Müstəqil Azərbaycan Heydər Əliyevin şah
əsəridir
1993-cü ilin 15 iyunu Azərbaycanın
müasir tarixinə Milli Qurtuluş Günü kimi əbədi
daxil olub. Həmin vaxt xalqımız yalnız -Heydər Əliyevin
böyük səyləri nəticəsində
başının üstünü almış bütün bəlalardan
xilas olaraq öz nicatını tapdı. Belə ki, 1991-ci il
oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini elan
etsə də, əslində, bu suverenlik kağız üzərində
mövcud idi. Səriştəsiz iqtidarların günahı
üzündən ölkəmiz dərin siyasi və iqtisadi
böhran keçirir, torpaqlarımız bir-birinin ardınca
işğal olunurdu. Belə bir ağır vaxtda
xalqımız öz böyük oğlu Heydər Əliyevə
üz tutdu. Xalqın təkidli xahişləri ilə ulu
öndərimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə
qayıtdı və 1993-cü il iyun ayının 15-də Azərbaycan
Respublikası Ali Sovetinin sədri seçildi.
Məhz ümummilli
liderimizin hadisələrin məcrasına salınması,
qanunsuzluqların aradan qaldırılması, insanların
sabaha olan inamının qaytarılması istiqamətində
apardığı məqsədyönlü işlər
ölkə daxilində vəziyyəti
normallaşdırdı, ölkədaxili həyat nizamlanan, tənzim
olunan səviyyəyə qaldırıldı. Belə bir məqamda
vətəndaş həmrəyliyinin bərqərar
olunmasının vacibliyi hamı üçün aydın idi.
Bunu nəzərə alan ümummilli liderimiz Heydər Əliyev
həmin sahəyə çox böyük diqqət və əhəmiyyət
yetirdi. Müdrik şəxsiyyət Azərbaycanın demokratik
və hüquqi cəmiyyət quruculuğu yolunda irəliləməsi
üçün insan hüquqlarının qorunmasını,
çoxpartiyalılıq prinsiplərinin bərqərar edilməsini
özünün başlıca fəaliyyət istiqamətlərindən
biri kimi qarşıya qoydu. Məhz aparılan bütün bu
işlərin nəticəsi oldu ki, 2001-ci ildə Azərbaycan
Avropa Şurası kimi mötəbər, nüfuzlu bir quruma
üzvlüyə qəbul olundu. Bununla da ölkəmizin beynəlxalq
aləmdəki nüfuzunun artdığı bir daha təsdiqləndi.
Məlumdur ki,
ümumxalq həmrəyliyinin yaradılmasında dilin çox
böyük rolu var. Xalqımızın milli sərvəti
olan ana dilimizin inkişafına daim qayğı göstərilməsi
haqlı olaraq Heydər Əliyevin böyük tarixi xidmətlərindən
sayılır. Azərbaycan dilinə qayğı ilə
yanaşan ümummilli liderimizin öz xalqı və milləti
qarşısında göstərdiyi ən mühüm xidmətlərdən
biri də bilavasitə onun təşəbbüsü ilə
2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının
I qurultayının keçirilməsinə nail
olmasıdır. Bununla da dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən diasporlarımızın təşkilatlanmasına,
birgə fəaliyyət göstərməsinə rəvac
verildi. Məhz bu qurultaydan sonra Azərbaycan diasporu daha da mətinləşərək
öz fəaliyyətini gücləndirdi.
Ümummilli lider Heydər
Əliyev bütün rəsmi və qeyri-rəsmi
strukturların diqqətini bu istiqamətə yönəldərək
demişdi: "2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının
I qurultayının keçirilməsi, 2002-ci ilin iyulunda Xaricdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin yaradılması, soydaşlarımızın
birliyinin və həmrəyliyinin güclənməsi istiqamətində
atılan bütün addımlar öz müsbət nəticələrini
verməkdədir. Hazırda bütün azərbaycanlıların
vahid amal və ideya ətrafında birləşməsi,
soydaşlarımızla əlaqələrin gücləndirilməsi
dövlət səviyyəsinə qaldırılmış
bütün rəsmi və qeyri-rəsmi strukturların diqqəti
bu istiqamətə yönəlmişdir. Məmnunluqla qeyd edirəm
ki, soydaşlarımızla əlaqələrin genişləndirilməsi,
onların arasında birlik və həmrəylik intensiv və
məqsədyönlü şəkildə gedir".
Ümumiyyətlə,
1993-2003-cü illərdə ümummilli liderimiz tərəfindən
dünya azərbaycanlılarının həmrəyliyinə
nail olunması istiqamətində aparılan işləri təhlil
etsək, deyə bilərik ki, o bu işləri çox
böyük məsuliyyətlə, sistemli və ardıcıl
siyasət yeritməklə həyata keçirmişdir. Onun tərəfındən
diaspor və lobbi quruculuğu istiqamətində aparılan
işlər bu ümumi siyasətin tərkib hissəsi kimi
çox böyük əhəmiyyətli olmuşdur. Bu tarixi
şəxsiyyətin ən böyük
üstünlüyü isə o idi ki, o özü həyatı
boyu azərbaycanlı adını uca tutmuş, bununla qürur
hissi keçirmiş, başqalarına da bu hissi
aşılamağa çalışmışdır.
Ömrünün ən mənalı dövrünü
milliliyin, həmrəyliyin və bütövlüyün
qorunub saxlanmasına xidmətə həsr etmişdir. Birmənalı
şəkildə deyə bilərik ki, Heydər Əliyev Azərbaycana
rəhbərlik etdiyi 34 il ərzində təkcə müstəqil
Azərbaycanın dövlət quruculuğunun möhkəmləndirilməsinə,
onun beynəlxalq imicinin, dünya dövlətləri
arasında nüfuzunun yüksəlməsinə nail olmadı,
eyni zamanda o, bütün dünya azərbaycanlılarının
milli birliyinin yaradılmasına da əvəzsiz töhfə
verdi.
