“Sən adlı ünvan”

 

Çörəyi sözdən çıxanlar sözü həmişə uca tutub, ona ehtiyatla yanaşıblar. Çünki belə tale hər kəsə nəsib olmur. Söz dünyasının sakini olmaq, sözün cazibəsinə düşmək insanın öz əlində deyil. Bura seçilmişlərin yeridir. Şairliyə Tanrı vergisi deyirlər. Bu doğrudan da belədir. Əsl söz xiridarı nə söz, nə də qafiyə dalınca qaçır. Məqamında o özü gəlib çıxır.

 

Sözlər ucuzlaşıb, bu necə işdi?

Sözlər şimşək kimi göylərdə çaxmır,

Bir zaman aqillər söz allahıydı,

Yox olub getdilər, dövran dəyişdi.

 

Əslində şeir yazmaq hələ şair olmaq demək deyildir. Şair o kəsdir ki, həyatı, gözəlliyi, məhəbbəti, vətənpərvərliyi, qəhrəmanlığı gördüyü kimi öz ürəyindən ürəklərə köçürə bilsin. Əlbəttə ki, hər kəs özünə məxsus tərzdə. Bu, ağır bir missiyadır və şair bu prosesdə həm də onu yaradan xalqın xarakterini, tarixinin müəyyən inkişaf mərhələlərini, bu tarixin ağ-qara səhifələrini açmağa cəhd göstərir. Təbii ki, bunu düşünülmüş, öncədən hazırlanmış ssenari əsasında etmir. Bəzən bu bədahətən gələn sözlər, kəlmələr bitkin bir şeir parçasını yaradandan sonra bəlli olur. Şairin şairliyi də elə bu məqamda üzə çıxır...

 

Nə vaxtdan sən məni əlimdən aldın

vaxtdan qulunam, deyə bilmərəm.

Heç kəsin önündə əyilməmişəm,

Səndən özgəsinə mən əyilmərəm.

 

"Ah, şeir, sən nəsən?" şeirindən götürülmüş bu misraların müəllifı Kamal Alışoğludur. Onun bu günlərdə işıq üzü görmüş "Sən adlı ünvan" şeirlər kitabını vərəqləyirəm. "Ön söz əvəzi"ndə müəllif yazır: "Sizin ixtiyarınıza veriləcək "Sən adlı ünvan" kitabına necə, hansı prizmadan baxacaqsınız, onu deyə bilmərəm. Bir onu deyə bilərəm ki, bu kitab 20, bəlkə də 30 il bundan öncə işıq üzü görməliydi..."

Səmimi etirafdır və güman edirəm heç bir şərhə etiyac yoxdur.

Poeziya aləmində elə də çox tanınmayan bu imzanın sahibi şair kimi oxucularla ilk görüşə gəlsə də, diqqətli oxucu "Respublika" qəzeti səhifələrində Kamal İbadov imzası ilə tez-tez rastlaşır.

Bəli, hörmətli oxucu, Kamal Alışoğlu həm də tanınmış jurnalist, peşəkar qələm sahibidir. Ancaq biz bu gün onun şairliyindən danışacağıq.

Şeirlər toplusunu vərəqləyib onun şair ruhunun hansı simdə kökləndiyini bilmək elə də çətin olmadı. Bu şeirlərdə həyata, insanlara, tarixə, dünyaya münasibətdə o çox nikbindir.

 

"Beşgünlük dünyada ye, iç, kefə bax"-

Deyənlər nə sandı qoca dünyanı.

Dahilər güldülər deyilənlərə,

Tutdular hər şeydən uca dünyanı-

 

deyərkən adi bir ağacın baharda erkən çiçəklənməsindən, bir bulağın zümzüməsindən tutmuş başımıza gətirilən müsibətlərədək hər şey şairin şeir rübabını dilləndirir, həssas şair qəlbini gah sevindirir, gah da göyüm-göyüm göynədir.

"Cinəfarlı bulağı", "Nazlana-nazlana ölürdü güllər", "O bağ niyə viran qaldı görəsən?", "Eh, niyə ağaclar gec çiçəklədi?" və s. şeirlərində şair təbiət hadisələrinə münasibət bildirərək:

 

Eh, niyə ağaclar tez çiçəklədi,

Bahar nəfəsi də hələ uzaqda

Görən neynəyəcək yazıq ləçəklər,

Soyuq küləklərdə, qarda, sazaqda?

 

-deyə heyfsilənirsə "Göylərə can atan bu cavan qovaq" şeirində "bir çinarın qocalığına" bəlkə də sevinir, heç nəyə məhəl qoymadan ucalmağından həzz alır.

 

Göylərə can atan bu cavan qovaq

Ucalmaq eşqilə ucalır elə

Gördükcə göylərin sonsuzluğunu

Ucala-ucala qocalır elə

 

Hər bir şair məhz öz dövrünün övladıdır ilk növbədə həmin dövr üçün səciyyəvi olan həqiqətləri öz əsərlərində əks etdirir. Kamal Alışoğlu söz aləminə gələndə artıq Bəxtiyar Vahabzadə, Məmməd Araz, Əli Kərim, Sabir Rüstəmxanlı kimi şairlər bu mövqedən çıxış edərək kifayət qədər tanınmışdılar.

Ancaq nədənsə Kamal Alışoğlu öz imzasını həmin dövrdə tanıda bilmədi. Bunun isə obyektiv subyektiv səbəbləri var idi. Bilmirəm, bəlkə yazdıqlarını üzə çıxarmamağının bir başqa səbəbi vardı. Ancaq şairin elə həmin vaxtlarda, gəncliyində yazdığı şeirlərdə böyük poeziya ruhu duyulur. Məsələn, 1976-cı ildə qələmə aldığı "La-Çin lövhələri" şeirində bu dilbər guşənin mənzərəsini təsvir edir. Bu, sadəcə təsvir deyil. Hər misrada gənc bir vətənpərvərin hiss duyğuları əksini tapıb. Şair bu gözəllikdən qüvvət alır:

 

Baxıb bu dağlara dağa dönmüşəm,

Arzular qəlbimdə aşıb daşıbdır.

Əsrin təhlükəsi yadımdan çıxıb,

Dünya gözlərimdə yaşıllaşıbdır.

 

Kamal Alışoğlunun şeirlərində daxili narahatlıq, vətəndaş cəsarəti, bədii kəsər güclüdür. Hissiz, duyğusuz şeir yazılmaz. Bu məlum həqiqətdir. "Hissə qapılmaq" söz aləminə yaraşmaz. Bəzən yaradıcı insan belə anlarda ölçülərdən kənara çıxır. Ancaq Kamal müəllimin poeziyasında belə hallara rast gəlmədik.

Şeir düşündürür, tərbiyə edir. Kamal Alışoğlu da öz şeirlərində maraqlı süjetlər qurmaqla, ibrətamiz hadisələri qələmə almaqla oxucusuna böyük insani keyfıyyətlər aşılamağa çalışır. Ona bu yolda uğurlar arzulayırıq.

Vətən torpağının hər guşəsi gözəldir. Onun hər qarışını sevməyi bacarmalı, yolunda can verməyə hazır olmalıyıq. Kamal müəllim, şeirlərinizdən bu ruh əskik olmasın. Elə özünüz demişkən:

 

Göz qoyub hər işinə öyünəsən, fəxr edəsən,

Başını uca edə, Kamal iftixarın ola...

 

 

Nərgiz QURBANOVA

 

Respublika.- 2010.- 23 oktyabr.- S. 7.