Müasir Azərbaycanın banisi
15 iyun Milli qurtuluş Günüdür
Müstəqil dövlət
qurmaq xoşbəxtliyi yalnız öz içərisində
güclü şəxsiyyət, qüdrətli lider
yetişdirmiş xalqlara nəsib olur. Bu, tarixin
sınağından çıxmış gerçəklikdir.
Xalqı vahid milli ideya ətrafında birləşdirməyi
bacaran lider onu öz müqəddəs arzularına
qovuşdurmağa qadirdir. Heydər Əliyev məhz belə
bir nadir şəxsiyyət və milli lider kimi XX əsrin
sonlarında Azərbaycanı başının
üstünü almış bütün bəlalardan mətinliklə
qorudu, onun dövlət müstəqilliyini saxlaya və
möhkəmləndirə bildi.
Yaxşı
xatırlayırıq ki, ötən əsrin 90-cı illərinin
əvvəllərində, xüsusən də 1993-cü ilin
iyununda Azərbaycanın bir dövlət kimi mövcudluğu
şübhə altına düşmüşdü. Elə
bir xaos, özbaşınalıq şəraiti
yaranmışdı ki, bundan baş çıxarmaq hər kəsin
işi deyildi, yaxın gələcəkdə respublikada
sabitliyin bərpa olunacağına bütün dünya
şübhə ilə yanaşırdı. Problemlər
baş alıb gedirdi, həmin problemləri aradan qaldıra biləcək
yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti
ola bilərdi. Ölkəni görünməmiş bəlalardan
xilas etmək üçün lazım olan enerji, müdriklik və
uzaqgörənlik yalnız bu nadir insanda var idi. Çünki
xalq Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gələndən
sonra nəyə qadir olduğunu görmüşdü.
Xalqın
çağırışına heç vaxt biganə qalmayan
ulu öndərimiz 1993-cü il iyunun 9-da Naxçıvandan
respublika paytaxtına gəldi və iyunun 15-də Azərbaycan
Respublikasının Milli Məclisinin sessiyasında Ali Sovetin sədri
seçildi.
Heydər Əliyevin
respublika rəhbərliyinə bu qayıdışı
siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı
böyük fəlakətlərdən xilas etdi. Elə o zaman
Heydər Əliyev çıxışlarının birində
belə demişdi: "Azərbaycan bərbad vəziyyətdədir,
bəzi adamlar on gündür ki, barmaq-barmağa vurmayıblar.
Kabinetlərdə boş-boş şayiələrlə məşğul
olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm.
Mən özümü peyğəmbər hesab etmirəm. Fəqət
bu ağır vəziyyətdən çıxmaq
üçün fəaliyyət göstərəcəyəm".
Bəli, indi bu fəaliyyətin nəticələri artıq hər
birimizə bəllidir. Məhz bu fəaliyyətin hesabına
Azərbaycan yaşayır, tərəqqi edir. O dövrdə
müdrik rəhbərin qısa zaman kəsiyində həyata
keçirdiyi tədbirlərlə cəbhə xəttində
atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr
zərərsizləşdirildi, dövlət çevrilişi
cəhdlərinin və terror aktlarının
qarşısı alındı. Bununla da respublika ərəzisində
stabil, normal həyat bərqərar olundu.
Sabitlik əldə
olunandan sonra dövlət quruculuğu istiqamətində təxirəsalınmaz
addımlar atıldı, bir çox mühüm qanunlar qəbul
edildi. Ölkə iqtisadiyyatının dirçəlişi
yönümündə də çoxsaylı vacib müqavilə
və proqramlar imzalandı, ayrı-ayrı sahələrində
perspektiv layihələr, islahatlar həyata keçirildi.
Bu gün Azərbaycan
dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan,
müstəqil siyasət yürüdən bir dövlətdir.
