Uğurlu göstəricilərlə
Son dövrlər Azərbaycanın
nəqliyyat kompleksi - dəmir yolu, avtomobil, mülki hava nəqliyyatı
yolları sahəsində gedən quruculuq işləri ölkəmizin
son illərdə əldə etdiyi möhtəşəm
iqtisadi nailiyyətlərin bəhrəsi kimi diqqəti cəlb
edir. Hazırda müasir dünya standartlarına cavab verən
dəmir yolu, avtomobil yollarının, yeni aeroportların tikilməsi,
yenidən qurulması, əsaslı təmiri üçün
mühüm tədbirlər uğurla həyata keçirilir.
Ümummilli liderimiz Heydər
Əliyevin əsasını qoyduğu, formalaşdırdığı
və müəyyənləşdirdiyi daxili və xarici siyasət
kursu bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla və qətiyyətlə həyata keçirilir. Son
yeddi il Azərbaycanın iqtisadi-sosial həyatında
görünməmiş, dünyada analoqu olmayan
sıçrayışlı inkişafla müşayiət
olunur. Ölkə başçısının şəxsi
qayğısı və rəhbərliyi ilə müstəqil
Azərbaycan dövlətinin hərtərəfli və
davamlı inkişafı üçün genişmiqyaslı
işlər, dövlət proqramları və islahatlar
böyük uğurla icra olunur.
Azərbaycan Prezidenti
İlham Əliyev 6 iyul 2010-cu ildə ölkənin
sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb
edən dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf
etdirilməsi, ölkə əhalisinin bu nəqliyyat
növünə olan tələbatının tam ödənilməsini,
daşımaların təhlükəsizliyini, onun infrastrukturunun
yeniləşdirilməsini, tranzit daşımaların həcminin
artırılmasını və dəmir yolu sahəsi
üçün bilikli kadr potensialının
hazırlanmasını təmin etmək məqsədilə
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat
sisteminin 2010-2014-cü illərdə inkişafına dair
Dövlət Proqramı"nın təsdiq edilməsi
haqqında sərəncam imzalamışdır. Bu sərəncam dəmir yolu təsərrüfatının
inkişafını təmin edəcək ən mükəmməl
sənəddir. Dövlət Proqramının əsas məqsədi
əhalinin və iqtisadiyyatın dəmir yolu xidmətlərinə
artan tələbatının təmin olunması, dəmir yolu
nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi,
sərnişin və yükdaşımalarında nəqliyyat
xərclərinin artırılması yolu ilə nəqliyyat
kompleksinin səmərəli fəaliyyətini və onun
ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını
təmin etməkdir.
Ümumiyyətlə, Dövlət Proqramında
2010-2014-cü illərdə dəmir yolunda bir sıra vacib məsələlərin
həlli öz əksini tapıb. Bunlardan: Bakı-Tbilisi-Qars
yeni dəmir yolu xəttinin istismara buraxılması nəticəsində
Asiya ölkələrini Avropa ilə birləşdirən
birbaşa dəmir yolu dəhlizində artacaq beynəlxalq
tranzit yük axınlarının fasiləsiz nəql edilməsinin
təmin olunması, sərnişin və
yükdaşımaların keyfiyyətinin
artırılması və təhlükəsizliyinin təmin
edilməsi; yeni elmi-texniki nailiyyətlərin,
texnologiyaların bu sahədə tətbiq edilməsi; dəmir
yolu nəqliyyatında sərnişin
daşımalarının keyfiyyətinin və gəlirlərinin
artırılmasını təşkil edərək
strategiyanın müəyyən edilməsi və s.
Bundan başqa, ölkə
başçısı tərəfindən Dövlət
Proqramının imzalanması dəmir yolunda aparılan
islahatların sürətlə başa
çatdırılmasına geniş imkanlar açır.
Proqramda nəqliyyat sisteminin əsas və aparıcı sahələrindən
biri olan dəmir yolunun bütün təsərrüfatlarının
inkişaf etdirilməsi, modernləşdirilməsi nəzərdə
tutulub.
