Azərbaycan-Ukrayna dostluğu sarsılmazdır

 

Son illər Avropanın ən böyük dövlətlərindən biri olan dost Ukraynada yaşayan azərbaycanlıların təşkilatlanması, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi işinin təkmilləşdirilməsi, həmvətənlərimizin hüquqi konstitusion azadlıqlarının qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Ukrayna və Azərbaycan arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələr 1993-cü ildən etibarən daha geniş inkişaf etməyə başlamışdır. Hazırda bu ölkənin ayrı-ayrı bölgələrində 500 mindən çox azərbaycanlı yaşayır. Kiyev şəhərində, Dnepropetrovskidə, Xarkovda, Donetskidə, Odessada, Krımda, Çerkassıda və digər şəhərlərdə istedadlı azərbaycanlı alimlər, iş adamları çalışır, gənclərimiz dost ölkənin müxtəlif ali məktəblərində təhsil alırlar. Vurğulamaq lazımdır ki, son dövrdə Ukraynada yaşayan soydaşlarımız Ali Radada təmsil olunur. Bu isə eloğullarımıza göstərilən qayğı və diqqətin bariz nümunəsidir.

Qeyd etmək lazımdır ki, ulu öndərimiz Heydər Əliyevin Ukraynaya rəsmi və işgüzar səfərləri iki ölkə arasındakı mehriban dostluq əlaqələrinin inkişafına böyük təkan vermişdir. Bu səfərlər zamanı Heydər Əliyevin Azərbaycan diasporunun fəalları ilə keçirdiyi maraqlı və məzmunlu görüşlər soydaşlarımızın vahid bir ideya ətrafında birləşməsinə səbəb olmuşdur. Bu tarixi görüşlərdən sonra Ukraynada yaşayan azərbaycanlı ziyalılar, elm və mədəniyyət xadimləri dahi öndərimizin təklif və tövsiyələrini rəhbər tutaraq Ukrayna Azərbaycanlıları Konqresini yaratmışlar.

Ulu öndər Kiyevdə olarkən iki ölkə arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətinə görə ona ölkənin ən yüksək mükafatı—I dərəcəli Yaroslav Mudrı ordeni təqdim olunmuşdur.

Ukrayna-Azərbaycan dostluğu bu gün də getdikcə möhkəmlənir və əlaqələr genişlənir. 2003-cü ildə Çerkassı-Sumqayıt, İrpen-Qaradağ, Şəmkir-Nikolayev şəhərlərinin qardaşlaşması barədə niyyət protokolu imzalanmışdır ki, bu da xalqlarımızın doğmalaşmasına, yaxınlığına bariz misal ola bilər.

Dövlət başçılarının Ukrayna və Azərbaycana rəsmi səfərləri diaspor hərəkatının güclənməsinə, insanların dünyagörüşünün formalaşmasına, ölkələrimizin iqtisadi potensialının güclənməsinə və dünyaya inteqrasiyasına real imkanlar yaratmışdır.

Vurğulamaq lazımdır ki, qədim Kiyev şəhərinin yaraşıqlı və mərkəzi küçələrindən birində ulu öndərimiz Heydər Əliyevin əzəmətli heykəli ucaldılmışdır. Bu ölkədə yaşayan həmvətənlərimiz və eləcə də digər xalqların nümayəndələri tez-tez heykəli ziyarət edir, tarixi şəxsiyyətə məhəbbət və ehtiramlarını bildirir, önünə tər gül-çiçək dəstələri düzürlər.

Qeyd etmək lazımdır ki, Kiyev şəhərində ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Sosial Elmlər İnstitutu fəaliyyət göstərir. Azərbaycandan bu ali təhsil ocağına təhsil almaq üçün gələn gənclər müvafiq elmi biliklərlə mükəmməl silahlanaraq doğma vətənə dönəcək, Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycanın daha da güclənməsi naminə tükənməz enerji ilə çalışacaqlar.

Azərbaycan-Ukrayna dostluq əlaqələrinin möhkəmləndirilməsinin nəticəsidir ki, İrpen şəhər Radasının 14 mart 2002-ci il tarixli sərəncamı ilə Novruz bayramı ərəfəsində bu şəhərin mərkəzi küçələrindən birinə görkəmli Azərbaycan alimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın adı verilmiş və büstü qoyulmuşdur. Həmçinin görkəmli alimin adına geniş park salınmış, bura başdan-başa abadlaşdırılmışdır.

Kiyev Dövlət Universitetinin "Pulsari" nəşriyyatında ukraynalı şair Natalya İsrafilova-Lişenkonun akademik Zərifə Əliyevanın anadan olmasının 80 illiyinə həsr olunmuş "Krılya sudba moya-Azerbaydjan" adlı şeirlər kitabı işıq üzü görmüşdür.

Kiyev şəhərinin mərkəzi küçələrinin birinin önündə dahi Azərbaycan şairi Səməd Vurğunun möhtəşəm heykəli ucaldılmışdır. Həmçinin Ukraynanın paytaxtında Səməd Vurğunun adını daşıyan kitabxana da fəaliyyət göstərir. Kitabxanada "Respublika" qəzetində ayrı-ayrı illərdə Ukraynadakı milli diasporumuzla bağlı dərc olunan məqalələr səliqə ilə qorunub saxlanılır.

2006-cı ilin martında Bakıda keçirilən dünya azərbaycanlılarının II qurultayı qarşıda mühüm vəzifələr qoymuşdur. Qurultayda Azərbaycan Prezidenti cənab İlham Əliyevin tarixi nitqi diasporumuzun inkişafına, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan vermişdir.

Qeyd etmək lazımdır ki, bu ölkədə Ukrayna və Şərqi Avropa dövlətləri üzrə Azərbaycan TeleviziyaRadio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəliyinin fəaliyyət göstərməsi soydaşlarımız tərəfindən razılıqla qarşılanır.

Azərbaycanla Ukrayna arasında mövcud iqtisadi, siyasi əlaqələr, GUAM beynəlxalq təşkilatı çərçivəsində regional strateji əməkdaşlıq, elm, mədəniyyət, təhsil və bir sıra sahələrdə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Bir vacib məsələni də qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda yaşayan azsaylı xalqlar arasında ukraynalılar da vardır. Onların həyat tərzi durmadan yaxşılaşır. İki il bundan öncə Bakının Nəsimi rayonunun ərazisində dahi Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışı olmuşdur.

Ukraynada yaşayan yüz minlərlə həmvətənlərimiz arasında milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində ardıcıl və məqsədyönlü aparılır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif səpkili tədbirlər-etiraz aksiyaları, küçə yürüşləri, elmi-praktik konfranslar, simpoziumlar təşkil olunur, foto və rəsm sərgiləri, filmlər nümayiş etdirilir, ermənilərin zaman-zaman türk xalqlarına qarşı törətdikləri vəhşiliklərdən söhbət açılır.

Ukrayna-Azərbaycan dostluğunun təşəkkül tapmasında Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətlinin də xidmətləri danılmazdır.

Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfərləri Azərbaycan-Ukrayna dostluğunun daha da möhkəmlənməsində, iqtisadisiyasi əlaqələrin genişlənməsində, xüsusilə milli diasporumuzun monolit qüvvəyə çevrilməsində müstəsna rol oynayır.

 

 

Qədir ASLAN

 

Respublika.- 2010.- 29 oktyabr.- S. 5.