Aşıq Ələsgər muzeyi zənginləşir
Ozan
dünyamız neçə-neçə ustad aşıqlar
yetişdirib.
Aşıq Azərbaycan xalqının sevimli nəğməkarıdır.
Telli sazı sinələrinə sıxan el
aşıqları öz sənəti ilə doğma
xalqına xidmət edir, onun folklorunu yeni nümunələrlə
zənginləşdirirlər. Söz sənətkarlarımızın
yaradıcılığına nəzər saldıqda məlum
olur ki, onların hər birinin öz səsi, öz nəfəsi,
öz üslubu vardır. Dağ vüqarı, su
saflığı, çiçək incəliyi olan
aşıqların dilində neçə-neçə
beşik başı, laylalar, bayatılar, oxşamalar, tapmacalar,
atalar sözləri və məsəllər, yanıltmaclar,
sayaçı sözlər, dastanlar, lətifələr,
unudulmuş el havaları, rəvayətlər, bir sözlə,
saysız-hesabsız folklar nümunələri vardır. Dədə Qorqudla köklənmiş sazımız,
qanadlanan sözümüz, müxtəlif illərdə
yaşayıb-yaratmış Azərbaycan aşıqları
barədə müfəssəl məlumat almaq,
arayıb-axtarmaq üçün birbaşa Aşıq Ələsgər
muzeyinə üz tutdum. Qonaqlı-qaralı
bu muzey Bakının Nərimanov rayonundakı Atatürk
prospekti, ev-37, mənzil-75 ünvanında yerləşir.
Aşıq Ələsgər
muzeyinin yaradıcısı 83 yaşlı Hüseyn Hacı
Qulu oğlu Həsənovdur. O, 1927-ci il-də aşıqlar
diyarı olan Göyçə mahalının Ardanış kəndində
dünya göz açmışdır. Atası ali insani xüsusiyyətləri
ilə tanınan, elin adlı-sanlı kişilərindən
olub.
Ulu Tanrı yol
açıb, imkan yaradıb Məkkə,
Mədinə ziyarətinə gedib, Hacı olub. Bu adın sanbalını çiynində
daşıya bilib. Ancaq erməni xəyanəti bu el
ağsaqqalından
da yan keçməyib. 1930-cu ildə "Sovet
qanunlarına zidd getdiyi üçün" onu həbs ediblər.
akin ona qarşı qaldırılan iddia
sübut olunmadığından il yarımdan sonra həbsdən
azad olunub, az sonra isə dünyasını dəyişib. Erməni şərindən yaxa qurtarmaq üçün ailə
Hacı Qulunun vəsiyyəti ilə qonşu Gədəbəy
rayonunun Arıqıran kəndinə köçüb. Artıq neçə illərdir ki, Hacı Qulu
oğlu Hüseyn Həsənov Bakıda yaşayır.
Bu günlərdə
qəlbimin hökmü ilə saz-söz həvəskarı
kimi Hüseyn dayının yaratdığı, şöhrəti
uzaq-uzaq ellərə yayılan Aşıq Ələsgər
muzeyində oldum. Göyçəli, Göyçə gölünün
nəğməli sahillərində böyüyüb ərsəyə
çatan, aşıq poeziyasının vurğunu olan sinədəftər
Hüseyn kişi sözlü-söhbətli,
sazın-sözün dəyər qiymətini bilən bir
insandır. Yaşadığı
beşotaqlı evin ən iri işıqlı
otağını "muzey" üçün
ayırıb. Otaqların birində 300
aşıq və 200 müğənninin qrammofon valları, 2
qrammofon, 3 potefon qorunub saxlanılır. Həmçinin
150 Azərbaycan aşığının kasetləri əldə
olunmuşdur. Muzeydə 156 aşıq və şairin şeir
kitabları vardır.
Aşıq Ələsgərin
adını daşıyan müzeydə 1000-ə yaxın
aşığın şəkli cəmləşib. Hamısı
xüsusi çərçivəyə salınıb, divarboyu
səliqə ilə asılıb. Dədə Ələsgərlə
dahi Nizaminin şəkilləri yan-yanadır. Sanki Hüseyn
dayı demək istəyir ki, bu dünyada sözün
sultanı Nizamidirsə, sazın da sultanı Aşıq Ələsgərdir.
Hüseyn Həsənov
neçə illərdir ki, rayon-rayon, kənd-kənd gəzərək,
soraqlaşaraq bu qədər şəkilləri və
aşıqlar haqqında məlumatları toplayıb.
Muzeydə Aşıq Ələsgər,
Aşıq Alı, Əməkdar incəsənət xadimi
aşıq İslam Yusifov, Aşıq Əsəd Rzayev,
Aşıq Mirzə, Aşıq Mikayıl Azaflı,
Aşıq Şəmşir, Qaraçıoğlu İbrahim,
Aşıq Qara Mövlayev, Şəmkirli Aşıq Məsim,
Aşıq Teymur, Aşıq Hüseyn Saraclı, Aşıq
Kamandar Əfəndiyev, Aşıq Əmrah Gülməmmədov,
Zakir Şəhriyar və digər saz və söz
xiridarlarının zövqlə hazırlanmış şəkilləri
hamıda xoş ovqat yaradır.
