Görkəmli musiqişünasın xatirəsinə
həsr olunmuş elmi sessiya
XX əsr Azərbaycan mədəniyyəti
tarixində Üzeyir Hacıbəyli milli opera sənətinin
banisi, dahi bəstəkar və dramaturq, musiqi nəzəriyyəçisi,
kəskin satirik qələmi olan bir publisist, leksikoqraf və ictimai
xadim kimi tanınır.
Ü.Hacıbəyli bir
bəstəkar kimi, həm də ana dilimizi qoruyub
saxlamağı, onu inkişaf etdirməyi ən vacib bir məsələ
kimi Azərbaycan ziyalılarının qarşısına
qoyurdu. O yazırdı ki, dilimizin bad qalması və saniyən
tərəqqi etməsi və islah olunması barəsində
çalışmalıyıq. Ü.Hacıbəyli, həmçinin
ana dilimizə xor baxanları öz satirik felyetonlarında kəskin
tənqid atəşinə tuturdu.
Azərbaycan xalqı hər
il görkəmli musiqişünas, yazıçı-publisist
Ü.Hacıbəylinin anadan olduğu günü böyük
həvəs və təntənə ilə qeyd edir. Bu günlərdə
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına
Dilçilik İnstitutunda da dünyaşöhrətli bəstəkar
Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr
olunmuş elmi sessiya keçirilmişdir. Elmi sessiyanı
giriş sözü ilə Azərbaycan MEA Humanitar və
İctimai Elmlər Bölməsinin akademik katibi akademik
Ağamusa Axundov açaraq dedi ki, Ü.Hacıbəyli istər
musiqi sahəsində, istərsə də ədəbi fəaliyyətində
qeyri-adi və təkrarsız şəxsiyyət idi. Buna
görə də onun adı ilə bağlı keçirilən
tədbirlər də məna və məzmununa görə
seçilir.
A.Axundov giriş
sözündə Ü.Hacıbəylinin həm bir
musiqiçi, həm də bir yazıçı-publisist kimi
yaradıcılığı haqqında məlumat verdi. Ən
çox da onun Azərbaycan dili sahəsindəki fəaliyyətini,
Azərbaycan dilinə aid yazdığı məqalələrinin
qısa xülasəsini sessiya
iştirakçılarının nəzərinə
çatdırdı. O, həmçinin Ü.Hacıbəylinin
ana dilimiz haqqında söylədiyi sitatı da nümunə
göstərdi: "Əgər biz ana dilimizə indiyə qədər
baxdığımız nəzərlə baxmaqda davam edərsək,
yəni heç bir əhəmiyyət verməsək, ola bilər
ki, günlərin bir günü dilimiz itər, batar, yox olar və
bir millətin də ki dili batdı, onda o millət özü
də batar, çünki bir millətin varlığı,
isbati-vücud etməsinə səbəb onun dilidir".
Ümumiyyətlə,
Ü.Hacıbəylinin həm musiqiçi kimi, həm də
yazıçı kimi qələmə aldığı hər
bir əsəri ədəbiyyat və incəsənət xəzinəsinin
zəngin sərvətidir. O, hər iki sahədə öz
bacardığını etmiş, misilsiz və yaddaşlardan
silinməyən işlər görmüşdür.
Elmi sessiyada filologiya elmləri
doktoru, professor Qəzənfər Kazımov "Üzeyir
Hacıbəylinin publisistika dili" mövzusunda ətraflı
məruzə etdi. Məruzəçi Ü.Hacıbəylinin
publisistik məqalələrinin dili və üslubu haqqında
danışaraq, onların elmi təhlilini və dilinin xalq dili
əsasında təzahür tapdığını göstərdi,
bütün yazılarında, hətta ən ciddi elmi məqalələrində
belə yumor, satira olduğunu nəzərə
çatdırdı. Q.Kazımov həm də bildirdi ki,
Ü.Hacıbəylinin satirik gülüşü ciddi
tapıntılardan, böyük ustalıqla
yaratdığı komik situasiyalardan, təsirli və sərrast
ifadələrdən irəli gəlir. Əsasən də onun
felyetonlarındakı satira və yumor dilinin kəskin
olmasını xatırlatdı: "Onun lağa qoyma, ifşa
etmə üsullarına dərindən bələd olmuş,
satirik keyfiyyətdə hazır söz və ifadələrlə
yanaşı, özü də sözü satira vasitəsinə
çevirmək qüdrətinə malik olmuşdur".
Məruzədən sonra
çıxışlar oldu. Çıxış edənlər:
filologiya elmləri doktorları Sevil Mehdiyeva, İsmayıl Məmmədov,
filologiya elmləri namizədləri Qüdrət Cəfərov,
Mətanət Tağıyeva və başqaları dahi bəstəkar
Ü.Hacıbəylinin qələmə aldığı
publisistik əsərlərinin dilindən, Azərbaycan dilinin
saflığı və təmizliyi uğrunda
apardığı mübarizədən, onun xalq dilindən,
xalq ruhundan yararlandığından, terminoloji sözləri
xalq dilinə uyğun sadələşdirməsindən, əsərlərində
işlətdiyi frazeologizmlərin zənginliyindən və s.-dən
ətraflı danışdılar, yeni dil faktları
haqqında fikirlərini söylədilər.
Elmi sessiyanın sonunda
akademik Ağamusa Axundov Üzeyir Hacıbəylinin əsərlərinin
açılmamış bəzi qatlarının dilçilik
nöqteyi-nəzərdən elmi
araşdırılmasının aktuallığını bir
daha diqqətə çatdırdı.
Nəriman SEYİDƏLİYEV
Respublika.- 2010.- 14 oktyabr.- S. 7.