Uzaq Zeyvə yaxın olacaq...
Qədim Şabran
torpağında bir yurd yeri də Zeyvə kəndidir. Sıx
meşələrin, yaşıl ormanların qoynunda binə-bölgə
bağlamış bu ucqar dağ kəndi rayon mərkəzindən
təxminən 30-35 kilometr uzaqlıqdadır. Yaşı az
qala VI-VII əsrlərə gedib çıxan Zeyvə kəndinin
adının mənasını araşdırıcılar
"künc, bucaq, guşə" (cəmiyyətdən uzaq)
kimi yozurlar.
Bəlkə də bir
vaxtlar elə beləcə də olub. Lakin uzaq Zeyvənin
adı əsrlərin uzaqlığında Avropa ölkələrinə
yaxın olub...
Yeddinci yüzilliyin
salnaməçisi, alban tarixçisi Musa Kalankatuklu
"Ağvan tarixi" əsərində yazır ki, Azərbaycanın
şimal hissəsində ipək parçalar və müxtəlif
rəngli parlaq xalçalar hazırlanır.
Toxunduğu kəndin
adı ilə məşhur olan "Zeyvə"
çeşnili xalçalar da Avropa rəssamla-rının bir
sıra məşhur tablolarında zinət vasitəsi kimi
geniş istifadə edilib.
XV əsr intibah
dövrünün görkəmli holland rəssamı Hans
Memlingin və elə həmin əsrdə yaşamış
holland boyakarlıq sənətinin banilərindən hesab edilən
Yan Van Eykin tablolarında Zeyvə xalıları təsvir edilib.
Rayonun bu ucqar dağ kəndi
gözdən uzaq düşdüyündən əvvəllər
qayğıya, diqqətə də möhtac olub. Zeyvə kəndi
5-6 para kəndi əhatə edən Pirəbədil inzibati ərazi
dairəsinin tərkibində olub. Yolların bərbadlığı,
gediş-gəlişin çətinliyi bu kəndə
lazımi diqqət yetirməyə bir elə imkan verməyib.
Ölkəmizin hər
bir bölgəsinə, az qala irili-xırdalı hər bir kənd-kəsəyinə
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
böyük diqqət və qayğısı indi bu kənddən
də yan keçməyib.
—Prezident İlham Əliyevin
imzaladığı 2 aprel 2010-cu il tarixli Azərbaycan
Respublikası Qanununa əsasən rayonumuzun inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər
edilmiş, Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən
ayrılan Zeyvə və Kilvar kəndləri mərkəzi
Zeyvə kəndi olmaqla Zeyvə kənd inzibati ərazi dairəsi
yaradılmışdır. Əlbəttə, bu da dövlət
başçımızın ölkənin hər bir vətəndaşı
kimi Zeyvə və Kilvar sakinlərinin də sosial
qayğılarının həllinə, maddi rifah
hallarının daha da yaxşılaşdırılmasına
diqqətinin yeni bir nümunəsidir! - Zeyvə yerli kənd
sakinləri ilə açıq havada keçirilən növbəti
görüşündə öz çıxışına
Şabran Rayon İcra Hakimiyyətinin başçısı
Novruz Novruzov bu sözlərlə başladı. Sonra rayon icra
hakimiyyətinin başçısı qeyd etdi ki, bəlkə
də zeyvəlilər bir vaxtlar "gözdən uzaq"
olmaları ilə şikayətlənməkdə haqlı idilər.
Artıq son illər kəndin xeyli abadlaşması, kənd
sakinlərinin özləri üçün yeni fərdi mənzil
tikintilərini genişləndirməsi indi Zeyvənin də
diqqət mərkəzində olmasından xəbər verir.
Uzun illər idi ki, kənd orta məktəbi darısqal,
yararsız bir binada yerləşirdi. Heydər Əliyev Fondunun
dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi çərçivəsində
yaraşıqlı məktəb binası artıq öz
qapılarını kənd uşaqlarının üzünə
açıb.
Kənd sakinlərindən
birinin görüşdə dilə gətirdiyi fakt Novruz
müəllimi də çox sevindirdi, məmnun etdi; son
üç ildə məktəbə gələn şagirdlərin
sayı hər il orta hesabla 6-7 faiz artır. Deməli, müstəqil
Azərbaycanımızın sabahkı qurucuları olan gənc
nəslin sayı bu kənddə də artır.
Çıxış edənlər
problemlərə də toxundular. Çayqovuşan adlı yerdə
asma körpüyə ehtiyac var, zeyvəlilər də öz
evlərində təbii qazın yanacağı günü səbirsizliklə
gözləyirlər.
Rayon icra hakimiyyətinin
başçısı Novruz Novruzov bu problemlərin də həll
ediləcəyini, kəndin 2012-ci ildə qazlaşdırılacağının
nəzərdə tutulduğunu bildirdi. Bu ilin isti iyul-avqust
aylarında Zeyvə meşələrindəki
yanğınlara toxunan icra hakimiyyəti
başçısı kənd camaatını ehtiyatlı
olmağa çağırıb dedi:
—Möhtərəm
Prezidentimiz cari ili "Ekologiya
ili" elan edib. Dövlət başçımızın hər bir çağırışına
şabranlılar həmişə
layiqincə cavab verib. Təbiətin yaşıl ciyəri
olan meşələrimizi
təkcə qorumaqla kifayətlənməməliyik, hərə bir ağac əkib yaşıllıqları daha
da çoxaltmalıdır.
Beləcə, rayon rəhbəri ilə kənd sakinlərinin dialoqu işlərin xeyrinə, insanların sosial, məişət qayğılarının, problemlərinin
həlli istiqamətində
faydalı şəkildə
davam etdi.
Şabran Rayon icra
Hakimiyyətinin başçısı
Novruz Novruzov görüşünün sonunda
kənd adamlarına təzə bir şad xəbər də verdi:
rayon mərkəzi Şabrandan
Zeyvə kəndinəcən
olan 34 kilometr yola asfalt döşənməsi
ilə bağlı Nazirlər Kabinetinə təklif verilib və yaxın vaxtlarda bu layihə
reallaşdırılacaq.
Bax, o zaman uzaq Zeyvə
də daha yaxın olacaq.
Aydın TAĞIYEV
Respublika.- 2010.- 3 sentyabr.- S. 6.