Vətənin başını uca edənlər
Bu xalqın zaman-zaman
başına çox müsibətlər gətirilib. Hər
zaman başının üstünü qara buludlar alanda
hamı bir nəfər kimi mübarizəyə qalxıb,
oğullar Vətənin müdafiəsi üçün
canından keçib, şəhid olub. İyirmi ildən
artıqdır ki, Qarabağ müharibəsi bu torpağın
övladlarını sınağa çəkir. Düşmən
artıq yaxşı bilir ki, göz dikdiyi
torpaqlarımızın hər qarışı
üçün həyatını qurban verməyə qadir
olan Azərbaycan övladı qisası yerdə qoymayacaq. Məkrli
düşmən döyüş meydanında üz-üzə
gəlməkdən qorxduğu üçün həmişə
hiyləyə əl atır. Ermənilər terrorun
gücünə arxalanıb xalqımızı azadlıq
mücadiləsindən çəkindirməyə cəhd
göstərib. Lakin bu cəhdlər boşa
çıxıb. Nə qədər ki ölümün
gözünə dik baxmağı bacaran, yaşatmaq
üçün ölən oğullarımız var,
düşmənin arzusu gözündə qalacaq...
1988-ci ildən bu ölkə
üzərinə xəzan yeli əsdirdi, Qanlı yanvarın
qurbanları qərənfilləri ağlatdı, vertolyot qəzasında
sayseçmə oğullar getdi, Xocalı yerlə-yeksan oldu... Yetmədi.
1995-ci ilin payızı da
yaman gəldi. Həmin il oktyabrın 28-də Bakı metropoliteninin
"Ulduz" stansiyası ilə "Nərimanov"
stansiyası arasında hərəkət edən qatarda baş verən qəza
insanları çaşbaş
salmışdı. Bu, adi
bir qəza, yoxsa qəsdən
törədilmiş, planlı düşünülmüş
şəkildə həyata keçirilən terror
idi? Torpağın üst
qatında olanlar bu suallara cavab axtarmaqda ikən, yerin dərinliyində
ölümlə həyat arasında qalanların ah-naləsini,
tükürpədici fəryadlarını, körpələrin
qışqırığını eşitmirdilər.
Eşitsələr belə, haraylarına çatmaq
iqtidarında deyildilər, çünki vaxt qısa idi, hər şeyi saniyələr həll edirdi...
C.Naxçıvanski
adına Hərbi Məktəbin zabiti baş leytenant
Çingiz Babayev də bir qrup müdavimlə həmin qatarda
yol gəlirdi. Baş verənlər onu qətiyyən
çaşdırmadı, bir göz qırpımında
özünü irəli atıb yoldaşlarına: "Uşaqlar,
əlsiz-ayaqsızlara, uşaq, qadın və qocalara kömək
edin, ilk növbədə, onları xilas etmək
lazımdır!"—deyə tapşırığını
verdi. Hər kəs canının hayında olduğu vaxtda
Çingiz və onun müdavimləri heç nə barədə
düşünmədən özlərini ölümün pəncəsinə
atır, mümkün qədər daha çox insanı xilas
etməyə çalışırdılar. Həmin gün
onlarca insanın həyatı xilas olundu. Həmin gün həm
də daha dörd Vətən oğlu qəhrəmanlıq
zirvəsinə ucaldı, vicdanının hökmü ilə
başqalarını yaşatmaq üçün həyata vida
dedi. Zabit Adil Babayevlə birgə Ruslan İsayev, Samir Məmmədov
və 15 yaşı təzəcə tamam olmuş Nicat Səfərov
da həlak oldu.
Həmin terror hadisəsindən
bir il sonra, daha dəqiq desək, 1996-cı il noyabrın 3-də
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin
fərmanı ilə Bakı metrosunda baş vermiş faciə
zamanı öz həyat və sağlamlığı
üçün mövcud olan təhlükəyə məhəl
qoymadan zərərçəkmişlərin xilas
olunmasında xüsusi şücaət və qəhrəmanlıq
göstərdiyinə görə baş leytenant Çingiz
Babayevə (ölümündən sonra) Azərbaycanın
Milli Qəhrəmanı fəxri adı verildi. Müdavimlər
Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov isə
"İgidliyə görə" medalı ilə təltif
edildilər.
Çingiz
ata-anasının yeganə oğul övladı idi. O,
1964-cü ildə Bakıda doğulmuş, 20 saylı məktəbi
bitirmiş, Politexnik İnstitutunda mühəndis-mexanik
ixtisasına yiyələnmişdi. 1992-ci ildə
könüllü olaraq Azərbaycan ordusu sıralarına
yazılmış, 1994-cü ildən C.Naxçıvanski
adına Hərbi Məktəbdə xidmət edirdi.
Bölük komandirinin müavini idi. Xidmət etdiyi müddətdə
komandanlıq tərəfındən dəfələrlə
mükafata layiq görülmüşdü.
Müdavim Ruslan
İsayev 1978-ci ildə Tovuz rayonunun Qovlar kəndində
doğulmuşdu. Bakıdakı 176 saylı məktəbi
bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi Məktəbə
daxil olmuşdu. Samir Məmmədov Ruslanla yaşıd idi.
Komandiri baş leytenant C.Babayevin təhsil aldığı məktəbdə
oxumuşdu, III kurs müdavimi idi. Nicat Səfərov hərbçi
sənətini öz istəyi ilə seçmişdi, general
olmaq arzusu ilə yaşayırdı, təkcə arzu ilə
yox...
Yarımçıq
qalan çox arzular oldu, valideynlərinin toy edib gəlin gətirmək arzuları
qaldı ürəklərində. Düşməndən qisas
alıb, torpaqlarımızı azad etmək arzusunu da özləri
ilə apardılar. Onların ölümündən 15 il
keçir. Xalq öz qəhrəmanlarını həmişə
yad edir, xatırlayır. Bizim də
yazımız kiçik bir xatirə yazısıdır.
Hər birimizin qürur
mənbəyi olan belə oğullarla təkcə fəxr
etmir, onlardan həm də öyrənirik qəhrəmanlığı,
təmənnasız fədakarlığı.
Bir gün
torpaqlarımız azad olacaq. Bir gün üçrəngli
bayrağımız o torpaqlarda dalğalanmağa başlayacaq.
Bax onda ruhları şad olacaq Çingizlərin, Ruslanların,
Samirlərin, Nicatların və daha neçə-neçə
şəhid övladlarımızın. Ruhları şad olsun!..
Zümrüd QURBANQIZI
Respublika.- 2010.- 29 oktyabr.-
S. 16.