Bərdədə tələbə adını qazanan
məzunlarla görüş keçirilmişdir
Yeni dərs ili qarşısında
Bu il bərdəli məzunlar
respublikanın ali məktəblərinə qəbul
imtahanlarında əldə etdikləri yüksək göstəriciləri
ilə fərqlənmişlər. 268 nəfər məzun
ölkənin müxtəlif ali məktəblərinə qəbul
olmuşdur. Bu da əvvəlki illərlə müqayisədə
ən yaxşı nəticə kimi diqqəti cəlb edir. Daha
fərəhlisi budur ki, tələbə adını qazanan gənclərdən
53 nəfəri 500-dən yuxarı bal toplamışdır. 28
nəfər isə 600-dən çox bal toplayaraq qədim Bərdənin
adını daha da ucaltmışlar.
Bu günlərdə
yüksək bal toplayan tələbələrlə rayon
ictimaiyyəti nümayəndələrinin
görüşü keçirilmişdir. Əvvəlcə tələbə
adını qazanan gənclər və qabaqcıl təhsil
işçiləri ümummilli liderimiz Heydər Əliyevin
abidəsi önünə gül-çiçək dəstələri
düzmüş, onun nurlu xatirəsini ehtiramla yad etmişlər.
L.Səfərov adına
şəhər Mədəniyyət evində keçirilən
görüşdə rayon icra hakimiyyətinin
başçısı İlham Ağayev gəncləri
qazandıqları yüksək nailiyyətlər münasibətilə
təbrik edərək onların valideynlərinə göz
aydınlığı vermiş, müəllimlərinə isə
minnətdarlığını bildirmişdir.
Haqlı olaraq qeyd
olunmuşdur ki, gənc nəslin təlim-tərbiyyəsinə,
dövlət qayğısı, milli təhsilimizin əsaslı
inkişafı, ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Bu gözəl ənənə bu gün də
uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin
siyasətində təhsilə və gənclərə
dövlət qayğısı mühüm yerlərdən
birini tutur. Bununla yanaşı təhsilin maddi-texniki
bazasını möhkəmləndirilməsi, yeni və
müasir məktəb binalarının inşa olunması,
istedadlı uşaqların himayəyə götürülməsi
Heydər Əliyev fondunun həyata keçirdiyi "Yeniləşən
azərbaycana yeni məktəblər layihəsi" bu diqqət
və qayğının ən bariz nümunəsidir.
RİH
başçısı İ.Ağayev bu gün tələbə
adını qazanan gənclərə elmə, biliyə daha dərindən
yiyələnməyi, yüksək ixtisaslı kadrlar kimi
yetişməyi, harada olurlarsa-olsunlar bərdəli
adını həmişə uca tutmağı tövsiyyə
etmişdir.
Görüşdə
rayon Təhsil şöbəsinin müdiri Rahilə İsmayılova
çıxış edərək rayonda təhsilin bu
günkü vəziyyəti, qəbul imtahanları zamanı əldə
olunan göstəricilər barədə ətraflı məlumat
vermişdir. Belə bir faktı önə çəkmişdir
ki, ölkə Prezidentinin xeyir-duası ilə fəaliyyətə
başlayan və görkəmli alim, akademik Zərifə
xanım Əliyevanın adını daşıyan texniki fənnlər
təmayüllü məktəb-liseyin bu uğurlarda daha
çox payı vardır. Belə ki, bu il həmin məktəbdən
47 nəfər məzun ölkənin müxtəlif ali məktəblərinə
qəbul olunmuşdur. Diqqəti cəlb edən mühüm
fakt budur ki, həmin məktəbin məzunlarından 10 nəfəri
qəbul imtahanlarından 600-dən çox bal toplamışdır.
Bu, respublikanın orta ümumtəhsil məktəbləri
arasında ən yüksək göstəricilərdən
hesab olunur.
Təhsil şöbəsinin
müdiri belə bir faktı da önə çəkdi ki,
yüksək bal toplayan məzunlarımızın
sırasında kənd məktəblərini bitirənlər
də üstünlük təşkil edir. 685 bal toplayaraq rayon
üzrə ən yüksək göstəriciyə nail olan məzun
məhz Kürdborakı kənd orta məktəbinin yetirməsidir.
Razılıq hissi ilə qeyd olundu ki, şəhər 2 və
3 saylı orta məktəblərin məzunları da qəbul
imtahanlarında xüsusilə fərqlənmişdir.
Ölkə Prezidentinin
müvafiq sərəncamına uyğun olaraq keçirilən
"İlin ən yaxşı müəllimi" müsabiqəsinin
qalibi -Akademik Zərifə Əliyeva adına texniki fənnlər
təmayyüllü məktəb-liseyin müəllimi Püstə
Həsənova çıxış
edərək ölkəmizdə, eləcə də
rayonumuzda təhsilin inkişafına, məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsinə
göstərilən diqqət və qayğıdan
danışmış, bu şəraiti yaradanlara bütün
təhsil işçiləri adından minnətdarlığını
bildirmişdir.
Ən yüksək bal
toplayaraq tələbə adını qazanan Hüseyn Məlikli,
valideynlər adından Habil Qəhrəmanov
çıxış edərək gənclərin hərtərəfli
inkişafına, müstəqil dövlətimizin layiqli vətəndaşları
kimi yetişməsinə, azərbaycanlı gənclərin
dünya meridianlarında layiqincə təmsil olunmalarını göstərdiyi
diqqət və qayğıya görə dövlətimizin
başçısı cənab İlham Əliyevə dərin
minnətdarlıqlarını bildirdilər.
Görüşdə
rayon icra hakimiyyətinin başçısı İlham
Ağayev qəbul imtahanlarında ən yüksək bal
toplayaraq tələbə adını qazanan gənclərə
qiymətli hədiyyələr təqdim etmişdir. "Qarabağ" xalq
çalğı alətləri
ansanbılının üzvləri isə onları maraqlı
konsert proqramı ilə təbrik etmişlər.
Bu unudulmaz
görüş həm tələbə adını qazanan gənclərin, həm
onların valideynlərinin, həm də müəllimlərin
qəlbində dərin iz buraxmışdır.
Salman ALIOĞLU
Respublika.- 2010.- 1 sentyabr.- S. 3.