Vətənə xidmət
Hərbi-vətənpərvərlik
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il
oktyabrın 1-dən 31-dək vətəndaşların həqiqi
hərbi xidmətə çağırılması
haqqında müvafiq fərmanına uyğun olaraq, ölkəmizin
hər yerində olduğu kimi paytaxtın Binəqədi rayon
hərbi komissarlığında da gənclərin hərbi
xidmətə yola salınması mərasimi mütəşəkkil
qaydada davam edir. Bu günlərdə hərbi
komissarlığın həyətində bayram əhval-ruhiyyəsi
yaşanır. Yolasalma mərasimlərində rayonun icra
strukturlarının, gənclər və ictimai təşkilatların
nümayəndələri ilə yanaşı valideynlər,
ağsaqqallar, dost-tanışlar da iştirak edirlər.
Rayon hərbi
komissarı polkovnik-leytenant Feyzi Ağabəyov bizimlə
söhbətində bildirdi ki, rəhbərlik etdiyi heyət
dövlət başçısının
imzaladığı fərman və sərəncamları,
Müdafiə Nazirliyinin, respublika hərbi komissarlığının
əmr və tapşırıqlarını vaxtında və
yüksək səviyyədə yerinə yetirməklə
ölkənin ordu quruculuğunun daha da möhkəmləndirilməsində
var qüvvəsini əsirgəmir. Çağırış
gününədək 18 yaşı tamam olmuş və
yaşı 35-dək olan və hərbi xidmətə
çağırışdan möhlət hüququ olmayan
onlarca gənc bir ay müddətində Milli Ordu və digər
hərbi birləşmələrin sıralarında qulluq etməyə
yola salınırlar. Onu da qeyd edim ki, bu kampaniyaya
komissarlığın çağırış bölməsinin
rəisi mayor Mehman Qurbanovun, əməkdaşlardan Amil
Mustafayevin, Firdovsi Əliyevin və başqalarının gərgin
əməyi, apardıqları maarifləndirmə işlərinin
sayəsində vaxtında və hərtərəfli
hazırlıq görülmüşdür. Valideynlər son
vaxtlar çağırışla bağlı dəyişiklikləri
böyük ruh yüksəkliyi ilə qarşılayıblar.
İndi bu sahədə heç bir problem yoxdur. Gənclər
vaxtlı-vaxtında hərbi həkim komissiyasından
keçir, qeydiyyata düşür və buradan təyin
olunduqları hərbi hissələrə yola salınırlar.
Ən əsası isə əvvəlki illərdən fərqli
olaraq çağırışdan yayınma halları tamamilə
yoxdur. Ümumiyyətlə, son illər ordu həyatında
yeniliklərin tətbiqini və icrasını mühüm
hadisə kimi qiymətləndiririk. Sevindirici haldır ki,
ötən əsrin 90-cı illərinin əvvəllərində
problemlər içərisində boğulan Silahlı Qüvvələrimizi
bu gün əldə etdiyi uğurlara görə yaxşı
mənada tanımaq olmur.
Ümummilli liderimiz Heydər
Əliyev hakimiyyətə gələndən sonra digər sahələrdə
olduğu kimi, ordu quruculuğunda da köklü islahatlar
aparıldı. Həmin vaxtdan başlayaraq gənclərin
orduya səfərbərliyi də mütəşəkkil
keçməyə başladı, fərarilik və digər
neqativ hallar tədricən aradan qaldırıldı. Dövlətimizin
başçısı, silahlı qüvvələrin Ali
baş komandanı cənab İlham Əliyevin uğurla həyata
keçirdiyi müdrik və uzaqgörən siyasəti nəticəsində
ordumuzun qüdrəti ilbəil artır. Ölkə rəhbərinin
Qarabağ problemi ilə bağlı apardığı
ardıcıl və qətiyyətli siyasəti sayəsində
torpaqlarımız tezliklə işğaldan azad olacaq,
xalqımız qələbəyə qovuşacaqdır.
Biz hərbi
komissarlıqda olarkən valideynlər və
çağırışçılarla da
görüşdük. Valideynlərdən Əbdürrəhman
Əbdürrəhmanov, İsa Zeynalov, Rafət Şahverdiyev və
başqaları bildirdilər ki, hərbi
çağırışla bağlı tətbiq olunan
yeniliklər obyektivliyi və şəffaflığı təmin
edir. Bu isə övladlarımızın hərbi-vətənpərvərlik
tərbiyəsində əməlli-başlı
dönüş yaratmışdır. Övladlarımız
yaxşı başa düşürlər ki, hərbi xidməti
başa vurmadan, əsgərlikdə olmadan heç bir uğura
imza atmaq olmaz. Eyni zamanda cəmiyyət arasında əsgərlikdə
olmayan adamlara o qədər də yaxşı münasibət
bəsləmirlər. Elə bunu hiss edən gənclər
böyük həvəslə hərbi xidmətə
yollanırlar. Unutmaq olmaz ki, böyükdən-kiçiyə
hamımız ordumuza böyük ümidlər bəsləyir,
doğma Vətənimizin sərhədlərinin
bütövlüyü məsələsinin həllində ona
inanırıq.
Hərbi xidmətə
gedən gənclərdən Orxan, Şamil, Nadir, Eldar və
Mahirin fıkirləri də eyni idi:
—Təbii ki, hərbi
hissədə qulluq etmək 18 yaşına çatmış
hər bir gəncin vətəndaşlıq borcudur. Bu borcu
yerinə yetirmək üçün əsgəri xidmətə
gedir və bunu özümüz üçün şərəf
hesab edirik. Vətənə xidmət müqəddəs
borcdur. Ona görə də xidmət dövründə hərbin
sirlərinə dərindən yiyələnəcək, Vətənin
keşiyində ayıq-sayıq dayanacağıq.
Söhbət zamanı o
da vurğulandı ki, çağırışaqədər
və çağırış yaşlı gənclərin
Silahlı Qüvvələrdə hərbi xidmətə
hazırlanmasında, onların hərbi-vətənpərvərlik
tərbiyəsinin yüksəldilməsində orta məktəblərin
və orada çalışan hərbi hazırlıq müəllimlərinin
də üzərinə böyük məsuliyyət
düşür. Belələrinin sırasında
polkovnik-leytenant İsmayıl İsmayılovun (115 saylı məktəb),
polkovnik-leytenant A.Zeynalovun (297 saylı məktəb), kapitan
Yasin Sultanovun (298 saylı məktəb) adları iftixarla
çəkildi.
Ramiz YUSİFLİ
Respublika.- 2010.- 27 oktyabr.- S. 4.