Böyük “Manas”ın izilə

 

Bu yaxınlarda tanınmış şair, manasşünas Adil Cəmil Azərbaycan-Qırğızıstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının fəxri akademiki seçilmişdir.

Əməkdaşımız qədim,  möhtəşəm türk abidəsi olan "Manas"ın tərcüməsi, tədqiqi səhəsində böyük uğurlar əldə etmiş istedadlı şairimiz, alimimiz Adil Cəmillə görüşüb söhbət etmişdir.

—Adil  müəllim,  ilk öncə sizi Beynəlxalq Aytmatov Akademiyasının fəxri akademiki seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Və sözün düzü, dünyanın ən böyük,  bənzərsiz dastanı  "Manas"a olan  bu sonsuz sevginiz məni ürəkdən sevindirir. Maraqlıdır, "Manas"la ilk tanışlığınız nə vaxtdan başlayıb?

—Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm.

"Manas" haqqında hələ tələbəlik illərindən müəyyən bilgilərim olsa da, bu dastanın əzəmətini, böyüklüyünü, siqlətini, müqəddəsliyini ilk dəfə 1985-ci ildə ayağım qardaş Qırğızıstan torpağına dəyəndə hiss etdim, gördüm ki, hava limanından tutmuş, Qırğızıstanda gözə dəyən yaxşı nə varsa, hamısı Manasın adını daşıyır. Buranın yerində, göyündə, daşında, qayasında, otunda, çiçəyində, dil açan körpələrinin səsində "Manas"a dillə izah olunmayan qeyri- adi bir sevgi var.

Mən gördüm ki, Qırğızlar "Manas"ı müqəddəs "Qurani-kərim" ucalığında, müqəddəsliyində görürlər.

Bu, həqiqətən də belədir. "Manas" qırğızların minillik yaddaşı, mifik düşüncə tərzi, təfəkkürü, dədə-babaların müqəddəs ruhudu. Mən folklor, epos qəhrəmanı Manasın doğulduğu, boya-başa çatdığı Talas vilayətindən tutmuş, harda onun izi, nəfəsi varsa orda oldum, o yerləri gəzib do-laşdım, insanlarla söhbət etdim, Manas haqqında xeyli bilgilər əldə etdim və Azərbaycana "Manas"ın qırğız dilində çap olunmuş cildlərilə, müxtəlif lüğətlərlə qayıtdım.

—Səhv etmirəmsə, siz ulu öndərimiz Heydər Əliyevin başçılığı altında "Manas"ın minillik yubileyində iştirak etmək üçün Qırğızıstana gedən nümayəndə heyətinin də tərkibində olmusunuz.

—Bəli, elədir. O səfər zamanı mən əlavə olaraq bir çox zəngin materiallarla tanış oldum. Orda gördüyüm o möhtəşəm şülən, geriyə boylanmaq məni sözün yaxşı mənasında səfərbər etdi.

Bilirsiniz, "Manas" ucsuz-bucaqsız okeandı. Göz işlədikcə uzanıb gedən qıpçaq çölləridi. Üzdükcə-üzürsən, qaçdıqca-qaçırsan, sonu görünmür ki, görünmür.

Qırğız dilinin qıpçaq dialektində dünyaya gəlmiş bu dastan, folklor nümunəsi yer üzünün ən böyük dastanı sayılır. Hətta ən böyük hind dastanı olan "Mahabharata"dan üç dəfə böyük olan "Manas"ın misra düzümünün sayı yarım milyonu ötüb keçir.

Adil müəllim, "Manas"ın elmə məlum olan bir çox variantları var. Sizcə o variantların ən mötəbəri hansılardır?

Tamamilə doğrudur, "Manas"ın elmə məlum olan 65 variantı mövcuddur. Onların içərisində ən mükəmməli Karalayevin Orazbayevin variantlarıdır. Mən bu variantların bir çoxlarıyla yaxından tanış oldum.

Əsərin orijinaldan poetik tərcüməsilə məşğul olarkən gördüm ki, qırğız türkcəsi digər türkcələrə, deyək ki, qazax, özbək türkcələrinə nisbətən bu gün üçün leksikonu daha qədim qəliz olan türkcədi. Amma əsərdə olan maqnit cazibəsi məni çəkib dalınca apardı. Mən bu möhtəşəm əsərin Azərbaycanda ilk fundamental tədqiqatçısına çevrildim. Türk xalqlarının ümumi inanc sistemi, dünya duyumu, təfəkkürü-hər şey, hər şey məni heyran etdi. "Dədə Qorqud"-"Manas", "Koroğlu"-"Manas" paralellərini gördükcə bu ortaq motivi təhlil müstəvisinə çəkmək istədim.

"Manas" eposu türk dastançılıq ənənəsi" adlanan namizədlik dissertasiyamı uğurla müdafiə edib alimlik dərəcəsi aldım. 2002-ci ildə "Elm" nəşriyyatında çap olunan bu monoqrafiya elmi auditoriya tərəfindən yüksək qiymətləndirildi.

Hətta beynəlxalq Türksoy təşkilatının xüsusi təşəkkürünü aldım.

—"Manas"ın nəzm variantının tam şəkildə Azərbaycan oxucusuna çatdırılması son dərəcə ağır, məşəqqətli bir işdir. Bəlkə buna bir ömür çatmaz.

Bəli, elədir. Mən çox düşünüb-daşındım. gördüm ki, qırğız yazıçısı Keleş Yusupovun "Manas"ın bütün süjetlərini, olaylarını, qəhrəmanlarını, obrazlarını nəsr şəklinə saldığı 300 səhifəlik kitab daha yığcamdır. Mən məhz bu kitabı Azərbaycan türkcəsinə çevirdim.

2009-cu ildə böyük elmi işçisi olduğum AMEA Folklor institutunun nəşr etdiyi "Manas" dastanının işıq üzü görməsi məni çox sevindirdi.

Yazıçılar Birliyinin "Natəvan" klubunda kitabın təqdimat mərasimi keçirildi. Mərasimdə qələm dostlarımla birlikdə Qırğızıstandan gəlmiş Nüsrət Məmmədov da iştirak edirdi.

30 ildən çox bir müddətdə Azərbaycanı Qırğızıstanda ləyaqətlə təmsil eləyən bu gözəl, ləyaqətli eloğlumuz qədər xeyirxah işlər görüb. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək fondunun Heydər Əliyev Fondunun Qırğızıstandakı nümayəndəsi Nüsrət Məmmədov görkəmli yazıçımız Mir Cəlalın, akademik Ramiz Mehdiyevin, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun, Qafar Əliyevin başqalarının kitablarını qardaş ölkədə çap etdirmişdir.

Nüsrət müəllim yola düşərkən çap etdirdiyim kitabları özüylə Qırğızıstana aparıb elmi müəssisələrə, kitabxanalara verdi bu kitablar qardaş ölkədə böyük əks- sədaya səbəb oldu.

12 dekabr 2009-cu ildə Beynəlxalq Aytmatov akademiyasının qərarı ilə onun prezidenti akademik A.Akmataliyevin imzası ilə akademiyanın fəxri akademiki seçildim.

Bu, əlbəttə, böyük "Manas"a olan sevgidi, ədəbiyyatımıza, mədəniyyətimizə, xalqımıza olan böyük sevgidi.

mən çalışacam ki, öz ədəbi, elmi fəaliyyətimlə bu sevgiyə, bu məhəbbətə, bu hörmətə layiq olum.

Maraqlı söhbətə görə sağ olun.

 

 

Zülfüqar ŞAHSEVƏNLİ

 

Respublika.- 2010.- 23 oktyabr.- S. 7.