Ərzaq təhlükəsizliyi probleminin həllində Dövlət Baytarlıq Xidmətinin rolu

 

Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək və ərzaq təhlükəsizliyinə nail olmaq ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə prioritet vəzifə kimi qarşıya qoyulub, Ümummilli liderimiz sovet dönəmində olduğu kimi, ikinci dəfə hakimiyyətə gəlişi zamanı da aqrar sahənin inkişafına xüsusi diqqət yetirirdi. Təkcə onu xatırlatmaq kifayətdir ki, Müstəqil Dövlətlər Birliyi məkanına ilk dəfə olaraq aqrar islahat Azərbaycanda ulu öndərimizin rəhbərliyi ilə aparıldı.

Ümummilli liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin ərzaq təhlükəsizliyi ilə əlaqədar demişdir: "Biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Buna çatmaq üçün artıq az vaxt qalıb və öz ixrac potensialımızı daha da böyük dərəcədə realizə etməliyik. Nəzərə almalıyıq ki, bizim ətrafımızda kifayət qədər böyük istehlak bazarları var və qonşu ölkələrlə Azərbaycanın çox gözəl, işgüzar münasibətləri var, bütün qonşu bazarlar bizim üçün açıqdır, məhsulumuz həmin bazarlara sərbəst şəkildə daxil olur. Azərbaycanda nə qədər çox emal müəssisələri yaranarsa, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı da bir o qədər çox artacaqdır..."

Ölkədə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı 2008-2015-ci illər ərzində müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Burada cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi prioritet məsələ kimi önə çəkilir.

Dövlət Proqramında baytarlıq işinin təşkili və bu sahədəki mövcud vəziyyət ətraflı təhlil edilir. Hazırda sanitariya sağlamlığı, təhlükəli yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin insan və heyvanlar üçün ümumi olan təhlükəli xəstəliklərdən qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsi və bu işin daimi nəzarətdə saxlanması məqsədilə baytarlıq sahəsində çalışan mütəxəssislər tərəfindən hər il orta hesabla 34 milyon başa qədər kənd təsərrüfatı heyvanı və quşları arasında müxtəlif xəstəliklərə qarşı dövlət vəsaiti hesabına profilaktik və məcburi peyvəndləmələr aparılır. Eləcə də Respublika Baytarlıq Laboratoriyası, 12 zona baytarlıq laboratoriyası, 47 baytarlıq diaqnostika kabineti və 105 baytarlıq sanitariya-ekspertiza laboratoriyalarında çalışan baytar mütəxəssisləri ildə orta hesabla 24 infeksion və invazion xəstəliklərə görə 6.5 milyon diaqnostik müayinə həyata keçirirlər ki, bu da mövcud tələbatı ödəmir. Bu müayinələr ən azı 2 dəfə artırılmalıdır.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmli yer tutan işlərdən biri kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi və qeydiyyatının təşkil edilməsidir. Belə ki, "Tvininq Layihəsi" üzrə heyvanların identifikasiyası məsələləri proqrama daxil edilmiş, ilin sonuna kimi bu proqram çərçivəsində işin başa çatdırılması nəzərdə tutulmuşdur.

Baytarlıq-sanitariya obyektlərinin modemləşdirilməsi də proqramda önə çəkilir. Bununla əlaqədar onu qeyd edim ki, hazırda respublika üzrə 60-a qədər baytarlıq obyektində tikinti-quraşdırma işləri davam etdirilir. Həmin obyektlərin 10-da tikinti işləri başa çatdırılmış, qalan obyektlərdə işlər tamamlanmış və binalar istismara verilmək ərəfəsindədir. Belə obyektlərdən İmişli, Astara, Ağdaş, Abşeron, Qazax, Neftçala, Saatlı, Qəbələ, Balakən, Yevlax, Ucar, Xaçmaz, Samux və başqa rayonlarda baytarlıq idarələrini, diaqnostik kabinetlər və baytarlıq laboratoriyalarının birgə inzibati binalarını göstərmək olar. Son dövrlər respublikanın baytarlıq laboratoriyaları, diaqnostika kabinetləri və baytarlıq sanitariya-ekspertiza laboratoriyalarının təminatında əsaslı irəliləyişlər əldə edilmişdir. Laboratoriyalarımız müasir avadanlıqlarla təchiz edilir, test nümunələri alınaraq beynəlxalq təşkilatların tələblərinə cavab verən müayinələr həyata keçirilir. Son illər ərzində baytarlıq xidmətinin inkişafına dövlət investisiyaları hesabına ayrılmış vəsaitlə 100-dən artıq avtonəqliyyat (dezinfeksiyaedici qurğular quraşdırılmış avtomaşın, səyyar laboratoriya, refrijerator, minik avtomobilləri), kifayət qədər dezinfeksiya maddələri, qoruyucu vasitələr, xüsusi geyimlər, çiləyici qurğular, PZR və ELİZA diaqnostik müayinə avadanlıqları, o cümlədən laboratoriya cihazları, diaqnostikumlar və digər müasir vasitələr alınaraq tabelikdə olan bay-tarlıq idarələrinə və zona baytarlıq laboratoriyalarına paylanmışdır.

