Əlilliyi olan insanların hüquqlarının müdafiəsində milli insan hüquqları təsisatlarının rolu

 

5 may- Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Günüdür

 

Əlilliyi doğuran səbəblərin aradan qaldırması, bu qəbildən olan insanların hüquqlarının müdafiəsi, reabilitasiyası, onlara ictimai həyatın bütün sahələrində iştirak etmək üçün bərabər imkanların yaradılması, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürmələri üçün zəruri olən tədbirlərin görülməsi demokratik dövlətləri, beynəlxalq təşkilatları, milli insan hüquqları və vətəndaş cəmiyyəti institutlarını düşündürən, narahat edən problemlər kimi daim diqqət mərkəzindədir.

Belə ki, 1993-cü ildə müxtəlif kateqoriyadan olan 500-ə yaxın əlil insan Brüsseldə Avropa Parlamentinin plenar otağında toplaşaraq ilk dəfə Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Gününü keçirmişlər. Elə həmin gün orada qəbul edilmiş qətnaməyə əsasən üzv dövlətlərə BMT Baş Məclisi tərəfindən 1993-cü il 20 dekabr tarixində qəbul olunmuş, əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalarını həyata keçirmək, bərabər hüquqlara əsaslanmış qanunvericilik qəbul etmək, əlilliyi olan insanların hüquqlarını tədqiq edərək bu sahədə məruzələr etmək və sonradan Amsterdam müqaviləsi olacaq sənədə bu əsasda ayrı-seçkiliyi qadağan edəcək maddənin salınması və s. bu kimi bir sıra tövsiyələr verilmişdir.

Beləliklə də 5 may günü bayram kimi deyil, bütün Avropa ictimaiyyətinin diqqətini əlilliyi olan insanların hüquqlarının müdafiəsinə yönəltmək məqsədi ilə hər il müxtəlif səviyyələrdə keçirilməkdədir.

Ötən dövr ərzində əlilliyi olan şəxslərin insan hüquqlarının beynəlxalq hüquqi müdafiəsi istiqamətində istər BMT, istərsə də Avropa Şurası tərəfindən bir sıra mütərəqqi tədbirlər həyata keçirilmiş, mühüm əhəmiyyətə malik olan sənədlər qəbul edilmişdir.

BMT-nin Baş Məclisi tərəfindən 2006-cı il 13 dekabr tarixində "Əlillərin hüquqları haqqında" Konvensiya (Konvensiya) və bu sənədin Fakültativ Protokolunun, Avropa Şurasının Nümayəndələr Komitəsinin 2006-cı il 5 aprel tarixli, 961-ci iclasında isə Avropa Şurasının üzvləri üçün "Əlil insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlil şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planının qəbul edilməsi bu qəbildən olan insanların hüquqlarının müdafiəsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Yeri gəlmişkən, Müvəkkilin təşəbbüsü əsasında və təkliflərinin böyük bir hissəsi nəzərə alınmaqla, ölkə Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) 3-cü bəndində dövlətimizin insan hüquqlarının müdafiəsi sahəsində tərəfdar çıxmadığı beynəlxalq və regional konvensiyaların nəzərdən keçirilməsi, həmin sənədlərə qoşulma istiqamətində tədbirlərin görülməsi bir sıra dövlət qurumlarına həvalə edilmiş, eyni zamanda bu fəaliyyətin həyata keçirilməsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) tövsiyə edilmişdir.

Dövlətimizin əlilliyi olan şəxslərə diqqəti nəticəsində adıçəkilən Konvensiya və onun Fakültativ Protokolu Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli qanununa əsasən müvafiq bəyanatla ratifikasiya edilərək ölkəmizə münasibətdə 28 yanvar 2009-cu il tarixdən qüvvəyə minmişdir.

Sözügedən Konvensiyanın məqsədi onun 1-ci maddəsində göstərildiyi kimi, "bütün əlil insanların insan hüquqları və əsas azadlıqlarına tam və bərabər imkanlarla yararlanmalarına təkan vermək, bunu müdafiə və təmin etmək, habelə onların ləyaqətinə hörmətlə yanaşılmasını dəstəkləməkdir".

Nəzərə almaq lazımdır ki, Konvensiyanın 35-ci maddəsinə əsasən 2011-ci ilə qədər Azərbaycan hökuməti tərəfindən Əlillərin hüquqları üzrə Komitəyə (Komitə) dövlətimizin üzərinə götürdüyü Öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən tədbirlər və bu sənədin qüvvəyə minməsindən sonra iki il ərzində əldə olunan inkişaf haqqında ətraflı məruzə təqdim edilməlidir.

