Ahıla hörmət et ki...

 

1 Oktyabr Beynəlxalq Ahıllar Günüdür

 

Uşaqlığın sonu qocalıq... Bəlkə də ona görə ömrün qocalıq çağını yaşayanlar uşaq kimi kövrək olurlar. Müəyyən yaş həddində əmək qabiliyyətli, normal insanlar belə, özlərini yaşı keçmiş, qoca hesab edirlər. Statistik məlumatlar da bunu göstərir. Əgər bu gün hansısa əcnəbi 95 yaşlı qarı akademiyaya qəbul olunursa, 70 yaşlı qoca alpinistlik edirsə, deməli, hər bir yaşda bu cəmiyyətin fəal üzvü ola bilərsən. Əgər insan düşünmə və əmək qabiliyyətini itirməyibsə, özünün cəmiyyətə lazım olduğunu dərk edirsə, onda bu prosesin qarşısını da almaq asanlaşar...

Kimsəsiz uşaq və yaşlıların məsələsi son iki əsrin problemlərindən biridir. İnkişaf etmiş Qərb ölkələri bu məsələni həll etməyə çalışıblar. Sovet dönəmində Azərbaycanda da həmin problem özünəməxsus şəkildə həllini tapıb. İmtina edilən balacaların və ahılla-rın internat və xüsusi evlərdə yerləşdirilməsi humanizm əlaməti kimi görünsə də, indi məsələnin həlli başqa cür qoyulur. Həmin kimsəsizlərin topluma qaytarılması, onların himayədə yaşamaq vərdişlərinin aradan qaldırılması istiqamətində addımlar atılır. Hələlik isə bu kateqoriyadan olan vətəndaşlar tam dövlət təminatında yaşamaqdadırlar.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin müdiri Azad Tağızadə ilə görüşümüz Beynəlxalq Ahıllar Günü ərəfəsinə təsadüf etmişdi. O, söhbətinə başlayarkən, ilk öncə, bu günün yaranması tarixindən danışdı və qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qərarı ilə 1988-ci ildən etibarən hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd bu kateqoriyadan olan insanların sosial-məişət problemlərini, tibbi ehtiyaclarını öyrənmək və ictimaiyyətin diqqətini onların həllinə yönəltməkdən ibarətdir. Həmin gün və bu ərəfədə ahıl vətəndaşlar üçün bayram süfrələri açılır, onlara maddi köməklik, digər sosial xidmət göstərilir.

Azad Tağızadə onu da bildirdi ki, Azərbaycan Respublikasında tək ahıl vətəndaşlara 1982-ci ildən ictimai əsaslarla sosial xidmət göstərilməyə başlanmışdır. 1984-cü ildən etibarən isə bu xidmət sosial işçilərə rəsmi qaydada əmək haqqı ödəmək şərti ilə həyata keçirilir. Bir qayda olaraq rayon, şəhər əhalinin sosial müdafiə mərkəzlərində tək ahıl vətəndaşlara 12 növ sosial xidmət göstərilir. Hazırda respublikada 14 mindən çox ahıl vardır. Onlara xidmət göstərən so-sial işçilərin sayı 1300 nəfərdir.

Tək ahıl vətəndaşlara sosial xidmətin bir növü onların internat evlərində dövlət hesabına yaşamalarıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan bu tipli müəssisələrdə 500 nəfərə yaxın tək ahıl vətəndaş tam dövlət təminatında yaşayır. Onlara burada hər cür şərait yaradılmışdır. Hər bir otaq mebel, soyuducu, televizor və digər avadanlıqlarla təchiz edilmişdir. Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qida normalarına tam əməl olu-nur.

