Tarixlər şahidi cavan Şabran...
Regionların sosial-iqtisadi inkişafı
Az qala iki min iləcən
gəlimli-gedimli olan qədim Şirvan yolunun üstündə
binə-bölgə bağlamış, yaşı III-V əsrlərə
gedib çıxan ulu Çıraqqala, əzəmətli
Şabran rayonu, çox təəssüflər ki, uzun
müddət yolçuların nəzərində ölkənin
şimalına yolüstü ötüb keçilən bir
bölgə təəssüratı yaradıb. Böyük
bir əraziyə, 110 min hektar torpaq sahəsinə, bir tərəfi
Xəzər, bir tərəfi isə dağlar, meşələr-bir
sözlə, zəngin təbiətli Şabran, əslində,
güclü iqtisadi potensiala malikdir...
Şabran Rayon İcra
Hakimiyyətinin başçısı Novruz Novruzov bizimlə
söhbətində vurğuladı ki, mohtərəm
Prezidentimiz cənab İlham Əliyevin imzaladığı
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramları bütövlükdə respublikamızın
dinamik inkişafında mühüm rol oynadığı kimi,
bizim Şabranın da tərəqqisində böyük təkan
oldu.
Bu ilin avqust
ayının 12-si şabranlıların yaddaşında əziz,
unudulmaz bir tarix kimi qalacaqdır. Həmin gün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində
yerləşən Şabran dairəvi yolu və körpü
kompleksinin açılışında iştirak etdi.
Uzun illər beynəlxalq
əhəmiyyətli bu magistral yol Şabran şəhərinin
mərkəzindən keçməklə təkcə
ekologiyanı pozmur, həm də qəzalara, tıxaclara səbəb
olurdu. Bu yolun dörd kilometri Şabran şəhərini iki
yerə ayırırdı. Əlbəttə, bu da şəhər
sakinlərində müəyyən narahatlıqlar
yaradırdı. İndi Bakı-Rusiya Federasiyası sərhədi
yolunun üzə-rində yerləşən Şabran dairəvi
yolu və körpü kompleksinin istifadəyə verilməsi
ilə magistral yol rayon mərkəzindən
çıxarılaraq şəhərin üstündən
dağların qoynu ilə uzunluğu 540 metr, eni və
hündürlüyü 23 metr olan körpü ilə
keçib gedir.
-Bu il aprel ayının
sonları, mayın əvvəllərində on rayonun icra hakimiyyəti
başçıları ilə birgə mən də
isveçrədə oldum, - dedi. Məlumdur ki, möhtərəm
Prezidentimiz dünyaya, Qərbə inteqrasiyada qabaqcıl təcrübənin,
mütərəqqi ənənələrin öyrənilib tətbiq
edilməsinə böyük önəm verir və
Avropanın ən inkişaf etmiş ölkələrindən
olan İsveçrəyə səfərimizin də məqsədi
elə bu idi. Sonra da Novruz Novruzov qürurla: —İsveçrədə
heyrət ediləsi çox şey var, o cümlədən
rahat şose yolları, nəhəng körpülər. Ancaq
onlara baxdıqca, dövlət başçımız cənab
İlham Əliyevin sərəncamları ilə son illərdə
ölkəmizin paytaxtında tikilən çoxsaylı
yeraltı keçidlər, körpülər, mərtəbəli
yollar, elə biri bizim Şabran rayonundan keçib gedən
betondan tikilmiş, çox geniş Bakı-Rusiya
Federasiyası magistral yolu, respublikamızda hələ ki, ən
böyük-üçmərtəbəli dayaqlar üzərində
tikilmiş 16 aşırımdan ibarət uzunluğu 540 metr
olan körpü gözlərim önündə
canlanırdı, - deyə sözünü tamamladı. - Həm
də fərəhlənirdim ki, bizdəki tikililər burada
gördüklərimdən daha qiymətli inşaat
materialları ilə üzlənib, daha yaxşı
işıqlandırılıb, memarlıq elementləri də
onlardakından zəngindir.
Möhtərəm
Prezidentimiz İlham Əliyevin apardığı uğurlu
iqtisadi siyasətin nəticəsidir ki, Şabran rayonunda son bir
neçə ildə kərpic, üzüm emalı, meyvə-şirə
zavodları tikilərək istifadəyə verilib, kiçik
emal müəssisələri fəaliyyətə
başlayıb, rayonda quşçuluq artıq sənaye səviyyəsinə
çatdırılıb. Bunların da nəticəsində
yeni iş yerləri açılıb.
Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə "Yeniləşən Azərbaycana
yeni məktəb" proqramı çərçivəsində
rayonda son illər 10 yeni məktəb tikilib, bir çox tədris
ocaqları isə əsaslı təmir edilərək
lazımi avadanlıqlarla təmin olunmuşdur.
Əhalinin sosial
qayğıları da Şabranda uğurla həll edilir. Rayon mərkəzində
hər cür tibbi şəraitə malik 8
çarpayılıq ikimərtəbəli xəstəxananın
tikintisi davam edir, şəhərin qaz şəbəkəsi
yeraltıpoljetilen borularla dəyişdirilir.