Konvensiyanın "Milli səviyyədə həyata keçirilmə və monitorinq" adlanan 33-cü maddəsinə əsasən iştirakçı dövlətlər milli səviyyədə öz hüquqi və inzibati sistemlərinə müvafiq olaraq bu Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün bir və ya bir neçə mexanizmlərdən ibarət strukturu dəstəkləyir, möhkəmləndirir; təyin edir və ya təsis edirlər. Bu cür mexanizmin təyin və ya təsis edilməsi zamanı insan hüquqlarının müdafiəsi və mükafatlandırılması ilə məşğul olan milli təsisatların statusuna və fəaliyyətinə aid olan Paris Prinsiplərini də nəzərə alırlar.

Paris Prinsipləri adlandırılan Milli Təsisatların Statusu ilə Bağlı Prinsiplər BMT Baş Məclisi tərəfindən 1993-cü ilin dekabrında qəbul olunmuşdur. Geniş və ümumi formada yazılmış Paris Prinsipləri bütün növ MİHT-lərə münasibətdə tətbiq oluna bilər. MİHT-lərin milli səviyyədə beynəlxalq insan hüquqları hüququnun həyata keçirilməsində oynaya biləcəyi vacib rolu təsdiq olunur. Paris Prinsiplərində təklif olunur ki, MİHT-lər digər məqsədlər arasında, milli qanunvericiliyin beynəlxalq insan hüquqları normalarına uyğunlaşdırılması üçün işləməli, beynəlxalq insan hüquqları sazişlərinin ratifikasiyasını dəstəkləməli, insan hüquqları sahəsində təhsilə yardım etməli, insan hüquqları məsələləri üzrə araşdırmalar aparmalı, insan hüquqlarının təşviqi və müdafiəsi ilə əlaqədar məsələlər üzrə müvafiq dövlət orqanlarına məruzələr və ya tövsiyələr təqdim etməli, habelə milli, regional və beynəlxalq səviyyədə insan hüquqları fəaliyyətinə cəlb olunan digər subyektlər ilə əməkdaşlıq etməlidirlər.

Paris Prinsiplərinə uyğun fəaliyyət göstərən dünyanın bütün akkreditə olunmuş MİHT-ləri İnsan Hüquqlarının Təşviqi və müdafiəsi üzrə Milli insan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsini (BƏK) semişlər..

BƏK-in ən vacib vəzifələrindən biri onun Akkreditə üzrə Alt komitəsi tərəfindən yerinə yetirilir. MİHT-lərin BƏK tərəfindən akkreditə olunması o deməkdir ki, onların mandatı və fəaliyyəti Paris Prinsiplərinə uyğun olmalıdır. Akkreditə üçün müraciət edən əhəmiyyətli sayda MİHT-lər Alt komitə tərəfindən nəzərdən keçirilir və nəticədən asılı olaraq MİHT-lərə ən yüksək "A" statusu və ya müvafiq olaraq "B" statusu verilir.

Yeri gəlmişkən, 2006-ci ildə ölkəmizin Ombudsman təsisatı BƏK tərəfindən Avropanın 10 nüfuzlu ombudsman institutları sırasında "A" statusu ilə akkreditasiya olunmuşdur. Ombudsman Aparatının MİHT kimi, fəaliyyətinin Paris Prinsipləri ilə tam uyğunluqla aparıldığının göstəricisi olan bu yüksək status Azərbaycan Respublikasının Ombudsmanına başqa səlahiyyətləri ilə yanaşı, BMT-nin saziş qurumlarına, eləcə də insan Hüquqları Şurasının (İHŞ) və BƏK-in işində bilavasitə iştirak etmək, həmin qurumlara hökumət tərəfindən təqdim olunan hesabatların hazırlanması işində iştirak etmək, bu hesabatlarla bağlı öz rəyini bildirmək, alternativ hesabatlar hazırlamaq və insan hüquqları sahəsində dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələrin monitorinqini həyata keçirmək səlahiyyətləri verir. Bu hüquqdan istifadə edərək, Ombudsman adı çəkilən təşkilatlarla daim sıx əlaqə saxlayır və onların tədbirlərində fəal iştirak edir.