Dəmir yolunun yenidən
qurulmasını həyata keçirmək üçün
beynəlxalq maliyyə qurumları ilə danışıqlar
öz bəhrəsini verib. Ölkə
başçısının dəstəyi sayəsində dəmir
yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə
yönəlmiş "Dəmir yolu ticarətinin və nəqliyyatının
dəstəklənməsi" məqsədilə Beynəlxalq
Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı)
ilə 450 milyon ABŞ dolları məbləğində və
Çexiyanın "İxrac" bankı ilə 215 milyon
avro məbləğində kredit sazişi
imzalanmışdır. Bütün bunlar göstərir ki,
Dövlət Proqramının həyata keçirilməsi nəticəsində
Azərbaycanda bu nəqliyyat xidmətlərinə olan tələbatın
tam ödənilməsi təmin olunacaqdır.
Qeyd olunduğu kimi,
dövlətimizin və iqtisadiyyatımızın dinamik
inkişafında dəmir yolu nəqliyyatı mühüm əhəmiyyətə
malikdir. Nəqliyyat naziri Ziya Məmmədovun və "Azərbaycan
Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin
bu sahəyə göstərdikləri diqqət və
qayğı sayəsində son illər böyük uğurlar
qazanılıb. Bu uğurlarda dəmir yolu sektorunda fəaliyyət
göstərən müəssisələrin də rolu əvəzsizdir.
Belə müəssisələrdən biri də rəhbərlik
etdiyim Bakı Sərnişin Stansiyasıdır. Quru nəqliyyatı
ilə Bakının əsas giriş qapısı olan Bakı
Sərnişin Stansiyasının əmək kollektivi də səylə
çalışır, sərnişinlərə xidmətin səviyyəsini
müasir tələblərə uyğunlaşdırır.
Onu da qeyd edim ki, son zamanlar hərəkətin təhlükəsizliyi,
etibarlılıq və sərnişinlərə göstərilən
xidmətin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə
yüksəldilməsi və digər müsbət keyfiyyətlər
bu sahəyə olan marağı daha da
artırmışdır. Təsadüfi deyil ki, istər sərnişindaşımada,
istərsə də yükdaşımada daşımaların
həcmi xeyli artmış, respublikadaxili və şəhərlərarası
qatarlarda xidmət müasir standartlara
çatdırılmışdır.
Bakı Sərnişin Stansiyasının kollektivi 2010-cu ilin ötən dövrü ərzində qatarların fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmişdir. Bu dövrdə yolda heç bir xoşagəlməz hadisə baş verməmişdir. Stansiyanın əsəs istehsalat göstəricisi olan yola salınmış sərnişinlər planı 2010-cu ilin 9 ayı ərzində 100,7 faiz yerinə yetirilmiş, yəni 1659,0 min sərnişin plana qarşı 1670,0 min sərnişin yola salınmışdır. İkinci əsas göstərici olan yerli gəlir planı da 110,1 faiz yerinə yetirilmişdir. Sərnişinlərin ayrı-ayrı istiqamətlər üzrə yola salınması da uğurla yerinə yetirilmişdir. Belə ki, birbaşa istiqamətdə plan 101,8 faiz, yerli istiqamətdə 100,7 faiz, şəhərətrafı istiqamətdə 100,5 faiz icra olunmuşdur. Əhalinin rahatlığının təmin edilməsi üçün Qərb istiqamətində Gəncə, Böyük-Kəsik, Qazax və s. istiqamətlərdə hərəkət edən qatarlara bilet satışı hər iki başa təşkil edilib. Bundan əlavə, vağzalda aviabiletlərin satışını da həyata keçirmək nəzərdə tutulub. Əhalinin sıxlığını nəzərə alaraq, yerli istiqamətdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşulur. Onu da qeyd edim ki, dəmiryolçuların peşə bayramı günü ilə əlaqədar bukletlər hazırlanıb. Bu bukletlərdə Azərbaycan dəmir yolunun tarixi, qatarların hərəkət cədvəli və s. məlumatlar yer alacaq. Hər bir bilet alan vətəndaşa bu bukletlər paylanacaqdır.
Nizaməddin EMİNOV
Respublika.- 2010.- 13 oktyabr.- S. 6.