Qədim Şəmkir şəhərinin sirləri

 

Ölkəmizin müxtəlif bölgələrində arxeoloji qazıntılar aparılır. Maddi-mədəni irsimizi öyrənmək üçün böyük zəmin yaradılır. Böyük elmi əhəmiyyət kəsb edən arxeoloji qazıntılar Şəmkir rayonu ərazisində də aparılır. Rayonun Qaraçəmirli kəndi yaxınlığında dəmir dövrünə aid geniş ərazili, saray kompleksinin mövcud olduğu şəhər tipli iri yaşayış yeri, Şəmkir çayının sahilində, Muxtariyyə kəndinin kənarında orta əsr Şəmkir şəhər ərazisi arxeoloji tədqiqatlara cəlb olunub. 2006-cı ilin avqust ayından sistemli arxeoloji tətbiqi başlanmış, 2007-ci ildən isə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Şəmkir Rayon İcra Hakimiyyəti və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə genişmiqyaslı qazıntı işləri aparılır.

Yazılı qaynaqlardan bəlli olur ki, Şəmkir Azərbaycanın qədim şəhərlərindən biridir. Böyük İpək Yolu üzərində, müsəlman və qərb sivilizasiyasının təmas məkanında yerləşməsi onun zaman-zaman tarixi hadisələrin burulğanında fəal iştirakı olmasını şərtləndirmişdir. Ərəb fəthlərindən bəhs edən tarixçilər Şəmkirin hələ VII əsrin I yarısında Azərbaycanda mühüm şəhərlərdən biri olduğunu bildirirlər. IX-X əsrlərdə yüksəliş, XII əsrdə çiçəklənmə çağını keçirən bu şəhər XIII əsrin 30-cu illərində monqol işğalçıları tərəfindən inadlı müqavimətə görə dağıdılmış, əhalisi qılıncdan keçirilmişdir.

Orta əsr yazarları, yeni dövrün səyyah və alimləri Şəmkir şəhərindən bəhs edərkən, ilk növbədə, məftunluqla buradakı minarə-qüllə haqqında söhbət açmışlar. Bu, Arran memarlıq məktəbinin şah əsərlərindən hesab olunur.

Şəhər xarabalıqlarında aparılan arxeoloji qazıntılara tarix elmləri doktoru Tarix Dostiyev rəhbərlik edir. Tarix elmləri namizədi Rəşid Bəşirov, kiçik elmi işçi Namiq Hüseynli, memar Rəsulağa Mirzəyev, icraçısı Həmid Babayev ekspedisiyanın daimi fəal iştirakçılarıdırlar.

Elə söhbətimiz ekspedisiyanın rəhbəri professor Tarix Dostiyevlə bu barədədir.

-Məlum olduğu kimi, maddi mədəniyyət abidələri xalqımızın maddiləşmiş yaddaşı olmaqla onun keçmişi, məişəti, həyat fəlsəfəsi, estetik təsəvvürləri haqqında olduqca qiymətli informasiya verir. Bu mənada, arxeoloji abidələrin, o cümlədən Şəmkir şəhər ərazisinin tədqiqi, qorunması və təbliği böyük əhəmiyyət kəsb edir.

Şəmkir şəhəri digər müsəlman şəhərləri kimi, üç topoqrafiq hissədənnarınqala (içqala), şəhristan (içərişəhər) və rabaddan (bayırşəhərdən) ibarət idi. Şəhər xarabalıqlarının qala divarları ilə əhatə olunan sahəsi (şəhristan) 28 hektar ərazini əhatə edir, şərq-qərb istiqamətində olmaqla planda dördbucağa yaxın formadadır. Narınqala şəhristanın şərqində, Şəmkirçayın sahilində, çay yatağından 8,5 metr hündürlükdə yerləşməklə 1 hektara yaxın sahəyə malikdir.

Abidədə arxeoloji qazıntılar zamanı şəhər istehkamlarının öyrənilməsinə xüsusi əhəmiyyət verilmiş, narınqala və şəhristanın qala divarlarının üzə çıxarılaraq təmizlənməsinə böyük əmək sərf olunmuşdur.  Nəticədə,  narınqalanın şərq və cənub divarı tam, şimal divarı əsasən üzə çıxarılaraq bünövrəyədək tədqiq edilib. Təmizlənib üzə çıxarılmış qala divarının qalıqlarının hündürlüyü 5-7,5 metr arasında dəyişir.

Qala divarının ucaldılmasında bişmiş kərpic, çay daşı, yüksək keyfiyyətli gillihəngli yapışdırıcı məhluldan istifadə olunmuşdur. Bişmiş kərpic həm də üzlük material kimi işlədilmişdir. Ustalar divarın üzlüyünə xüsusi diqqət yetirmişlər. Qarışıq hörgüdə daş və bişmiş kərpic cərgələrinin növbələşməsi, divar səthində ağ-boz, göy və qırmızı-çəhrayı rənglərin ritmik dəyişməsi göz oxşayır, seyirçidə xoş ovqat yaradır.

