Rəssamların birgə sərgisi

 

Bu günlərdə İlqar Əkbərov və Nəvai Məmmədoğlunun Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda açılmış birgə sərgisi öz orijinallığı və möhtəşəmliyi ilə tamaşaçılarda xüsusi maraq doğurdu. Rəssam Nəvai Məmmədoğlunun əsərlərində müasir dünyanın yaşantıları, insanın duyğu və düşüncələri, həyata məhəbbət, ədalətsizliyə və haqsızlığa etiraz hissi əks olunmuşdu. Sərgini Rəs-samlar İttifaqının sədri Fərhad Xəlilov açdı. AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, rəssam Rais Rəsulzadə, sənətşünas Ziyadxan Əliyev, heykəltəraş Ömər Eldarov sərgi haqda təəssüratlarını söylədilər, sərgilənən əsərləri səciyyələndirdilər.

Nəvai  Məmmədoğlu 3 iyul 1965-ci ildə Qazax rayonunda anadan olub. 1982-ci ildə Ağstafanın Zəlimxan kəndindəki orta məktəbi,   1989-cu   ildə   isə M.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirib. Müxtəlif mövzularda çoxsaylı əsərlər yaradıb. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 15-ə qədər şeir və nəsr əsərlərinə çəkdiyi illüstrasiyalar dövri mətbuatda çap olunub. "Metin-X" reklam şirkətinin direktorudur.

Rəssamla görüş zamanı o bildirdi ki, sənətdə ustadım Rais Rəsulzadədir. Bu, mənim ilk fərdi sərgim idi. İnşallah, növbəti sərgim sənət dostum İlqar Əkbərovla birlikdə Türkiyənin İzmir şəhərində olmalıdır. Ona hazırlaşırıq. Tamaçılara sözüm odur ki, sərgi salonlarına gəlsinlər. Rəsm əsərlərilə maraqlansınlar, ona qiymət versinlər, pis və ya yaxşı. Bu, mənəviyyatımızın zənginləşməsi üçün çox vacibdir.

 

 

Mahmud VƏLİ

 

Respublika.- 2010.- 31 oktyabr.- S. 8.