QHT-lərin əməkdaşlığı genişlənir

 

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi bu sahədə nümunə göstərir

 

Ölkədə vətəndaş cəmiyyəti quruculuğu və inkişafının aparıcı qüvvələrindən biri Qeyri-Hökumət təşkilatlarıdır. Azərbaycanda müxtəlif sahələr üzrə QHT-lər fəaliyyət göstərir. Bu gün dövlətimizin siyasətində QHT-lərə lazımı yer ayrılıb ki, onlar öz imkan və bacarıqlarını vətəndaş cəmiyyətinin quruculuq və inkişafına yönəltsinlər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranması elə məhz dövlətimizin başçısının QHT-lərin inkişafına diqqəti və qayğısının təzahürüdür.

Uğurlu fəaliyyət göstərən təşkilatlardan biri də "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyidir ("VSRN" İB). Xalqını sevən, ona xidmət göstərməyi hər şeydən üstün tutmağı bacaran təşkilatın sədri İradə Rizazadə ilə həmsöhbət olduq. O, bizə rəhbərlik etdiyi təşkilat haqda məlumat verdi, fəaliyyəti və keçirdikləri layihələr barədə ətraflı danışdı və bildirdi ki, QHT fəaliyyətində uğurlu nəticələr əldə etmək istəyirsə, onun rəhbərliyi öz işini dərindən sevməli, qoyduğu məqsədə çatmağı bacarmalıdır, ürəyi böyük olmalı, münasibətləri qurmağı bacarmalı, şəffaflığı qorumalı və ən əsas amil-işini Dövlət qurumları, Beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq əsasında qurmalıdır.

Təşkilatımızın 5 şöbəsi və 1235 üzvü olmaqla fəaliyyətimiz Bakı və Xızı şəhərlərində, Bərdə, Tərtər və Balakən rayonlarında vardır.

Əsas fəaliyyətimizi 2 istiqamətin inkişafına yönəltmişik. Bunlar əhalinin sosial durumunun yaxşılaşdırılması və Azərbaycan tarixi həqiqətlərinin təbliği və dünya ictimaiyyətinə çatdırılmasıdır.

Dövlətimizin "Yoxsulluğun azaldılması və iş yerlərinin açılması" proqramı çərçivəsində "VSRN" İB BMT QAK-ın maliyyə dəstəyi ilə 2007-ci ildə Xızı rayon Yeni Yaşma qəsəbəsində, 2008-ci ildə Bakı şəhəri Binəqədi rayonunda və 2009-cu ildə Tərtər rayonunda qaçqın və məcburi köçkün qadınlar üçün Təlim-İstehsalat Mərkəzləri açmışdır. 2007-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Xızı şəhərində "Qadın İnkişaf Mərkəzi" açmışıq. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bərdə rayon Zümürxaç kəndində qaçqın və məcburi koçkün qadınlar üçün Təlim-İstehsalat Mərkəzi açmışıq.

Yaratdığımız bu mərkəzlərdə 150 nəfər qadın və qız tikiş, toxuculuq və xalçaçılıq üzrə peşə təlimləri keçiblər. Bunlardan 85 nəfəri işlə təmin edilib, 65 nəfəri isə evlərində, yaxud yaşadığı icmalarda aldıqları peşədən bəhrələnirlər. Eyni zamanda bu mərkəzlərdə qadınlara səhiyyə üzrə, sosial hüquqlar, ailə hüquqları, maarifləndirmə treninqləri keçirilir.

2008-ci ildə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birgə BMT-nin Əhali Fondunun maliyyə dəstəyilə Azərbaycanın müxtəlif rayonlarında icma görüşləri və reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzularında təlimlər keçmişik.

Təşkilatımız "Həyat" Beynəlxalq Humanitar Təşkilatı ilə də əmakdaşlığını qurub. 2009-2010-cu illərdə "Həyat" BHT keçirdiyi layihələr əsasında 45 nəfər qaçqın və məcburi köçkün qıza Bakı şəhər Binəqədi rayonunda yaratdığımız Tikiş Təlim-İstehsalat və Buta Gözəllik mərkəzlərində peşə təlimləri keçmişik. Uğurla təlimləri bitirən qızlara "Həyat" BHT peşələri üzrə avadanlıq hədiyyə etmişdir. Hazırda həmin qızlar yaşadığı ərazidə, evlərində aldığı peşələr üzrə işlər qururlar.

