Ömrünü xalqına həsr edən dahi insan

 

"Azərbaycan dünyaya günəş kimi doğacaq"-bu məşhur kəlamın müəllifi görkəmli siyasətçi və mahir diplomat, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün ömrünü və fəaliyyətini ölkəmizin azadlığına, inkişafına və dünyanın demokratik dövlətləri sırasına çıxmasınə sərf etmişdir. Ümummili liderimizin keçdiyi çətin, məsuliyyətli, kəşməkeşli və şərəfli yolun hər bir mərhələsi böyük bir həyat məktəbidir.

Ötən əsrin 60-cı illərində Azərbaycan keçmiş ittifaqı geridə qalmış aqrar respublikalarından biri idi Milli dəyərlərimizə ögey münasibət bəslənirdi. Yalnız 1969-cu ildə ulu öndər Heydər Əliyev ölkəyə rəhbər təyin olunandan sonra aşınmaya məruz qalmış milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, dilimiz, bir sözlə xalqımızın mənsub olduğu özünəxas xarakterik xüsusiyyətlər bərpa edildi. O zamandan etibarən müdrik rəhbərimiz Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan bütün sahələrdə inkişaf yoluna çıxdı. On beş mütəffiq respublika arasında sonuncu yerlərdən birini tutan Azərbaycan sürətlə tərəqqi edərək öncül yerə yüksəldi. Orta və yaşlı nəsillər yaxşı bilirlər ki, o zaman ölkə rəhbəri olan Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, məsuliyyətini sovet imperiyasının hüdudlarından çox-çox uzaqlarda təbliğ etməyi bacardı. O dövrdə məhz Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində dünya ölkələri Azərbaycanı tanıdı, xalqlarda ölkəmiz barədə dolğun təsəvvür yarandı. Digər tərəfdən inkişaf edən ölkəmiz iqtisadi asılılıqdan xilas oldu. Qeyd etmək lazımdır ki, həyata keçirilən tədbirlərin, görülən işlərin hər biri gələcəkdə Azərbaycanın müsətəqilliyinə hesablanmış uzaqgörən siyasəti idi.

Təssüf ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda dövlət başına gələn naşı və səriştəsiz rəhbərlər müsətəqilliyi möhkəmləndirməyə nail ola bilmədilər, əksinə, dövləti zəiflədib, torpaqlarımızın erməni quldurları tərəfindən işğalına şərait yaratdılar. Xaos və özbaşınalıq hökm sürən ölkədə cinayətkarlıq baş alıb gedir, dövlət orqanları iflic vəziyyətə düşürdü. Qanunsuz hərbi birləşmələr at oynadır, torpaqların müdafiəsini taleyin ümidinə buraxır. Heç kəsin qarşısında məsuliyyət daşımırdılar. Hüquq-mühafizə orqanları ictimai asayişi təmin etmək iqtidarında deyildilər. iş o yerə çatmışdı ki, dövlət müsətəqilliyi itirmək təhlükəsi ilə üzbəüz qalmışdı.

Daxili sabitliyin olmaması, heç bir məntiqə əsaslanmayan xarici siyasətin iflasa uğraması, erməni işğalının sürətlə genişlənməsi, insanların güzəranının getdikcə pisləşməsi xalqın səbrini son həddə çatdırdı. Xalq ayağa qalxaraq öz böyük oğlunu — Heydər Əliyevi tələb etdi. Xalqının təkidli tələbini, səsini, çağırışını qəbul edən müdrik rəhbər 1993-cü ilin iyununda Bakıya gəldi. Ulu öndər Heydər Əliyev qısa müddətdə Qarabağ müharibəsində atəşkəsə nail oldu, daxili sabitlik yaratdı.

Zəngin dövlətçilik təcrübəsinə malik ulu öndər Azərbaycanın sürətli, hərtərəfli və uzunmüddətli inkişafını təmin edən iqtisadi və siyasi kursu müəyyənləşdirərək həyata keçirməyə başladı. Cəmiyyətin bütün sahələrində sürətli islahatlar aparıldı, nizami ordu yaradıldı, vətəndaş cəmiyyəti bərqərar edildi. 1994-cü ildə "Əsrin müqaviləsi"— neft kontraktları imzalandı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası ümumxalq referendumundan sonra qəbul olundu. Azərbaycan beynəlxalq konvensiyalara qoşularaq Şərqdə ölüm cəzasını qadağan edən ilk ölkə oldu.

Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində bu gün Azərbaycanın valyuta ehtiyatları artıb, iqtisadiyyatımız qüdrətdlənib, əhalinin maddi rifahı günbəgün daha da yaxşılaşır, ordumuz güclənir, regionun ən nüfuzlu dövləti kimi tanınırıq.

Dövlətçiliyin möhkəmlənməsi, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, ölkənin ərazi bütövlüyünün təmin olunması sahəsində atılmış siyasi-diplomatik addımlar, Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişaf etdirilməsi, ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılması, dünyanın ən mötebər beynəlxalq təşkilatlarına üzv olması—bütün bunlar unudulmaz rəhbərimiz Heydər Əliyevin Azərbaycan xalqının qarşısında əvəzsiz və cahanşümul xidmətləridir.

Bu gün Azərbaycan xalqı və dövlətmizin böyük Heydər Əliyevin işıqlı ideyalarının həyata keçirilməsi uğurunda mübarizə aparır. Bu böyük şəxsiyyət öz əməlləri ilə xalqımızın qəlbində və tarixində özünə möhtəşəm bir abidə ucaltmış, bizə xalqa xidmət etmək, vətəni sevmək, onu qorumaq, şərəfli həyat yolları keçmək nümunələri göstərmişdir.

Biz azad, müstəqil və demokratik Azərbaycanı qurduğu üçün ulu öndər Heydər Əliyevin ruhu qarşısında baş əyir, dərin minnətdarlıq hissi ilə yad edirik.

Azərbaycan xalqı Azərbaycan Prezidenti cənab llham Əliyevin rəhbərliyi ilə ulu öndərimizin ideyalarını uğurla həyata keçirir.

 

 

Möhabbət BƏDƏLOV

 

Respublika.- 2010.- 9 may.- S. 9.