Şıx sanatoriyası keçmiş şöhrətini qaytarır

 

Respublikamızın şəfa ocaqları sırasında "Şıx" sanatoriyasının öz yeri var. Hələ Sovet dönəmində fəaliyyətə başlayan bu tibb ocağında indiyədək minlərlə insan şəfa tapmışdır. Müstəqilliyimizin ilk dövrlərində, yəni 90-cı illərdə məlum səbəblər üzündən tənəzzülə uğrayan milli səhiyyəmizin təəssübkeşləri onu dağılmağa qoymadı, qısa zaman kəsiyində bu sahədə dəyişikliklər baş verdi. Səhiyyə ocaqlarının çoxu öz ənənəsini qoruyub saxladı. "Şıx" sanatoriyası da belə səhiyyə müəssisələrindən biridir.

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının nəzdindəki "Şıx" sanatoriyasının yaranmasının maraqlı tarixçəsi var.

1940-cı il may ayının 15-də Bakının o vaxt 26 Bakı Komissarının adını daşıyan (indiki Səbail rayonunun) Xanlar qəsəbəsinin yaxınlığında dəniz kənarındakı Şıx burnu adlanan ərazidə neft quyusu qazılmağa başlanır. 1941-ci il aprelin 18-də quyudan neft əvəzinə qaynar su fəvvarə vurur. Onun qarşısını almaq mümkün olmadığından quyu özbaşına buraxılır və buradan çıxan su axaraq quyunun ətrafında gölməçələr yaradır. Yerli əhali bu gölməçələrdəki qaynar suda çimir və bəzi xəstəliklərdən xilas olurmuşlar. Bu xəbər sürətlə yayılır və Bakıya müxtəlif yerlərdən müalicə almaq məqsədilə çoxlu sayda insanlar gəlməyə başlayır. Sonralar mütəxəssislər həmin suyun tərkibini öyrənir və onun hidrogen-sulfidli su olduğunu, oynaq                 xəstəliklərinin müalicəsində böyük rol oynadığını müəyyənləşdirirlər. Əvvəl taxta binada fəaliyyətə başlayan bu şəfa ocağı 1957-ci ildə 50 çarpayısı olan səliqəli bir xəstəxanaya çevrilir.

Ötən əsrin 90-cı illərində sanatoriya müqavilə əsasında respublika Elmi Artiroloji Mərkəzinə verildi və 15 illik fəaliyyətdən sonra "Kurort" Səhmdar Cəmiyyətinin nəzdinə keçirildi. Bundan sonra burada yenidənqurma və əsaslı təmir işləri aparıldı, vannioloji şöbə yenidən quruldu, yeməkxana, sanatoriyanın yataq korpusu əsaslı təmir edildi, dam örtüyü dəyişdirildi, yeni avadanlıqlar alındı.

Sanatoriyada müxtəlif xəstəliklər üzrə müayinə və müalicə aparılır, ayrı-ayrı şöbələrdə həyata keçirilən ənənəvi və qeyri-ənənəvi müalicə üsulları, müasir avadanlıqlar, peşəkar mütəxəssislər, bacarıqlı həkimlər buraya üz tutanlara yüksək səviyyədə səhiyyə xidmətini təmin edir.

Baş həkim Məhəmməd Orucov rəhbərlik etdiyi sanatoriyanın digər sanatoriyalardan üstün cəhətlərindən danışarkən dedi. İlk öncə onu deyim ki, burada yerin 2 min metr dərinliyindən hidrogen-sulfidli termal isti su çıxır ki, onun da hərarəti 80 dərəcəyə yaxındır. Mendeleyev cədvəlindəki kimyəvi elementlərdən 50-yə qədəri bu suyun tərkibində cəmləşmişdir. Bu müalicəvi sudan əsasən oynaq xəstəliklərində, osteoartrozlarda, osteoxandrozlarda, radikulitin xroniki formalarında istifadə olunur. Artridlərdə, əsəb sistemi və ginekoloji xəstəliklərdə də müvəffəqiyyətlə tətbiq edilir.

