Şəxsiyyətin inkişafında və
formalaşmasında təlim-tərbiyənin rolu
Cəmiyyətin
inkişafı, qanunauyğunluqları, hadisələrin
başvermə səbəbləri, hərəkətverici
mexanizmi haqqında dialektik və metafizik inkişaf
konsepsiyası mövcuddur. Təbii ki, insan-fərd bir varlıq
kimi inkişaf edərək formalaşır. Bir çox
görkəmli dünya alimləri fərdin inkişafına
irsiyyət nöqteyi-nəzərindən yanaşmaqda
haqlıdırlar. İnkişaf təbiət və cəmiyyət
hadisələri ilə
bağlıdır və hərəkətlə, tərəqqi
ilə, yaradıcılıqla səciyyələnir. Bu, eyni
zamanda mühit və tərbiyə ilə də şərtlənir.
İnsanın inkişafı deyərkən 3 mühüm əlamət-fiziki
anatomik-fizioloji inkişaf, yəni insanın bioloji fərd kimi
inkişafı, psixoloji inkişafı və sosial inkişaf,
insanın vətəndaş-şəxsiyyət kimi yetişməsi
nəzərdə tutulur.
Bu əlamətlər
ayrılıqda xüsusi kəmiyyət və keyfiyyət dəyərlərinə
malikdir. Psixoloji inkişafa insanın idrak prosesinin,
duyğuların, qavrayış və təsəvvürün,
nəticə və təxəyyülün, diqqətin, nitq və
təfəkkürün, hafizə və iradənin, necə təşəkkül
tapması daxildir. İnsanın sosial inkişafı, onun cəmiyyətdəki
iştirakı konkret adamlar və kollektiv üzvləri ilə
münasibətdə özünü göstərir, ətraf
aləmdə cərəyan edən hadisələrin
müşahidəçisinə çevirir. Buna görə də
insanın inkişafından danışarkən şəxsiyyət
anlayışı önə çəkilir. Bu dəyərlər
insanları mənəvi-sosial həyatda
formalaşdırır və onları şəxsiyyət
statusuna yüksəldir. Beləliklə, şəxsiyyət,
onun maraqlarının və meyillərinin, temperamentlərinin
funksional xüsusiyyətləri nəticəsində əmələ
gəlmiş fərdi fərqlər sayəsində həyatda
fəal mövqe tutur. İnsan dünyaya bioloji varlıq kimi gəlir,
lakin bir şəxsiyyət kimi özünün fərdi həyatı
və fəaliyyəti prosesində uzun və mürəkkəb
yol keçərək yetkinləşir.
Hazırda cəmiyyətin
qarşısında duran vəzifələrin yerinə yetirilməsi
xeyli dərəcədə fəal və hərəkətli
inkişaf etmiş şəxsiyyətin
formalaşdırılması prosesinin səmərəliliyindən
asılıdır. Şəxsiyyətin inkişafı ilə
əlaqədar olaraq yalnız bugünkü təcrübənin
deyil, həm də pedaqoji fıkrin zəngin ideyalarını
nəzərə almaq lazımdır. Azərbaycan maarifpərvərləri
şəxsiyyətin ən müsbət cəhətlərini
onun cəmiyyətdəki münasibət və fəaliyyətində
axtarmışlar, çünki münasibətlər
insanın həyat təcrübəsinin nəticəsi olmaqla
onun hərəkətlərini və daxili hisslərini müəyyənləşdirir.
Nəticədə
insanın bir şəxsiyyət kimi formalaşması prosesinə
təsir edən amillər haqqında müxtəlif fikirlər
meydana gəlmişdi. Əsrlər, min illər boyu bu amillər
içərisində üstünlük irsiyyətə
verilmiş və belə bir fikir irəli
sürülmüşdür ki, valideynlərdə müsbət
və mənfi nə varsa övladlara keçir. İrsiyyət
nəzəriyyəsinin hakim olduğu dövrlərdə zəka
sahibləri həmin nəzəriyyəni qəbul etməklə
yanaşı, tərbiyəyə böyük əhəmiyyət
verirdilər. Elmin, təhsilin, tərbiyənin böyük
gücünə inanan və onu təbliğ edən Nizami Gəncəvi
bəzən irsiyyətin mütləq təsirini
inkişafın əsas amili kimi götürürdü.
