Sən sonu olmayan melodiyasan

 

Fazil Rəhmanzadə. Sən olmasaydın... (esse, oçerk, portret cizgiləri, xatirələr fotosənədlər toplusu), B., Ziya NPM, 2010, -336 səh.

Ah... Müslüm, Müslüm... Sən olmasaydın, qanad açıb pərvazlanan "Azərbaycan"ı çoxminli-çoxdilli dinləyicilərə kim bunca sevdirə biləcəkdi?!

...Sən olmasaydın, Sopotda dünya estradasının musiqi kəhkənşanında özünün misilsiz parlaqlığı ilə bunca gözləri qamaşdıran "ulduz" tapacaqdımı?!

...Sən olmasaydın, musiqi-nəğmə divanəsi ola biləcək sənətçinin Məcnun zirvəsini kim fəth edəcəkdi?

...Sən olmasaydın, kimin avtomobili eşqindən bayılan xanımların hücumuna məruz qalacaqdı, sayagəlməz öpüşlərdən sonra bütünlükdə al dodaq rənginə boyanacaqdı...

...Sən olmasaydın, dünyamızın Karuzo, Mario Del Monako, Mario Lantsa, Rəşid Behbudov kimi dahiləri ilə bir sırada şahana duruşu ilə güvən duyğumuza çevriləcək hansı sənətçimizlə rastlaşacaqdıq?!

...Sən olmasaydın, doğmalarına "Əlvida, Bakı" deyib saysız-hesabsız pərəstişkarının aramsız alqış sədalarının müşayiəti ilə böyük hüznlə kim son mənzilinə yollanacaqdı?!..

...Bunlar həqiqətin özüdür. belə həqiqətləri şərh etməyə hacət?! Böyük sənətləri böyük sənətkarlar yaradırlar. Bu, dühanın irəli sürdüyü ən vacib konsepsiyalardan biridir...

Bu sətirlər tanınmış jurnalist Fazil Rəhmanzadənin keçmiş sovetlər məkanında Azərbaycanın simvoluna çevrilmiş ölməz sənətkarımız Müslüm Maqomayevin yaradıcılıq yoluna həsr etdiyi, Azərbaycan rus dillərində nəşr edilmiş "Sən olmasaydın..." kitabının proloq əvəzindən götürülmüşdür. Uzun illər ecazkar səsinin qüdrətilə bütün dünyanı heyran edən, sağlığında bütləşmiş sənət fədaisi haqqında yazılmış bu kitab esse, oçerk, portret cizgiləri, xatirələr, fotosənədlər toplusundan ibarətdir. Müəllif söhbətə sənətkarın uşaqlıq illərindən başlayır. Bu bir həqiqətdir ki, yaradıcı adamların ətrafdakılar üçün görünən görünməyən tərəfləri var. Bu, hamıya məlumdur. Bu ya digər görkəmli sənət adamını-artisti, müğənnini, yazıçını, bəstəkarı, rəssamı əsasən səhnədəki, efir ekrandakı çıxışlarından, yazdığı əsərlərdən, bəstələdiyi musiqidən, yaratdığı tablolardan tanıyıb, onu dəyərləndiririk. Bu yaradıcılıq məhsulları müəyyən mənada müəllifin dünyasından xəbər verir. Onlarla ruhi-mənəvi yaxınlıq isə sənətkarların portretini tam, bütün dolğunluğu ilə yaratmağa imkan verir. Məhz bu nöqteyi-nəzərdən müəllif Müslüm Maqomayevin uşaqlıq gənclik illərinə-onunla tanışlıq anlarına baş vurur.

Ötən əsrin 50-60-cı illərində Filarmoniya binasının qərar tutduğu bağda təsviri sənət dərnəyi fəaliyyət göstərirmiş. Burada məşğul olan məktəblilər arasında hündürboy, arıq bir oğlan diqqəti daha çox cəlb edirdi. Sən demə, o həm Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyurmuş.

Bir müddətdən sonra həmin ucaboy, arıq oğlan yalnız ölkəmizdə deyil, bütün dünyada məşhur sənətkar kimi tanındı. Ancaq fırça ustası ya heykəltəraş kimi yox, qüdrətli səsilə qayaları, dağları belə lərzəyə gətirən bənzərsiz vokalçı kimi.

Çox sonralar sənətkarın özünün etiraf etdiyi kimi, onun başqa sənətə "keçməyi" rəngkarlıq janrına "xəyanət" kimi düşünülməməlidir. O, ömrünün sonunadək asudə vaxtlarında müxtəlif lövhələr, portretlər, mənzərələr çəkirdi. İş otağının bir tərəfində piano, not vərəqləri, digər tərəfındə isə fırçalar, molbert, kətan, tübiklər yığılmışdı. Bir otaqda qovuşan iki dünyada musiqi ətirli mənzərələr yaranırdı...

Bütün bunlarla bərabər, vokal onun həyatının istinad nöqtəsi oldu. O, dahi müğənni kimi adını tarix salnaməsinə qızıl hərflərlə həkk etdi. SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtseva Müslümü dinləyəndən sonra heyranlığını gizlədə bilmədi: "Nəhayət ki, əsl baritonumuz peyda oldu. Bariton!"-dedi.

Məşhur musiqiçi Boris Abramoviç isə Müslüm Maqomayevi dünya vokal ifaçılığı sənətinin şəksiz kralı adlandırırdı.

Vaxtilə Kann festivalında Tom Cons, Canni Morandi kimi müqtədir ifaçıları geridə qoyan bakılı gənc müğənni Qran-Pri mükafatına layiq görülmüşdü. 1977-ci ildə günəş sisteminə daxil olan kiçik planetlərdən birinə onun adı verilmişdi.

