Hazırlıq işləri başa çatır

 

Ötən dərs ilinin yekunları və yeni dərs ilinə hazırlığın vəziyyəti barədə Quba Rayon Təhsil Şöbəsinin müdürü Süleyman Aslanov məlumat verərək deyir ki, 2010-2011-ci dərs ilində rayonda 141 ümumtəhsil məktəbi, o cümlədən 31 ibtidai, 44 ümumi orta (onlardan 2-si internat), 66 tam orta pillə məktəbi, 13 məktəbəqədər, 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərəcəkdir.  Ümumtəhsil məktəblərində 24116 şagird oxuyacaqdır. Uşaq bağçalarında 600, məktəbdənkənar müəssisələrdə 5360 şagird ictimai tərbiyəyə cəlb olunacaqdır. Yeni dərs ilində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Proqram"a (2006-2010-cu İllər) uyğun Quba şəhər 2 nömrəli məktəb-liseyin bazasında istedadlar sinfi açılacaqdır. Bununla əlaqədar ilkin hazırlıq işləri aparılmış, V sinfə ərizələrin qəbuluna başlanmışdır.

Yeni dərs ilində məktəblərin I siniflərində 2250 nəfər şagird oxuyacaqdır. X siniflərə 1243 nəfər şagirdin qəbul olunması nəzərdə tutulur. Rayon təhsil şöbəsi tam orta təhsili başa vurmuş XI sinif məzunlarının sonrakı təhsilini də diqqət mərkəzində saxlayır. 2010-cu ildə XI sinifləri 833 şagird bitirmişdir. Onlardan 550 nəfəri ölkənin ali məktəblərinə sənəd vermiş, qəbul imtahanlarının nəticələrinə görə 190 nəfər tələbə adını qazanmışdır. Bundan əlavə, Rusiyanın, Dağıstanın, Türkiyənin, Orta Asiya ölkələrinin ali təhsil ocaqlarına 50 nəfər məzunumuz qəbul olunmuşdur. Ümumiyyətlə, ali məktəblərə 282 nəfər qəbul olunmuşdur ki, bu da ötən ilki nəticələrdən 27 faiz çoxdur.

Məktəblərin müəllim kadrları ilə təmin olunması işi xeyli yaxşılaşmışdır. Bu iş Dövlət Proqramına uyğun həyata keçirilir. Yeni dərs ilinə hazırlıq məqsədilə müəllim kadrlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün 425 nəfər müəllim ixtisasartırma kurslarından keçmişdir. Bu tədris ilində I siniflərdə dərs deyəcək 180 müəllim yeni kurrikulum kurslarına cəlb olunmuşdur.

Yeni dərs ilinə hazırlıq işində tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi əsas məsələdir. Təhsil Nazirliyi və rayon icra hakimiyyətinin köməkliyi ilə bu sahədə xeyli iş görülmüşdür. Təkcə bu il məktəblərə 45 adda 37 min 906 ədəd dərslik verilmiş, 422 min 160 nüsxədən ibarət dərslik fondu yaradılmışdır. Bundan əlavə, 356 min 209 ədəd latın qrafikalı bədii ədəbiyyat şagirdlərin istifadəsindədir. Məktəblərimizdə 650-dən çox kompyuter vardır. İndiyə kimi 10 məktəb internetə qoşulmuşdur. Məktəblərə həmçinin 200 parta, 52 yazı lövhəsi, 80 oturacaq stulu, 70 asılqan verilmişdir.

Rayonumuzda məktəb tikintisi davam edir. Quba Rayon İcra Hakimiyyəti tərəfindən şahmat məktəbi üçün ikimərtəbəli, 300 şagird yerlik müasir bina inşa edilir. Binanın tikintisi yeni dərs ilinə qədər tamamlanacaqdır. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə II Nügədi kənd 1 nömrəli orta məktəbi əsaslı təmir olunur. Digah, Aşağı Xuc, Amsar qışlaq, Utuğ kənd orta, Gədik, Qımılqışlaq, Nütəh, Çarxaçu, Muçu, Küçeyi, Dərk, Xanagah kənd əsas, Rəngidar, Mirzəmmədkənd, Yalavanc, Çağacuğ kənd ibtidai, ümumilikdə 17 məktəb Təhsil Nazirliyi tərəfindən cari təmir olunur. Məktəblərin yeni dərs ilinə hazırlanmasında pedaqoji kollektivlər fəallıq göstərir. Bir sıra məktəblərimiz məktəb kollektivləri bələdiyyələr tərəfindən təmir olunur.

Məktəblərin qızdırılmasında isə müəyyən problemlər hələ də qalmaqdadır. Rayon məktəblərinin yalnız 16-sı istilik sistemi, qalan təhsil müəssisələrimiz isə odun yandırmaqla qızdırılır. Fürsətdən istifadə edərək demək istəyirəm ki, əlaqədar təşkilatlar məktəbləri odun və maye yanacaqla vaxtında təmin etsinlər.

Məktəblərimizdə yeni dərs ilinə hazırlıq işləri artıq başa çatmaq üzrədir. Təhsil şöbəsi pedaqoji kollektivlərlə birlikdə rayonda tədrisin daha səmərəli qurulması üçün var qüvvəsi ilə çalışacaqdır.

 

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.- 2010.- 1 sentyabr.- S. 3.