Laboratoriyaların maddi-texniki bazasının möhkəmləndirilməsi və onların müasir avadanlıqlarla təmin edilməsi işləri donor təşkilatların hesabına da həyata keçirilir. Belə ki, Sabirabad, Göygöl zona baytarlıq laboratoriyaları Yaponiya hökumətinin dəstəyi ilə yenidən qurulmuş və müvafiq avadanlıqlarla təmin edilmişdir. Həmçinin ABŞ Müdafiə Departamenti və Azərbaycan Respublikası Nazirlər Kabineti arasında bağlanmış "Bioloji Təhlükənin Azaldılması Proqramı" çərçivəsində Respublika Baytarlıq Laboratoriyasının, Salyan, Qax, Şamaxı, Göygöl, Beyləqan, Tovuz, Qəbələ və Lənkəran zona baytarlıq laboratoriyalarının yenidən qurulması və müasir avadanlıqlarla təmin olunması nəzərdə tutulmuşdur.

Yaxın gələcəkdə heyvan mənşəli ərzaq məhsullarında antibiotiklərin, hormonların, ağır metal duzlarının, radioaktiv maddələrin qalıqlarının, həmçinin genomotifikasiya məhsullarının müəyyən edilməsi məqsədilə beynəlxalq standartlara cavab verən müasir laboratoriyanın yaradılması nəzərdə tutulmuşdur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin müvafiq qrafikinə əsasən Respublika Baytarlıq Laboratoriyasında zona baytarlıq laboratoriyalarının seroloq, bakterioloq, virusoloq və  toksikoloqları, zona baytarlıq laboratoriyalarında isə diaqnostik kabinetlərin mütəxəssisləri ilə seminarlar aparılır.

BMT-nin "Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı" (FAO), Dünya Bankı yerli mütəxəssislərimizlə quş qripi və dabaq xəstəliklərinin diaqnostikası mövzularında, ABŞ Müdafiə Departamenti isə "Bioloji Təhlükənin Azaldılması Proqramı" çərçivəsində müxtəlif mövzularda treninq və seminarlar keçirirlər. Bütün bunlar baytar mütəxəssislərinin ərzaq təhlükəsizliyi sahəsində bilik səviyyələrinin artırılmasına xidmət edir.

Müasir tələblərə cavab verən sahə baytarlıq məntəqələrinin yaradılması və onların avadanlıqlarla təmin edilməsi sahəsində də xeyli irəliləyişlər əldə olunmuşdur. Belə ki, bu işlərə 2008-ci ildə başlanmaqla 31 rayonun hər birində 1 ədəd sahə baytarlıq məntəqəsinin tikintisi başa çatdırılmışdır. Gələcəkdə mövcud sahə baytarlıq məntəqələrinin tikintisi Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli fərmanı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuşdur.

Heyvanların təhlükəli xəstəliklərdən qorunması və epizootiya əleyhinə  mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə bu sahənin tam əhatə olunması üçün dövlət büdcəsindən ayrılan vəsait hesabına, həmçinin daxili imkanlar səfərbər edilməklə xəstəliklərə qarşı mütəmadi olaraq mübarizə tədbirləri aparılır. Ölkə ərazisinin epizootik durumunun sabitliyi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin daimi nəzarəti altında saxlanılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin beynəlxalq qurumlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində də atılan addımları müsbətyönümlü işlərdən hesab edə bilərik. Bu da onu göstərir ki, əhalinin ərzaq təhlükəsizliyinin təminatı baytarlıq xidmətinin müasir tələblərə cavab verməsindən çox asılıdır.

Qəbul edilən bütün dövlət qərarları və proqramları bir daha təsdiqləyir ki, Azərbaycan dövlətinin əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və təhlükəsiz həyat tərzinə, əhalinin qəbul olunmuş normalara uyğun ərzaq məhsulları ilə təchizatına və kənd təsərrüfatı məhsulları sarıdan xarici bazardan mümkün qədər az asılılığa nail olmaqdır.

 

 

Emin ŞAHBAZOV

 

Respublika.- 2010.- 4 may.- S. 5.