21 yaşında ikən Müslümə İtaliyanın Milan şəhərindəki məşhur "La Skala" teatrında təcrübə keçmək şərəfi nəsib olmuşdu. Şövkət Məmmədova Bülbüldən sonra o, üçüncü azərbaycanlı müğənni idi ki, Milan səhnəsini fəth edirdi. Artıq bu, Azərbaycanda vokal məktəbinin formalaşdığını aydın göstərirdi.

Sonralar Yer kürəsinin müxtəlif guşələrinə qostrol səfərləri başladı. Hər yerdə böyük anşlaqla keçən çıxışlardan sonra müxtəlif peşə, sənət adamları iftixarla, fəxrlə bu nadir istedad sahibi haqda fikirlər söyləyirdilər.

"Dövrümüzün dahi müğənnisi Müslüm Maqomayev barmaqla sayılacaq vokalçılardandır... O, təbiətin, tanrının nadir yetirməsidir".

 

Mariya BİEŞU.

 

"M.Moqamayev çox gözəl baritonu ilə Fiqaronun partiyasını təmiz italyanca oxuduğu zaman salon, sözün həqiqi mənasında, lərzəyə gəldi. "Olimpiya" öz tarixi ərzində xeyli müqtədir sənətçini qoynuna, ağuşuna alıb. Amma Müslüm qədər ağlı başdan çıxaran müğənnini, yəqin ki, ilk dəfədir qarşılayırlar. Afərin, Müslüm, Fransanı fəth etdin".

 

"Russkaya mısl" qəzeti.

 

Dahi sənətkar barədə fikirləri sonsuzluğa qədər uzatmaq olar. Müslüm Maqomayev dünyasını dəyişib əbədiyyətə qovuşandan sonra da onun haqqında ürək sözlərini söyləyənlər sırasında müxtəlif millətlərin nümayəndələri, dövlət xadimləri, sənət adamları onun ölməzliyini bir daha diqqətə çatdırırdılar:

"Müslüm Maqomayev bizim xatirimizdə həmişə əsl ulduz kimi, bütöv bir dövrün rəmzi kimi qalacaqdır...

Öz ecazkar səsi ilə az qala bütün kainatı fəth etmiş istedadlı musiqiçinin aramızdan getməsinin yanğısı Maqomayevin mahnılarının sədaları altında boya-başa çatmış adi insanların gözlərindəki kədər yağışından aydın hiss olunur. M.Maqomayev bir neçə nəsil üçün doğma və yaxın bir insana çevrilmişdir".

 

Vladimir PUTİN, Rusiya Federasiyasının baş naziri.

 

"O, Rusiya ilə Azərbaycan arasında körpüyə çevriləcəkdir. Çünki onun məzarını ziyarət etmək üçün bu dahini dünyaya bəxş etmiş torpağın havasını udmaq üçün adamlar Bakıya gələcəklər.

Müslüm Azərbaycan oğlu olduğu kimi, Rusiyanın da hər tərəfində sevilən əziz övlad timsalındadır. Bu ona görədir ki, Müslüm Maqomayev bəşəriyyətin nadir incisidir. Hər bir xalqa, hər bir məmləkətə doğma əzizdir".

 

Mixail ŞVIDKOY,

Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə müşaviri.

 

* * *

 

"Səmada bir ulduz var: Müslüm Maqomayev ulduzu. Müslüm özü necə istedadlı, parlaq insan idisə, bu ulduz da elə parlayacaqdır.

Bu torpaq çox dahi insanlar yetişdirib. Bu xalqın çox böyük oğulları olub. Müslüm, sən ölkəmizin böyük oğlusan. Biz fəxr edirik həmişə fəxr edəcəyik ki, sən bizimkisən.

Biz fəxr edirik ki, xalqımızın sənin kimi oğlu var".

 

Eldar QULİYEV, Azərbaycamn xalq artisti.

 

* * *

 

"Müslüm musiqinin marşalı idi. O, millətimizin milli iftixar mənbəyidir. Bu torpağı, bu vətəni yüksək səviyyədə təmsil edirdi.

Biz onsuz yox, onunla birgə yaşayacağıq. O, Rusiya ilə Azərbaycan arasında qranit bir körpüdür".

 

Fərhad BƏDƏLBƏYLİ, xalq artisti.

 

Müslüm Maqomayev sənət yoluna şöhrətin zirvəsinə qalxmaq parlamaq üçün gəlmişdi. Sənətkar Filarmoniyanın gül-çiçəyə qərq olmuş səhnəsindən son mənzilə xalqının gurultulu alqışları altında getdi. Onun ifasında səslənən lent yazıları ürəkləri göynətdi: ifasının səmimiyyəti, emosionallığı, bənzərsizliyi ilə. Hamıya bir daha agah oldu ki, bu dünyadan təkcə böyük istedad deyil, həm böyük insan gedir. SSRİ məkanında heç bir müğənni fantastik populyarlıq qazanmış M.Maqomayev səviyyəsinə qalxa bilməmişdi.

"Böyük sənətin canlı əfsanəsi", "Göydən enmiş mələk"... Bu epitetlər Müslüm Maqomayevə ünvanlanıb. O, sözün həqiqi mənasında, bəşər mədəniyyətinin sərvəti idi. Səsini, mahnılarını, ecazkar ifaçılığını bizə yadigar qoyub getdi. Ancaq o, saysız-hesabsız pərəstişkarlarının qəlblərində əbədi olaraq yaşayır. Hər dəfə efirdən, ekrandan ətrafa səpələnən şirin nəğmələrində yaşayır. Çünki o özü sonu olmayan bir melodiyadır.

 

 

Nərgiz QURBANOVA

 

Respublika.- 2010.- 3 sentyabr.- S. 4.