Yazıçı ilə tələbələrin görüşü

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin iclas zalında ədəbiyyatımızda özünəməxsus yeri olan nasir, publisist və naşir Mustafa Çəmənlinin yaradıcılığı ilə əlaqədar tədbir keçirilmişdir.                 

Yazıçı və şairlərin, jurnalistlərin, universitetin müəllim-professor, tələbə kollektivinin qatıldığı məclisi sənətşünaslıq fakültəsinin dekanı, filoloq Vəfa Əliyev açmış və Mustafa Çəmənlinin geniş, çoxşaxəli yaradıcılığı barədə ətraflı məlumat vermişdir. Natiq qeyd etmişdir ki, M.Çəmənli 18 kitabın müəllifidir. Müəllifin "Xallı gürzə" romanı, eləcə də "Ruhların üsyanı", "Oxu, gözəl", "Fred Asif", "Məcnunun Məcnunu" və digər romanları geniş oxucu rəğbəti qazanmışdır.

Yazıçı-dramaturq Aqşin Babayev bildirmişdir ki, M.Çəmənli Qarabağ uğrunda döyüşən şəhidlərimizin xatirəsinə həsr olunmuş onlarca məqalənin müəllifidir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Mübariz" povesti peşəkarlıqla yazılmış dəyərli əsərlərdəndir.

Yazıçı-publisist Mustafa Çəmənli Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun iyirmi iki illik ömür yolundan bəhs edən bu povestində qəhrəmanın daxili aləmini, hiss və həyəcanlarını, mənəvi dünyasında baş verən oyanışı, Mübarizi daim narahat edən, intiqama səsləyən səbəbləri bədii detallarla açıb göstərməyə çalışmışdır. Kitab "Təhsil" Nəş-riyyat Poliqrafiya müəssisəsinin baş direktoru Bəhruz Axundov tərəfindən yüksək tirajla təmənnasız nəşr olunmuşdur.

Dramaturq Əli Əmirli M.Çəmənlinin "Leyli və Məcnun" 100 il səhnədə" monoqrafiyasının, eləcə də müəllifin korifey sənətkarlarımıza həsr etdiyi kitablarının əhəmiyyətindən danışmışdır.

Yazıçı İntiqam Mehdizadə bir vaxtlar Azərbaycan televiziyasında çiyin-çiyinə işlədiyi M.Çəmənlinin insani keyfiyyətlərindən, muğam sənətinin bilicisi kimi onun fitri istedadından söhbət açmışdır.

Sonra ADMİU-nun prorektoru Rafiq Sadıqov universitetin rektoru Timuçin Əfəndiyevin M.Çəmənliyə ünvanladığı xoş arzularını bildirmiş və belə tədbirlərin tələbələrlə tez-tez keçirilməsinin əhəmiyyətindən danışmışdır.

Sonda müəllif tələbələrin suallarına cavab vermiş, öz kitablarını tədbir iştirakçılarına təqdim etmişdir.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.- 2010.- 28 oktyabr.- S. 8.