Gənclər aparıcı qüvvədir
Oğuzun sosial-iqtisadi həyatında
yeniyetmə və gənclərin böyük rolu var. Rayonda
olan 13 min 190 nəfər gəncin 5 mindən çoxu
istehsalatda çalışır. Sahibkarlıq fəaliyyəti
ilə məşğul olanlar da ildən-ilə
çoxalır. Hazırda 165 nəfər oğuzlu sahibkar kimi
fəaliyyət göstərir. Bu böyük qüvvənin
gücü ilə bir-birindən önəmli uğurlar
qazanılır. Oğuz gəncliyinin tarixinə yeni-yeni
şanlı sətirlər yazılır. Rayonun dinamik
inkişafı, oğuzlu yeniyetmə və gənclərin
işgüzarlığı, təşəbbüskarlığı
ilə daha da zənginləşir, burada hər gün, hər
ay gözəllik üstə gözəllik gəlir. Rayon gənclər
və idman idarəsinin rəisi Ramiz Mahmudovla söhbətimizi
də bu istiqamətdə qurduq.
—Öncə deyim ki, Azərbaycan
gəncliyinin nəyə qadir olduğu, hansı gücə,
qüvvətə imkanı çatdığı müstəqillik
əldə olunandan sonra daha aydın görünür.
Qürurla deyə bilərik ki, beynəlxalq təşkilatlarda,
dünyamiqyaslı yarışlarda, digər mədəni-kütləvi
tədbirlərdə gənclər Azərbaycanın
adını həmişə uca tutur, üçrəngli
bayrağımızı əzəmətlə ən uca pillələrdə
dalğalandırırlar. Azərbaycan Prezidenti İlham Əliyev
Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya
oyunlarından yüksək qələbələrlə
qayıdan idmançıları və mütəxəssisləri
qəbul edib görüşərkən demişdir: "Bu qələbə
onu göstərir ki, Azərbaycanda idmanın inkişafı
üçün çox böyük işlər
görülmüşdür. İdman hərtərəfli
inkişaf edir. Həm kütləvilik artır, həm də
idmanla məşğul olmaq üçün bütün
imkanlar yaradılmışdır. Gənclərimiz, yeniyetmələrimiz
idmana böyük həvəslə yanaşırlar. İdman
bölmələrinə axın çox güclüdür.
Bu, Azərbaycanda idman sahəsində aparılmış
köklü islahatların nəticəsidir. Fərəhləndirici
haldır ki, gənclərimiz bütün sahələrdə
onlara göstərilən yüksək qayğını,
etimadı bu cür doğruldurlar". Rayonumuzda da belədir.
İdarəmiz müvafiq nazirliyin, ən başlıcası,
dövlətimizin qarşımızda qoyduqları və-zifələrin
layiqincə yerinə yetirilməsi üçün əllərindən
gələni əsirgəmir. Təkcə 2010-cu ilin səkkiz
ayında idarənin konkret iş planları əsasında
uşaq, yeniyetmə və gənclərin ideya-siyasi, vətənpərvərlik,
hüquqi, mənəvi, dini, estetik tərbiyəsi və təhsili,
sosial müdafıəsi, fiziki inkişafı məsələləri
istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirilmişdir. Bu sahədə Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarlarını,
əmr, sərəncam və digər normativ-hüquqi
aktlarını, rayon icra hakimiyyətinin
tapşırıqlarını rəhbər tutmuşuq. Gənclər
və İdman Nazirliyinin 2010-cu il üçün nəzərdə
tutulmuş idman yarışlarının təqvim planına,
"Gənclər siyasəti haqqında qanuna və
"2005-2015-ci illərdə futbolun inkişafına dair
Dövlət Proqramı"na uyğun olaraq ümum-rayon tədbirlər
planları hazırlamış və iş pianlarımızda
bunlar öz əksini tapmışdır. Rayon təhsil və
mədəniyyət şöbələri, hərbi
komissarlıq, hüquq-mühafizə orqanları, yerli icra
nümayəndəlikləri, bələdiyyələr, idarə,
təşkilatlar, gənclər təşkilatları ilə
birgə fəaliyyətə üstünlük vermiş,
uşaq, yeniyetmə və gənclərlə işin təşkilində
onların köməyindən səmərəli istifadəyə
səy göstərilmişdir. 2010-cu ilin yanvar və avqust
ayları ərzində gənclərlə iş, təşkilati
məsələlər və idman sahəsi üzrə 53 tədbir
həyata keçirilmişdir. Bu tədbirlərdə 6250 nəfərə
yaxın uşaq, yeniyetmə və gənc həm
iştirakçı, həm də tamaşaçı
olmuşdur.
