Xatirə gecəsi

 

Bu günlərdə Milli Muğam Teatrında Azyaşlıların Hüquqi Maarifləndirilməsi ictimai Birliyinin təşkilatçılığı və maddi dəstəyilə Azərbaycanın əməkdar artisti, unudulmaz sənətkarımız Hüsnü Qubadovun xatirə gecəsi keçirilmişdir.

Tədbirdə tanınmış sənət adamları, ictimai qurumların təmsilçiləri, şair və yazıçılar, KİV nümayəndələri, qonaqlar iştirak etmişlər.

Jurnalist Kamil Məhərrəmli Hüsnü Qubadovun yaradıcılığından söhbət açmış, sonra sözü "Şöhrət" ordenli, Azərbaycanın xalq artisti Arif Babayevə vermişdir.

A.Babayev: "Ecazkar ifa tərzi, güclü səsi olan Hüsnü Qubadovun opera səhnəsinin tarixində təkrar olunmayan rolları qaldı. O, həm də olduqca pak və səmimi, gözəl ata idi".

Xalq artisti Canəli Əkbərov 30 il bir səhnədə çalışdığı sənətkarla bağlı fikrini belə ifadə etdi: "Hüsnünün səsində dolğunluq, bitkinlik, tamlıq var idi. Gözəl ifasında çalarlar, notlar zənginliyi ilə seçilirdi. Onunla birgə Azərbaycanı qarış-qarış gəzmişdik. Doğulduğu bölgəyə xas olan şirinlik səsindəki məlahəti daha da artırar, xüsusi rəng verərdi.

Hüsnü Qubadov "Əsli və Kərəm"də Kərəm, "Aşıq Qərib"də Aşıq Qərib, "Leyli və Məcnun"da İbn Səlam, "Şah İsmayıl"da çapqınçı rollarının öhdəsindən məharətlə gəlirdi".

Tədbirdə Hüsnü Qubadovun səsi yazılmış lent yazısı səsləndirildi.

Sevimli bəstəkarımız Nəriman Məmmədov bildirdi ki, Hüsnü Qubadov səhnədə oxuyarkən onun səsi hər tərəfə yayılardı. Çox maraqlı və yumor hissi güclü olan bir sənətkar idi.

Azərbaycanın xalq artisti Qəndab Quliyeva, əməkdar artistlər Rəhilə Bəndəliyeva, Gülüstan Əliyeva, Aybəniz Haşımova, Nuriyyə Hüseynova və başqaları mahnı və muğam parçalarını özünəməxsus tərzdə ifa etdilər. 85 illiyi qeyd olunan görkəmli sənətkarın oğlu Xəncan Qubadov bir vaxtlar atasının sevə-sevə oxuduğu "Naxçıvanım" mahnısını xüsusi məharətlə ifa etdi.

Azyaşlıların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Nazlı Zeynalova Hüsnü Qubadovun əzizləri adından tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.

 

 

Rauf  İLYASOĞLU

 

Respublika.- 2010.- 22 iyun.- S. 4.