İştirakçı dövlətlər inzibati və hüquqi sistemlərindən asılı olaraq Konvensiyanın 33-cü maddəsində nəzərdə tutulmuş funksiyanın həyata keçirilməsi üçün məsul olan yeni müstəqil dövlət qurumları da yarada bilərlər. Lakin hazırda insan hüquqlarının müdafiəsi məsələləri ilə məşğul olan mütəxəssislər arasında mövcud olan əsas fikir, dünyanı bürümüş indiki qlobal maliyyə böhranı şəraitində yeni bir müstəqil təsisatın yaradılmasına ehtiyacın olmamasından ibarətdir.

Qeyd etmək istərdik ki, BMT-nin nüfuzlu strukturlarından biri olan Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkəmizin Prezidentinə ünvanlanmış 2008-ci il 12 dekabr tarixli müraciətdə "Əlillərin hüquqları haqqında" Konvensiyanın yerli və mərkəzi səviyyədə müxtəlif dövlət qurumları arasında əlaqələndirməni təmin etmək məqsədilə hökumətdə əlaqələndirici şəxsin təyin olunması və əlaqələndirmə mexanizminin yaradılması (maddə 33.1), Konvensiyanın həyata keçirilməsinin təşviqi və monitorinqi (maddə 33.2) məqsədilə Ombudsman Aparatında müvafiq bazanın yaradılması üçün adekvat tədbirlərin görülməsi təklif edilmiş və UNİCEF-in bu istiqamətdə hökumətimizə dəstək vermək niyyətində olduğu ifadə edilmişdir.

Heç də təsadüfi deyildir ki, ölkədə fəaliyyət göstərən bir sıra qeyri-hökumət əlil təşkilatını öz ətrafında birləşdirən Azərbaycan Əlil Təşkilatları İttifaqı da ölkə Prezidentinə ünvanladığı müraciətində Ombudsman təsisatı fəaliyyətinin bütövlükdə Paris Prinsiplərinə tam cavab verən bir səviyyədə olduğunu qeyd edərək, müstəqil milli monitorinq mexanizmi funksiyalarını yerinə yetirən məsul təsisat qismində məhz bu qurumun müəyyən edilməsini və nəzarət prosesində vətəndaş cəmiyyəti institutlarinın fəal iştirakının təmin edilməsini təklif etmişdir.

Müvəkkil də öz növbəsində ölkəmizin hazırkı hüquqi və inzibati sistemini, habelə "Əlillərin hüquqları haqqında" Konvensiyanı ratifikasiya etmiş ölkələrin təcrübəsini nəzərdən keçirərək hesab edir ki, həqiqətən də Konvensiyanın müstəqil milli monitorinq mexanizmi funksiyalarmın statusuna görə müstəqil, insan hüquqlarının müdafiəsi sahəsində kifayət qədər səlahiyyətlərə və təcrübəyə malik olan mövcud milli insan hüquqları təsisatına həvalə edilməsi, bu fəaliyyətdə vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi əhəmiyyətlidir və bu mexanizmin yaradılması olduqca səmərəli nəticələr verəcəkdir.

Ölkə Prezidentinin BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 724-IIIQD nömrəli Qanunu ilə təsdiq edilmiş Fakültativ Protokolunun icrasını təmin etmək məqsədi ilə imzaladığı 2009-cu il 13 yanvar tarixli sərəncamına əsasən həmin protokolda nəzərdə tutulmuş milli preventiv mexanizmin (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Ombudsman müəyyən edilmişdir. Hazırda Ombudsman təsisatı MPM funksiyasını uğurla yerinə yetirməkdədir.

Eyni zamanda qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbərinin müvafiq sərəncamı əsasında əhalinin müxtəlif qruplarının, o cümlədən əlilliyi olan insanların hüquqlarının müdafiəsinə və maarifləndirilməsinə yönəlmiş tədbirlərin də əks olunduğu MFP-nın həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları və QHT nümayəndələrindən ibarət tərkibdə yaradılmış İşci qrupunun fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi Ombudsmana tövsiyə edilmişdir.

