Elmə xidmətdə yaşanan illər
Dünyaya gələn hər bir bəşər
övladı həyatda özündən sonra müəyyən
nişanələr, izlər qoyub gedir. Dünya bina olunandan bu,
elə belədir. Hərə öz
sənətinə, peşəsinə münasib işlər
görür, qurur-yaradır, yadigarlarını gələcək
nəsillər üçün ərmağan edir. Bu mənada
alim əməyi, alim adamlarının fəaliyyəti daha məsuliyyətli,
daha çətin olması ilə fərqlənir. Biz
ömrünün 35 ilini elmə, təhsilə həsr
etmiş filologiya üzrə elmər doktoru, Nəsimi adına
Dilçilik İnstitutunun lüğətçilik
şöbəsinin aparıcı elmi işçisi Nəriman
Seyidəliyev barədə danışmaq istərdik. Nəriman
müəllim müasir dilçilik elmimizi inkişaf etdirən
alimlərimizdəndir. Onun imzası elm və təhsil ictimaiyyətinə
yaxşı tanışdır, doğmadır.
Nəriman Fərman
oğlu Seyidəliyev 1950-ci ildə Cəbrayıl rayonunda
doğulmuşdur. 1968-ci ildə rayondakı M.Qorki adına
(sonralar həmin məktəbə akademik Mehdi Mehdizadənin
adı verilmişdir) orta məktəbi bitirmişdir. Tale və
elmə marağı Nərimanı 1971-ci ildə Azərbaycan
Pedaqoji Dillər İnstitutunun alman-Azərbaycan dilləri
şöbəsinin tələbəsi etdi. O, həmin ali məktəbi
yüksək göstəricilərlə başa vurdu. Nəriman
hələ tələbəlik illərində dövri mətbuat
səhifələrində şeirləri, kiçikhəcmli tərcümələri,
publisistik və elmi mövzularda məqalələri ilə
çıxış etməyə başlamışdır.
İlk qələm təcrübəsi lirik şeirləri
oldu. 1975-ci ildə Nəriman ali təhsil diplomunu alıb orta məktəb
şagirdləri qarşısında ilk dəfə müəllim
kimi danışmaq xoşbəxtliyinin meyvəsini daddı. Cəbrayıl
rayonunun Quycaq kənd orta məktəbində sonsuz həvəs
və sevinclə müəllimlik fəaliyyətinə
başladı. Nəriman müəllim nə biləydi ki, onun
bu sevinci uzun sürməyəcək. Bir çox başqa
bölgələrimiz kimi Cəbrayıl rayonunun kəndləri
də 18 ildən sonra erməni-düşmən təcavüzünə
düçar olacaq, torpaq tapdanacaq. Nəriman müəllim orta
məktəbdə işləyərkən onu həmişə
elmlə bağlı mövzular maraqlandırır və sonsuz
bir həvəs elmə, elmi-tədqiqat aparmağa səsləyirdi.
Nərimanı ana dilinin tədrisi məsələləri ilə
yanaşı, doğma dilimizin elmi-nəzəri
mövzularının həlli də cazibə qüvvəsi
kimi özünə çəkirdi. Nərimanı nitq mədəniyyətini
araşdırmaq, müasir Azərbaycan dilinin zəngin
leksik-semantik söz xəzinəsini
töküb-töküşdürmək fikirləri,
düşüncələri məşğul edirdi. O, qərarlaşdırdığı
ali məqsədinə çatmaq üçün neçə
dəfə elm və mədəniyyətimizin beşiyi olan
Bakı şəhərinə səfər etdi. Belə səfərlərindən
birində AMEA Nəsimi adına Dilçilik İnstitutunun
direktoru, mərhum akademik Məmmədağa Şirəliyevin
yanında oldu. Dünyanın xeyirxah və alicənab
insanlarından biri olan Məmmədağa müəllim onu
diqqətlə dinləyəndən sonra çox
qayğıkeşliklə "Müasir Azərbaycan dilində
üslubi sinonimlər" mövzusunda namizədlik
dissertasiyası yazmağı məsləhət gördü. illər ötdü, 1989-cu ildə akademik
M.Şirəliyevin rəhbərliyi ilə Nəriman çox
uğurla namizədlik dissertasiyasını müdafiə etdi.
Amma təəssüf ki, yalnız 4 il gənc alim kimi doğma
Cəbrayılda müəllimlik edə bildi.
