Azərbaycan aliminin uğurları

 

Bu gün Azərbaycanın gələcək inkişafı təkcə vətəndə deyil, bütün dünyada yaşayan hər bir azərbaycanlıdan asılıdır. İndi elə bir dövr gəlib çatmışdır ki, xarici ölkələrdə hər bir soydaşımızın səmərəli fəaliyyətinə və Azərbaycana yaxından qayğı göstərməyinə, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə yaxından iştirak etməsinə böyük ehtiyac vardır. Xaricdə fəaliyyət göstərən vətəndaşlarımızın uğurları həmişə bizi sevindirir. 1996-cı ildən bugünədək qardaş Türkiyə cümhuriyyətində İstanbul Texniki Universitetinin AeroKosmik fakültəsinin kafedra müdiri vəzifəsində çalışan professor Elbrus Mahmud oğlu Cəfərovun fəaliyyəti, gördüyü məqsədyönlü işlərlə bağlı qəzetimizin çoxsaylı oxucularını məlumatlandırmağı özümə mənəvi borc bildim.

Elbrus Cəfərov 1946-cı ildə Göyçə mahalının Kərki-baş (Şəfəq) kəndində kolxozçu ailəsində anadan olub. Çaxırlı kənd orta məktəbini qızıl medalla bitirib, elə həmin ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutuna daxil olaraq 1969-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu illərdə o dövr üçün ən yüksək hesab olunan Lenin təqaüdçüsü olmuşdur.

1969-cu ildən 1984-cü ilə kimi SSRİ cihazqayırma sənayesinin neft-kimya avto-maşınqayırma institutunda baş texnikdən laboratoriya müdiri vəzifəsinədək yüksəlmişdir.

Elbrus Cəfərov Azərbaycanda ilk dəfə olaraq "Dəyişən quruluşlu avtomatik sistemlər" laboratoriyasını yaratmışdır. 1972-ci ildə "Kəsilmiş prosessorların çoxquruluşlu sistemlərinin idarə edilməsi" mövzusunda namizədlik, 1980-cı ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.

1984-1996-cı illərdə Azərbaycan Texniki Universitetində Avtomatika və robot-texnika kafedrasına rəhbərlik etmişdir. Onu da qeyd edək ki, Robottexniki sistemlər ixtisasını Azərbaycanda ilk dəfə Elbrus müəllim açmışdır. O, 1987-ci ildə SSRİ AK tərəfındən professor adını almış və bir il sonra Leninqrad Beynəlxalq Texnologiya Kibernetika Akademiyasının üzvü seçilmişdir. Elbrus müəllim bir çox ölkələrin elmi konfranslarında 200-dən çox elmi məqalələri ilə çıxış etmişdir. Keçmiş SSRİ dövründə 27 ixtiranın şəhadətnaməsini almışdır. Elə ona görə də, 1981-ci ildə ona SSRI cihazqayırma sənayesinin "Ən yaxşı ixtiraçı" rütbəsi verilmişdir.

1993-cü ildən Çin Dövlət Universitetində bir il dərs aparmış, universitetin fəxri professoru seçilmişdir.

Elbrus müəllim 15 ildən çoxdur ki, İstanbul Texniki Universitetinin professorudur. Beynəlxalq səviyyəli universitetin Aerokosmik fakültənin professoru kimi ingilis dilində fakültənin bakalavr, magistratura doktorantura pillələrində bütün ölkələrdən gəlib təhsil alan tələbələr qarşısında fundamental ixtisas fənlərindən dərs aparır. Onun rəhbərliyi altında 10 nəfərdən çox professor, 100-dən artıq bakalavr, magistr hazırlanmışır.

Elbrus müəllim deyir ki, Türkiyədə çalışdığı üçün xoşbəxtdir, Türkiyəni özünə qərib ölkə saymır. İldə bir dəfə Azərbaycana gəlib qohumlarıyla, dostlarıyla görüşür. Dünyaya göz açdığı Qərbi Azərbaycana, uşaqlıq illərinin keçdiyi Göyçə mahalına gedə bilməməyi ürəyini göyüm-göyüm göynədir. Çox ölkələri gəzir, çox insanlarla görüşür, bacardığı qədər ölkəmizin haqq işini, erməni vəhşiliyini, rus şovinizminin ermənilərə yersiz dəstək verməsini faktlarla konfranslarda, yığıncaqlarda dünya xalqlarına çatdırır. Həmsöhbətim ulu öndər Heydər Əliyevin vətənimiz naminə gördüyü işlərdən, onun uğurlu siyasətinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən məqsədyönlü aparılmasından söhbət açdı.

Onun elmi biliyinə, ixtiralarına, elmi bacarığına verilən mükafatları, orden medalları, fəxri fərmanları, təşəkkürnamələri saymaqla qurtarmaq olmaz. Onun bu yaxınlarda ingilis dilində "Variable Structure Control and Time-Delay Systems" (Deyişken yapılı kontrol ve zaman gecikmeli sistemler") nəşr olunan kitabını dünya alimləri rəy verərək yüksək dəyərləndirmişlər. Kitab Aerokosmik fakültələr, kibernetika tətbiqi riyaziyyat, avtomatika, robasot robot-kontrol, magistr doktorantura tələbələri, müəllim araşdırmaçılar üçün nəzərdə tutulmuşdur.

Bu kitabı Dünya WSEAS Akademiyasının Amerika, Avropa, Avstraliya Türkiyədəki ofislərindən şəxsi kitabxanaları zənginləşdirmək üçün sifariş edirlər.

Elbrus Cəfərov harada yaşamasından, işləməsindən asılı olmayaraq hər zaman xalqımızın taleyini düşünür, dövlətimizin daha da inkişaf etməsini, iqtisadi, siyasi mədəni tərəqqisini arzulayır. Elbrus müəllim ustad Aşıq Alının nəslindəndir. Muğamatı, aşıq yaradıcılığını çox sevir. Onun 1995-ci ildə "Xəbər çata Ağrıdağa" şeirlər kitabı professor Camal Mustafayevin ön sözü ilə dərc olunub.

Elbrus müəllimin böyük inamla dediyi sözləri olduğu kimi çatdırırıq: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu gün Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı kimi diaspor lobbiçilik işinə göstərdiyi xüsusi diqqət qayğı bizi - vətəndən uzaqda yaşayan insanları daha da ruhlandırır, işimizdə məqsədyönlü inamlı addımlar atmaq üçün böyük stimul verir".

 

 

Məhəmməd VƏLİYEV

 

Respublika.- 2010.- 3 sentyabr.- S. 7.