Qayğıya, köməyə ehtiyac duyan tək ahıl vətəndaşların problemlərinin həlli məsələsində müəssisə və təşkilatlar fəal mövqedə dayanır. Məsələn, Bakının Bilgəh qəsəbəsində yerləşən əmək və müharibə veteranları üçün pansionat uzun illərdir ki, Xəzər Dəniz Gəmiçiliyi tərəfındən hamiliyə götürülmüşdür. Müəssisənin kollektivi milli və dövlət bayramlarının geniş şəkildə qeyd olunması, buranın sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması, üzləşdikləri çətinliklərin aradan qaldırılması məsələlərində öz köməyini əsirgəmir. Xalq arasında "Qocalar evi" kimi tanınan pansionatın sakinləri ilə Xəzər Dəniz Gəmiçiliyinin kollektivi arasında böyük bir səmimiyyət,  doğmalıq  yaranıb. Hər bayramda onların yolunu səbirsizliklə gözləyən yaşlıları görmək üçün dənizçilər özləri də az tələsmirlər. Pansionat  rəhbərliyinin qaldırdığı hər bir məsələ operativ həllini tapır. Hamilik öz yerində, Xəzər Dəniz Gəmiçiliyinin  rəhbərliyi gördükləri işin    savab bir iş olduğunu   çox gözəl dərk edir, buraya pənah gətirib özünə yeni isti ocaq tapan, dünyanın hər üzünü görmüş insanlara maddi və mənəyi dəstək göstərməyi həm də müqəddəs borc bilir.

Azad müəllimdən   öyrənə bildik ki, əlil, tənha və ahıllara sosial xidmət bunlarla bitmir. Tək ahıl vətəndaşlar  ehtiyac  duyduqda sanator-kurort müalicəsi almaq üçün yollayışları təmin olunurlar. Bu yollayışlar onlara statusundan asılı olaraq müəyyən  imtiyazılarla pulsuz verilir. Növbəlilik əsasında müharibə iştirakçısı olan 9 nəfər  yüz yaşlı əlilə "OKA", "Slavuta", Koreya istehsalı olan maşın təqdim olunmuşdur. Bu isə dövlət qayğısının daha bir təzahürüdür.

Daha bir önəmli məsələdən danışarkən Azad Tağızadə dedi ki, bu gün dünyada ahıllaşma prosesi getməkdədir. İnkişaf etmiş ölkələrdə     yaşlı  əhalinin sayı durmadan    artır.  Bu isə yeni doğulanların azlıq təşkil etməsi ilə bağlıdır. Avropa ölkələrində təqaüd vaxtı uzadılır. Məsələn, Almaniya vətəndaşları 67 yaşda təqaüdə  getmək hüququna malikdirlər. Həmin  ölkələrdə     həmçinin qocalar evlərinə ehtiyacı olanların da sayında artım var. Azərbaycan vətəndaşları 60-62  yaş həddində təqaüdə çıxır və ayrı-ayrı inkişaf etmiş  ölkələrdən fərqli olaraq,  böyük ailə məfhumu, ahıla, valideynə, ağsaqqala, ağbirçəyə hörmət qorunub saxlanılmaqdadır. Lakin buna baxmayaraq, internatlarda yaşayan, doğmaları tərəfindən unudulan insanlarımız da var. Onlara nə qədər qayğı, nəvaziş göstərilsə də, cəmiyyət   arasında olmaq,  doğmalarının əhatəsində yaşamaq  istəkləri hər şeyi  üstələyir.

Son illər internat və uşaq evlərində yaşayan sakinlərin ailələrə verilməsi istiqamətində işlər görülür. Deinstitutlaşdırma   Dövlət Proqramı həyata keçirilsə, ahılların  da  ailələrini  tərk etməyə  ehtiyac  qalmayacaq. Gün ərzində qayğı mərkəzlərinin təşkili onlara hər cür sosial xidmət göstərməyə imkan yaradacaq və beləliklə   də ailələr öz tamlığını qoruyub saxlayacaqdır.   Yaşlı      yaxud uşaq olmasından asılı   olmayaraq, hər   kəsə ailəsi, doğmaları   daha   əzizdir. Dövlətimizin imkanları artdıqca, nəzərdə tutulan layihələr də tezliklə  reallaşacaqdır.

Azərbaycan cəmiyyətində ağsaqqala, ağbirçəyə ehtiyac həmişə duyulub. Odur ki, mərhəmətinizi onlardan əsirgəməyin. Ahıla hörmət et, çünki...

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2010.- 1 oktyabr.- S. 7.