Böyük qayıdış
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il
iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ilə
müasir tariximizdə yeni mərhələnin
başlanğıcı qoyuldu
Müstəqil Azərbaycan
dövlətinin və xalqımızın taleyində
ümummilli liderimiz Heydər Əliyevin rolu və xidmətləri
əvəzsizdir. Ötən əsrdə ikinci dəfə
müstəqilliyini əldə etmiş xalqımız cəmi
iki il sonra—1993-cü ilin iyununda yenidən onu itirmək təhlükəsi
ilə üzləşmişdi. O vaxt Azərbaycana rəhbərlik
edən səriştəsiz iqtidarların naşı və səhv
siyasəti xalqa çox baha başa gəldi. Ölkənin sərvətləri
talan edilir, siyasi və iqtisadi böhran günbəgün dərinləşir,
siyasi proseslər idarəolunmaz vəziyyət alırdı.
1993-cü ilin iyununda isə Azərbaycanda artıq vətəndaş
müharibəsi başlanmış, qardaş qanı
axıdılmış və müstəqilliyimizin taleyi sual
altına düşmüşdü.
Gəncə hadisələrindən
sonra ölkədə vəziyyət günbəgün pisləşir,
qorxulu məcraya yönəlirdi. Azərbaycanda gedən təhlükəli
prosesləri diqqətlə izləyən Heydər Əliyev Vətənin
taleyi sarıdan hədsiz narahatlıq keçirirdi. Üstəlik,
ona çoxlu müraciətlər edilir, xalq öz
böyük oğlunu köməyə
çağırırdı. Dövlətimizin başı
üzərini qorxunc təhlükə aldığı o uzaq
iyun günlərində nəzərlər Naxçıvana
dikilmişdi. Artıq hamı anlayırdı ki, ölkənin
və xalqın nicatı yalnız Heydər Əliyevlə
bağlıdır. Xalq təkidlə öz böyük
oğlunu haraylayır, səbirsizliklə onun Bakıya gəlməsini
gözləyirdi.
Çarəsi kəsilən
iqtidar təmsilçiləri də Naxçıvana xüsusi
təyyarə göndərərək Heydər Əliyevdən
Bakıya gəlməsini xahiş edirdilər. Belə bir
ağır vəziyyətdə, taleyüklü məqamda qərar
qəbul etmək heç də asan deyildi. Vətəninin
düşdüyü çıxılmaz vəziyyətə,
xalqın çağırışına biganə qala bilməyən
xilaskar öz qərarını verdi və onu Bakıya gətirən
təyyarə 1993-cü il iyunun 9-da Binə hava limanında yerə
endi. Bununla da müstəqil Azərbaycanın tarixində yeni
mərhələnin başlanğıcı qoyuldu.
Bu da səbirsizliklə
gözlənilən tarixi an... Binə hava limanına
xilaskarı qarşılamaq üçün
toplaşmış izdihamın başı üzərində
qaldırdığı plakatlardan biri diqqəti daha çox cəlb
edir. Orada səmimi sözlər yazılıb: "Heydər
baba, xalqı bu bəladan qurtar!" Bu, böyük
qayıdış idi: nicatın və qurtuluşun, anarxiyadan
sabitliyə gedən yolun başlanğıcını qoyan bir
qayıdış!
Sonralar "Ostankino"
dövlətlərarası televiziya şirkətinə
müsahibəsində qayıdışının səbəbini
izah edən Heydər Əliyev deyirdi: "...Mən hakimiyyətə
özüm gəlməmişəm, məni dəvət
etmişlər. Məni təkidlə dilə tutmuşlar. Gəncə
hadisələrindən sonra bir neçə gün ərzində
Azərbaycan əhalisinin müxtəlif qruplarının,
ziyalıların nümayəndələri, nüfuzlu
ağsaqqallar mənə müraciət etmişlər. Azərbaycan
prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə
müraciət etmişdir. O, üç dəfə ayın
7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə
göndərmişdi və telefon söhbətlərində
israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də
də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin
getdikcə kəskinləşdiyini duyaraq iyunun 9-da bu dəvəti
qəbul etdim və Bakıya gəldim".