Cari ilin may ayının 24-də Bakıda keçirilən "Gender bərabərliyi: Deyure və defakto gender bərabərliyi arasındakı fərqin aradan qaldırılması" mövzusunda keçirilən konfransda BMT Baş Katibinin müavini, Avropa Şurasının müavini iştirak etmişdir. BMT baş katibinin müavini Asha Roze Migiro və Avropa Şurasının müavini, Azərbaycan Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov, BMT QAK-ın Azərbaycandakı nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri təşkilatımızın Bakı şəhəri Binəqədi rayonunda yaratdığı qaçqın və məcburi köçkün qadınlar üçün Təlim-İstehsalat Mərkəzində olmuşdular. Xanım Asha Roze Migiro mərkəzdə təlim keçən qızlarla və işləyən qadınlarla tanış oldu və qeyd etdi ki, hazırda işsiz olan qadınlar üçün yaratdığınız mərkəzlərin böyük əhəmiyyəti var. Onlar peşələrə yiyələndikdən sonra işləyirlər və ailələrinin sosial durumlarını yaxşılaşdıra bilirlər. Xanım Asha Roze Migiro təşkilatımızın fəaliyyətində uğurlar arzu etdi.

Yuxarıda qeyd etmişdim ki, təşkilatımız Azərbaycan tarixi həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra işlər aparıb. 2007-ci ildə "İrəvan—torpağım, taleyim, tarixim mənim" adlı fotosərgi keçirmişdir. Sərgi İçərişəhərdə bədii sərgi salonunda nümayiş etdirilmişdir. Sərgi Azərbaycan ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəs-təyi ilə təşkilatımız Muzey Mərkəzində "Qədim İrəvan xanlığının tarixi abidələri və mədəni irsi" adlı fotosərgi keçirmişdir.

Həmin sərginin açılışında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Əli Həsənov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, səfirlər və bir sıra dövlət qurumları nümayəndələri iştirak etmişdilər. Bu sərgilərin nəticəsində biz İrəvan xanlığının törəmələrini aşkar etdik və onlardan tarixi şəkillər əldə etdik. Sərgidə 200 fotoşəkil nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "İrəvan: danışır canlı şahidlər" adlı sənədli film çəkilib. Bu film tarixi-xroniki faktlara, sənədlərə, canlı şahidlərin söhbətlərinə əsaslanır. Yaşlı nəslin elə nümayəndələri var ki, onlar uşaqlıq dövründə İrəvanda və Qərbi Azərbaycanın digər mahallarında doğulub yaşamış, sonradan isə gəlmə ermənilər tərəfindən vəhşiliyə və zorakılığa məruz qalmış, ata-baba torpaqlarından qovulmuşlar. Eyni zamanda onlar yaşadıqları şəhər və kəndlərin adları, adət-ənənələri, tarixi abidələri haqda dəqiq informasiya verirlər. Bu filmin bir neçə əcnəbi dillərə tərcümə edilməsi və dünya ictimaiyyətinə çatdırılmasını təşkilatımız qarşısına məqsəd qoymuşdur. Həmin filmin təq-dimatı İçərişəhərdə Muğam Teatrında keçirilmişdir. Həmin təqdimat televiziya kanallarında işıqlandırılmışdır. ATV İnternational kanalı isə bu məlumatı 4 dildə peyk vasitəsilə yayımlamışdır.

Qeyd etmək istəyirəm ki, layihələrimizin həyata keçirilməsində Bakı şəhəri Binəqədi rayonu, Xızı və Tərtər Şəhər icra hakimiyyətlərinin başçıları, Yeni Yaşma icra nümayəndəsi, Zümürxaç kənd bələdiyyəsi ilə görüşlər keçirmişik və layihələrimizə dəstək almışıq. Onlara boyük təşəkkürümüzü bildiririk.

Şəhər və rayonlarda bizim əhalinin yoxsulluğunun azaldılmasına və qadın problemlərinin aradan qaldırılmasına yönəlmiş layihələrimizə böyük dəstək verən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, Almaniya səfirliyinə təşkilatımız və yaratdığımız icmalar tərəfindən minnətdarlığımızı bildiririk.

Bizim təşkilatımız bir daha təsdiq edir ki, bütün QHT-lərin gələcək uğurlu fəaliyyəti üçün onlar dövlət qurumları, beynəlxalq təşkilatlar, bələdiyyələr və yerli QHT-lərlə əməkdaşlıq etməlidirlər.

 

Samir ZEYNALOV

 

Respublika.- 2010.- 1 oktyabr.- S. 6.