İndi planetimizin çox yerindən nəzərlər dünyada
ən böyük enerji layihələrinin gerçəkləşdiyi
Azərbaycana yönəlib. Təkcə biz yox, bütün
dünya bilir ki, "Əsrin müqaviləsi"nin və digər
neft konraktlarının, iqtisadi və strateji baxımdan misilsiz
əhəmiyyətə malik BTC neft kəmərinin
reallaşması Heydər Əliyevin xidmətidir. 1994-cü
ildə çoxlarına qeyri-mümkün kimi görünən
layihələri yalnız ulu öndərimizin şəxsi
nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində
reallaşdırmaq mümkün olub.
Dünyanın məşhur
siyasətçiləri, dövlət xadimləri Heydər Əliyevi
siyasət nəhəngi, siyasət şahmatının mahir
ustası adlandırırlar. O, tarixi perspektivləri qabaqcadan
görmüş, ən çətin mə-qamlarda yeganə
düzgün qərarlar qəbul etmək bacarığı ilə
çoxlarını heyran qoymuşdur.
Azərbaycanın iri
beynəlxalq layihələrdə iştirakı, Böyük
İpək Yolunun bərpası, TRASEKA-nın
reallaşması da ümummilli liderimizin bəşəri xidmətlərindəndir.
Heydər Əliyev deyirdi: "Heç bir ölkə, ən
böyük ölkə də öz çərçivəsində
iqtisadiyyatını lazımi səviyyədə inkişaf
etdirə bilməz... Tarixi böyük İpək Yolunun bərpası,
milli və regional nəqliyyat strukturlarının, beynəlxalq
iqtisadi əməkdaşlığın inkişafı Avrasiya
məkanında sülhün, sabitliyin və tərəqqinin
möhkəmləndirilməsi üçün böyük əhəmiyyət
kəsb edir".
Ümummilli liderimizin gərgin
əməyi sayəsində 1994-cü ilədək davam edən
iqtisadi tənəzzülə son qoyuldu. Makro-iqtisadi göstəricilər
ilbəil yüksəldi. Dinamik inkişaf dövrü
başlandı.
Azərbaycan dövlət
müstəqilliyinin möhkəmləndirilməsində milli
sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə
uyğun istifadə olunmasında ümummilli liderimiz Heydər Əliyevin
uğurlu neft strategiyası olduqca xüsusi əhəmiyyət
kəsb edir. 1994-cü il sentyabrın 20-də dünyanın
iri neft şirkətləri ilə imzalanmış "Əsrin
müqaviləsi" çərçivəsində 1999-cu il
noyabrın 18-də ATƏT-in İstanbul Zirvə
toplantısında Bakı-Tbilisi- Ceyhan əsas neft ixrac boru kəmərinin
inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmlənməsində
müstəsna rol oy-nadı.
Ulu öndərimiz Heydər
Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısında başlıca xidmətlərindən biri
də dövlət quruculuğunun hüquqi bazasının
yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk
milli Konstitusiya müstəqil hüquqi və dünyəvi
dövlət kimi Azərbaycanda ilk dəfə olaraq insan
hüquqlarının qorunmasını öz siyasətinin
prioriteti kimi qəbul etdi.
Böyük öndərimizin
titanik fəaliyyətinin digər mühüm nəticəsi
Azərbaycanın beynəlxalq aləmdə özünə
layiqli yer tutması, dünyanın inkişaf etmiş dövlətləri
ilə səmərəli əlaqələr çərçivəsində
bərabərhüquqlu əməkdaşlığa nail
olmasıdır. Ardıcıl,
düşünülmüş xarici siyasət kursu Azərbaycan
dövlətinə demokratik dəyərləri hər şeydən
uca tutan, dünya dövlətləri ilə
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri
quran, qonşuları ilə dinc şəraitdə
yaşamağa üstünlük verən sülhsevər
ölkə imicini qazandırmışdır. Məhz
ümummilli liderimizin gərgin səyləri və yenilməz
iradəsi nəticəsində Azərbaycan bu gün dünya
birliyi tərəfindən tükənməz təbii sərvətləri,
iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi,
intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul
olunur, İndi dünyanın qüdrətli dövlətləri
regionla bağlı bir çox məsələlərin həllində
ölkəmizin dəstəyinə arxalanır, onunla
etibarlı tərəfdaş kimi hesablaşırlar.