90-cı illərin məlum
hadisələri Azərbaycan türklərini dədə-baba
yurdu olan tarixi torpaqlarımızdan qaçqın, didərgin
saldı. Erməni vəhşilikləri nəticəsində
neçə-neçə bölgələrimizin dinc
insanları yurd-yuvalarını tərk etməyə məcbur
edildi. Nəriman müəllim də başqa cəbrayıllılar
kimi, ailəsi ilə birgə doğma ocağı ilə
vidalaşmalı oldu, Bakı şəhərində məskunlaşdı.
Elmlər Akademiyasının Dilçilik İnstitutunda xeyirxah
insanların diqqət və qayğısı sayəsində
lüğətçilik şöbəsində elmi fəaliyyətə
başladı. Bu elm məbədində özünə
yeni-yeni həmkarlar, dostlar, həmfikirlər qazandı. Nəriman
müəllim indiyədək burada kiçik elmi
işçi, elmi işçi, böyük elmi işçi
vəzifələrində çalışıb, nəhayət,
hazırda aparıcı elmi işçi kimi yüksək elmi
vəzifəyə irəli çəkilmişdir. Onunla
işlədiyim 16 ildə Nərimanı son dərəcə zəhmətkeş,
möhkəm iradəli, səbirli, realist, böyük
ümidlərlə yaşayan bir insan kimi tanıyıram. Məhz
bunlara görə də o, azrularına çata bilmişdir.
N.Seyidəliyev bugünədək dilçiliyin leksikologiya,
üslubiyyat, nitq mədəniyyəti, onomastika və başqa
sahələrinə aid araşdırmalar aparmış, 100-ə
yaxın elmi məqalə yazıb nəşr etdirmişdir.
Bir çox monoqrafiya və lüğətlərin müəllifidir.
İndiyə kimi, N.Seyidəliyevin qələmindən bir
çox elmi əsərlər, kitab və monoqrafiyalar
çıxmışdır. Nəriman müəllim "Dini
terminlər lüğəti", "Romantik həyat, romantik
düşüncələr", "Azərbaycan dilinin
sinonimlər lüğəti" (Prezident İlham
Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə),
"Frazeologiya lüğəti"nin tərtibçisi, Habelə
"Alman atalar sözləri, onların azərbaycanca, rusca qarşılıqları" (professor
S.Abdullayevlə ortaqlı), "Azərbaycan dilinin orfoqrafiya
lüğəti" (kollektiv), "İxtisarlar lüğəti"
(həmmüəllif), "İzahlı onomastik terminlər
lüğəti" (pforessor Q.Məşədiyevlə
ortaqlı) kimi lüğətlərin nəşrində
iştirak etmişdir. Bütün bu işləri ilə
yanaşı N.Seyidəliyev Azərbaycan dilçiliyində
frazeologiya sahəsinin araşdırılmasında da dəyərli
uğurlar qazanmışdır. O, "Azərbəycan dastan və
nağıl dilinin frazeologiyası" mövzusunda 2009-cu ildə
doktorluq dissertasiyası müdafiə etmiş və 2010-cu ilin
ilk günlərində xoş müjdə almışdır.
Azərbaycan Respublikası Prezidenti yanında AAK onun bu əsərinə
görə filologiya üzrə elmlər doktoru diplomunu təqdim
etmişdir.
N.Seyidəliyev
üçün 2000-ci ilin ilk onilliyi çox uğurlu illər
olmuş, 10 lüğət və monoqrafiya nəşr
etdirmiş, "Azərbaycanca-ispanca", "Azərbaycanca-italyanca","Azərbaycanca-almanca", "Azərbaycanca-
ukraynaca" lüğətçilik
şöbəsinin əməkdaşları ilə birgə tərtib
olunmuş başqa lüğətlərdə də tərtibçi
kimi iştirak etmişdir. Hazırda lüğətçilik
şöbəsi yeni bir lüğətin "Azərbaycanca-bolqarca"
lüğətin tərtibi işi ilə məşğuldur.
Təbiidir ki, Nəriman müəllim də bu işdə
aparıcı alimlərdən biri kimi iştirak edir.
2010-cu il fılologiya
üzrə elmlər doktoru Nəriman Seyidəliyev
üçün əlamətdar uğurlu bir ildir, onun anadan
olmasının 60, pedaqoji-elmi fəaliyyətinin 35 ili tamam
olur. Bu münasibətlə onu təbrik edir, ən şirin
nemət olan cansağlığı və elmi işlərində
yeni yaradıcılıq uğurları diləyirik. Qələmin
iti, sözlərin kəsərli olsun, Nəriman müəllim!
İsmayıl MƏMMƏDOV
Respublika.- 2010.- 6 iyun.- S. 7.