Göründüyü
kimi bu qərarı qəbul etmək o qədər də asan
olmamışdı. Yalnız Heydər Əliyev kimi
güclü və dəmir iradəli şəxsiyyət
öz çiynini belə ağır, son dərəcə məsuliyyətli
yükün altına verə bilərdi. Bu addımı
yalnız Vətəni və xalqı naminə hər cür fədakarlığa
hazır olan adam ata bilərdi...
Xalqın təkidli tələblərindən
sonra AXC-Müsavat iqtidarının Heydər Əliyevi
Bakıya dəvət etməsi heç də impulsiv bir
addım olmamışdı. Müstəqilliyimizin ilk illərində
Azərbaycana rəhbərlikdə bir-birini əvəzləyən
səriştəsiz iqtidarların hamısı Heydər Əliyevin
xalq arasında nüfuzundan qorxur, onu öz hakimiyyətləri
üçün təhlükə mənbəyi hesab edirdilər.
Azərbaycan xalqının hafizəsində dərin iz
buraxmış bu nəhəng siyasətçinin Bakıya gəlişini
əngəlləmək üçün nələrə əl
atılmırdı?
Heydər Əliyev hələ 1993-cü ilin mayında
"Moskovskiye novosti" qəzetinə müsahibəsində
bu haqda suala cavab verərkən demişdi: "Bakıya məni
buraxmadılar. Evə qayıtmaq üçün bütün
cəhdlərimin qarşısı SSRİ-nin və Azərbaycanın
rəhbərliyi, şəxsən Mixail Qorbaçov tərəfindən
alınırdı. Nəhayət, qayıtmağa imkan yaranarkən,
uçuşa lap az qalmış məni qarşılayacaq
adam—böyük bir nəşriyyatın direktoru Əjdər
Xanbabayev öldürüldü. Başa
düşürdüm ki, bu mənim üçün xəbərdarlıqdır.
Ona görə də məcbur qalıb nəzərə
çarpmadan Moskvadan Naxçıvana uçdum... Sonra mən
bir il müddətində Bakıdakı hadisələrə təsir
etmək cəhdindən əl çəkmədim, bunun
üçün parlamentdə çıxışlar etdim. Lakin
hər şey mənim təcrid edilməyimə yönəldilirdi.
Azərbaycandakı siyasi vəziyyətin təhlili ilə əlaqədar
parlamentdəki çıxışımdan sonra elə həmin
gün xəbər çatdı ki, mənə qarşı
terror aktı hazırlanır.
Mən yenə
Naxçıvana qayıtdım. Uzun müddət imtina etdiyim
təklifə—Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri vəzifəsini tutmaq təklifınə
razılıq verdim".
Qayıdaq həmin ərəfəyə.
AXC-Müsavat iqtidarı Heydər Əliyevi Bakıya dəvət
etmək haqqında hələ Gəncə hadisələrinin
ertəsi gün düşünməyə başlamışdı.
İyunun 5-dən etibarən keçmiş iqtidarın
yüksək vəzifəli şəxsləri
Naxçıvana tez-tez zəng vururdular, onunla məsləhətləşmələr
aparılır, müxtəlif səpkili xahişlər
edilirdi. Məsələn, Surətin dəstələri Gəncədə
hakimiyyəti öz əllərinə keçirdikdən sonra
canlarını qorxu alan iqtidar nümayəndələri
Naxçıvanla təcili əlaqə yaradaraq Heydər Əliyevdən
xahiş etmişdilər ki, prezidenti müdafiə etdiyinə
dair bəyanat versin. Gəncədə nə baş verdiyindən
nəinki xalqın əksəriyyətinin, hətta ölkə
rəhbərliyinin də xəbərsiz olduğu bir vaxtda birtərəfli
mövqe tutub, kimisə müdafiə etmək barədə bəyanat
verilə bilməzdi. Buna görə də Heydər Əliyev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və
Nazirlər Kabinetinin birgə iclasını
çağırıb Gəncə hadisələrinin orada
müzakirə olunmasını məsləhət
gördü. Bununla əlaqədar iyunun 7-də qəbul edilən
bəyanatda Gəncədə baş verənlər qorxulu hadisə,
qardaş qırğını kimi qiymətləndirildi. Hamı
milli birliyə, vətəndaş həmrəyliyinə dəvət
olundu.
