Bərdə: inkişaf və tərəqqi aydın görünür

 

Bu barədə rayon icra hakimiyyəti başçısı yanında Şuranın yığıncağında ətraflı danışıldı

 

Ölkəmiz öz sosial-iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyub. Dövlət tərəfindən xalqımızın həyat şəraitinin daha da yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Fərəhli haldır ki, bu tədbirlər ardıcıl və davamlı xarakter almışdır. Regional inkişafa dair ikinci Dövlət Proqramı uğurla həyata keçirilir. Həmin proqram, demək olar ki, bütün regionların, o cümlədən qəsəbə və kəndlərin inkişafı üçün münbit şərait yaratmışdır. Bütün imkanlar və qüvvələr Dövlət Proqramının yüksək səviyyədə yerinə yetirilməsinə səfərbər olunub.

Qədim Bərdə torpağında da inkişaf, tərəqqi, insanların həyat şəraitinin yaxşılaşdırılması, sahibkarlığa geniş meydan verilməsi, əhalinin elektrik enerjisinə, təbii qaza və içməli suya olan ehtiyacının ödənilməsi, yeni iş yerlərinin açılması diqqəti daha çox cəlb edir. Sözün əsl mənasında, son illər Bərdə rayonu bölgədə öz inkişafına görə ön mövqeyə çıxmışdır.

Oktyabrın 26-da rayon icra hakimiyyəti başçısı yanında Şuranın yığıncağında bütün bunlar barədə ətraflı danışılmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş 20 dekabr 2010-cu il tarixli iclasının tələbləri baxımından Bərdə rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Rayon icra hakimiyyətinin başçısı İlham Ağayev müzakirə olunan məsələ ilə əlaqədar geniş məruzə etmişdir. Qeyd olunmuşdur ki, rayon üzrə doqquz ayın yekunları çox uğurlu və diqqətəlayiqdir. Hər şeydən əvvəl, ümumi məhsul istehsalı əvvəlki dövrlə müqayisədə 9,1 faiz çox olmuşdur. Eyni zamanda, bu artım kənd təsərrüfatında 16,5 faiz, tikintidə 14,9 faiz, nəqliyyatda 11,8 faiz, ticarətdə isə 33 faiz  olmuşdur. Əlbəttə, bu rəqəmlərin arxasında gərgin əmək, təşəbbüskarlıq, tapşırılan işə vicdanlı münasibət və doğma rayonun daha çox inkişafı üçün yurd məhəbbəti dayanır.

Keçmiş zamanlardan üzü bəri Bərdə ölkəmizdə ən iri kənd təsərrüfatı rayonlarından biri olub. Payız fəsli kənd təsərrüfatı işlərinin yekunu üçün ən əlverişli vaxt hesab olunur. Əslində isə, bu ilin əvvəllərində havaların əlverişsiz keçməsi və leysan yağışlarının yağması təsərrüfat işləri üçün əlverişli olmamışdır. Xüsusi mülkiyyətçilər və fermerlər çətin vəziyyətə düşsələr də, onlar dövlət tərəfindən göstərilən diqqət və qayğını ən ağır məqamlarda belə hiss etmişlər. Vaxtilə Bərdədə taxıl istehsalı dinamik şəkildə inkişaf etmişdir. Son vaxtlar isə bazar münasibətlərinin düzgün nizamlanmaması və digər bir sıra amillər fermerləri taxıl əkini sahələrinin həcmini azaltmağa məcbur etmişdir. Buna baxmayaraq, əkinçilər məhsuldar toxum sortlarının seçilməsinə, aqrotexniki tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsinə səy göstərmişlər. Taxılçılığa dövlət dəstəyinin artırılması, sözün həqiqi mənasında, fermerlərin köməyinə çatmışdır. Yanacağın, sürtkü yağlarının, mineral gübrələrin güzəştli satışı, sahibkarlara verilən kreditlər, yarmarkaların təşkili və digər istiqamətlərdə dövlət yardımları sahibkarlığın daha çox inkişaf etməsinə güclü stimul vermişdir. Qeyd etmək yerinə düşər ki, cari ilin doqquz ayında 16787 nəfər istehsalçıya 2 milyon 407 min manat dövlət yardımı verilmişdir. Bundan əlavə, banklar və qeyri-bank təşkilatları tərəfindən sahibkarlara ötən dövr ərzində 12 milyon 537 min manat kredit verilmişdir. Əlbəttə, bu, onlara çox böyük kömək və dəstəkdir.

Hazırda rayonda 2 min ton meyvə, tərəvəz və bostan məhsullarını saxlamağa imkan verən soyuducu anbar, 10,5 min ton məhsul tutan taxıl anbarı inşa olunur. Eyni zamanda, iri və müasir gübrə anbarının da tikintisi davam etdirilir.