Hamımız
üçün çox doğma və əziz olan Heydər Əliyev
dünya şöhrətli siyasətçi, zəmanəsinin
ən böyük şəxsiyyəti idi. O, Azərbaycanın
güclü, inkişaf etmiş qüdrətli dövlətə
çevrilməsində, sənayemizin, kənd təsərrüfatımızın,
sosial-iqtisadi sahələrin güclənməsi yolunda əlindən
gələni əsirgəməmişdir. Ölkə vətəndaşlarının
həyat səviyyəsinin yüksəlməsi
pensiyaçıların, əlillərin,
çoxuşaqlı ailələrin, əmək qabiliyyəti
olmayan insanlann sosial problemləri həmişə onun diqqət
və qayğısı ilə əhatə olmuşdu. Heydər
Əliyev ümumxalq məhəbbətini, istəyini təkcə
öz vətənində deyil, bütün dünyada
qazanmışdı. Buna görə də dünya siyasətçiləri,
dövlət və hökumət rəhbərləri, siyasi
xadimləri onu həmişə yüksək qiymətləndirir,
onunla razılaşdırdılar. Ulu öndərimiz əvəzsiz,
yeri görünən çox müdrik şəxsiyyət
idi. Qazandığımız müstəqilliyə, əldə
olunan sabitliyə, hə-yatımızdakı inkişafa və
tərəqqiyə görə bizə bu böyük şəxsiyyətə
çox borcluyuq.
Heydər Əliyev
bütün mənalı ömrünü yalnız
insanlığa və xalqına xidmət göstərməyə
sərf etmişdi. Bu böyük şəxsiyyət Azərbaycan
xalqının təhlükəsiz yaşaması, azadlıq
haqqını tapması uğrunda mübarizə
aparmışdı. "Haqqı tapdanan insanların
arxasında güclü dövlət durmalıdır, ədalət
durmalıdır". Bu ideya və prinsiplər Heydər Əliyevin
istər milli təhlükəsizlik orqanlarında, istər
sovet dönəmindəki siyasi fəaliyyətində, istərsə
də Azərbaycanın prezidenti olduğu son 10 ildə həyat
devizi, amalı olub. Ümummilli liderimiz bu istiqamətdə zəngin
milli-mənəvi dəyərlər yaradıb, ümumbəşəri
dəyərlər formalaşdırıb.
Azərbaycan dövlətinə
müstəqillik, əbədiyaşarlıq, xalqa bəxtiyarlıq
bəxş edərək əbədiyyətə qovuşan
böyük liderimiz əbədiyaşarlıq qazandı. Nə
qədər ki dünyada müstəqil Azərbaycan dövləti
var, Heydər Əliyev də yaşayacaqdır.
Ümummilli liderimiz Heydər
Əliyevin milli və ümumbəşəri dəyərlərə
söykənən ideyaları yüz illərlə
yaşayacaq və qalib gələcəkdir.
Heydər Əliyevin
adının əbədiləşdirilməsi
üçün ən əsas istiqamət isə ümummilli
liderimizin siyasi kursuna axıradək sədaqətli
olmaqdır. Ümummilli liderimizin ideyalarının təntənəsi
yolunda ləyaqətlə çalışmaq, müstəqil
Azərbaycanın tərəqqisi naminə möhtərəm
Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmək,
milli birliyə nail olmaq onun xatirəsinə ən böyük
ehtiramdır.
Azərbaycanda bu gün
ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta
daha geniş şəkildə həyata keçirilir. Böyük
öndərimizin başladığı, lakin axıra
çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli
davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Biz hamımız Azərbaycan
xalqının və dövlətçiliyinin xilaskarı və
yaradıcısı olan Heydər Əliyev irsinə daim sədaqətliyik
və bundan sonra da belə olacağıq. Bizə qurtuluş bəxş
etmiş ulu şəxsiyyətin, Azərbaycan xalqının
dahi oğlunun pak əməlləri, müqəddəs
ideyaları, arzuları və irsi həmişə
yaşayacaqdır.
Yuriy İVANOV
Respublika.- 2010.- 8 iyun.- S. 4.