı tarixən çox qısa müddət ərzində bütün dünyaya tanıtdı, onun beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini təmin etdi. Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra qısa müddətdə Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, İslam Konfransı Təşkilatına, Qara Dəniz ölkələri iqtisadi Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Beynəlxalq Valyuta Fonduna üzv qəbul olundu ki, bunlar müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən müdrik rəhbərimizin xalq və Vətən qarşısında misilsiz xidmətləri idi.
Ulu öndərimiz yeni demokratik və dünyəvi cəmiyyət quruculuğu haqqında, doğma Azərbaycanı məhz belə bir sistemdə görmək barəsində bütün ömrü boyu düşünmüşdür. Hələ 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gələndən dərhal sonra Heydər Əliyevin təklifləri sovet rejimində eşidilirdi, onunla Kremlin özündə hesablaşırdılar. 1993-cü ilin oktyabr ayında ölkə Prezidenti seçildikdən sonra bu sahədə daha cəsarətli tədbirlərə başladı, gərgin səylərlə müstəqil Azərbaycanı yaratdı.
Bu illərdə müasir hüquqi və dünyəvi prinsiplərin bərqərar olması, müstəqil dövlətin möhkəıtıləndirilməsinin əsas amillərindən biri olan qanunçuluğun və hüquq normalarının qorunması və gözlənilməsi, zamanın ən ümdə tələblərindən biri olan insan hüquq və azadlıqlarının müdafiəsi, ədalət münakiməsinin müstəqilliyinin təmin edilməsində mühüm addımlar atıldı.
1995-ci ildə ulu öndərimizin bilavasitə rəhbərliyi ilə qəbul olunmuş milli Konstitusiyamız demokratik dəyərlərə tam uyğun, hüquqi islahatların gerçəkləşdirilməsi yolunda misilsiz bir tarixi sənəd oldu. Unudulmaz rəhbərimizin sərəncamı ilə 1996-cı ildə Hüquq islahat Komissiyası yaradıldı. "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya məhkəməsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyataxtarış fəaliyyəti haqqında" qanunlar qəbul edildi ki, bu da respublikamızın müstəqil bir dövlət kimi çiçəklənməsində misilsiz rola malikdir. Heydər Əliyevin müəyyən etdiyi hakimlərin müstəqilliyi konsepsiyası Ölkəmizdə ədalət prinsiplərinin və ədalət mühakiməsinin bərqərar olmasına ciddi təkan verdi.
Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə ombudsman institutunun yaradılması insanların hüquq və azadlıqlarının qorunması sahəsində dövlətimiz üçün, onun gələcək inkişafı üçün çox gərəkli bir tədbir idi. İnsan hüquqları üzrə müvəkkilliyin təsisatı ölkəmizin Avropa məkanına inteqrasiya etməsində mühüm rol oynadı və hazırda bu təsisat həyatımızın biitün tərəflərini əhatə edir.
Ulu öndərimizin gördüyü möhtəşəm tədbirlərdən biri ölüm cəzasının ləğv edilməsidir. Müdrik rəhbərimizin bu humanitar addımı bütün dünyanın ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Ulu öndərimiz 1995-2003-cü illərdə 32 əfv fərmanı imzaladı, yüzlərlə ailəyə xoşbəxtlik bəxş etdi, minlərlə adamı fəal cəmiyyət həyatına qaytardı. Onun təşəbbüsləri nəticəsində cəzaçəkmə yerlərinin Avropa standartlarına uyğunlaşdırılması, penitensiar xidmətin müasir beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Cəzaçəkmə müəssisələri yenidən quruldu, bu yerlərdə normal həyat üçün lazımi şərait yaradıldı. Bu gün hamı aydın görür ki, cəzanın humanistləşdirilməsi bizdə nə qədər irəli getmişdir, məhkumların məişət şəraitinin yaxşılaşdırılması və onların sağlamlığının qorunması üçün necə tə-sirli tədbilər görülmüşdür.
2003-cü ildən uğurla gerçəkləşdirilən hüquqi islahatlar ölkənin məhkəmə, ədliyyə, polis, prokurorluq orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının daha etibarlı təminatına imkan yaradan çevik mexanizmlərin formalaşdırılmasına xidmət etməklə, respublikamızın beynəlxalq imicini daha da möhkəmləndirmişdir. Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü əsasında, xüsusən də məhkəmələrin cəmiyyətdə inam və etimad qazanmasına, nüfuzlu təsisat kimi formalaşmasına xidmət edən bir sıra qanun layihələrini Milli Məclisin müzakirəsinə göndərmiş, onların yeni dövrün tələblərinə uyğunlaşdırılmasını zəruri saymışdır. Onun təşəbbüsü ilə 2005-ci ildə qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlar, eləcə də hakimlərin test üsulu ilə seçilməsi proseduru çox öncül mahiyyət daşıyır. Məhkəmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar 19 yanvar 2006-cı ildə imzalanmış fərman, həmin il aprelin 18-də təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə", habelə Prezidentin imzası ilə işıq üzü görmüş "Ədliyyə orqanlarının inkişafı haqqında" xüsusi fərman işimizin təkmilləşdirilməsində yeni mərhələnin başlanğıcını qoymuş, məhkəmə işçiləri bu sənədlərin işığında öz fəaliyyətlərini getdikcə təkmiləşdirir və gücləndirirlər.
Bu günlər bir daha deməyə haqqımız çatır və söyləməyə borcluyuq ki, dövlətçilik ənənələrindən bəhrələnmiş yeni siyasət Azərbaycana yeni həyat, müasirlik, davamlı inkişaf bəxş etmişdir. Bu siyasət müasir hüquqi və dünyəvi dövlətin qurulması, bu dövlətdə yaşayan insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində çox böyük əhəmiyyətə malikdir. Bizim hazırkı daxili və xarici siyasət konsepsiyamız ən geniş mənada dövləti xalqa, xalqı dövlətə möhkəm və qırılmaz tellərlə bağlayır. Buna görə də bizim nəslin insanları, övladlarımız, bütün Azərbaycanın oğul və qızları müstəqillik və istiqlaliyyət ideyalarını göz bəbəyi kimi qorumalı, yaşatmalı və inkişaf etdirməli, cümhuriyyət qurucularının müqəddəs amallarını ləyaqətlə həyata keçirməlidirlər. Bizim bugünümüz kimi, sabahımız da müstəqillik ideyası üzərində köklənib, Azərbaycan dövlətçilik ənənələrini inkişaf etdirərək daha da irəli gedəcəkdir.
Əliəjdər ƏLƏKBƏROV
Respublika.- 2010.- 3 iyun.- S. 3.