İnsanın cəmiyyətdə
düzgün tərbiyə edilməsində bir sıra amillər
mühüm rol oynayır. İnsan ayrı-ayrı yaş
dövrlərində fiziki, psixi və mənəvi cəhətdən
müxtəlif xüsusiyyətlərə malik olur, onun
xarakterində müəyyən yeniliklər, dəyişikliklər
yaranır. Buna görə də cəmiyyətimizin
üzvü olan insan bilməlidir ki, hansı şəraitdə
və hansı amillərin təsiri altında inkişaf edir,
onun inkişafında irsiyyətin, mühit və tərbiyənin
rolu nədən ibarətdir.
Bu məsələlərin
dərindən öyrənilməsi və tərbiyənin
roluna dair həm qədim dövrlərdə, həm də
sonralar müxtəlif fikirlər irəli
sürülmüş, uzun mübahisələr və tədqiqatlar
aparılmışdır. Hələ qədim yunan mütəfəkkirləri
Sokrat, Platon və Aristotel insan həyatında tərbiyənin
böyük rolu olduğunu göstərmişlər. Platon (e.ə.
347-127-ci illər) "Qanunlar" əsərində
yazmışdır: "İnsanı həqiqətən tərbiyə
etsək o, ən sakit və ilahi məxluq olar". Bununla belə,
sonralar başqa fikirlər irəli sürüldü. Məsələn,
orta əsrlərdə insanın inkişafında irsiyyəti
həlledici amil hesab edirdilər. "İrsiyyət nəzəriyyəsi"
tərəfdarları belə deyirdilər ki, insanın qabiliyyəti,
zəka, ideya və əxlaqi sifətləri, iradəsi ilə
xasiyyəti anadan gəlmədir. Bu keyfiyyətlər uşaq
doğularkən valideynindən ona irsən keçir. O
vaxtkı iqtisadi və ictimai şəraitdən irəli gələn
təlimə görə, bilikli, mərifətli,
bacarıqlı insanlar böyüdükdə valideynlərinə
oxşamalıdırlar.
Y.A.Komenski
"Böyük didaktika" adlı əsərində
yazırdı: "Bizə təbiət əxlaqı verirsə
də, biliyi və xeyirxahlığı vermir". Komenski
şəxsiyyətin inkişafı üçün məktəb,
təlim-tərbiyə işini təkmilləşdirməyi, təlimin
insan tərbiyəsi üzərində ciddi
çalışmasını zəruri bilirdi.
İngilis filosofu Con Lokk
(1637-1704-cü il) "İdeyaların fitriliyi" nəzəriyyəsinə
qarşı çıxaraq, vaxtilə Aristotel tərəfindən
qaldırılan bu ideyanın əsasında özünün
məşhur "Fabula rasa" (ağ) nəzəriyyəsini
irəli sürdü. Con Lokkun fıkirincə, insan dünyaya
gəldikdə, irsən ona heç bir qüvvə verilmir.
Uşağın ruhu ağ lövhəyə bənzəyir,
bu təzə ağ lövhə üzərində tərbiyə
vasitəsilə hər nə istəsən yazmaq olar.
Uşaqda istənilən keyfiyyəti tərbiyə etmək,
yaratmaq olar.
Cəmiyyət öz
yerində saymır, daim inkişaf edir, tərbiyənin insan
şəxsiyyətinin formalaşmasındakı rolu
böyükdür. XIX əsrin utopik sosialistləri Sen Simon,
Şarl Furye, Robert Ouen tərbiyənin qüvvəsinə həddindən
artıq inanır, cəmiyyəti tərbiyənin gücü
ilə dəyişdirməyə ümid edirdilər. Onlar
insanı mühitin passiv, aciz məhsulu kimi qiymətləndirirdilər.
XIX əsrdə yaşamış rus demokratları
Çernışevski, Belinski, Dobrolyubov, Pisarev insan şəxsiyyətinin
formalaşmasında tərbiyənin böyük rol
oynadığını qeyd edirdilər. Onların fikrincə,
yalnız şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin,
ölkənin də taleyi gənc nəslin düzgün tərbiyəsindən
asılıdır. Belinski yazırdı ki, həm həyat, həm
ölüm, həm xilas olmaq, həm də məhv olmaq tərbiyədən
asılıdır.Tərbiyə insan yaratmır,
doğulmuş varlığın yaxşı və ya pis
olmasına kömək edir. İnsanın inkişafına,
şəxsiyyətin formalaşmasına, ictimai mühitin necə
təsirinə dair elmə məlum 40-dan çox "homo
ferus" mövcuddur. Dobrolyubov yazırdı ki, insanlarla
ünsiyyətdə olmayan, meşədə heyvanlar
arasında böyüyən adamlar vəhşiləşir,
onların anlayışları inkişaf etmir.
