İki tamaşa haqqında
Söhbət Azərbaycan
dramaturgiyasının görkəmli nümayəndələrindən
biri, maarifçi Əbdürrəhim bəy Haqverdiyevin "Pəri
Cadu" əsərinin Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında və S.Rəhman adına
Şəki Dövlət Dram Teatrında səhnəyə
qoyulmuş tamaşadan gedir. Janr müəyyən edilməsində
rejissor müstəqilliyi əsas götürülərsə,
Gənc Tamaşaçılar Teatrında əsər ikihissəli
mistik faciə kimi, Şəki teatrında isə ikihissəli
psixomistik komediya kimi təqdim edilməsinə səy göstərilmişdir.
Orası təqdirəlayiqdir
ki, son 40 ildə unudulmuş bu əsərə iki gənc
rejissor böyük maraq, diqqət və həyəcanla
müraciət etmişdir. N.Kazımov
öztamaşasını zahiri hərəkətlər,
tryuklar, son dərəcə kəskin mizanlar vasitəsilə həll
edirsə, Şəki rejissoru Mirbala Səlimli bütün diqqətini
əsəri daxilən işıqlandırmağa yönəldir.
Gənc Tamaşaçılar Teatrında tamaşanın tərtibatını
(rəssam Lətifə Quluzadə) əsasən
nağılvarı obrazlı şəkildə həll edirsə,
Şəki teatrında (rəssam Qüdrət Məmmədov)
tamaşanın zahiri görünüşünü statistik həll
etmişdir. L.Qafarzadə tamaşanın arxa planında iri
hörümçək toru göstərməklə
aktyorların bu tor üzərində müxtəlif hərəkətlər
etməsinə gözəl şərait yaratmışdır.
Bu baxımdan fiziki hərəktlərə üstünlük
verən Nicat Kazımov çox düzgün rəssam
seçimi etmişdir. Əməkdar rəssam Q.Məmmədov
isə qapıları olmayan bir məkan çəkmişdir
ki, onun üç qapısı arxasından qurumuş
ağacların mənalı kölgələri (xüsusilə
qırmızı işıqda) hadisələri irrial bir məkana
apara bilir.
Həm Gənc
Tamaşaçılar Teatrı, həm də Şəki
Dövlət Dram Teatrı əsərin şərhinə
bir-birindən fərqlənən münasibətlərdən
çıxış edirlər. N.Kazımov mistik faciə
dedikdə bir qədər qeyri-dəqiqlik göstərir. Tamaşada
şəxsi ehtiras hissləri, cinslərin bir-birinə
münasibətlərinin freydizmə əsaslanması,
ehtiramların fəlakətə səbəb olması həm
Qurbanın, həm-Səlimənin, həm Hafizə
xanımın, həm Pəri Cadunun məhv olması heç
də mistik təsir bağışlamır. Bu freydizmin
qurbanları həddən çox səy göstərmələrinə
baxmayaraq, faciədən çox dram təsiri
bağışlayırlar.
Aristotelin faciə
janrı haqqında verdiyi tələblərə də
çox az yaxınlaşırlar. Tamaşa yarı mistik,
yarı plastik cinsi ehtiras prinsiplərinin ön planda çox
ifadəli təsvirindən başqa bir şey deyildir. Lakin buna
baxmayaraq, tamaşada məşğul olan bütün
ifaçılarda böyük məsuliyyət hissi
görünür. Bu tamaşanın
iştirakçıları həm zahiri, həm daxili hərəkətlərində
sanki bir-birini yarışa çağırıblar.
Tamaşanın ən
ümdə dəyəri ondan ibarətdir ki, əsər milli
teatr ənənələrimiz əsasında qurulmuşdur. Tamaşada
müəllif mətninə müdaxilə edilmədən bir
çox rejissor tapıntıları var ki, onlardan ikisini
xüsusi qeyd etmək istərdim. Əsərin əvvəlində
iblis, barmaqlarında olan parlaq üzüklərdən birini
çıxarıb Pəri Cadunun barmağına salır. Sonda
Pəri Cadu Qurban tərəfindən öldürülür,
peyda olan iblis öz üzüyünü onun barmağından
çıxarıb öz barmağına qaytarır. Burda
şər qüvvələrin hədiyyələri belə
faciəvi işarə xarakteri alır. İblislərdən gələn
hər şey insanı məhv edərək, yenə də
İblisə qayıdır. Tamaşada ikinci tapıntı rəqqasə
obrazının tamaşanın ümumi ideya çərçivəsində
maraqlı həllidir. Pəri Cadu qarşısında rəqs
edən rəqqasə əslində Şamama Cadunun göndərdiyi
bir varlıqdır ki, o rəqs edə-edə əvvəl Səliməni,
sonra isə Hafizəni çağırır. Beləliklə,
Qurbanı tökdüyü qanlarla çaşdırır və
Pəri Cadunun da qətlinə səbəb olur.
Gənc
Tamaşaçılar Teatrında obrazlar məlum ənənələrə
əsaslanaraq oynanılır. Bunu Şamama Cadu rolunun
ifaçısı Naibə Allahverdiyevaya, həm də
İblisin ifaçısı N.Kazımova aid etmək olar. Lakin
Səlimə (Küşvər Şərifova), Hafizə
xanım (Mehriban Abdullayeva) ənənəvi (müəllifdə
olduğu kimi) ifalarına baxmayaraq, son dərəcə
emosional təsir bağışlayırlar. Səlimənin
acizliyi, sadəlövhlüyü, təəssüf
doğurursa, Hafizə xanımın qəddarlığı,
amansızlığı, kobudluğu, kin və küdurəti
tamaşaçıları bir o qədər hiddətə gətirir.
