Sağlam həyatın
keşiyində
2010-cu il respublikamızın
səhiyyə işçiləri üçün də
uğurlu olmuşdur. Müasir dövrdə insanların
cansağlığının etibarlı mühafizəsi
ümumdövlət əhəmiyyəti kəsb edən aktual
məsələdir. Bu sahədə Biləsuvar rayonunun mərkəzi
xəstəxanasında da mühüm tədbirlər həyata
keçirilir. Bölgə müxbirimiz tibbi xidmətin səviyyəsinin
yüksəldilməsi sahəsində görülən tədbirlər
haqqında məlumat verməyi xəstəxananın baş həkimi
Şamil Cəfərovdan xahiş etmişdir. O demişdir:
-Bu gün ölkəmizdə
ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli
qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlət və
vətəndaş cəmiyyəti quruculuğu prosesi hörmətli
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Heydər Əliyevin siyasi varisi olan ölkə
başçımızın gərgin səyləri nəticəsində
ulu öndərin ideyaları yaşayır və qalib gəlir.
Bizim kollektiv də son illər
əhaliyə tibbi xidmətin
yaxşılaşdırılması, səhiyyə
ocaqlarının maddi-texniki bazasının yüksəldilməsi
sahəsində xeyli iş görmüşdür. Tibb
ocaqlarının kadrlarla komplektləşdirilməsi, yeni tibb
müəssisələrinin yaradılması, dərman təchizatının
yaxşılaşdırılması əsas işimiz
olmuşdur.
Rayonumuzda hökm sürən
ümumi ab-hava, rəhbərliyin həyata keçirdiyi tədbirlər
sayəsində sahənin problemləri sürətlə aradan
qaldırılır. Rayonun səhiyyə şəbəkəsinə
175 çarpayılıq mərkəzi xəstəxana, 25
çarpayılıq uşaq xəstəxanası, 25
çarpayılıq Xırmandalı kənd xəstəxanası,
14 həkim ambulatoriyası və 7 feldşermama məntəqəsi
daxildir. Mərkəzi xəstəxanada bir neçə
stasionar şöbə fəaliyyətdədir. Bundan başqa,
vətəndaşlara müalicə-diaqnostika, laboratoriya,
rentgen, fizioterapiya, təcili yardım xidmətləri göstərilir.
Bu müəssisələrdə 500-dən artıq
işçi çalışır ki, bunlardan 115 nəfərini
həkimlər, 328 nəfərini orta, qalanlarını
kiçik tibb işçiləri təşkil edir. Bu
böyük kollektivin qüvvəsi ilə ötən il ana və
uşaq mühafizəsinə xüsusi diqqət
yetirilmişdir. Xidməti ərazimizdə 1690 uşaq
dünyaya gəlmiş, onların hamısında vərəmə,
poliomelitə və hepatitə qarşı peyvənd
aparılmışdır.
Əvvəlki illərdə
olduğu kimi, cari ildə də yoluxucu xəstəliklərə
qarşı aparılan mübarizə tədbirləri
uğurlu olmuşdur. Uşaq kontingentində aparılan
vaksinasiya və immunizasiya tədbirlərinin nəticəsində
rayonda difteriya, göy öskürək, poliomelit tetanus,
qızılca, hepatit, ilkin vərəm kimi xəstəliklər
aşkar olunmamışdır. Xüsusilə vərəmi erkən
aşkar etmək məqsədilə flüoqrafik və bəlğəm
müayinələrinin aparılmasına diqqət
artırılmış, aşkar olunmuş xəstələr
ciddi nəzarət altında müalicəyə cəlb
olunmuşlar.
İmtiyazlı xəstələrə
göstərilən tibbi xidmət, onların lazımi dərman
preparatları ilə təminatı diqqət mərkəzində
olmuşdur. İl ərzində bu məqsəd
üçün hər ay 10 min manatdan çox vəsait xərclənmişdir.
Kollektivin səyləri nəticəsində
zəhmətkeşlərə səyyar tibbi xidmətin təşkilindən
də razılıq edənlər çoxdur. Ən ucqar kəndlərdə
belə, əhali arasında profilaktik tədbirlər müntəzəm
olaraq davam etdirilir, sakinlər xüsusi olaraq
yaradılmış həkim briqadaları tərəfindən
vaxtaşırı tibbi müayinədən keçirilir, təyin
edilmiş müddətlərdə peyvəndlər
aparılır. Rayon ərazisində məskunlaşmış
qaçqın və məcburi köçkünlərə,
ahıllara, imkansız şəxslərə birinci növbədə
xidmət göstərilir, onlara bir qayda olaraq tibbi yardımlar
pulsuz həyata keçirilir.
Tibb ocaqlarının maddi-
texniki təchizatı sahəsində xeyli iş
görmüşük. Belə ki, yeni nəqliyyat vasitələri
üçün kifayət qədər yanacaq və
sürtkü materialları əldə etmişik. İl ərzində
81 adda bərk və yumşaq inventar alınmışdır.
Bununla da həm müalicə olunanların, həm də
müayinəyə cəlb olunanlara tibbi xidmətin daha səmərəli
təşkilinə nail olmuşuq. Əsas şöbələr,
sanitar qovşaqlar təmirdən çıxmışdır.
Hazırda mərkəzi xəstəxananın cərrahiyyə
şöbəsində təmir işləri sürətlə
davam etdirilir. Bu şöbədə ilin ötən ayları ərzində
699 xəstənin qəbul edildiyini, 607 əməliyyatın
aparıldığını, ətraf
rayonlardan buraya daha çox müraciət olunduğunu nəzərə
alaraq həmin sahəyə xüsusi diqqət yetirilir.
Xəstəxananın ərazisində
abadlıq və təmizlik işləri görülür, son
vaxtlar burada xeyli ağac və gül kolları əkilmişdir.
Onu da qeyd etmək yerinə düşər ki, kollektivimiz
rayonda həyata keçirilən bütün ictimai əhəmiyyətli
tədbirlərdə fəallıq nümayiş etdirir.
Sabir MUSTAFAYEV
Respublika.- 2010.- 28 oktyabr.- S. 6.