Hind şahzadəsi Əkbər
öz alimləri ilə mübahisə etmişdi ki, insanın
insan olması üçün onun insan mühitində
yaşaması zəruridir. Alimlər buna etiraz etdikdə o belə
bir eksperiment aparmışdır. Hind, Çin, Benqal
uşaqlarını anadan olan kimi valideyinlərindən
almış, onları bağlı kameralarda saxlamış,
uşaqları ünsiyyət, insani münasibətlər
dünyasından məhrum etmişdir.Yeddi yaşında
uşaqlar yalnız heyvani səslər
çıxarmışlar. Elmə məlum olan bu cür
faktları araşdıran nəzəriyyəçi Dubinin belə
nəticəyə gəlir ki, insana mənəvi keyfiyyətlər
irsən verilmir, bunlar tərbiyənin və ictimai mühitin nəticəsidir.
İnsan şəxsiyyət kimi doğulmur. İnsanın fərdi
inkişafı, onun şəxsiyyətinin formalaşması
son mərhələdə ictimai həyat şəraitindən,
ictimai münasibətlər sistemindən və istehsal
münasibətlərdən asılı olur. İnsan ictimai
münasibətlərin məcmusudur. İctimai mühit deyərkən
insanın həyat fəaliyyətini, inkişafını əhatə
edən xarici şərait nəzərdə tutulur. İctimai
mühit daim dəyişir və yeniləşir. İnsan
inqilabi fəaliyyəti vasitəsilə həm mövcud ictimai
mühiti dəyişib öz arzusuna müvafiq qura bilir, həm
də bu prosesdə fəal fəaliyyət göstərməklə
öz təbiətini dəyişdirir. Tərbiyə sayəsində
uşaqda yeni qabiliyyət və keyfiyyətlər yetişir,
müəyyən xarakter yaranır və formalaşır.
Uşaq təlim və tərbiyə vasitəsilə ictimai həyata
hazırlanır, geniş dünyagörüşünə
sahib olur.
Hazırda təlim
prosesinin pedaqogika və psixologiya elmlərinin nailiyyətlərindən istifadə
edilir. Şəxşiyyətin inkişafına təsir
göstərən ictimai institutlardan, təlim-tərbiyə
müəssisələrindən, məktəbdənkənar
uşaq müəssisələrindən, mədəni-maarif
ocaqlarından, ictimai təşkilatlardan, KİV-dən, cəmiyyətin
əsas hüceyrəsi olan ailədən geniş şəkildə
istifadə edilməsi tərbiyəvi təsir
imkanlarını genişləndirir.
Şəxsiyyətin formalaşmasında ailənin rolu
böyükdür. Ailə insan üçün mədəni-məişət
şəraiti yaradır, emosional həyat sahəsinə təsir
edir, ilk sosial və mədəni təsəvvürlərin
formalaşmasında, xarakterin təşəkkülündə
vasitə rolunu oynayır. Həzrəti Məhəmməd əleyhissəlam,
buyurmuşdur ki, ata övladına
gözəl tərbiyədən qiymətli hədiyyə verə
bilməz. Uşaq böyüyür, məktəbə gəlir,
onun həyatında yeni dövr başlayır. Müəllim də,
valideyn də uşağa böyük təsir göstərir.
Azərbaycanın dünya şöhrətli mütəfəkkiri
N.Tusi valideynlərə məsləhət görürdü
ki, uşaq süddən ayrıldıqdan sonra dərhal onu tərbiyə
etməyə, ona nizam-intizam öyrətməyə başlamaq
lazımdır. Şəxsiyyətin inkişafında orqanizmlə
mühit arasındakı ziddiyyətlər meydana
çıxır. Lakin bu ziddiyyətlər genişlənib
konfliktə çevrildikdə inkişafın hərəkətverici
qüvvəsi olmur. Burada inkişafla tərbiyəni bir-birindən
təcrid etmək olmaz və onlar ziddiyyətlərin
mübarizəsində davam edir. Məşhur tərbiyə nəzəriyyəçisi
Monozson yazmışdır: "Tərbiyə və
inkişafın hərəkətverici qüvvəsi daxili və
xarici şərait sistemində ziddiyyətlərin mübarizəsidir.