Heydər Əliyev
müasir hüquqi və dünyəvi prinsiplərin bərqərar
olması, müstəqil dövlətin möhkəmləndirilməsi
yolunda əsas amillərdən biri olan qanunçuluğun və
hüquq normalarının qorunması və gözlənilməsi,
zamanın ən ümdə tələblərindən biri olan
insan hüquq və azadlıqlarının müdafiəsi, ədalət
mühakiməsinin müstəqilliyinin təmin edilməsində
mühüm addımlar atdı.
O, yeni demokratik və
dünyəvi cəmiyyət quruculuğu haqqında, doğma
Azərbaycanı məhz belə bir sistemdə görmək
barəsində bütün ömrü boyu
düşünmüşdür. Hələ 1969-cu ildə ilk
dəfə siyasi hakimiyyətə gələndən dərhal
sonra Heydər Əliyevin təklifləri sovet rejimində
eşidilirdi, onunla Kremlin özündə
hesablaşırdılar. O, 1993-cü ilin oktyabr ayında
ölkə prezidenti seçildikdən sonra bu səhədə
daha cəsarətli tədbirlərə başladı, gərgin
səylərlə müstəqil Azərbaycanı qurdu.
1995-ci ildə ulu öndərimizin
bilavasitə rəhbərliyi ilə qəbul olunmuş milli
Kostitusiyamız demokratik dəyərlərə tam uyğun bir
tarixi sənəd, hüquqi islahatların gerçəkləşdirilməsi
yolunda misilsiz bir addım oldu. Unudulmaz rəhbərimizin təşəbbüsü
ilə 21 fevral 1996-cı ildə yaradılmış Hüquq
İslahat Komissiyası tərəfindən hazırlanan "Məhkəmələr
və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi
haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış
fəaliyyəti haqqında" qanunlar respublikamızın
müstəqil bir dövlət kimi çiçəklənməsində
misilsiz rola malikdir.
Heydər Əliyevin təşəbbüsü
ilə ölkəmizdə Ombudsman İnstitutunun
yaradılması insanların hüquq və
azadlıqlarının qorunması sahəsində dövlətimiz
üçün, onun gələcək inkişafı
üçün çox gərəkli bir addım oldu.
İnsan hüquqları üzrə müvəkkilliyin təsisatı
ölkəmizin Avropa məkanına inteqrasiya prosesində
mühüm rol oynadı və hazırda bu təsisat həyatımızın
bütün tərəflərini əhatə edən
inkişaf yolundadır.
Heydər Əliyevin
gördüyü möhtəşəm tədbirlərdən
biri də ölüm cəzasının ləğv edilməsidir.
Müdrik rəhbərimizin bu humanist addımı bütün
dünyanın ictimaiyyəti tərəfindən
razılıqla qarşılandı. Ulu öndərimiz
1995-2003-cü illərdə 32 əfv fərmanı
imzaladı, yüzlərlə ailəyə xoşbəxtlik bəxş
etdi, minlərlə adamı fəal cəmiyyət həyatına
qaytardı. Onun təşəbbüsləri nəticəsində
cəzaçəkmə yerlərinin Avropa standartlarına
uyğunlaşdırılması, cəzaçəkmə
xidmətinin müasir beynəlxalq tələblər səviyyəsində
qurulması istiqamətində mühüm tədbirlər həyata
keçirildi. Cəzaçəkmə müəssisələri
yenidən quruldu, abadlaşdırıldı, bu yerlərdə
normal həyat üçün lazımi şərait
yaradıldı. Bu gün hamı aydın görür ki, cəzanın
humanistləşdirilməsi prosesi bizdə nə qədər
irəli getmişdir, məhkumların məişət şəraitinin
yaxşılaşdırılması və onların sağlamlığının
qorunması üçün necə təsirli tədbirlər
görülmüşdür.
Bu gün əldə
edilən nailiyyətlər, ölkəmizdəki dinamik
yüksəliş, uğurlu göstəricilər məqsədyönlü
şəkildə aparılan islahatların nəticəsidir.
Aqrar-sənaye kompleksinin görünməmiş
sıçrayışı, genişmiqyaslı
quruculuq-abadlıq işləri, əzəmətli infrastruktur
layihələrinin həyata keçirilməsi, yeni
texnologiyaların tətbiqi ilə paralel olaraq sosial proqramlar
ardıcıl olaraq həyata keçirilir, insanların daha
firavan yaşaması üçün islahatlar davam etdirilir.
Güclü iqtisadiyyat,
daimi iş yerlərinin açılması,
sahibkarlığın inkişaf etdirilməsinə diqqətin
artırılması indi hər birimizin başlıca məqsədidir.
Bu məqsədə çatmaqdan ötrü möhtərəm
Prezidentimiz İlham Əliyev çox uğurlu iş
aparır. Eyni zamanda hər sahədə, bütün həyatımızda
insan amilinin oynadığı rol, bununla əlaqədar yerinə
yetirilən vəzifələr çox mühüm əhəmiyyət
kəsb edir. Razılıqla qeyd etmək olar ki, dövlət
başçısı hüquqi islahatlar sahəsində Heydər
Əliyevin yürütdüyü siyasi kursu uğurla davam
etdirir. Bu möhkəm təməl üzərində
ardıcıl tədbirlər həyata keçirir, demokratikləşmə
və insan hüquqlarının qorunmasına olduqca
böyük önəm verir.
Fəxrəddin HÜSEYNOV
Respublika.- 2010.- 9 iyun.- S. 5.