Böhran dərinləşdikcə
bütün xalq, o cümlədən başlarını
itirmiş iqtidar təmsilçiləri də dərk edirdilər
ki, Heydər Əliyev təcili Bakıya gəlib işə
qarışmasa, ölkəni və dövləti bu fəlakətdən
qurtarmaq mümkün olmayacaq.
Gəncə hadisələrini
təhqiq edən xüsusi komissiyanın rəyinə nəzər
yetirək: "Şahidlərin məlumatında və
komissiya üzvlərinin müşahidələrinə əsasən
məlum olmuşdur ki, 4 iyun 1993-cü il tarixdə, səhər
saat 6 radələrində 130 nömrəli hərbi hissənin
ərazisindən istifadə etməklə 709 nömrəli hərbi
hissəyə tank, BMP, BTR və digər hərbi texnikalar vasitəsilə
geniş hücum təşkil edilmiş, tank
tırtılları altında kazarmada yuxuda olan əsgərlərdən
12 nəfəri əzilmiş və vəhşicəsinə məhv
edilmişdir. Eyni zamanda həmin kazarma top, minamyot və
başqa silahlardan atəşə tutularaq tamamilə
yandırılmış və daş-kəsək altında əsgərlərin
cəsədləri qalmışdır". Komissiyanın məlumatına
görə, basqın zamanı 69 nəfər hərbi
qulluqçu və mülki şəxs
öldürülmüş, 150-dən çox əsgər və
zabit yaralanmışdı. Qarşı tərəfin cavab atəşi
nəticəsində Bakıdan və ətraf rayonlardan gətirilmiş
daxili qoşunların xüsusi təyinatlı dəstələri
tərksilah olunmuş, 1250 hərbi qulluqçu girov
götürülmüşdü.
Müharibə xəbərlərini
xatırladan bu məlumatlar Gəncə faciəsinin
miqyasını və təhlükəlilik dərəcəsini
tam əks etdirmir. AXC-Müsavat iqtidarının öz hakimiyyətini
nəyin bahasına olursa-olsun qoruyub saxlamaq naminə
qeyri-peşəkarlıqla həyata keçirdiyi
"Tufan" əməliyyatı əslində vətəndaş
müharibəsinin başlanğıcı idi.
Əlbəttə, Gəncə
hadisələri birdən-birə yaranmamışdı. Bu, o
vaxtkı iqtidarın səriştəsiz siyasətinin, həmin
siyasətin nəticəsi olaraq yaranmış anarxiya və
xaosun qanunauyğun finalı idi.
On yeddi il əvvəl
bütün bu hadisələrin nə ilə qurtaracağı
hələ heç kəsə məlum deyildi. Çünki
vəziyyət olduqca təhlükəli xarakter
almışdı. Anarxiya və xaos elə bir həddə
çatmışdı ki, ölkəni bu böhrandan
çıxarmaq asan məsələ deyildi. Yalnız Heydər
Əliyevin Bakıya gəlişi bütün təhlükələri
sovuşdurdu. Ağır sarsıntılar içərisində
üzülən xalq iyunun 9-da yüngülləşərək
dərindən nəfəs aldı, çiyinlərdən
sanki ağır yük gotürüldü: Heydər Əliyev
gəlibsə, demək hər şey yaxşılıqla
qurtaracaq!
İyunun 15-də Heydər
Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və
bununla da ölkədə hakimiyyət sükanı etibarlı
ələ keçdi. Ümummilli liderimiz qısa vaxt içərisində
ölkədə sabitliyi və əmin-amanlığı bərpa
etdi. Həmin gün haqlı olaraq Azərbaycanın
çağdaş tarixinə Milli Qurtuluş günü kimi əbədi
daxil oldu. Ulu öndər Heydər Əliyevin
Naxçıvandan Bakıya gəlişi ilə Azərbaycanın
tarixində yeni dövrün—demokratiya və inkişaf mərhələsinin
başlanğıcı qoyuldu. 1993-cü ilin iyununda baş
vermiş bu hadisələr xalqımızın gələcək
taleyini müəyyən etdi. Həmin andan başlayaraq
müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə,
inkişafa doğru istiqamət götürdü.
Xəlil CABBAROV
Respublika.- 2010.- 9 iyun.-
S. 5.