Əkinçiliyin elmi əsaslar və zəngin təcrübə əsasında daha da inkişaf etdirilməsi üçün ra-yonda 24 toxumçuluq müəssisəsi yaradılıb. Ötən təsərrüfat ilində rayon üzrə 4258 ton yüksək repreduksiyalı və məhsuldar toxum istehsal olunmuşdur ki, bu da yerli tələbatı, demək olar ki, tamamilə ödəyir. Kənd təsərrüfatının digər sahələrində də artım müşahidə olunmuşdur. Belə ki, ilin 9 ayı ərzində rayonda 4350 ton kartof, 31,2 min tona yaxın tərəvəz, 37,6 min tona yaxın bostan məhsulları, 15 min ton çuğundur, 1,2 min ton günəbaxan və 5,4 min ton meyvə istehsal olunmuşdur.

Heyvandarlıq sahəsində də irəliləyiş özünü aydın büruzə vermişdir. Orta hesabla mal-qaranın baş sayı 2 faiz, qoyun və keçilər isə 1,3 faiz artmışdır. Ət, süd, yun, yumurta istehsalı da keçən ilin müvafiq dövrünə nisbətən yuksəlmişdir. Bütün bunlar isə rayonda damazlıq təsərrüfatlarına, toxumçuluğa, seleksiya işlərinə yüksək diqqət və qayğının nəticəsində mümkün olmuşdur.

Şura yığıncağında qeyd olundu ki, rayonda heyvandarılıq və əkinçilik sahələrində ehtiyat mənbələrindən, mövcud imkanlardan tam səmərəli istifadə olunmur. Buna misal olaraq quşçuluğa olan münasibəti göstərmək olar. Rayon icra hakimiyyəti sahibkarlara müraciət edərək keçmiş dövrdən qalmış iki müəssisəyə - quşçuluq fabrikinə və broyler təsərrüfatına sərmayə qoymağın vaxtı çatdığını bildirdi. Çünki quşçuluq gəlirli sahədir.

İkinci Dövlət Proqramında pambıqçılığın dəstəklənməsi də ön plana çəkilib. Pambığın qiymətinin aşağı olması bu sahəyə marağı azaltmışdır. Necə deyərlər, xərc borcu ödəmir. İlboyu tarlalarda zəhmət çəkən əkinçinin sonda əli boşda qalır.

Ötən dövr ərzində sənaye, tikinti, nəqliyyat, rabitə, istehlak və əmlak bazarında əsaslı artım müşahidə olunmuşdur. İqtisadiyyatın inkişafına ümumilikdə 7 milyon 520 min manat investisiya qoyulmuşdur ki, bu da ötən ilin eyni dovründəkindən 2,1 dəfə çoxdur. Əhalinin məşğulluğuna, yeni yerlərinin açılmasına da ciddi diqqət yetirilir. Belə ki, 9 ay ərzində 850 yeni yeri açılmışdır ki, bunun da 749-u daimidir.

Rayonda ötən dövr ərzində 7,5 milyon manatlıqdan çox tikinti, abadlıq işləri görülmüş-dür. Qədim tarixi olan Bərdə şəhəri yenidən qurulur. Təmir və bərpa işləri uğurla davam etdirilir.

Məlum olduğu kimi, 2010-cu il "Ekologiya ili" elan olunmuşdur. Buna görə rayonda xeyli görülüb. 51 min ədəd ağac gül kolları əkilib, 31,5 hektar sahədə meşə salınıb. Rayonda 5,4 hektarda tinglik yaradılıb burada kifayət qədər müxtəlif meyvə bəzək ağaclarının tingləri yetişdirilir. Söz mülkünün sultanı ulu Nizami Gəncəvinin vəsf etdiyi kimi, Bərdənin yazı da, qışı da güldür, çiçəkdir. Bir sözlə, Bərdə yaşıllıqlar diyarına çevrilib bu qədim diyar sosial-iqtisadi inkişafın yeni mərhələsinə uğurla başlayıb.

Şura yığıncağında rayon həyatının digər vacib məsələləri, xüsusilə qarşıdakı parlament seçkilərinə hazırlığın vəziyyəti müzakirə edilmişdir.

Məruzə çıxışlarda belə bir yekdil inam hissi ifadə olundu ki, bərdəlilər ilin 9 ayında əldə olunmuş nailiyyətlərlə arxayınlaşmayacaq, ölkə Prezidentinin Nazirlər Kabinetinin iclasında qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirəcək, bütövlükdə 2010-cu ili yüksək nəticələrlə başa vuracaqlar.

 

 

Salman ALIOĞLU

 

Respublika.- 2010.- 27 oktyabr.- S. 6.