Sərvər Soltan oğlu Qəniyev

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli ifaçılıq sənətinin görkəmli nümayəndələrindən biri, Azərbaycan Respublikasının Xalq Artisti, "Şöhrət" ordenli, professor Sərvər Soltan oğlu Qəniyev 2010-cu il sentyabr ayının 5-də ömrünün 74-cü ilində vəfat etmişdir.

Sərvər Qəniyev 1937-ci il avqustun 5-də Bakı şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə almışdır. Hələ gənc ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək, musiqi ictimaiyyətinin rəğbətini qazanmışdır. Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən professional musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirmişdir. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırmışdır.

1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlamışdır. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılmış və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərmişdir.

Sərvər Qəniyev 1971-1979-cu illərdə Qahirə Konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləmiş və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olmuşdur. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışırlar.

Azərbaycana qayıdandan sonra musiqiçi zəngin konsert proqramları ilə çıxış etməklə yanaşı, Dövlət Konservatoriyasının professorukafedra müdiri vəzifəsini tutmuşdur. 1991-ci ildən ömrünün sonunadək o, Türkiyənin Bilkənd Universitetinin skripka kafedrasının professoru, kamerasimfonik orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.

Milli mədəniyyətimizi müxtəlif ölkələrdə mahir ustalıqla təmsil etməklə Sərvər Qəniyev Azərbaycan musiqisinin və ifaçılıq sənətinin təbliğində böyük xidmətlər göstərmişdir. O, ifaçılıq sənətini pedaqoji fəaliyyətlə uğurla tamamlayan sənətkar kimi musiqiçi kadrların yetişdirilməsində də nailiyyətlər əldə etmişdir.

Musiqi sənəti sahəsindəki xidmətlərinə görə Sərvər Qəniyev 1967-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1982-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.

Sərvər Qəniyevin yaradıcılığı Azərbaycan dövləti tərəfındən yüksək qiymətləndirilmişdir. O, 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Görkəmli sənətkar, mahir pedaqoq əsl ziyalı Sərvər Soltan oğlu Qəniyevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

* * *

 

Mərhumun cənazəsi vidalaşmaq üçün 2010-cu il sentyabrın 7-də saat 13.00-dan 15.00-a qədər Bakı Musiqi Akademiyasının binasında (Şəmsi Bədəlbəyli küçəsi, 98) qoyulacaqdır.

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Misir Mərdanov, Firəngiz Əlizadə, Arif Məlikov, Fərhad Bədəlbəyli, Fidan Qasımova, Rauf Abdullayev, Aqşin Əlizadə

 

 

Respublika.- 2010.- 7 sentyabr.- S. 3.