Fəaliyyəti dövründə əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə bağlı məsələləri həmişə diqqət mərkəzində saxlayan Müvəkkil, hələ 2005-ci il tarixli sərəncamı ilə əhalinin müxtəlif kateqoriyalarının hüquq və azadlıqlarının müdafiəsi işinin əlaqələndirilməsinin təmin edilməsi məqsədilə, Ombudsman yanında fəaliyyət göstərən və Aparatın əməkdaşları sırasından ixtisaslaşdırılmış müşavirlər təyin etmişdir. Mütəmadi olaraq müvafiq sahələr üzrə milli qanunvericilik və beynəlxalq-hüquqi aktların, bu sahədə ölkədəki vəziyyətin təhlil edilməsi, ayrı-ayrı istiqamətlər üzrə təkliflər və tədbirlər planının hazırlanması ixtisaslaşdırılmış müşavirlərə bir vəzifə olaraq tapşırılmışdır. İnsan hüquqlarının müdafiəsinin ayrı-ayrı sahələri, o cümlədən əlillərin hüquqları üzrə ixtisaslaşdırılmış müşavirin təyin edilməsi əhalinin müxtəlif qruplarının hüquqlarının qorunması və ümumiyyətlə, bu sahədə mövcud vəziyyətin təhlil edilərək öyrənilməsinə zəmin yaratmışdır.

"Əlillərin hüquqları haqqında" BMT Konvensiyasında təsbit olunmuş müddəalar nəzərə alınmaqla yeni dövlət proqamının hazırlanması, əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı tibbi sosial ekspert komissiyalarında vətəndaşlara qarşı yol verilən neqativ halların aradan qaldırılması ilə əlaqədar zəruri tədbirlərin görülməsi, dayaq-hərəkət sistemi pozulmuş və buna görə də araba ilə hərəkət etmək məcburiyyətində olan əlillərin sərbəst hərəkət etməsi üçün küçələrdə, yolüstü və yolaltı keçidlərdə pandusların qurulması, ictimai nəqliyyat parkının yeniləşdirilməsi zamanı müasir beynəlxalq standartlara cavab verən, hərəkəti məhdud olan insanlar üçün də münasib şəraitə malik, xüsusi vasitələrlə təchiz olunmuş avtobusların və taksilərin alınması, araba ilə hərəkət edən əlillər üçün münasib hündürlükdə telefon avtomatlarının quraşdırılması və bütün rabitə müəssisələrinin yerləşdiyi binaların giriş hissəsində pandusların qurulması, istər paytaxtda, istərsə də respublikanın regionlarında nəqliyyat vasitələrinin hərəkət intensivliyi yüksək olan küçə və prospektlərində gözdən əlillər üçün səsli işıqforların və əlavə yol nişanlarının quraşdırılması, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların problemləri üzrə Vahid Məlumat Bazasının yaradılması, həmçinin əlillərin hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra digər tədbirlərin həyata keçirilməsinin zəruriliyini ehtiva edən təkliflər bu qəbildəndir.

Müvəkkil ölkədə əlillərin hüquqlarının müdafiəsi işinin daha da təkmilləşdirilməsinə, bu sahədə fəaliyyət göstərən dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlar arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə, dövlətin və cəmiyyətin diqqətini bu qəbildən olan insanların problemlərinin həllinə cəlb etməklə onların konstitusion hüquqlarının daha səmərəli təmininə nail olmaq imkanlarının birgə müzakirə edilməsinə yönəlmiş digər tədbirlərin də keçirilməsinə böyük önəm vermişdir.

Bu günlərdə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 5 May - Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş "Əlillərin hüquqlarının müdafiəsində əlaqələndirmə və monitorinq mexanizmlərinin rolu" mövzusunda "Dəyirmi masa" keçirildi. Həmin tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi vəzifəsini icra edən Mark Herevardın, BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının və İctimai informasiya Departamentinin ölkəmizdəki təmsilçiləri, ATƏT-in Bakı Ofisinin şöbə müdiri, həmçinin dövlət orqanları və qeyri-hökumət təşkilatlarının, KİV-in nümayəndələrinin iştirak etdiyi həmin tədbirdə bir sıra səmərəli təkliflər irəli sürmüşdür.

Ombudsmanın fəaliyyəti ölkəmizin qeyri-hökumət təşkilatları, xüsusilə də əlilliyi olan insanların birləşdikləri ictimai birliklər tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, Əlil Təşkilatları İttifaqı İdarə Heyətinin qərarına əsasən əlillərin cəmiyyətə inteqrasiyasına, hüquqlarının qorunmasına və təşkilatlanmasına göstərdiyi fəal dəstəyə görə ölkə Ombudsmanı bu qurumun fəxri fərmani ilə təltif edilmişdir.

 

 

Müqalib MAHMUDOV

 

Respublika.- 2010.- 5 may.- S. 6.