Gələcəyin fizikləri, riyaziyyatçıları

 

Dərin bilik, bacarıq, yüksək əxlaqi dəyərlər zirvəsinə gedən yol təlimdən keçir. Elə buna görə də təhsil ocaqlarının müasir tələblərə cavab verməsi böyük əhəmiyyət kəsb edir. 2005-2006-cı tədris ilində fəaliyyətə başlayan fizika-riyaziyyat təmayüllü lisey Azərbaycan Respublikası Prezidentinin xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramına əsasən yaradılmışdır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində olan liseyin müəllimlərinin əksəriyyəti məhz universitetin öz müəllimləridir. Burada fəaliyyət göstərən 18 müəllimdən 10-u elmlər namizədidir. Təbii ki, dərsin keyfiyyətinin yüksəldilməsi üçün savad hər şeyi həll etmir, müəllim uşaqlarla işləmək, onlarla ünsiyyət qurmaq və metodiki bacarığa malik olmalıdır. Sözsüz ki, pedaqoji və şagird kollektivinin nizam-intizamı da əsas şərtdir.

Liseyə rəhbərlik edən Surxay Əliyevin yüksək təşkilatçılığı sayəsində ötən beş ildə az uğurlar əldə olunmamışdır. Onu deyək ki, Surxay Əliyev fizika-riyaziyyat elmləri namizədidir. Eyni zamanda,  universitetin fizika kafedrasında çalışır.

Liseyin direktor müavini kimya elmləri namizədi, dosent Tamilla Zeynalova həm də universitetin kimya kafedrasının müəllimidir. O, tədrisin səviyyəsinin yüksəldilməsi məqsədilə görülən işlər, həyata keçirilən tədbirlərdən danışdı, iş planı hazırlanarkən nəzərə alınan mühüm cəhətlərdən söz açdı: "Təhsil müəssisəsində hər bir amil vacibdir, dərs bölgüsündən, müəllim və sinif rəhbərlərinin metodik birləşmələrinin iş planından tutmuş, məktəbin fəaliyyəti haqqında hesabatların müəyyənləşdirilməsi, pedaqoji şuranın işinə rəhbərlik etməyədək hər şey yüksək səviyyədə təşkil olunmalıdır. Məktəbdə keçirilən "açıq dərslər" iki istiqamətdə - müəllimin səviyyəsini yoxlamaq, yaxud qabaqcıl müəllimlərin iş təcrübəsi ilə tanış olmaq məqsədilə aparılır. Dərs cədvəlləri tərtib edilərkən müəllim və şagirdlərin iş qabiliyyəti nəzərə alınır, zehni gərginlik tələb edən dərslər arasında nisbətən yüngül fənlər salınır ki, şagirdlər çox yorulmasınlar. Belə olduqda mənimsəmə səviyyəsi də yüksək olur.

Kadr potensialının təkmilləşdirilməsi, məktəbdə sağlam pedaqoji mühitin yaradılması, məktəbin fəaliyyətinin demokratik prinsiplərlə idarə olunması son dərəcə mühüm məsələdir. Universitet rəhbərliyi bu işi daim nəzarətdə saxlayır, lazımi tövsiyələr verir. Tədrisin keyfiyyətini yüksəltmək üçün şagird-valideyn-müəllim münasibətlərinin səmərəli şəkildə qurulmasına çalışırıq. Sinif rəhbərləri valideynlərlə mütəmadi əlaqə saxlayır, şagirdlərin böyüdükləri, formalaşdıqları, tərbiyə aldıqları ailə mühitini öyrənirlər. Bu zaman şagirdin ailə üzvləri ilə münasibəti, uşaqların və valideynlərin asudə vaxtının birgə keçirilməsi, problemi olan ailələrdə uşaqların maraq və hüquqlarının müdafiəsi kimi məsələlərə daha çox diqqət yetirilir".

Tamilla Zeynalova mütərəqqi təhsil metodlarından danışarkən distant təhsil haqqında məlumat verdi. Bildirdi ki, distant təhsil müxtəlif məkan və zaman daxilində müəllim-tələbə münasibətlərinin müasir informasiya texnologiyaları əsasında qurulması və tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Tələbə, şagird universitetin  proqramına  daxil olur, tədris materiallarını öyrənir, tapşırıqları icra edir, kompyuter vasitəsilə biliyini yoxlayır. Semestrin sonunda əyani formada gəlib imtahan verir. Distant təhsil-təhsilin kompyuterləşdirilməsinin zirvəsidir. Buna təhsilin informasiyası kimi baxmaq olar.

Direktor müavini sözünə davam edərək dedi: "Təhsil sistemində aparılan islahatlar çox genişmiqyaslı olduğundan, çoxsaylı insanları əhatə etdiyindən, nəticənin özünü neçə illər sonra büruzə verəcəyini nəzərə alsaq, onun kifayət qədər mürəkkəb olduğunu görərik, lakin sınaqdan çıxmış, özünü doğrultmuş təcrübənin öyrənilməsi onlardan istifadə edilməsi zəruridir.

Tərbiyə işinin təşkilində kitabxanalar da mühüm rol oynayır. Sirr deyildir ki, böyüyən gənclik daha çox internetə meyilli olur. Şagirdlərdə elmi, bədii, publisistik, texniki ədəbiyyata maraq oyatmaq üçün liseyin kitabxanasında diskussiyalar, debatlar, yazıçılarla görüşlər, bədii oxu yarışı keçirmək müsbət nəticə verir.

Onu da qeyd edim ki, universitetin nəzdində hazırlıq kursları fəaliyyət göstərir. Bu da universitetə tələbə qəbulunun səviyyəsini tədrisin keyfiyyətini yüksəltməyə xidmət edir. Ümumiyyətlə, liseydə 50 şagird təhsil alır. 2009-2010-cu tədris ilində liseyi 12 məzun bitirmiş onlar da ali məktəbə qəbul zamanı yüz faiz nəticə göstərmişlər. Məzunların beş nəfəri Azərbaycan Memarlıq İnşaat Universitetinin tələbəsi olmuşdur.

Ən ümdə vəzifəmiz liseyin şagirdlərini cəmiyyətə layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir. Şagirdlərimizin müstəqil həyatda daha düzgün yol seçəcəklərinə inanırıq".

 

 

Nərgiz RÜSTƏMLİ

 

Respublika.- 2010.- 28 oktyabr.- S. 6.