Müstəqilliyimiz milli sərvətimizdir

 

Hər il oktyabrın 18-də ölkəmizin hər yerində respublikamızın dövlət müstəqilliyinin ildönümü təntənə ilə qeyd edilir. Çünki milli azadlığı, suverenliyi, müstəqil dövləti olmayan xalqın millətlər içərisində yaşamaq haqqı yoxdur.

Ulu xalqımızın böyük dövlətçilik ənənələri olmuşdur. Bizim eradan əvvəl Manna, Midiya, Atropatena kimi qədim antik azəri dövlətləri xalqımızın sivilizasiya tarixindəki şöhrətindən xoş müjdələr verir. Sonrakı dövrlərdə Xürrəmilər, Ağqoyunlu, Qaraqoyunlu, Şirvanşahlar, Səfəvilər dövlətləri, onların xalq və millət yolundakı mübarizəsi bizim eranın müəyyən dövrlərində, xüsusilə orta əsrlər tariximizdə silinməz izlər buraxmışdır. Təkcə Səfəvilər dövlətinin ərazisi 1 milyon 200 min kvadrat kilometr olmuşdur. Bu gün bizlərə çatan hazırkı Azərbaycan ərazisi isə 86,6 min kvadrat kilometrdir. Onun da 20 faizi işğal altındadır. Bu fakt göstərir ki, son yüzilliklər ərzində Azərbaycanın başı nə qədər müsibətlər çəkmişdir. Xain qonşu dövlətlər tərəfindən onun torpaqları zaman-zaman parça-parça edilərək zorla zəbt olunmuş, müstəqil dövlətçiliyi, öz iradəsini ifadə etmək haqqı qəddarlıqla əlindən alınmışdır.

Lakin aparılan qanlı təcavüzlər, müharibə və münaqişələr xalqımızın yaşamaq əzmini sındıra bilməmişdir.

Nəhayət ki, 1918-ci ilin 28 mayında azadlıq fədailərinin mübarizəsi gerçəkləşdi. Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Lakin xarici və daxili irticaçılar yenə də öz çirkin əməllərini həyata keçirdilər. Cümhuriyyət 23 aydan sonra süqut etdi, Azərbaycan 70 il sovet əsarəti altında yaşamalı oldu.

Yüz illər boyunca müstəqil yaşamaq hüququ əlindən alınmış xalqımız nəhayət ki, 19 il öncə, yəni 18 oktyabr, 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbulu ilə Azərbaycanın müstəqilliyini bəyan etdi.

Bu, xalqın iradəsinin gerçəkləşməsi, bir millətin öz müqəddəratını həll etmək haqqının özünə qaytarılması, milli varlığının təsdiqi idi.

Lakin bu qələbə nə qədər şərəfli idisə, onu qoruyub saxlamaq bir o qədər də çətin və ağır idi. Əslində, Azərbaycanın qarşısında yeni era-müstəqilliyi qorumaq, möhkəmləndirmək dövrü başlanmışdı. Ümummilli liderimizin sözləri ilə desək: "Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətin idi". 9 iqlim qurşağında yerləşən Azərbaycanın zəngin yeraltı, yerüstü sərvətlərini talayıb xaricə da-şıyan daxilixarici separatçı qüvvələr sanki az müddət içərisində dövlətimizin müstəqilliyinə qənim kəsildilər. Çünki onlar yaxşı dərk edirdilər ki, güclü dövlət qarşısında öz çirkin niyyətlərini həyata keçirə bilməzlər.

1991-1992-ci illərdə Azərbaycanda ictimai-siyasi böhran tüğyan etdi. İnsanlar bir parça çörək üçün saatlarla növbədə qaldılar. Demokratiya bayrağı altında hakimiyyətə can atan bəzi qüvvələr ictimai asayişi pozur, ixtişaşlar yaradır, hərc-mərclik baş alıb gedirdi. Xalqın "düşünən beyni, görən gözü" sayılan tanınmış ziyalılar, təcrübəli kadrlar açıq-aşkar cəmiyyətdən təcrid olunur, mühüm dövlət postlarından uzaqlaşdırılırdı.