Gənclərin hərbi
xidmətə yolasalma mərasimlərində təbliğat və
maarifləndirmə işinin təşkili, "20 Yanvar faciəsi
xalqımızın qan yaddaşıdır" mövzusunda
keçirilən "Dəyirmi masa", 31 mart-Dünya azərbaycanlılarının
soyqırımı günü ilə bağlı təşkil
olunan elmi-praktik konfrans, "Hərəmiz bir ağac əkək"
devizi altında gənclərin iştirakı ilə olan
ümumrayon tədbiri, abadlıq və quruculuq işlərinə
köməklik məqsədilə iməciliklərin təşkili,
Böyük Vətən və Qarabağ müharibələri
veteranları ilə yeniyetmə və gənclərin
görüşü, "Şahin" və "Sərhədçi"
hərbi-idman oyunlarının məktəbdaxili və rayon mərhələləri,
"Heydər Əliyev irsi və Azərbaycan gəncliyi"
mövzusundakı elmi-praktik konfrans, Beynəlxalq Ailə
Günü münasibətilə gənc ailələrin
"Dəyirmi masa" ətrafında toplanması, "Azərbaycan
gəncləri narkotiklər və tütün əleyhinə"
devizi altında keçirilən rəsm müsabiqəsi və
digər bu kimi çoxlu tədbirlərimiz gənclərin vətənpərvərlik
tər-biyəsinin gücləndirilməsində xüsusi yer
tutur. "Şahin" , "Cəsurlar", "Sərhədçi"
hərbi-idman oyunları, "Vətənin müdafiəsinə
hazıram" çoxnövçülüyü
yarışları rayonda hər il yüksək səviyyədə
keçirilir.
“Cəsurlar” hərbi-idman
və turizm oyunlarının rayon mərhələsinin
keçirilməsi zamanı rayonun ümumtəhsil məktəblərinin
29 komandası iştirak etmişdir. Birinci yeri qazanan şəhər
2 saylı orta məktəbin komandası Qəbələ
şəhərində keçirilən zona mərhələsində
iştirak edərək I yerə layiq
görülmüşdür. Respublika finalında isə
komanda uğurla çıxış edərək 6-cı yerə
çıxmışdır. "Xəmsə" Milli
intellektual Oyunununun zona mərhələsində rayonumuzun
"Turan" komandası birinci yeri tutaraq respublika final mərhələsinə
vəsiqə qazanmışdır. İdarəmiz tərəfindən
idmanın inkişafı sahəsində 16 tədbir həyata
keçirilmişdir. Bu tədbirlərdə 2080 nəfər gəncin
iştirakı təmin olunmuşdur.
Ayların, illərin
ürəkaçan əks-sədası bizim daha uğurlu
sabahımızdan, firavan həyatımızdan soraq verir. Bu
xoşməramlı sorağın işığında inamla
addımlayan oğuzlu gənclər yüksək əzmkarlıqla
çalışır, özlərinin əməli fəaliyyətləri
ilə aparıcı qüvvə olduqlarını təsdiqləyirlər.
Rasim AMANOV
Respublika.- 2010.- 8 sentyabr.- S. 5.