İqtisadi
inkişafın nəticəsidir ki, son vaxtlar rayonda
abadlıq-quruculuq işlərinin həcmi daha da genişlənib.
Son vaxtlar bu bölgəyə
yolu düşənlər belə bir ifadəni işlətməyi
xoşlayırlar: "Keçmiş Dəvəçinin təkcə
adı dəyişməyib. İndi elə şəhər
özü də Şabran adına layiq dəyişib,
abadlaşıb, gözəlləşib".
Rayon statistika idarəsi
müasir tələblərə cavab verən avadanlıqlarla
təchiz edilmiş yeni ikimərtəbəli binaya
köçüb, möhtəşəm mədəniyyət
sarayı yaxın günlərdə öz
qapılarını tamaşaçıların üzünə
açacaq.
Şabranın mərkəzi
bazarının girişində maraqlı memarlıq
üslubunda qapı inşa edilib, ətraf abadlaşıb.
İndi rayon mərkəzinə qonaq gələnlər az qala
ünvanları qarışdırırlar. Axı, hər
gün yeni bir tikinti, yeni bir bina...
Heydər Əliyev Mərkəzinin,
eləcə də multimediya mərkəzinin, Qarabağ
müharibəsi əlilləri və
iştirakçıları üçün 16 mənzilli iki
yaşayış evinin və digər obyektlərin isə
inşası davam edir.
Şabran şəhərinin
şimaldan giriş hissəsi indi sanki bu torpağın
keçmişi ilə bugününü özündə birləşdirir,
maraqlı kompozisiya yaradır.
Uzun səfər yollarından yorğun düşüb yerə çökmüş "Dəvə karvanı" kompleksi və ondan azca aralı isə müstəqil Azərbaycanımızın üçrəngli müqəddəs, əzəmətli bayrağının üstündə dalğalanacağı beşmərtəbəli orijinal bir qüllə.
Şəhərin mərkəzində artıq inşası başa çatmış mavi günbəzli bulaq-qüllə isə artıq Şabranın hüsnünə yeni bir yaraşıqdır.
Dahi Nizaminin müasiri olmuş XII əsr klassik Azərbaycan poeziyasının banilərindən olan ulu Xaqaninin misralarından boylanır qədim Şabran:
Mən məna
yaradan tutiyəm, əfsus,
Şabran qalasında
olmuşam məhbus...
Şirvanı "ana"
bilib özünə
"ata" hesab
etdiyi Təbrizdə
ömrünü tamamlayan
boyük Xaqaninin həyatının məşəqqətli
yeddi ayı bu qədim torpaqda
keçib. Şirvanşahlara xəyanətdə ittiham edilən Xaqani hökmdarın əmrilə Şabranda yeddi ay həbsdə yatmış, Öz məşhur "Həbsiyyə"sini
buradakı zindanda yazmışdır. Maraqlıdır ki, poeziyamızda ilk zindan şeirləri də elə Şabran torpağında yaranıb. Xaqaninin özünə müəllim
hesab etdiyi Fələki Şirvani də ondan bir
qədər əvvəl
Şabranda dustaq olmuş, burada yazdığı şeirləri
"Həbsiyyə" adlandırmışdı.
Aradan neçə-neçə əsrlər
keçəndən sonra,
budur, Xaqani yenə də Şabran torpağına
"qayıdır". Ancaq bu dəfə... Abidə kimi, heykəl kimi. Bir vaxtlar Şamaxıdan qolu bağlı dustaq kimi payi-piyada
gəldiyi, sonra da qəlbində sonsuz ağrı-acı ilə ayrıldığı
qədim Şabrana bu gəlişindən Xaqani bu dəfə
məmnunluq duyacaq,
"ana" bildiyi Şirvan torpağındakı
incikliyini də unudacaq... Şabran Rayon İcra Hakimiyyətinin
başçısı Novruz
Novruzovun təşəbbüsü
ilə rayon mərkəzində
poeziyamızın klassiklərindən
olan Xaqaninin yaxın vaxtlarda heykəli ucaldılacaq.
Heykəlin yaxınlığında milli
ornamentlərlə inşa
edilən dairəvi orijinal tikili "Poeziya evi" kimi nəzərdə tutulub. Bu poeziya evində
yaxın vaxtlarda səslənəcək yerli
ədəbi qüvvələrin,
eləcə də paytaxtda yazıb-yaradan tanınmış qələm
sahiblərinin şeirlərini
ustad Xaqani də, yəqin ki, "eşidəcək"
və ruhu şad olacaq!
Körpülər həm də həmişə rəmz hesab olunub. Bugünlə
gələcək arasında
bir rəmz! Açılışında cənab Prezidentimiz
İiham Əliyevin iştirak etdiyi Şabran körpüsü
də müstəqil respublikamızın bütün
regionları kimi, bu gün dinamik
inkişafda olan Şabranın daha inamlı gələcəyinin
nişanələrindəndir.
Aydın TAĞIYEV
Respublika.- 2010.- 8 sentyabr.- S. 5.