Narınqalanın içərisində, onun şərq tərəfində, IV qazıntı sahəsində qalınlığı bəzi yerlərdə 6 metrə çatan mədəni təbəqə yatımı qeydə alınmışdır. Üst mədəni təbəqədə XIX əsrə aid, rus hərbçilərinin istifadə etdikləri binanın qalıqları təmizlənərək öyrənilmişdir. Bina eyni ölçülü 2 otaq və dəhlizdən ibarət olmaqla 188,8 kvadratmetr sahəyə malikdir. Qalınlığı 5 metrə çatan təbəqədə istehkam qalıqları, təsərrüfat və məişət təyinatlı tikintilər üzə çıxarılmışdır. İlk növbədə, qeyd edək ki, IV qazıntı sahəsində narınqalının şərq divarı içəri tərəfdən 72 metr uzunluqda açılaraq təmizlənmişdir. Məlum olmuşdur ki, narınqalının şərq divarının eni 3,5-4 metr, divara dayaq hissəsi isə 5,3 metrdir.

Narınqalanın içərisində IV qazıntı sahəsində daha bir qalanın qalıqları aşkar edilib. Həmin qalanın Şərq divarı iki yarımdairəvi künc və düzbucaqlı mərkəzi bürclə möhkəmləndirilmişdir. Bu istehkam tikintisinin hörgüsündə zəlzələyə qarşı ağac qurşaqlarından istifadə edilib. Ağac qurşaqlar daş hörgüdən çiy kərpic hörgüyə keçiddə yerləşdirilmişdir. Şərq divarında çiy kərpic hörgü sonradan təmir zamanı bişmiş kərpiclə üzlüklənib.

Orta əsr təbəqəsində üzə çıxarılmış IX-X əsrlərə aid təndirxana diqqətəlayiq qalıqlardan sayıla bilər. Təndirxana çay daşları ilə hörülmüş divarla əhatələnmişdir. Burada 3 təndir qalığı və çirkli suyun hopdurulması üçün quyu aşkar edilib təmizlənmişdir. Kompleksin sahəsi yastı daşlar və bişmiş kərpiclərlə döşənmişdir. Kompleksdən cənubda daha bir oxşar tikinti qalıqları üzə çıxarılmışdır.

Arxeoloji qazıntılar nəticəsində orta əsr təbəqəsindən əldə olunmuş tapıntılar əmək alətləri və silah nümunələrindən, inşaat materialları və məişət əşyalarından, şirli və şirsiz saxsı qab nümunələrindən, metal, sümük və şüşə məmulatdan, bəzək əşyalarından, mis sikkələrdən ibarətdir.

2009-cu ilin çöl-tədqiqat mövsümündə Azərbaycan arxeologiyasında yeni bir ənənənin təməli qoyulmuş, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə arxeoloji qazıntılar zamanı üzə çıxarılan, uçmaq təhlükəsi qarşısında olan tikililərin konservasiya işlərinə başlanmışdır. Konservasiya işləri arxeoloji qazıntılar zamanı tapılmış inşaat materiallarından-çaydaş, bişmiş kərpic və ağ daşdan istifadə etməklə aparılır, yapışdırıcı məhlulun tərkibinin orta əsrlərdə tətbiq olunmuş məhlula oxşadılmasına cəhd göstərilir.

2006-2010-cu illərdə Orta əsr Şəmkir şəhəri ərazisində aparılmış qazıntı işləri burada VIII-XII əsrin ilk qərinəsində şəhər həyatının mövcudluğunu təsdiqləmiş, bu şəhərin sosial-iqtisadi, siyasi və mədəni inkişaf tarixinə işıq saçan, Azərbaycanda uribanizasiya prosesinin səciyyəsi baxımından böyük elmi əhəmiyyət kəsb edən çox maraqlı maddi mədəniyyət nümunələrini üzə çıxarıb.

AMEA Arxeologiya və Eqnoqrafiya İnstitutu və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə Şəmkir arxeologiyası saytının yaradılması, aparılan arxeoloji qazıntıların nəticələrinin elmi dövriyyəyə daxil edilməsi arxeoloji irsin təbliği məqsədi daşıyır. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən bu sayt dinamik olub arxeoloji yeniliklərin yayılmasını təmin edir.

Şəmkir rayonunda aparılan arxeoloji qazıntıların böyük əhəmiyyəti Şəmkir şəhərinin arxeologiya, tarix və memarlıq üzrə elmi konfransların keçirildiyi mərkəzlərdən birinə çevrilməsini şərtləndirib. Şəmkir şəhəri 2007-ci ildə "Şəmkir: arxeoloji irsi, tarix və memarlığı" I respublika elmi-praktik konfransına, 2008-ci ildə "Qafqaz: arxeologiya və etnoqrafiya" beynəlxalq elmi-nəzəri konfransına ev sahibliyi etmişdir. Hazırda Şəmkir "Antik və orta əsr Azərbaycan şəhərləri" mövzusunda respublika elmi-nəzəri konfransına hazırlaşır.

 

 

Eyvaz HƏMİD

 

Respublika.- 2010.- 17 oktyabr.- S. 4.