Unudulmaz mütəfəkkir, ictimai xadim

 

Yusif İman oğlu Rüstəmov 1932-ci il dekabrın 29-da Azərbaycanın dilbər guşələrindən birində—Qazax şəhərində dünyaya göz açmışdır.

Yusif İman oğlu ailənin üçüncü övladı idi. Ümumiyyətlə isə İman kişinin altı övladı (üç oğlu, üç qızı) olub. Filosofun atası Rüstəmov İman Əhməd oğlu ibtidai təhsilə malik olsa da rus, ərəb və fars dillərində mütaliə (əsasən qəzetləri) etmək qabiliyyətinə malik olub. Aşıq Ələsgər yaradıcılığını, M.Ə.Sabir satiralarını dərindən mənimsəyib. Həyatda son dərəcə ciddi və tələbkar olan İman kişi el-oba arasında maarifpərvər bir insan kimi daim sayılıb-seçilib. Yusif müəllimin anası Səlimə yazı-pozu bilməyən sadə bir qadın olsa da övladlarının tərbiyəsinə ciddi yanaşıb. Yusif müəllimin dediyinə görə o, anasından çoxlu nağıllar və bayatılar eşidib. Səlimə ana Azərbaycan şifahi xalq ədəbiyyatını gözəl bilirmiş. Ailənin bütün övladları ali təhsil almışlar.

Yusif müəllimin ailədə aldığı mükəmməl tərbiyə, yüksək səviyyədə yiyələndiyi orta təhsil onu 1949-cu ildə Bakıya — Azərbaycan Dövlət Universitetinə gətirmişdir. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsini fəlsəfə ixtisası üzrə bitirmişdir.

Universiteti fəlsəfə ixtisası üzrə bitirməsinə baxmayaraq, Yusif müəllim təyinatla 1954-cü ildə Saatlı rayonuna orta məktəb müəllimi göndərilmişdir. O, Saatlı rayonunun Krasnoselski kənd orta məktəbində tarix fənnini tədris etmişdir.

Y.Rüstəmov Krasnoselski kənd orta məktəbində 1961-ci ilədək fəaliyyət göstərmişdir. O bu müddət ərzində həmin məktəbdə əvvəlcə tədris hissə müdiri, daha sonra isə direktor vəzifələrində çalışmışdır.

Y.Rüstəmov 1961-ci ildə Moskvada keçmiş SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına daxil olur. Oranı 1964-cü ildə bitirir və 1965-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini alır.

Bundan sonra Y.Rüstəmov (1964-cü ildən 1974-cü ilədək) Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda çalışmışdır.

Y.Rüstəmov 1973-cü ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini, 1977-ci ildə isə professor elmi rütbəsini almışdır.

Y.Rüstəmov 1974-2003-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (hazırda Bakı Slavyan Universiteti) kafedra müdiri vəzifəsində çalışmışdır. Eyni zamanda da 2000-2003-cü illərdə özəl əsaslarla fəaliyyət göstərən Azərbaycan Universitetinin prorektoru vəzifəsində fəaliyyət göstərmişdir.

Professor Y.Rüstəmov 2003-cü ilin fevral ayında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru təyin edilmişdir.

Yusif müəllimin istər fəlsəfə və hüquq, istərsə də sosial-siyasi elm sahələrində əldə etdiyi elmi nəticələr öz məna və məzmunu etibarilə elmi kamillik qüdrətinə xidmət edən mötəbər nəticələrdir.

Elmin üç böyük və mühüm sahəsində öz təfəkkürünü, bacarıq və qabiliyyətini sınamış Yusif müəllim buna bütün səyini və varlığını sərf etmişdir. O, siyasi və hüquqi təlimlər tarixinin problemlərinin tədqiqinə keçən əsrin 90-cı illərindən başlamışdır. Lakin bu qısa müddət ərzində etdikləri əsasında elə təsəvvür yaranır ki, Yusif müəllim buna ömrünün yarısını həsr etmişdir. Görkəmli alimin sosial-siyasi və hüquqi tədqiqatları Azərbaycanın bütün alim-hüquqşünasları üçün əsl örnəkdir.

Y.Rüstəmovun elmi yaradıcılığı, onun əldə etdiyi elmi nailiyyətlər xalqımızın sərvətidir. Alim ölkəmizin fəlsəfə elminin leytmotivini müəyyən edən, onun inkişafı yolunda fasiləsiz çalışan və fəlsəfə ilə yanaşı müasir sosial-siyasi və hüquqi məsələləri yeni müstəvi üzərinə çıxarmağa bütün varlığı ilə səy göstərən görkəmli nəzəriyyəçi alim olmuşdur.