Daxili ziddiyyətlər şəxsiyyətin
formalaşdığı bütün mərhələlərdə
insanda yeni yaranmış tələbatları ödəmək
vasitəsinin məhdudluğudur. Məhz bu ziddiyyət
uşağı ilk yaşdan fəallığa təhrik edir.
Uşaqların müstəqilliyə can atması
yaşlılar arasında bəzən narahatlıq yaradır.
Düzgün tərbiyə belə ziddiyyətləri
asanlıqla aradan qaldırır, uşaqlarda müstəqilliyin
inkişafına kömək edir. Əks təqdirdə,
intizamın pozulması halları baş verir, mübahisə və
digər neqativ vəziyyətlər yaranır. Tərbiyəçinin
vəzifəsi şəxsiyyətin daxili qüvvələrini
stimullaşdırmaqdan və onlara düzgün istiqamət
verməkdən ibarətdir. Stimul deyərkən şəxsiyyətə
zahiri təsir, onu müəyyən fəaliyyətə
yönəltmək başa düşülür. Fəaliyyət
insanın təlim və tərbiyə məqsədini müəyyənləşdirən
amil kimi çıxış edir və onun bütün proseslərini
bir-biri ilə sıx əlaqələndirir. Beləliklə,
insanın inkişafında və onun bir şəxsiyyət
kimi formalaşmasında ünsiyyət, mühit və tərbiyə
amilləri qarşılıqlı surətdə mühüm əhəmiyyət
daşıyır. Təlim və tərbiyə prosesində
bunların nəzərə alınması vacibdir.
Təlim-tərbiyə
milli dəyərlərimiz olan adət-ənənələrə
uyğun əsas keyfiyyət-ləri insanın
inkişafında formalaşdırır. Cəmiyyətdə
yeni nəslin milli adət-ənənələrimiz ruhunda tərbiyə
edilməsi hərtərəfli mənəvi keyfiyyətlərin
formalaşmasında mühüm rol oynayır. Müstəqilliyimizin
hazırkı mərhələsində gənc nəslin əxlaq
tərbiyəsinin rolu və əhəmiyyəti xeyli artır.
Milli şüurun artması, onun əxlaqi keyfiyyəti cəmiyyətin
inkişafında vacib və önəmlidir. Məhz buna
görə də təlim-tərbiyə məsələsi
ön planda durmalıdır. Gəncləri milli adət-ənənələrimiz
ruhunda tərbiyə etmək, onları mərd və cəsur
tərbiyə etmək deməkdir.
Cəmiyyətdə yeni
nəslin əxlaq tərbiyəsi gələcəyimiz
üçün zəruri şərtdir. Ən mütərəqqi
və insani əxlaqı olan Azərbaycan xalqının adət
və ənənələri çox zəngindir.
Mühüm problemlərdən
birincisi insanın cəmiyyətə
münasibətidir, milli dəyərlərimizə və
xalqımıza sədaqət, müstəqil respublikamıza məhəbbət, dövlətçiliyimizin xeyrinə
vicdanla işləmək, milli sərvətlərimizi qoruyub
saxlamaq, artırmaq qayğısına qalmaqdır.
İkinci məsələ
insanların cəmiyyətdə bir-birinə
qarşılıqlı münasibətidir. Buraya
kollektivçilik və qarşılıqlı
yoldaşlıq yardımı, vətəndaşlar arasında
insanpərvərlik münasibətləri və
qarşılıqlı hörmətdir.
Üçüncü məsələ
insanın cəmiyyətdə mənəvi xasiyyətini təşkil
edir, düzlük, mənəvi saflıq, ictimai və şəxsi
həyatda çətinlik və təvəzökarlıqdır.
Bu prinsiplər elə yüksək mənəvi-əxlaqi
keyfiyyətləri ifadə edir ki, bunlara yiyələnmədən
ümumi əxlaq prinsiplərinə yiyələnmək olmaz.
Təlim-tərbiyə prosesi dərin məzmunlu geniş bir
elmdir.
Ceyhun HƏSƏNOV
Respublika.- 2010.- 28 oktyabr.- S. 6.