O zamankı səriştəsiz hakimiyyət başını itirmiş, hətta öz xalqına qarşı cinayət etməkdən belə çəkinmir, xaricdən edilən təcavüz və irticaların qarşısını almaqda acizlik göstərirdi. Nəticədə, Xocalı soyqırımı baş verdi, Şuşa, Laçın təslim edildi. O zamankı iqtidarın səriştəsizliyi ucbatından Azərbaycan torpaqlarının 20 faizi, o cümlədən doğma Kəlbəcərimiz işğal olundu, 1 milyon vətəndaşımız dədə-baba torpağından didərgin salındı. Minlərlə soydaşımız şəhid oldu, qız-gəlinlər, qoca və uşaqlar düşmən pəncəsinə keçdi, uzun illər boyu min bir əziyyətlə qazanılmış varidatlar talan edildi, kənd və qəsəbələr xarabalığa çevrildi.

Daxildə vətəndaş müharibəsinin hər an alovlanmaq təhlükəsi yarandı. Ölkənin parçalanmaq, quberniyalara bölünmək təhlükəsi hər an artırdı. Azərbaycan "olum, ya ölüm" dilemması qarşısında idi.

Ölkənin bu ağır məşəqqətli anlarında xalq üzünü özünün xilaskar oğlu Heydər Əliyevə tutdu. 15 iyunda dahi siyasətçinin hakimiyyətə qayıdışı millətin bütün bəlalardan qurtuluşu kimi tarixə düşdü.

Az müddətdə ölkədə əminmanlıq bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı, atəşkəs elan edildi. Azərbaycan milli müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında ölkədə dövlət çevrilişi etmək istəyənlər ulu öndərimizin polad iradəsi ilə ram edildi. Yalnız bundan sonra dövlətimizin müstəqilliyinə qənim kəsilənlər anlaya bildilər ki, artıq respublikanın sükanı möhkəm əllərdədir. Ölkəmizin sərvətlərinə sahib olmaq kimi çirkin niyyətləri puça çıxmışdır. Müstəqil dövlətimiz dünyaşöhrətli siyasətçi Heydər Əliyevin parlaq dühası, zəngin dövlətçilik təcrübəsi ilə gündən-günə inkişaf etdi.

Dövlət müstəqilliyimiz xalqımızın milli sərvətidir. Bu milli sərvəti isə bugünümüzə, gələcək nəsillərə ərməğan edən ulu öndərimiz Heydər Əliyevdir. Deyirlər, "Torpaq uğrunda ölən varsa, vətəndir". Minlərlə şəhidimizin al qanı hesabına qazanılmış müstəqilliyimiz ulu öndərimizin bizlərə əmanət etdiyi müstəqil dövlətimizi qorumaq, onu sevmək, inkişaf etdirmək hər bir soydaşımızın müqəddəs övladlıq borcu olmadır.

Biz iftixar hissi keçiririk ki, Azərbaycan indi dünyada sivil, demokratik, hüquqi dövlət kimi tanınır.

Ölkədə ardıcıl olaraq siyasi, hüquqi, iqtisadi islahatlar həyata keçirilir. Ölkə bazar iqtisadiyyatı yolu ilə inamla inkişaf edir.

Bu gün ulu öndərimizin siyasi kursu cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz regionun lider dövlətinə, eləcə də dünyanın enerji təhlükəsizliyinin əsas təminatçıla-rından birinə çevrilmişdir.

Dövlət büdcəsi 2003-cü ildə 1,2 milyard dollar idisə, indi bu rəqəm 10 dəfədən çox artmışdır.

Son beş ildə ümumi daxili məhsul təxminən 3 dəfəyə qədər artıb;

Regionların sosal-iqtisadi inkişafı üzrə Dövlət Proqramı (2004-2008) uğurla sona çatdırılıb və bu istiqamətdə yeni proqramların icrasına start verilib;

Son beş il ərzində məcburi köçkünlərin də mənzil-məişət şəraiti xeyli yaxşılaşmışdır. Bakıda, Goranboyda, Qəbələdə yaşayan bütövlükdə 800-dən çox kəlbəcərli məcburi köçkünlər rahat mənzillərlə təmin olunmuş, bu günlərdə Yevlax və Goranboyda hər cür infrastrukturu olan yeni köçkün qəsəbələri istifadəyə veriləcəkdir.

Məcburi köçkünlərə göstərilən hərtərəfli qayğıya görə biz məcburi köçkünlər cənab Prezidentimizə minnətdarıq.

İnanırıq ki, cənab Prezidentimizin yürütdüyü uğurlu siyasət öz bəhrəsini verəcək, tezliklə düşmən tapdağı altında qalan torpaqlarımız azad olunacaq, bütün məcburi köçkünlər kimi, biz kəlbəcərlilər də öz doğma yurdumuza qayıdacağıq.

 

 

Novruz ÇIRAQOV

 

Respublika.- 2010.- 20 oktyabr.- S. 2.