Söhbət zamanı Hüseyn dayı Aşıq Nabat haqqında bizə geniş məlumat verdi. Aşıq Nabat Naxçıvanın Şərur rayonundan olub. 20 yaşı olar-olmaz tale onu Bərdəyə gətirib çıxarıb. Burada o, bir müddət görkəmli xanəndələr xan Şuşinski, Zülfi Adıgözəlov, Seyid Şuşinski, tarzən Qurban Pirimovla birgə xanəndəlik edib. Sonra Göyçə mahalına gəlib, üç il Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şəyirdi olub. Üç yüz qatardan çox şeir, bir neçə xalq dastanı bilirmiş Aşıq Nabat. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti ongünlüyünün və II Aşıqlar qurultayının iştirakçısı olub. Həmin ongünlükdə tədbirin bir məqamında Rəyasət Heyətində əyləşən SSRİ Yazıçılar ittifaqının sədri A.Fadeyev Aşıq Nabatın gözəlliyinə, zərif geyiminə, şaqraq səsinə və Aşıq Əsədin sədəfli sazına heyranlığını gizlədə bilmir. Aşıq Əsədə üz tutur ki, o gözəl, zərlə bəzənmiş sazını ver, o gözəl zər geyimli qız şəklini çəkdirsin. Elə də olur...
Hüseyn dayı uzun illər 2 saylı Bakı çörək kombinatında çalışıb. Yaşadığı bu mənzili də oradan veriblər. Deyir ki, bu ev kombinatın direktoru, rəhmətlik Nadir Quliyevin mənə olan diqqəti, hörməti olub. Indi də həmin hörməti onun oğlu Bəsirət Quliyev edir. Ona çox minnətdaram.
Muzey 2002-ci ildən yaranıb. Biz Bakı Dövlət Universitetinin professorlarından Abuzər Xələfov, Qara Namazov, millət vəkillərindən Adil Əliyev, Qənirə Paşayeva, Nizami Cəfərov və başqaları ilə sohbət edərkən onlar yaradıcısı Hüseyn Həsənov olan Aşıq Ələsgər muzeyinin fəaliyyətindən razılıqla danışdılar.
Hüseyn dayının muzeyində "Xatirə dəftər'də var. Akademik Teymur Bünyadovun, xalq şairi Zəlimxan Yaqubun, tədqiqatçı alim Elxan Məmmədlinin ürək sözlərini oxuduq. Müxtəlif mətbuat orqanlarında muzey barədə məqalələr dərc edilib. AzTV-də, Lider TV-də və digər televiziya kanallarında Aşıq Ələsgər muzeyinə geniş yer ayrılıb. Radio dalğaları vasitəsilə bu xəbər Təbrizə gedib, oradan qonaqlar gəlib.
Hüseyn dayı bildirdi ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qayğı və diqqəti, tə-şəbbüsü sayəsində Aşıq Ələsgər Muzeyi ilə bağlı sənədli film çəkilmişdir.
Aşıq Ələsgər muzeyini yaradan bu geniş qəlbli insanın 24 nəvəsi, 9 nəticəsi var. Axşam-sabah onlar Hüseyn babalarının başına pərvanə tək dolanır, onun böyük qüdrət, zəhmət bahasına yaratdığı muzeyi folklor dənizi adlandırırlar. Onun topladığı eksponatlar müqəddəs ocaqda cəmlənmişdir...
Hüseyn kişi hər dəfə sədəfli saz dilə gələndə, Göyçə, Göyçə gölü yada düşəndə səməndər quşu tək alışıb-yanır, qəlbinin sarı simi dilə gəlir. Ancaq ümidlə yaşayır, Aşıq Ələsgər kimi dahi bir el aşığının yurdu gec-tez erməni quldurlarından azad olunacaq, Hüseyn kişi dağlar, dərələr aşıb nəvə-nəticələri ilə əl-ələ verib, qədim oğuz ellərinə, söz-sənət yurduna, igid ərənlər Vətəninə dönəcək, göyçəlilər üçün darıxmış dağların "yarasına"məlhəm qoyacaqdır...
Aşıq Ələsgər
muzeyini yaradan, ərsəyə gətirən, zənginləşdirən
Hüseyn Hacı Qulu oğlu
haqqında çox alimlər, folklorşünaslar, saz həvəskarları
dürlü-dürlü sözlər deyib. Yaxşı
olardı ki, Hüseyn dayı ilə bağlı şair Pərvanə
Zəngəzurlunun bir şeirindən bir bəndlə bitirək
bu yazını. Ozən sənətinə verib qiyməti,
Qoymadın itməyə xalqın sərvəti, Səni
yaşadacaq el məhəbbəti, Əbədi qalansan, ay
Hüseyn əmi.
Qədir ASLAN
Respublika.- 2010.- 3 iyun.- S. 6.