Bu tamaşada Pəri Cadu
obrazını Kamalə Hüseynova ifa edir. Aktrisa böyük
səylə rolun öhdəsindən (xüsusilə fiziki hərəkətlər
vasitəsilə) gələ bilir.
Əmrah-İ.Əsədov,
Rəhim-K.Hadizadə, Sayad-Sonaxanım Əliyeva öz
rollarını məsuliyyətlə ifa edirlər.
Şəki teatrında isə Şamama Cadu obrazının ifaçısı
Əbülfət Salahovu
xüsusi qeyd etmək lazmıdır. Ola bilsin ki, inqilabdan
qabaq bu rolu kişi
aktyorlar oynaya bilsin, lakin sovet
dövründə Şamama
Cadunu adından da məlum olduğu
kimi qadınlar ifa etmişdir. Qızıl Dərviş mükafatçısı
Ə.Salahov Şamama Cadunu gözlənilməz,
orijinal şəkildə
təqdim edir. Bu bir gözü
kor, qanadları sınmış qara qarğa təəssüratı
bağışlayır. Ovsunlama səhnələrində Ə.Salahov
zahiri plastik baxımdan inandırıcı
bir şəkildə dəyişə bilir.
Fərəhli cəhət budur
ki, tamaşa komediya adlandırıldığından
obrazda komik xüsusiyyətlər üstünlük
təşkil edir.
Zahiri hərəkətlərlə zəngin
olan obrazların biri də Qızıl
Dərviş mükafatçısı
Xanlar Həşimzadənin
yaratdığı İblis
surətidir. X.Həşimzadə həm də
iblis olaraq Əmrah cildinə girmişdir. Rejissor tərəfindən
belə yozum mübahisə doğura büər.
H.Caviddə İblis mifologiyaya uyğun dünyaları lərzəyə gətirən,
dağıdan bir qüvvədir, o, sağlam,
enerjili, qətiyyətlidir. Rejissor M.Səliminin tamaşasında
isə İblis insult keçirərək iflic olmuş, hətta danışığını belə itirmiş şikəst bir dazbaşdır. O, Hafizə
xanım kimi bir gözəlin eşqi ilə alışıb yanan Əmraha necə və nə üçün çevrilə
bilər. Axı Əmrah Hafiz xanımın
nə Qurbanı gətirməsində, nə
də Sayada sataşmaqda İblisə layiq hərəkətlər
etmir.
Tamaşada Dərviş obrazı (Aydın Əlibalayev) zahirən xeyirxah əməlləraşılayan məscid mollalarına bənzəyir. Tamaşanın əvvəlində aktyorun
hərəkətində bütövlük
hiss olunur. Lakin sonda tamaşada
qoyulmuş mövzu həll olunub qurtarandan, ideya aydınlaşandan sonra Dərvişin uzun keçidlərlə səhnənin
ortasına gəlməsi,
heç tələsmədən
diz çöküb,
kitab açması ilə rejissorun nə demək istədiyi məlum olmur.
Pəri Cadu obrazının ifaçısı Yasəmən
Malik, əlbəttə,
Hafizə xanım rolunun ifaçısı Sima Şabanova ilə müqayisə edilə bilməz. Əvvəla, Pəri Cadu obrazında lazım olan vəziyyətləri ifaçı hələlik
dərindən duyub göstərə bilmir.
Y.Malikin ifasında bir yeknəsəqlik var. Sima Şabanovada isə Hafizə xanım obrazında dramatik qətiyyət, hücum, amansızlıq, kobudluq
son dərəcə lirik
formada təqdim olunur ki, bu
da obrazın ümumi xarakterinə ziddir. Belə davranışın Hafizə xanımı məhvə gətirəcəyi
inandırıcı görünmür.
Səlimə-L.Məmmədova, Niyaz-P.ismayılov, Sayad- İ.Şabanova xarakterləri
ilə seçilə
bilən tammənalı
obrazlar yaratmağa müvəffəq olmuşlar.
Biz qəsdən həm Gənc Tamaşaçılar
Teatrında, həm də Şəki Dram Teatrında Qurban rolunun ifaçıları
haqqında fikrimizi sona saxladıq. Düzünü qeyd edim ki,
Şəki teatrında
Rəhim Qocayev səhnəyə çıxanda
elə bildim ki, Gənc Tamaşaçılar
Teatrının aktyoru
Elşən Rüstəmovdur.
Çünki hər iki ifaçının hərəkətləri
və səsi bir-birinə çox uyğun gəlir. Lakin ədalət naminə demək lazımdır ki, artıq öz rolları ilə həm kinoda, həm də teatrda tanınan və sevilən Elşən Rüstəmovun Qurbanı
birtərəflidir. Aktyorun obrazın
daxilinə nüfuzu dərin deyildir. Lakin R.Qocayev bu sahədə,
qismən də olsa, seçilir. Xüsusilə onun son şəkilləri
hər bir hadisəni diqqətlə izləyib qiymətləndirilməsi
baxımından önəmlidir.
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi və Teatr Xadimləri ittifaqının birgə təşəbbüsü ilə
keçirilən festivallarda
birinci dəfə Gənc Tamaşaçılar
Teatrının, builki
tədbirlərdə Şəki
teatrının məhz
"Pəri Cadu" əsəri ilə çıxışı təqdirəlayiqdir. Teatlarımıza yeni nəsil gəlir. Bir-birindən fərqlənən rejissorlar-N.Kazımov, M.Səlimlinin
uğurlu işləri
isə teatr ictimaiyyətimizi sevindirməyə
bilməz.
Ağakişi KAZIMOV
Respublika.- 2010.- 3 iyun.- S. 6.