Sanatoriyada 6 şöbə fəaliyyət göstərir. Dayaq oynaq sistemli, nevroloji xəstəliklər, fəqərəvarı dirsək yırtıqları, bel fəqərələrinin sürüşməsi, fəqərələrin sıxılması sistemli şəkildə müalicə olunur. Müalicə müddətində bir sıra müasir müayinə və müalicə metodlarından istifadə edilir. Yeni alınmış kompyuter elektrokardioqraf, ultrasəs tipli müayinə aparatı, palçıq müalicəsi, dartma, serogen çarpayı, yüksək keyfiyyətli parafindən vulkanik palçıqlardan istifadə sanatoriyada xəstələrə müasir tələblər sə-viyyəsində sanator—kurort xidməti göstərməyə imkan verir.

Təbii ki, burada tibbi personalın da xidməti danılmazdır.   Sanatoriyada   çalışan tibb işçilərinin əksəriyyəti bu sahədə böyük təcrübəyə malikdirlər. Baş həkim bununla bağlı fikrini belə ifadə etdi: "Sanatoriyamıza dünyanın çox yerlərindən xəstələr gəlir, müalicə olunurlar. Hazırda 7 belə xəstə burada müalicə götürür. Müasir tələblərə cavab verən tibb aparatları avadanlıqlar işimizi yüksək səviyyədə qurmağa kömək edir. Vaxtilə ittifaq miqyasında yaxşı tanı-nan sanatoriyanın keçmiş şöhrətini qaytarmaq bizim ən böyük arzumuzdur. Buna hər cür imkanlarımız var. Buraya şəfa tapmağa gələn xəstələr nümunəvi, peşəkar həkimlərin xidmətindən lazımınca yararlanırlar. Həkim-artiroloq Nuru Nuruyev, həkim-terapevt Həmid Musta-fayev, nevropatoloq Aidə Rəsulova, terapevt Sevinc Abbasova, idman həkimi Mətanət Sədirzadə "Şıx" sanatoriyasının aparıcı, təcrübəli əməkdaşlarıdır.

Onu da qeyd edək ki, "Şıx" sanatoriyasının rəhbərliyi dünyanın analoji tibb ocaqları ilə qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində müəyyən işlər görür. Məhəmməd Orucov bildirdi ki, "Şıx" sanatoriyasında çıxan hidrogensulfidli su dünyada sayılıb-seçilən müalicəvi sulardandır, çünki onun tərkibində hidrogen sulfiddən əlavə 50-dək kimyəvi element var. Eyni zamanda tərkibindəki neft maddələri də müalicəvi xüsusiyyətə malikdir. Ukraynanın Truskavets sanatoriyasında geniş tətbiq olunan müalicəvi ozakerid maddələrlə zəngindir, parafinlə müalicənin təsiri effektini verir, lakin öz xüsusiyyətləri də var.

Həmin suyun sanatoriyamıza gətirilməsi üçün danışıqlar aparırıq. Ümumiyyətlə Ukraynanın dövlət sanatoriyalarında daha çox istifadə edilən ozakerid oynaq hərəkət sistemində olan xəstəliklərdə, nevroloji xəstələrə yüksək təsir qüvvəsinə malikdir. Təbii ki, eyni zamanda "Şıx" sanatoriyasında istifadə etdiyimiz hidrogen sulfidli suyun da respublikanın hü-dudlarından kənarda tanınması və istifadə olunması ilə bağlı işlərimizi davam etdirəcəyik".

Nəzərdə tutulan işlərdən söz açan baş həkim oynaq xəstəliklərinin əsrin ən böyük bəlalarından biri olduğunu və bu xəstəliklərdən uşaqların böyük əziyyət çəkdiyini dedi: "Şıx" sanatoriyasında adətən böyüklər müalicə olunur. Ancaq uşaqların da bu cür şəraitdə müalicəsinə ehtiyac çoxdur.

Biz bu istiqamətdə də çalışırıq...

Bəli, düz 70 il öncə özünü büruzə verən şəfa suyu uzun illərdir ki, insanların xidmətindədir. Bu da Tanrının xalqımıza bəxş etdiyi nemətlərdən biridir. Sadəcə, onu qorumaq və faydalanmaq gərəkdir. Bununla həm də "Şıx" sanatoriyası keçmiş şöhrətini özünə qaytara bilər...

 

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2010.- 13 oktyabr.- S. 7.