Professor Y.İ.Rüstəmov Azərbaycan fəlsəfəsinin, fəlsəfə elminin inkişafinda və zənginləşməsində xüsusi çəkisi olan alim, tanınmış ictimai xadimi kimi elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Onun bir-birini təkrarlamayan böyük elmi uğurları, fəlsəfə elminin tərəqqisi yolunda cəfakeşliyi, şəxsiyyətinə hopmuş elmi kamillik qüdrəti Azərbaycan fəlsəfəsinin yüksək bir səviyyədə olması barədə şəhadət vermişdir.

Fəlsəfə elmində və müasir sosial həyatın gerçəkliklərinə münasibətdə özünəməxsus mövqeyi və elmi yaradıcılıq düşüncəsi olan Y.Rüstəmovun fəlsəfədən bəhs edən bütün əsərlərində başlıca istiqamət qlobal problemlərin həllinə səy göstərməkdən və yeniliyə nail olmaqdan ibarətdir. Mütəfəkkir filosof fəlsəfənin bir sıra problemlərinin həlli prosesində əsas diqqəti elmi-empirik cəhətlərə yetirmişdir. Məhz bu nöqteyi-nəzərdən qeyd edə bilərik ki, Y.Rüstəmovun elmi-fəlsəfi yaradıcılığı fəlsəfənin əsaslarının tədqiqinə həsr edilmişdir. Böyük alim bununla yanaşı fəlsəfə tarixi məsələlərini də ətraflı və dərindən tədqiq etmişdir.

Professor Y.Rüstəmovu bir filosof kimi xarakterizə edən ən müsbət və səciyyəvi xüsusiyyətlərdən biri ondan ibarətdir ki, o, nikbin olmaqla fəlsəfənin gələcəyinə də nikbinliklə baxmışdır. Fəlsəfə elmi onun üçün tükənməz elm xəzinəsi olmuşdur. Fəlsəfənin elmi imkanları həm bu elmin özü, həm də digər elm sahələri üçün yeni-yeni perspektivlər açır.. Böyük alim fəlsəfənin gələcəyi ilə bağlı bir sıra müasir fılosofların mülahizələrini fikir süzgəcindən keçirərək, onlara öz münasibətini bildirmişdir.

Professor Y.Rüstəmovun elmi əsərləri içərisində özünəməxsus diqqətəlayiq yer tutan kitablarından biri 2005-ci ildə nəşr etdirdiyi "Türk fikir tarixi haqqında mülahizələr"dir. Kitab müəllifin müxtəlif illərdə qələmə aldığı və ayrı-ayrı kitabjurnallarda dərc olunan yazıları əsasında tərtib edilmişdir.

Y.Rüstəmov 15 il Dissertasiya Şurasının üzvü, 3 il isə həmin şuranın sədri olmuşdur. 10 il AAK-ık Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. O, fəlsəfə, politologiyasosialogiya elmləri üzrə Respublika Problem Şurasının sədri olmuşdur. Filosof eyni zamanda da bir sıra elmi şuraların üzvü idi.

Yüsif Rüstəmov 20-dən çox elmi monoqrafiyanın elmi redaktoru olmuş, onlara rəy vermişdir. O, "Fəlsəfə", "Elmi əsərlər", "Qərb-Şərq sivilizasiyalarının dialoqu" jurnallarının baş redaktoru, ölkəmizdə öz təşəbbüsü ilə təsis etdiyi Fəlsəfə Cəmiyyətinin prezidenti idi. Bundan başqa, filosof  Azərbaycan Milli Ensiklopediyasının redaksiya şurasının üzvü idi.

Y.Rüstəmovun rəhbərlik etdiyi Filosoflar Cəmiyyəti YUNESKO-nun Beynəlxalq Fəlsəfə Cəmiyyətinə üzv qəbul edilmişdir. Yusif Rüstəmov elm fədaisi olmuşdur. Ömrünü Azərbaycan elmi biliklərinin, təhsilin inkişafına, milli kadrların formalaşmasına həsr etmişdir. Yusif Rüstəmov onu tanıyanların və elmi irsinə bələd olanların qəlbində həmişə yaşayacaqdır.

 

 

S.RƏHİMOĞLU

 

Respublika.- 2010.- 1 oktyabr.- S. 6.