Fenomen şəxsiyyət

 

Mən fenomen şəxsiyyət, müasir Azərbaycanın memarı, ulu rəhbərimiz Heydər Əliyev haqqında düşüncə və xatirələrimi yazmaq istəyirəm.

Belə bir dahi rəhbər haqqında söz demək və yazmaq doğrudan da çox çətin və məsuliyyətlidir. Belə bir dahi, zəmanəmizin nəhəng strateji insan haqqında danışmaq və fikir söyləmək, aydınlıq gətirmək asan deyil. Biz gərək ulu öndərin ömür kitabını vərəqləyib, onun gördüyü hər bir işi göz qabağına gətirməliyik.

Ulu öndər cismən indi aramızda olmasa da, mənən bizimlədir. Çünki onun sevgisi balaca uşağın da, cavanın da, qocanın da qəlbindədir, onun böyüklüyü həm bu ümumxalq sevgisində, həm də Azərbaycana zəngin bir irs kimi qoyub getdiyi strateji kursu onun layiqli davamçısı, bacarıqlı, müdrik ölkə rəhbəri Prezidentimiz İlham Əliyevin həyata keçirməsi nəticəsində ölkəmizin dünyada ən inkişaf edən və islahatçı ölkələr kimi öndə olmasında çox aydın görünür.

Heydər Əliyev öz xalqı üçün çalışıb, onun xoş günləri üçürı ömrünün silinməz səhifələrini sərf edib. Rahatlıq bilməyib, xalqının xoşbəxtliyi üçün əlindən gələni edib. Bizə həyat məktəbi və örnək olub. Biz onun dövlətimiz, xalqımız üçün etdiklərini hər an qəlbimizdə yaşatmalı və gələcək nəslə çatdarmalıyıq. Fenomen insanlar bəşəriyyətin idrak məkanında uca dağlardır. Bu silsilə dağlar içində yalnız zirvəli dağlar ad qazanır. Məncə, Heydər Əliyev təfəkkürü, müasir tariximizdə Azərbaycan xalqına məxsus milli və bəşəri şüur zirvəsidir. Bizim zirvəmiz böyük əlçatmaz, möhkəm yanan məşəl kimi parlaqdır. Əbədi mayak kimi gələcəyə yol göstərən bu nuru görüb dalınca getmək, ondan güc almaq vəzifəmizdir. Bu nur bizə güc verir, işıqlı sabaha yol göstərir.

Gələcək üçün yaşamaq! Bu xüsusiyyətlər ulu öndərdə var idi. Onun üzünə açılan qapılar bizi xeyirli sabahlara aparıb, bizə əmin-amanlıq verib. Biz bu günü unutmamalıyıq, ona qiymət verib ucaltmalıyıq. Əlimizdə tutduğumuz bayraq kimi.

Bəzən insan dünyasını dəyişəndə qəlblərdən də silinir. Amma ulu öndər əbədi silinməz təfəkkür qalası olub. Sanki başımızın üstündə səma, əlini bizə uzadan bulud, kömək edən, xeyir-bərəkət gətirən yağış olub. Xalqımız onun varlığıyla öyünüb, ondan dəstək, kömək istəyib. Biz onun ruhu qarşısında baş əyirik. Atalıq, babalıq, dostluq edib bizi cığırdan işıqlı gələcəyə aparan geniş inkişaf yoluna çıxardığına görə. Mən sizə onun haqqında yazdığım bir sözü demək istəyirəm : "Günəş özüdür, ay fikirdir, ulduzlar da xalqı".

Bu üç kəlmədə gör nə qədər məntiq var. Günəş kimi həyat verir, ay nur saçır, xalq isə onun dühasından güc alır, bəşər aləmində ulduzlar kimi bərq vurur. Bundan gözəl nə ola bilər. Onun bizə qoyub getdiyi hər bir kəlmədə dərin məntiq, dolğun məna, geniş həyat mövzusu var.

Ulu öndərin adı nəinki bizim respublikada, bütün dünyada çox böyük hörmət və izzətlə çəkilir, sevilir, irsi öyrənilir. Bu, bizim alınmaz qalamızdır, sönməz atəşimiz və parlayan günəşimizdir. Həzrət Əli (ə) "Gücsüz insan bir çay daşıdır. Güclü insan əzəmətli dağın vüqarıdır" deyib. Mən də onu əzəmətli dağın vüqarına bənzədirəm. Belə vüqarlı dağa baxıb fəxr edirəm, onun böyüklüyünə və əlçatmaz olduğuna görə. Bu əzəmət, vüqar, böyüklük həm də mənim xalqıma məxsusdur. Çünki Heydər Əliyev həm də xalqımızın bəşəriyyətin nadir şəxsiyyətlər tarixinə bəxş etdiyi nəhəng dühalardandır.

Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürklə adı yanaşı çəkildikcə sevinirəm. Heydər Əliyevin 2 dövlətin bir millətin atası olduğu üçün özümə şərəf, fəxr bilirəm. Azərbaycana müstəqillik qazandırdığına, onu qoruduğuna milli dövlətçiliyini möhkəmləndirdiyinə, inkişaf yolunu müəyyənləşdirdiyinə görə bu nəinki onun xalqına, həm də türk elinə göstərdiyi bir xidmətdir. Ulu öndər özünü həmişə Vətən qarşısında əsgər sayıb. Bunu bizim xoşbəxt gələcəyimiz üçün edib. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri buna nümunə ola bilər. Bu, Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi üçün həyata keçirdiyi ən mühüm strateji layihədir.

Ulu öndərin hər bir ideyası, həyata keçirmək üçün nəzərdə tutduğu sosial-iqtisadi layihələr Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb. Bunun üçün də biz onun layiqli, bacarıqlı davamçısı, respublikanın Prezidenti İlham Əliyevə dəstək olub bütün sahələrdə ona kömək etməliyik, xalqın içindən çıxan bir nümayəndə kimi. Ona kömək etmək hər bir vətəndaşın borcudur.

Hazırda dövlət başçısı ölkə regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının həyata keçirilməsi üçün var-qüvvəsilə çalışır. Azərbaycanın hər birguşəsində nəhəng layihələr həyata keçirilir. 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı çox böyük uğurla icra edilib. Qlobal böhrana baxmayaraq II Dövlət Proqramı da müvəffəqiyyətlə yerinə yetirilir. Sevindirici haldır ki, iqtisadi, siyasi və sosial proqram və layihələr paralel surətdə həyata keçirilir. Bir sözlə, ulu öndər Heydər Əliyevin strateji kursunu çox böyük uğurla həyata keçirən ilham Əliyevin rəhbərliyilə Azərbaycan daim inkişaf edir və güclənir.

 

 

Xatira TƏRLANI

 

Respublika.- 2010.- 8 may.- S. 8.