"Heydər Əliyev və rabitəmizin intibahı" kitabının təqdimat mərasimi keçirilmişdir

 

Bu günlərdə Atatürk Mərkəzində Siruz Abasbəylinin yeni nəşr olunmuş "Heydər Əliyev və rabitəmizin intibahı" kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində tanınmış ziyalılar, rabitə işçiləri, KİV nümayəndələri və digər qonaqlar iştirak edirdilər.

"Heydər Əliyev və rabitəmizin intibahı" kitabının təqdimat mərasimini professor Qəzənfər Paşayev açdı. O, qeyd etdi ki, təqdimatına toplaşdığımız Siruz Abasbəylinin kitabı bu mühüm və vacib sahəyə həsr olunmuş ən dəyərli, tarixi, fundamental ilk böyük əsərdir. Kitab həm də ona görə dəyərlidir ki, Siruz Abasbəyli burada ulu öndərimizin bütün sahələrdə olduğu kimi, rabitə sahəsində də gördüyü işləri, həyata keçirdiyi tədbirləri xronoloji ardıcıllıqla işıqlandırmışdır.

Professor Qəzənfər Paşayev onu da vurğuladı ki, müstəqiliyyimizin ilk illərində ölkəmizin düçar olduğu gərgin vəziyyətdə xalqın təkidi tələbi və xahişi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə informasiya-kommunikasiya texnologiyaları sahəsinin yeni intibah dövrü başladı. Heydər Əliyevin diqqət və qayğısı sayəsində həmin dövrdə ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyuldu. 1994-cü ildə "Baksell" və 1996 -cı ildə "Azərsell" birgə müəssisələri yaradıldı və Azərbaycanda mobil rabitənin inkişafının əsası qoyuldu. 1996-cı ildən başlayaraq "AzEvroTel" və "ULTEL" birgə müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başladı. 1995-ci ildə Bakı şəhərində ilk beynəlxalq telefon stansiyasının və yenidən qurulmuş şəhərlərarası Telefon Stansiyasının açılışı oldu. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verildi, ilk elektron ATS-lər quruldu. 1996-cı ildə AzTV-1 milliteleviziya proqramı TÜRKSAT süni peyki vasitəsilə yayımlanmağa başladı. Əsası 1981-ci ildə Heydər Əliyev tərəfindən qoyulan teleqüllənin tikilib istifadəyə verilməsi də məhz ulu öndərimizin gərgin səyləri, titanik fəaliyyəti nəticəsində reallaşdı, 1996-cı ildə Heydər Əliyevin şəxsi iştirakı ilə teleqüllənin açılış mərasimi keçirildi. Kitabda bu tarixi hadisələr nəfis formada tərtib olunmuş rəngli fotoşəkillərdə və ətraflı təhlillərdə oxuculara çatdırılır. Bundan başqa, kitabda 1993-1997-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və qayğısı ilə yaradılan çoxsaylı müəssisələrin açılış mərasimindəki şəxsi iştirakı və söylədiyi nitqləri də öz geniş əksini tapmışdır ki, bu da ulu öndərimizin rəhbərliyi ilə görülən işlərin möhtəşəmliyini, rabitənin inkişafı ilə bağlı qlobal layihələrin uğurla həyata keçirilməsini bir daha əyani şəkildə göz önündə canlandırır. Rabitəmizin tərəqqisi ilə bağlı həyata keçirilən genişmiqyaslı işlərdə natiq həmin dövrlərdə Azərbaycanın rabitə naziri işləmiş Siruz Abasbəylinin fəaliyyətini də xüsusi qeyd etdi. Ulu öndərimizin rəhbərliyi altında onun həyata keçirdiyi işləri müsbət dəyərləndirdi.

Təqdimat mərasimində çıxış edən akademik Teymur Bünyadov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəis müavini Xankişi Xankişiyev, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev, filologiya üzrə fəlsəfə doktoru Etibar Babayev, Ramiz Əzizbəyli, Əfqan Məmmədov və digərləri də kitab haqqında dəyərli fikirlər söylədilər.

Qeyd etdilər ki, oxuculara təqdim olunan bu kitab rabitəmizin ötən əsrin 90-cı illərinin yarısından çoxunu əhatə etmiş intibah dövründən bəhs edən ən sanballı əsərdir. Heydər Əliyevin dühası ilə işıqlanan bu dövr rabitə tariximizin ən zəngin səhifələrindəndir. Həmin dövr özünün dinamikliyi, həyata keçirilən dövlət əhəmiyyətli layihələrin qloballığı, yeridilən texniki siyasətin konsepsiallığı, dünyanın ən qabaqcıl telekommunikasiya şirkətləri ilə qurulan birgə əməkdaşlığın genişliyi, aparılan işlərin şəffaflığı ilə səciyyələnir. Kitabda həmin dövrdə qazanılan möhtəşəm nailiyyətlərlə bərabər qarşıya çıxan problemləri, çətinlikləri və onların həlli yollarını əks etdirən müxtəlif bu səpgili qəzet materialları, çıxışları, rəsmi sənədlər və fotolar da diqqəti cəlb edir. Siruz Abasbəylinin ərsəyə gətirdiyi bu kitab rabitəmizin 1992-1997-ci illərdəki inkişafını özündə əks etdirən canlı bir salnamədir, bütövlükdə ölkəmizin inkişaf tarixinin öyrənilməsi baxımından olduqca qiymətlidir.

Natiqlər onu da vurğuladılar ki, Siruz Abasbəyli dövlət adamı olmaqla yanaşı, həm də gözəl insan, sədaqətli dost, vətənpərvər bir ziyalıdır. Bu kitab oxucular tərəfindən böyük rəğbətlə qarşılanacaq, oxuyan hər bir kəsin qəlbində xoş duyğular yaradacaqdır.

Əminik ki, yenicə işıq üzü görmüş bu kitab rabitəmizin tarixini araşdıran tədqiqatçıların, jurnalistlərin, rabitə mütəxəssislərinin, eləcə də bütün oxucuların marağına səbəb olacaqdır.

 

 

Əli SADIQOV

 

Respublika.- 2010.- 31 oktyabr.- S. 7.