Yeni tədris ilinə yüksək göstəricilərlə

 

Son illər Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi təkmilləşdirilməsi, idarə olunmasının demokratikləşdirilməsində mühüm uğurlar qazanılıb. Təhsili millətin gələcəyi adlandıran ümummilli liderimiz Heydər Əliyev milli təhsilimizin gələcəyini təhsilin keyfiyyətinin yüksəldilməsində, köklü islahatların aparılmasında müasir texnologiyaların bu sahəyə geniş tətbiqində görürdü. Əsasını ulu öndərimiz Heydər Əliyev qoyduğu siyasi kurs, təhsil islahatları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir tələblərə uyğun davam etdirilir. Bu gün Azərbaycan təhsilinin beynəlxalq standartlar səviyyəsində qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Yeni məktəb binalarının tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri bu sahəyə dövlət qayğısının bariz nümunəsidir. Ümumtəhsil ocaqlarının müasirləşdirilməsi yeniləşməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir.

Ölkəmizdə bu sahədə aparılan uğurlu islahatların nəticəsidir ki, paytaxtımızda fəaliyyət göstərən orta məktəblər yüksək göstəricilərə nail olurlar. Belə məktəblərdən biri Xətai rayonundakı 264 saylı məktəb-liseydir. Məktəbin direktoru Sevda Qocayeva bizimlə söhbətində 2009-2010-cu tədris ilində görülən işlər, əldə olunan nailiyyətlər barədə dedi:

-Son zamanlar Bakı şəhərinin məktəblərinin maddi texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində təhsil naziri Misir Mərdanovun və Bakı Şəhəri üzrə Təhsil idarəsinin rəhbərliyinin diqqət və qayğısı altında genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir. Bu gün dövlətimiz tərəfindən aparılan təhsil islahatları milli təhsilimizin sürətli və dinamik inkişafını təmin edir, Azərbaycan təhsilinin beynəlxalq təhsil sisteminə inteqrasiyasına imkan verir.

Son illər rəhbərlik etdiyim 264 saylı təhsil ocağının kollektivi də səylə çalışaraq yüksək göstəricilər əldə etmişdir. Onu qeyd edim ki, 35 ilə yaxındır ki, pedaqoji sahədə çalışıram. 1988-ci ildən məktəbdə rus dili müəllimi kimi işə başlayaraq 1993-2000-ci illərdə direktor müavini, 2000-ci ildən bu günədək məktəbin direktoru vəzifəsində fəaliyyətimi davam etdirirəm. Məktəbin rəhbəri kimi işlədiyim müddət ərzində çalışmışam ki, mənə müəyyən suallar, problemlərlə müraciət edən valideynləri qəbul edim, onları narahat edən hər bir məsələni yerində həll edim və buna əsasən nail olmuşam. Bu səbəbdəndir ki, bizə müraciət edən hər kəs məktəbdən xoş təəssüratla ayrılır.

Qeyd etdiyim kimi, məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı işlər görür, uğurlu nəticələr əldə edirik. Məktəbimiz 2008-2009-cu tədris ilində "İlin məktəbi" adına- layiq görülmüşdür. Məktəbin kimya müəllimi Xudiyeva Rəhimə 2008-2009-cu tədris ilinin yekununa görə "İlin ən yaxşı müəllimi" və "Tərəqqi" medalına layiq görülüb. İnformatika müəllimi Əhmədova Mətanət 2007-2008-ci tədris ilində ilin ən yaxşi müəllimi, 2010-cu ildə "Əməkdar müəllim" adı almışdır. İbtidai sinif "Russkiy yazık" dərsliyinin müəllifi Şinaxova Validə müasir tipli dərsliklərin, fənn kurrikulumlarının hazırlanmasında yaxından iştirak edir. Qəbulun göstəricilərinə görə məktəb-lisey Bakının qabaqcıl 52 məktəbinin ön sıralarındadır.

264 saylı məktəb-liseyin kollektivi işlərini müasir tələblər səviyyəsində quraraq İKT-dən və yeni təlim metodlarından səmərəli istifadə edirlər. İlin əvvəlindən istedadlı şagirdlərlə işin nəticəsidir ki, şa-girdlərimizin bir qismi fənn olimpiadalarının rayon və şəhər turlarının qalibi olmuşlar. Respublika turuna vəsiqə qazanan 8 şagirddən dördü-Vəlibəyova Elvira, Musayev Ömər, Sultanzadə Aytən, Mansurzadə Gülər turun qalibidirlər. Təhsil Nazirliyinin təşəbbüsü ilə "XXI əsr məktəbi"ndə keçirilən "İntellekt marafonu"nda altıncı sinif şagirdi Osmanlı Lamiyə qalib olmuşdur. Tədris ilində "Monitorinq məktəbin idarə olunmasında və təhsilin keyfiyyətinin yüksəlməsində mühüm vəzifədir", "Yeni kurrikulumların tətbiqi" mövzusunda məktəbimizdə "Dəyirmi masalar keçirilmişdir.

Məktəbimizdə uşaqların hərbi-vətənpərvərlik sahəsində tərbiyə olunmasına da böyük diqqət göstərilir. "Şahin" və "Cəsurlar" hərbi-idman oyunlarında məktəbin komandası Xətai rayon birinciliyində II yer tutmuşdur. Bu il məktəbimizi qurtaran məzunlarımızın 56 faizi müxtəlif ali məktəblərə yüksək balla qəbul olmuşdur. Məzunlardan 4 nəfəri 600-dən yuxarı bal toplamışdır. Onlardan Məmmədli Rəna 672 balla Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinə qəbul olunaraq Prezident təqaüdünə layiq görülüb. Səlimov Anar BDU-nun kompyuter elmləri fakültəsinə, Yusifov Ülvi BDU-nun iqtisadiyyat, Rəhimli Xəyalə BDU-nun dünya iqtisadiyyatı fakültəsinə qəbul olunaraq tələbə adını qazanmışlar. Səkkiz məzun isə 500-dən çox bal toplamışdır. 3 nəfər isə müxtəlif ölkələrin ali məktəblərinə daxil olmuşdur.

264 saylı məktəb-liseyin kollektivi əldə etdikləri göstəricilərin sırasını artırmaq əzmi ilə yeni dərs ilinə başlayıb. İnanıram ki, 2010-2011-ci tədris ili də kollektivimiz üçün uğurlu olacaq, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində səylə çalışacağıq.

 

 

Əli SADIQOV

 

Respublika.- 2010.- 7 oktyabr.- S. 5.