Sərnişinlərə xidmətin səviyyəsi
yüksəlir
Bu gün milli maraqlar
üzərində qurulan məqsədyönlü siyasət və
bu istiqamətdə qazanılan böyük nailiyyətlər
Azərbaycanın hərtərəfli və dinamik
inkişafını təmin edir. Dövlətimizin
başçısı möhtərəm İlham Əliyevin
rəhbərliyi ilə uzunmüddətli inkişaf
strategiyamızın dönmədən və uğurla icra
olunması sayəsində həyatımızın mənzərəsi
daim dəyişir, müasirləşir, insanların həyat
səviyyəsi durmadan yüksəlir. Siyasi, sosial-iqtisadi, yol-nəqliyyat,
təhsil, davamlı enerji siyasəti, beynəlxalq aləmdə
etibarlı tərəfdaş olmağımız, qlobal
transmilli layihələrdə təşəbbüskar və əvəzolunmaz
rolumuz müstəqil Azərbaycan dövlətinin
dünyadakı mövqelərini möhkəmləndirib,
qüdrətini daha da artırıb. Son illər aparılan
genişmiqyaslı siyasi və iqtisadi islahatların, həyatımızın
bütün sahələrini əhatə edən qlobal dövlət
proqramlarının qəbul edilməsi və həyata
keçirilməsi nəticəsində həyatımızın
mənzərəsi tamamilə dəyişib.
Son illər Azərbaycanda
dinamik inkişaf tempinə malik olan sahələrdən biri dəmir
yolu sahəsidir. Bu sektorun inkişafını ölkəmizin
siyasi kursunda prioritet istiqamət kimi dəyərləndirən
cənab İlham Əliyev deyib: "Neft sektorundan sonra nəqliyyat
ölkə üçün ən mühüm sahədir və
burada inkişaf perspektivləri çox gözəldir. Biz
bütün imkanlarımızdan istifadə edərək nəqliyyat
sektorunu sürətlə inkişaf etdirəcəyik. Azərbaycan
Şərqlə-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri
layihələrinin həyata keçirilməsində fəal
rol oynayır. Hesab edirəm ki, tranzit ölkə kimi bizim
bölgədəki və dünyadakı mövqelərimiz
daha da güclənəcəkdir. Beləliklə, indi Azərbaycanda
bütün sferaların, o cümlədən nəqliyyatın
inkişafı üçün kifayət qədər
münbit şərait var".
Müstəqil Azərbaycan
dövləti sürətlə inkişaf edir, beynəlxalq əlaqələri
güclənir. Hər gün respublikamıza dünyanın
müxtəlif yerlərindən saysız- hesabsız insanlar gəlir
və onların əksəriyyəti dəmir yolunun xidmətindən
istifadə edir. Biz dəmiryolçular da
çalışırıq ki, üzərimizə düşən
vəzifələrin öhdəsindən layiqincə gələk,
qatarlarda sərnişinlərə xidmətin səviyyəsini
müasir standartlar səviyyəsinə çatdıraq. Onu da
xüsusi qeyd edim ki, nəqliyyat naziri Ziya Məmmədovun bu
sahəyə rəhbər təyin olunmasından sonra
respublikanın nəqliyyat təsərrüfatında
böyük infrastruktur layihələri həyata keçirilməyə
başladı, böyük irəliləyişlər baş
verdi. Qatarlarda sərnişinlərə göstərilən
xidmətin səviyyəsi yüksəldi, istər sərnişindaşımada,
istərsə də yükdaşımalarda
daşımaların həcmi əvvəlki illərə nisbətən
xeyli artdı. Bu sahəyə göstərilən dövlət
qayğısının durmadan artması dəmiryolçuları
daha məsuliyyətlə işləməyə sövq etdi.
İndi respublika daxilində, və onun hüdudlarından kənara
hərəkət edən qatarlarda sərnişinlərin
rahatlığı üçün hər cür şərait
yaradılıb. Bütün vaqonlarda yataq dəstləri təzələnib,
işıqlanma və istilik sistemi yenidən qurulub.
Qeyd etdiyim kimi dəmir
yolu nəqliyyatının sosial-iqtisadi həyatımızdakı
rolu əvəzedilməzdir. Ölkəmizdə istər
yükdaşımaların, istərsə də sərnişindaşımanın
ümumi çəkisində dəmir yolunun xüsusi yeri var. Təhlükəsizlik,
dəqiqlik və digər keyfiyyətlər müasir həyatımızda
dəmir yoluna olan marağı daha da
artırmışdır. Son illər respublikamızın bir
neçə şəhərinə ekspress qatarlarının hərəkətinin
təmin olunması xarici ölkələrə yola salınan
qatarlarda xidmətin keyfıyyətinin müasir tələblər
səviyyəsinə yüksəldilməsi və qatarların
rahatlıq və estetik cəhətdən daha üstün
olması bunu söyləməyə əsas verir.
"Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ən
böyük və aparıcı sahələrindən biri də
"Lokomotiv"
İstehsalat Birliyidir.
"Lokomotiv" İB 1998-ci ildə yaradılıb. İstehsalat Birliyi qarşısında duran əsas vəzifələrdən biri respublika daxilində lokomotivlərin və elektrik qatarlarının əsaslı və cari təmiri bazasını yaratmaq olmuşdur. Bunları həyata keçirmək məqsədilə Bakı Lokomotiv Deposunda yeni istehsalat sahələri yaradılmış, müasir avadanlıqlar alınaraq depoda elektrovozların və elektrik qatarlarının əsaslı və cari təmiri təşkil olunmuşdur. Depoda dartı mühərrikləri köməkçi maşınların mühərriklərinin yığılması, təkər cütlərinin bandajlarının dəyişdirilməsi də yüksək keyfiyyətlə həyata keçirilir. Ötən dövr ərzində lokomotiv təsərrüfatının fasiləsiz işləməsi, qatarların vaxtında mənzil başına rahat çatdırılması və hərəkətin təhlükəsizliyi tam təmin olunmuşdur.
Yükdaşıma və sərnişindaşımaların təhlükəsizliyini, komfortluluğunu müasir tələblərə uyğunlaşdırmaq qarşımızda duran ən əsas məsələdir. Kollektivimiz 13 oktyabr dəmiryolu işçilərinin peşə bayramı gününü yüksək göstəricilərlə böyük ruh yüksəkliyi ilə qarşılayırlar.
Asim QASIMOV
Respublika.- 2010.- 16 oktyabr.- S. 6.